Cümə axşamı , Aprel 25 2024
azfa

Əhməd bəy Ağaoğlu Ziya Gökalp haqqında

Türk ictimai-siyasi, fəlsəfi, ədəbi fikrinin görkəmli nümayəndəsi Ziya Gökalp Əhməd bəy Ağaoğlu ilə dost, silahdaş və sürgün yoldaşı olub. Ona görə də Ziya bəy 1924-cü ildə vəfat etdikdən sonra Əhməd bəy “Türk yurdu” jurnalında uzun bir məqalə yazıb. Əhməd bəyin həmin məqaləsi ötən il Türkiyədə “Ziya Gökalp. Türk düşüncə tarixində yeri” adlı kitabça şəklində də çap olunub.

Z.Gökalp 1876-cı ildə Diyarbəkirdə doğulub. Osmanlıda II Məşrutiyyətdən sonra 1908-ci ildə İttihad və Tərəqqinin Diyarbəkir şöbəsini yaradıb. 1910-cu ildə Diyarbəkir Maarif müfəttişi olub. 1911-ci ildə Salonikə köçüb, burada Osmanlıda ilk dəfə olaraq məktəbdə sosiologiya dərsi deyib. 1912-ci ildə Osmanlı parlamentinə seçilib. 1913-1919-cu illərdə müxtəlif gimnaziya və universitetdə sosiologiyanı tədris edib. I Dünya müharibəsinin nəticəsində ingilislər İstanbulu işğal etdiyi zaman yüzlərlə Osmanlı aydını kimi Gökalp da həbs olunub, Malta adasına sürgün edilib. 1921-ci ildə Malta sürgünləri azad edildikdən sonra Cümhuriyyətin xidmətində dayanıb, Diyarbəkirdən millət vəkili olub. 1924-cü il oktyabrın 25-də vəfat edib. Gökalpın cənazə törənində həmin illərdə İstanbulda yaşayan Məhəmmədəmin Rəsulzadə də iştirak edib, nitq söyləyib.

Əhməd bəy Ağaoğlu 27 oktyabr 1934-cü ildə “Cümhuriyyət” qəzetində həmkarının vəfatının 10 illiyi münasibətilə daha bir yazı qələmə alıb. “Ziya Gökalpa dair bəzi xatirələrim” adlı məqaləni təqdim edirik.

***

Əhməd Ağaoğlu

Ziya Gökalpa dair bəzi xatirələrim

Ziya Gökalpla Türkiyəyə mühacirətimin ilk sənəsində, yəni 1325-də (1909) görüşdük, ilk dəfədən aramızda dərin, qırılmaz bir əlaqə quruldu. Deyə bilərəm ki, o gündən etibarən daima bərabər çalışdıq. Gündüzlər darülfünunda (universitetdə), “Türk yurdu”nda, axşamlar isə ya Türk Ocağında, ya da evlərimizdə bir araya gəlirdik. Mütarəkədən (I Dünya müharibəsində Türkiyənin işğal və Qurtuluş savaşı arasındakı dönəmi – D.Ə) sonra isə istər Malta əsarəti zamanında, istərsə də Ankarada bir-birimizdən heç ayrılmadıq. Bu sıx əlaqə mənə Ziya Gökalpı, onun çöl və iç üzünü hər kəsdən çox görmək imkanını verdi.

Ziya qafası, zəkası və təfəkkürü etibarilə tam bir avropalı yaşayış tərzinə malikdi, görünüş etibarilə bir şərqli idi.

Əhməd Refik və Cövdət paşalar kimi, Midhəd əfəndi, Şəmsəddin Sami, Əmrullah əfəndilər kimi ensiklopedik məlumata malikdi və ingilislərin “self made men” – “öz özünü yetişdirmiş” dedikləri insanlar kimi Ziya Gökalp da “özü özünü” yaratmışdı. Sırf öz əməyinin məhsulu idi. Avropanı görməmişdi, fəqət görənlərdən nə qədər yaxşı anlamışdı! Müntəzəm tərzdə fransızca təhsil almamışdı və ölünə qədər bu lisanda danışmadı. Fəqət aramızda onun qədər bu lisanı qavramış, incəliklərini sezmiş və ən anlaşılmaz əsərləri asan anlayan çox azdı! Mütaliə Ziyanın daimi məşğələsi idi. Onun doymaq bilməyən zəkası hər mövzu ilə əlaqədar olurdu və elə bir bilgi sahəsi yoxdu ki, ona yad olsun, marağını çəkməsin!

Bununla yanaşı, ictimaiyyət (sosiologiya) Ziyanı ən çox əlaqədar edən bir sahə idi. Bu sahədə məşhur fransız ictimaiyyətçisi Durkhaymı örnək götürmüş, onun məktəbini, hətta yanlış tərəfləri ilə bərabər mənimsəyərək Türkiyədə yaranmasına xidmət etmişdi.

Fəqət yuxarıda isimlərini zikr etdiyim ilk Osmanlı ensiklopedistləri kimi Ziya yalnız təqlidçi, yalnız nəqlçi deyildi. O, eyni zamanda yaradıcı idi. Aldığı məktəbin düsturlarını mənsub olduğu mühitə tətbiq edərək bu mühitin müxtəlif həyat qaynaqlarını tədqiq edir, bu qaynaqların mahiyyətini təyin və onlara istiqamət verməyə çalışırdı. Ziyanı gah türk ictimaiyyəti ilə, gah türk lisanı ilə, gah türk şeiri ilə, gah türk hüququ, türk tarixi və türk dini ilə məşğul görürük və bütün bu sahələr üzərində münaqişələr açaraq türk münəvvərlərini düşünməyə, öyrənməyə, mütaliəyə sövq edir və formalaşma halında olan türk mütəfəkkirlərinə təsir edirdi. Bu fəaliyyətdə ərəbcə və farscaya vaqif olması, Şərq mədəniyyətinə aşinalığı müvəffəqiyyətlərinə yardım edirdi.

Ziya irəli sürdüyü tezislərdə daima haqlı deyildi. Məsələn, onun məşhur düsturu “haqq yox, vəzifə var, fərd yox, camaat var” fikri, əlbəttə ki, münaqişə yaradacaq bir tərkibdir. “Haqsız vəzifə” təsəvvür etmək, əlbəttə ki çətindir.

Fəqət unudulmamalıdır ki, Ziyada iki və hətta üç şəxsiyyət vardı. Biri mütəfəkkir Ziya, ikincisi məmləkətin müqəddəratını əlinə almış, böyük siyasi bir təşəkkülün başında olan Ziya, üçüncüsü də təəssübkeş dərəcəsinə varan türkçü Ziya!

Mütəfəkkir Ziyanın bir çox xətaları şəxsiyyətin bu surətlə üçə bölünməsindən doğulmuşdur!

“Haqq yox, vəzifə var” düsturundakı ifrat mütəfəkkir Ziyanın deyil, siyasi Ziyanın xətasıdır.

Türk köçəbə qəbilələrini “mütəhərrik şəhər” deyə tərif etmək də təəssübkeş türkçü Ziyanın xətasıdır! “Şəhər” ilə “mütəhərrik” məfhumları arasındakı təzad, lüğəvi və tarixi təzad o dərəcə barizdir ki, ancaq Ziyanın türklüyü ucaltmaq, onu bir şərəf haləsi ilə zinətləndirmək eşqi və həvəsi ilə izah edilə bilər!

Fəqət bu kimi xətaların yanında mütəfəkkir Ziya türklüyə nə qədər geniş üfiqlər açdı! Onun təsnif və sintez qüdrəti, həqiqətən heyrətverici idi. Türk ictimaiyyətində nəyə təmas edərdisə, dərhal həyata keçirilməsi lazım olan bir məfkurə (bu təbir onundur) çıxarırdı. Məsələn, türk ictimai quruluşu, türk hüququ, türk ailəsi, təməldə Avropanınkının eynisidir. Buna görə də bütün bu sahələrdə o, təmələ qayıtmalı idi.

Mütəfəkkir Ziyanın yaradıcı zəkası, onun bütün qiymət və əhəmiyyəti ilə feilən öz zamanı üzərində təsir göstərimiş başqa bir türk mütəfəkkiri göstərilə bilməz! Onun təsiri bu gün də şeirdə, ədəbiyyatda, lisanda, fikri cərəyanlarda barizdir!

Yuxarıda dedik ki, Ziya görünüşü və tərzi etibarilə şərqliydi. Mən onun qədər bir tərəfdən təvazökar, utanqaç, hər cür dünyəvi ehtiraslardan uzaq, digər tərəfdən də sərt, hökmlü, etirazlara dözümü az olan birinə rast gəlmədim.

Adi münasibətdə bir uşaq təsəvvürü yaradardı. Yad bir mühitdə özünü itirər, nə edəcəyini bilməzdi. Boynunu bükər, bir əlini digər əli üzərinə qoyar, gözlərini önə dikərək boş-boş baxardı. Pula, mövqeyə əsla qiymət və əhəmiyyət verməzdi. Nazir sandalyəsinə “firon sandalyəsi” deyərdi. Ondakı yaşayış tərzi sadəlikdən də o tərəfə keçərək pərişan deyiləcək qədər intizamsızdı. Bütün əsərlərini yatağında yazmışdı. Maddi heç bir yoxluq onu qorxutmazdı. Ən ağır vəziyyətlərdə özü və dostları üçün bir təsəlli nöqtəsi tapardı. Heç unutmuram. İngilislər bizi Maltaya aparmışdılar. Ziya dərhal bir nəzəriyyə çıxardı və yoldaşlara xitabən: “İnsanda iki şəxsiyyət vardır: Mələk və şeytan! İngilislər bizim şeytan şəxsiyyətimizi aparırlar, mələk şəxsiyyətimiz məmləkətdədir, orada çalışır, işləyir. İngilislər ona toxuna bilməzlər!” Bir çoxları təbii olaraq başlarını salladılar və “Allah ağıl versin!” dedilər. İndi bu qədər “dünyanın ötəsində” yaşayan bu Ziya ilə fikir və söz mücadiləsinə giriş! Qarşına dərhal başqa bir insan çıxırdı. Onsuz da böyük olan gözləri daha da böyüyür, rəngi də dəyişir və sanki bütün vücudu ilə üzərinə cumacaq bir vəziyyətə gələrdi. Hələ istehza və lağlağıya heç dözümü yoxdu. Hiddətdən özünü itirərdi, ondan gözlənilməyən təhqirlər, küfürlər edərdi. Hələ Maltada özündən çox qüvvətli olan sabiq vali Midhəd bəyi sandalyə ilə döymüşdü. Zavallı Midhəd bəy bir çox sandalyə zərbələri yedi və hörmətindən əlini qaldırmadı. Hər kəs ta bu dəqiqələrdə Ziyaya elə münasibət göstərərdi. Zəkasına və əxlaqına qarşı hər kəsdə hörmət o qədər çox idi.

teleqraf

Müəllif: Dilqəm Əhməd

Həmçinin yoxlayın

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Türkiyənin Çanaqqalada qələbəsi ilə bağlı Atatürkün abidəsinə gül çələngi qoydular-Şəkil

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bu gün Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) …