
GADTB: Reuters agentliyinin araşdırma hesabatına görə, dünyanın ən iri qanunsuz onlayn qumar şəbəkələrindən biri lisenziyasız Dubay kriptovalyuta birjası vasitəsilə milyonlarla dollar dəyərində rəqəmsal aktiv dövriyyəsi həyata keçirib və İrana qarşı sanksiyalardan yayınmağa yönəlmiş ən azı 4 milyard dollarlıq əməliyyatın bir hissəsi olub.
Hesabatda bildirilir ki, “Shelbit” adlı kriptovalyuta birjası 2024-cü ilin may ayından etibarən azı 4 milyard dollar həcmində kriptovalyuta əməliyyatı icra edib. Birjanın iki mindən çox farsdilli qumar saytı, İran Mərkəzi Bankı, sanksiyalara məruz qalmış valyuta mübadilə platformaları və İsrailin SEPAH terrorçularıı ilə əlaqələndirdiyi rəqəmsal pul kisələri ilə əlaqədə olduğu bildirilir.
Reuters bir neçə keçmiş rəsmi şəxsə və məlumatlı mənbələrə istinadən yazır ki, SEPAH üzvləri illər əvvəl İrandakı ən böyük onlayn qumar saytlarının bir hissəsinə nəzarəti ələ keçirərək, onlardan ölkədən xaricə maliyyə vəsaitlərinin köçürülməsi üçün istifadə edib. Bununla belə, agentlik qeyd edir ki, SEPAH-ın birbaşa “Shelbit” və bu qumar şəbəkəsinə nəzarət etdiyini, yaxud kriptovalyutaların əsas hissəsinin son ünvanının hara olduğunu müstəqil şəkildə təsdiqləyə bilməyib.
Dubayın Virtual Aktivlərin Tənzimlənməsi Qurumu da açıqlamasında “Shelbit” platformasının lisenziyasız fəaliyyət göstərdiyini bildirib və çirkli pulların yuyulması, eləcə də terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı narahatlıqlara görə onun fəaliyyətinin dərhal dayandırılmasını tələb etdiyini açıqlayıb.
Şəbəkə ilə əlaqələndirilən tanınmış simalar Saşa Sobhani və Pouyan Moxtari isə SEPAH terrorçuları, İran Mərkəzi Bankı, çirkli pulların yuyulması və sanksiyalardan yayınma fəaliyyətləri ilə hər hansı əlaqələrinin olduğunu təkzib ediblər.
Reuters-in məlumatına görə, İran hökuməti və “Shelbit” platformasının təsisçisi agentliyin bu mövzuda ünvanladığı sualları cavablandırmayıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi