Cümə , Dekabr 27 2024
azfa

Türk Dünyası Elmlər Akademiyaları Birliyi videokonfrans vasitəsilə kodonavirusla mübarizəni müzakirə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Türk Akademiyasının (BTA) təşəbbüsü ilə Türk Dünyası Elmlər Akademiyaları Birliyinin (TDEAB) videokonfrans vasitəsilə fövqəladə toplantısı keçirilib. Toplantıda kodonavirus pandemiyasına qarşı mübarizə məsələləri müzakirə edilib.

Tədbir bir müddət öncə Azərbaycan prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutan Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşündə ifadə edilən elmi əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti ilə bağlı təklif və təlimatlara əsasən təşkil edilib.

COVID-19 pandemiyası səbəbindən ilk dəfə onlayn olaraq keçirilən toplantıya BTA-nın prezidenti Darxan Kıdırəli, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Qazaxıstan MEA-nın prezidenti Murat Jurınov, Qırğızıstan MEA-nın prezidenti Murat Cumatayev, Türkiyə EA-nın rəhbəri Muzaffer Şeker, Özbəkistan MEA-nın vitse-prezidenti Bahrom Abduxalimov, Tatarıstan EA-nın prezidenti Myakzum Salahov və Başqırdıstan EA-nın prezidenti Alfis Qayazov qatılıblar. Özbəkistan Birliyin iclasında üzv kimi ilk dəfə iştirak edib.

BTA-nın prezidenti Darxan Kıdırəli bütün dünyanın çətin bir dövrdən keçdiyi vaxtda həmrəylik nümayiş etdirərək toplaşan Birlik üzvlərinə təşəkkür edib və iclasın gündəliyi haqqında məlumat verib.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Azərbaycanın iki il müddətində Türk Dünyası Elmlər Akademiyaları Birliyinin sədrliyini həyata keçirdiyini, bu müddətdə bir sıra ortaq layihələrin gerçəkləşdirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Türk Şurasının sədrlik edən Prezident İlham Əliyevin Türk dövlətləri başçılarının onlayn fövqəladə Zirvə toplantısını keçirməsi pandemiya dövrünün çətin və mürəkkəb şəraitində beynəlxalq sahədə əməkdaşlığı davam etdirməyin mümkünlüyünü əyani şəkildə isbat edən əhəmiyyətli bir hadisədir və dünya birliyinə Azərbaycan Respublikasının töhfəsidir.

İ.Həbibbəylinin sözlərinə görə, hazırkı şərait göstərdi ki, real məkanın əlaqələri kəsildiyi məqamlarda virtual məkanın imkanlarından istifadə etmək ən əlverişli yoldur. Bunun üçün akademiyalar daim işlək olan mükəmməl texnoloji imkanlara malik olmalıdırlar. TDEAB özünün informasiya-kommunikasiya imkanlarına yenidən baxmalı, bu sahəni daha da təkmilləşdirməlidir.

Toplantıda TDEAB-a növbəti müddətə sədrlik Azərbaycandan Qırğızıstana keçib.

Sədrliyi qəbul edən Qırğızıstan MEA-nın prezidenti Murat Cumatayev TDEAB-ın bəyannamə layihəsini dəstəklədiklərini bildirib, koronavirus pandemiyasının simptomları, türk dünyasında yayılması, müalicə üsullarının tapılması və nəticələr barədə ortaq məlumat bazasının yaradılmasını təklif edib.

Qazaxıstan MEA-nın prezidenti Murat Jurınov Nur-Sultandakı Milli Biotexnologiya İnstitutunda və Almatıdakı Viroloji və Mikrobiologiya İnstitutunda virus öldürücü antiseptiklər istehsal etdiklərini açıqlayıb. O, Macarıstan və Tacikistanın TDEAB-a üzvlüyə dəvət edilməsi barədə təkliflə çıxış edib.

Türkiyə EA-nın prezidenti Muzaffer Şeker “Covid-19 pandemiya dəyərləndirmə hesabatı” hazırladıqlarını və bunu üzv ölkələrlə paylaşmağa hazır olduqlarını bildirib.

İlk dəfə Birliyin iclasında iştirak edən Özbəkistan MEA-nın vitse-prezidenti Bahrom Abduxalimov elmi əməkdaşlığı dəstəklədiklərini və birlikdə işləməyə hazır olduqlarını vurğulayıb.

Təşkilatın digər üzvləri də fövqəladə vəziyyətlərdə əməkdaşlıqla bağlı fikir və düşüncələrini bölüşüb.

İclasın yekunu olaraq Türk Dünyası Elmlər Akademiyaları Birliyinin xüsusi qərarı qəbul edilib.

Qeyd edək ki, 4-cü iclasının keçirən Türk Dünyası Elmlər Akademiyaları Birliyi 2015-ci ildə Astanada (Nur-Sultan) yaradılıb.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın