
GADTB: İran Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Əbülfəzl Şekarçi əsassız şəkildə Azərbaycan və Ermənistan arasında “baş verən son gərginlik fonunda” hər iki ölkəyə xəbərdarlıq edib.
Şekarçi iddia edib ki, İran öz sərhədlərində “heç bir səhvə və təhdidə” dözməyəcək və bu bölgələrdə sabitlik Tehranın “qırmızı xətti”dir. O, Azərbaycan və Ermənistanı üçüncü ölkələrin təsirinə düşməməyə və münaqişələri sülh yolu ilə həll etməyə çağırıb.
“İran Silahlı Qüvvələri sərhədlərimizin müdafiəsini gücləndirəcək. Bəzi bölgələrdə İranın sərhəd əraziləri zərər görüb, bu da “qırmızı xəttin” pozulmasıdır”, – deyə, o, bildirib.
General vurğulayıb ki, İranın “mehriban qonşuluq siyasətindən sui-istifadə edilməməlidir” və təhdidlərə qarşı “sərt cavab veriləcək”.
Qeyd edək ki, İran son illərdə Ermənistanla iqtisadi və hərbi əlaqələrini genişləndirdiyi halda, Azərbaycanın öz suveren ərazilərində apardığı əməliyyatlara qarşı sərt reaksiya verməsi Tehranın regionda qeyri-obyektiv mövqeyini bir daha üzə çıxarır. Generalın bəyanatı bir daha göstərir ki, İranın “qonşuluq siyasəti” tez-tez regional maraqlara və daxili siyasi məqsədlərə uyğun şəkildə dəyişir. /Azad İran
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi