Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Xəzər dənizi ilə bağlı kommünike qəbul edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun birinci iclasının kommünikesi qəbul edilib.

Kommünikedə bildirilib ki, fevralın 19-20-də Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun birinci iclası keçirilib. Danışıqlarda Azərbaycan Respublikasının (rəhbəri – X.Xələfov), İran İslam Respublikasının (rəhbəri R. Ahari), Qazaxıstan Respublikasının (rəhbəri Z.Amanjolova), Rusiya Federasiyasının (rəhbəri İ.Bratçikov) və Türkmənistanın (rəhbəri M.Atacanov) nümayəndə heyətləri iştirak ediblər.

Tərəflər Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupu üçün prosedur qaydalarını qəbul ediblər. Beşinci Xəzər Sammitinin nəticələrinə dair əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb, Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektləri nəzərdən keçirilib, eləcə də imzalanmış sazişlər üzrə dövlətdaxili proseduraların yerinə yetirilməsi, o cümlədən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiya prosesi barədə məlumat verilib. Xəzər dənizində düz çıxış xətlərinin müəyyən edilməsinin metodikası üzrə Saziş layihəsinin müddəaları müzakirə olunub. Layihənin bir sıra müddəaları razılaşdırılıb. Bu sənədin müzakirəsi davam etdiriləcək.

Nümayəndə heyətləri danışıqların nəticələrini müsbət qiymətləndiriblər və ilk görüşün yüksək səviyyədə təşkil edilməsi üçün Azərbaycan Respublikasına dərin minnətdarlıqlarını bildiriblər.

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası bu ilin aprelində Qazaxıstanda keçiriləcək.

Həmçinin yoxlayın

Azərbaycanın Elm və Təhsil Nazirliyi molla rejimin təhsil nazirinin iddialarına sərt cavab verdi

GADTB: Azərbaycan Elm və Təhsil Nazirliyinin yaydığı bəyanatına əsasən, İranın elm, tədqiqat və texnologiya naziri …

İslam Respublikasının daha bir cinayəti ifşa edildi: İran Myanma ordusuna aviasiya yanacağını saxta sənədlərlə ixrac edib

GADTB: “Reuters” xəbər agentliyinin araşdırması göstərir ki, İslam Respublikasının ixrac etdiyi reaktiv təyyarə yanacağı saxta …

Bir cavab yazın