
GADTB: Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbuslar – Vədud Əsədi və Tahir Nəqəvinin aclıq aksiyası bir həftədən çoxdur ki, davam edir. Onlar bir qrup digər azərbaycanlı məhbusla birlikdə ədalətsizlik, sistemli ayrı-seçkilik, istintaq prosesinin qeyri-qanuni aparılması və tibbi xidmətə biganəlik səbəbilə aclıq aksiyasına başlamışdılar.
Məlumata görə, digər məhbuslar artıq aclığı dayandırsa da, Vədud Əsədi və Tahir Nəqəvi etirazlarını davam etdirməkdə israrlıdırlar. Hər iki məhbusun səhhətinin son dərəcə ağır olduğu bildirilir və onların təcili tibbi yardıma ehtiyacı var.
Hadisə ictimaiyyətdə narahatlıq yaradıb: “Azərbaycanlı məhbusların həyatı daha nə qədər hüquq-mühafizə sisteminin biganəliyinin qurbanı olacaq?”
Məlumata görə, məhbusların ailələri də vəziyyətlə bağlı ciddi narahatlıq keçirir. Həbsxana rəhbərliyi Tahir Nəqəvinin həyat yoldaşı və bacısı ilə görüş zamanı onun ümumi vəziyyətinin “yaxşı” olduğunu iddia edib və bildirilənə görə, tibbi ekspertiza üçün həkim göndərilib. Lakin Nəqəvi müayinədən, hətta hamama getməkdən də imtina edib.
Ailənin israrlı tələbindən sonra bir neçə saatlıq gözləntidən sonra qısa telefon danışığına icazə verilib. Telefon danışığı zamanı Tahir Nəqəvi Evin həbsxanasının 240-cı kamerasını “Stalin zindanı” adlandıraraq deyib:
“Son bombardmanlardan sonra bu bölmə isti su və isitmə sistemi olmadan qalıb. Nə hamama getmək olur, nə də həkimə çıxış var. Xəstə olduğum halda məni dağılmış təkadamlıq kamerada saxlayırlar, adını da ‘xüsusi nəzarət’ qoyublar!”
Azərbaycanlı hüquqşünas olan Nəqəvi aclıq aksiyasını davam etdirəcəyini, onu dayandırmayacağını bildirib və ailəsindən halalını istəyib.
Həbsxana rəhbərliyi ailəyə bildirib ki, məhbusu aclığı dayandırmağa “razı salmağa çalışsınlar”, lakin Nəqəvi qərarının dəyişməz olduğunu vurğulayıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi