
GADTB: Xoy rayonuna bağlı Siyəbaz kəndinin sakinləri son günlər ərzində kəndin əkin sahələri, mal-otlaq əraziləri və əsas yol keçidlərinin 3 meqavatlıq günəş elektrik stansiyası tikintisi bəhanəsi ilə müsadirə olunmasına etiraz olaraq aksiya keçiriblər. Etirazlarda qadınlar, kişilər və uşaqlar birgə iştirak ediblər.
Yayılan foto və videolar göstərir ki, sakinlərin etirazı layihənin podratçısının təzyiq və hədələrinə cavab olaraq baş verib. Kəndlilərin sözlərinə görə, podratçı müəyyən idarələrdəki əlaqələrdən və nüfuzdan sui-istifadə edərək torpaqları ələ keçirməyə çalışır, hətta bəzi sakinlər barəsində məhkəmə qərarı belə çıxartdırıb.
Sakinlər bildirirlər ki, podratçının davamlı hədələri, eləcə də bəzi polis və məhkəmə nümayəndələrinin ona dəstək verməsi kənddə gərgin və qorxu dolu bir mühit yaradıb.
Xoy rayonunda ciddi su qıtlığı yaşanmasına baxmayaraq, layihə podratçısına iki ədəd artezian quyusu qazmaq üçün icazə verilib. Kəndlilər bunu yerli idarələrdə korrupsiya və ciddi idarəetmə pozuntularının bariz nümunəsi adlandırırlar.
Rəsmi olaraq, kənd icması və şura layihənin əsas mal-otlaq sahələri və yaylaq yolları üzərində deyil, kəndin kənarında yerləşən alternativ ərazidə həyata keçirilməsini təklif etsə də, podratçı bu təklifdən imtina edib və layihəni hazırkı yerdə davam etdirməkdə israr edir.
Siyəbaz kəndinin İcra və Şura nümayəndələrinin Evoğlu bölgə rəisinə ünvanladıqları rəsmi məktubda qeyd olunur ki:
Günəş stansiyası üçün seçilmiş yer təbii otlaq sahəsidir və kəndin əsas mal-qarası həmin ərazidə otarılır.
Layihənin hazırkı mövqedə icrası heyvandarlıqla məşğul olan ailələrin dolanışığını sıradan çıxaracaq və bölgənin ekosisteminə ciddi ziyan vuracaq.
Kəndlilər günəş stansiyasının tikintisinə ümumilikdə qarşı deyillər, lakin onun kəndin şimalında yerləşən alternativ əraziyə köçürülməsini tələb edirlər.
Kəndlilər bildirirlər ki, təklif olunan yeni ərazidə layihənin icrası heç bir narazılıq yaratmayacaq.
Beynəlxalq prinsiplərə — o cümlədən, 1992-ci il Rio Bəyannaməsinin 10-cu maddəsində təsbit edilmiş ekoloji qərarlarda ictimai iştirak hüququna, məkan ədaləti və ekoloji ədalət normalarına, yerli icmaların mülkiyyət və iqtisadi həyat hüquqlarına — əsasən, belə böyük sənaye layihələri yalnız yerli icmaların razılığı, müstəqil ekoloji təsir qiymətləndirilməsi və dolanışıq mənbələrinə zərər vurmamaq şərti ilə həyata keçirilə bilər.
Bu prinsiplərə əməl olunmaması, sakinlərə qarşı təzyiq və hədələr, torpaqların razılıqsız müsadirəsi Siyə-baz kəndi əhalisinin iqtisadi, sosial və ekoloji hüquqlarının pozulması kimi qiymətləndirilir.
Siyəbaz sakinləri bildiriblər ki, layihənin hazırkı mövqedə dayandırılması və alternativ yerin ekspertiza ilə qiymətləndirilməsi baş tutmayınca etirazlarını davam etdirəcəklər. Onlar vurğulayırlar: “Biz inkişafın yox, ədalətsizliyin əleyhinəyik.”
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi