Şənbə , Aprel 27 2024
azfa

Ukraynanın Rusiya və Belarusiyanın hərbi təcavüzünə qarşı dirənməsi davam edir- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün səhər tezdən Rusiya və Belarusiya Ukrayna ərazisinə hərbi təcavüzə başlayıb.

Artıq Ukrayna “Bayraktar”larla təcavüzkar rus əsgərlərini və texnikasını vururmağa başlayıb.

Ukrayna ordusuna məxsus “Bayraktar” silahlı pilotsuz uçuş aparatlarının Rusiya hərbçilərini və hərbi texnikalarını vurmasını əks etdirən kadrlar yayılıb.

Son məlumatlara görə Ukraynanın Xarkov şəhəri Rusiya silahlı qüvvələri tərəfindən bombalanmağa başlanılıb. Bu barədə yerli media məlumat yayıb.

Yerli sakinlər arasında itkilərin olmadığı bildirilib.

Azərbaycanın Ukraynadakı sabiq səfiri, Ukrayna maliyyə nazirinin müşaviri, Harvard Universitetinin geosiyasi risklər üzrə analitiki Azər Xudiyev AYNA-ya açıqlamasında deyib ki, Ukraynada vəziyyət gərgin olaraq qalmaqdadır: “Dünən axşam saatlarında müharibənin olacağına dair məlumatlar daxil oldu. Gecə saatlarında Ukrayna Parlamenti fövqəladə vəziyyətlə bağlı qanun qəbul etdi. Səhərə yaxın isə Prezident hərbi vəziyyət elan etdi. Səhər saatlarında şərq və cənub istiqamətlərindən Rusiya qoşunları irəliləməyə başladılar. Rusiya aviasiyası həm şərqdən, həm də cənubdan intensiv şəkildə Ukrayna silahlı qüvvələrinə məxsus hərbi obyektləri və infrastrukturu sıradan çıxarır. Şiddətli döyüşlər davam edir və Xarkov, Dnepr istiqamətində irəliləyirlər. Müqavimət olsa da, yüksək səviyyədə deyil. Görünür bununla bağlı müəyyən planlaşdırma işəri aparılır”.

Sabiq səfirin sözlərinə görə, Rusiya bütün istiqamətlərdən hərəkətə keçib: “Qərb tərəfdən Belarusun da 45 minlik ordusu bu prosesə qoşulub. Onlar rus qoşunları ilə birlikdə irəliləyirlər. Paytaxt Kiyevdə isə sakitlikdir, elə də ciddi təşviş yoxdur.

Ukraynanın müxtəlif ərazilərindən Polşa istiqamətinə doğru şəhəri tərk edənlərin sayı artıb. Yollarda tıxaclar yaranıb. Benzinlə bağlı problemlər də meydana çıxıb. Yüksək keyfiyyətli benzinin satışı faktiki olaraq dayanıb. Bankların qarşısında böyük izdihamlar yaşanır. Əhali banklarda olan vəsaitlərini çıxarmağa çalışır.

Rusiya tərəfi separatçı bölgələrdə olduğunu söyləsə də, əslində Ukraynada genişmiqyaslı hərbi əməliyyatlar aparır. Bütün dünyanın nəzərləri Ukraynadadır. Ukrayna Ordusu Rusiya Hava Qüvvələrinə məxsus beş helikopteri məhv edib” – Xudiyev vurğulayıb.

O əlavə edib ki, Ukrayna cəmiyyəti dünya birliyinin müdaxiləsini gözləyir: “Əgər 2008-ci ildə olduğu kimi, bu dəfə də Ukraynanı meydanda tək qoysalar, o zaman bu ölkənin taleyi çox pis olacaq. Hesab edirəm ki, Rusiyanın və Putinin uzunmüddətli müharibə planı yoxdur. Yəqin ki, qısa müddətdə paytaxt Kiyevə çatmağa çalışırlar. Əsas məqsədləri isə hakimiyyətə öz adamını gətirmək, bununla da Ukraynanı tam nəzarətə götürməkdir. Böyük ehtimalla Qazaxıstanda olan ssenari burada da təkrarlamağa çalışacaqlar”.

Ukraynada yaşayan iş adamı Arif Aydın bildirib ki, Ukrayna Qərbdən real dəstək gözləsə də, hələlik bu, baş verməyib: “Bu gün səhər saatlarından Rusiya qoşunları Ukraynanın müxtəlif şəhərlərinə hücumlar edir. Xarkov şəhəri istisna olmaqla digər şəhərlərdə quru qoşunları gözə dəymir. Əsasən hava hücumları qeydə alınıb.

Baxmayaraq ki, rus ordusu müxtəlif istiqamətlərdən hücuma keçib, ciddi nəticələrə nail olmayıb. Hətta müəyyən yanlışlıqlara da yol verib. Bütün bunlar söyləməyə əsas verir ki, Rusiya Ordusu bizim gözümüzdə şişirdildiyi kimi, bir o qədər də güclü deyil.

Bütün hallarda Rusiya qoşunlarının hücumu davam edir. Ukrayna ordusu isə onların qarşısını almağa çalışır. Hazırda ölkəboyu fövqəladə vəziyyət elan edilib”.

Onun söylədiyinə görə, Rusiyanın bu ölkəni işğal etməsi və yenidən öz nəzarətinə alması mümkün deyil: “Bu, baş verərsə, Ukraynada partizan müharibəsi başlayacaq. Əvvəlki dövrdə Rusiya burada müəyyən məqsədlərini həyata keçirə bilərdi, lakin hazırda mümkün deyil. Bu gün hətta Ukraynada yaşayan rus mənşəli vətəndaşlar belə Putinin yürütdüyü siyasətə nifrət edirlər. Burada yaşayan bütün xalqlar Ukrayna ilə həmrəylik nümayiş etdirir. Hazırda Xarkov, Dnepr istiqamətində şiddətli döyüşlər davam edir. Ukrayna ordusu müdafiə cinahındadır. Maksimum səylə özünü qorumağa çalışır. Onlarla hərbçinin həlak olmasına dair xəbərlər gəlir. Paytaxt Kiyevdə isə vəziyyət sabitdir, xüsusi təşviş yoxdur”.

“Ukraynada yaşayan azərbaycanlılar ortaya əsl iradə qoydular və sona qədər ölkəni tərk etmədilər”, – deyən müsahimiz bildirir ki, onlar ukraynalıların özləri qədər bu məsələdə prinsipiallıq nümayiş etdirirlər.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …