
GADTB: Molla rejimi müxaliflərin əmlaklarını müsadirə etməsi və dondurması ilə bağlı tədbirlərin davam etdiyi bir vaxtda, Mərkəzi əyalətin Baş Prokurorluğu bazar günü daha 75 nəfərin əmlakının müsadirə olunduğunu açıqlayıb.
Bu barədə məlumat yayan “Mizan” xəbər agentliyi həmin şəxslərin kimlikləri barədə məlumat verməyib və onları “düşmən tərəfdarları” və “ölkəyə xəyanət edənlər” kimi təqdim edib. Son aylarda, xüsusilə müharibənin başlanmasından sonra, bu kimi ifadələr hökumət rəsmilərinin açıqlamalarında tez-tez istifadə olunur.
Rəsmi məlumata görə, sözügedən şəxslər “xaricdə fəaliyyət göstərən müxalif şəbəkələrlə birbaşa əlaqədə olan və onlarla əməkdaşlıq edən şəxslər” kimi xarakterizə ediliblər.
Bununla belə, onların işlərinin hansı hüquqi prosedurdan keçdiyi və əmlaklarının müsadirəsi barədə qərarın hansı əsaslarla verildiyi açıqlanmayıb.
Müharibənin başlanmasından keçən təxminən üç ay ərzində, xüsusilə atəşkəsdən sonra, dövlət mediasında bir çox şəxsin əmlakının müsadirə edilməsi və ya dondurulması barədə xəbərlər yayılsa da, məhkəmələrdə istifadə olunduğu bildirilən sübut və sənədlər ictimaiyyətə təqdim edilməyib.
Bundan əvvəl də jurnalistlərin, siyasi və vətəndaş cəmiyyəti fəallarının, incəsənət xadimlərinin, idmançıların və digər tanınmış şəxslərin “xəyanət”, “vətən satqınlığı”, “İsraillə əlaqə” və “düşmən dövlətlərlə əməkdaşlıq” kimi ittihamlarla əmlaklarının müsadirə edildiyinə dair məlumatlar yayılmışdı.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi