
GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və ədalətsiz” hesab etdikləri üçün dindirilmə iclaslarında iştirakdan imtina ediblər.
Məlumata görə, Abbas Lisani və Yusif Karı 12 ordibehişt 1405-ci ildə Əli Xeyircu və Bəhzad Dəşti ilə birlikdə Evin prokurorluğunun istintaq şöbəsinə çağırılsalar da, onlar prosesə qatılmayıblar.
Fəallar bildiriblər ki, “ədalətsiz məhkəmə prosesi”nə etiraz olaraq istintaq və məhkəmə iclaslarının heç birində iştirak etməyəcək və “hakimiyyət nümayişinin” bir hissəsi olmayacaqlar.
Bildirilir ki, 6 ordibehişt 1405-ci ildə istintaq hakimi Yusif Karı üçün 6 milyard tümən girov qərarı çıxarıb və ailəsi girovu təmin etdikdən sonra onun azadlığa buraxılmasını gözləyib. Lakin son anda təhlükəsizlik qurumlarının azadlığa qarşı çıxması səbəbindən qərarın icrası dayandırılıb.
Məlumata əsasən, girov proseduru tamamlansa da, Yusif Karının sərbəst buraxılması ləğv edilərək qərar yenidən həbs qətimkan tədbiri ilə əvəz olunub. Yaxınları bunu “qanunsuz addım” adlandırıblar.
Abbas Lisani və Yusif Karının hazırda Evin həbsxanasının 7-ci bölməsinin 12-ci salonunda – karantin hissəsində saxlanıldığı qeyd olunur. Onların aylarla həbsdə qalmalarına baxmayaraq, müvəqqəti azadlığa buraxılmalarına icazə verilməyib.
Bununla yanaşı, eyni iş üzrə saxlanılan Əli Xeyircu və Bəhzad Dəşti əvvəllər hər biri üçün 6 milyard tümən girov qarşılığında həbsdən azad ediliblər.
Məlumata görə, Abbas Lisani və Yusif Karı 44 gün Təhlükəsizlik Nazirliyinin təcridxanasında təkadamlıq kameralarda saxlanıldıqdan sonra 10 dey 1404-cü ildə Evin həbsxanasına köçürülüblər.
Abbas Lisani ailəsi ilə telefon danışığında ayaq barmaqlarında keyimə, saxlanılarkən döyülmə nəticəsində yaranan güclü ağrılar və bel yırtığı probleminin ağırlaşdığını bildirib.
Fəallar həbs olunduqları gündən etibarən saxlanma prosesini qanunsuz hesab etdikləri üçün istintaq əməkdaşlarının suallarını cavablandırmaqdan imtina etdiklərini açıqlayıblar.
Əli Xeyircu 14 dey 1404-cü ildə, Bəhzad Dəşti isə 26 azər 1404-cü ildə girov qarşılığında Evin həbsxanasının 209 saylı bölməsindən müvəqqəti azadlığa buraxılıb.
Həmin dörd fəal – Abbas Lisani, Əli Xeyircu, Yusif Karı və Bəhzad Dəşti 22 aban 1404-cü ildə Tehran prokuroruna və Evin həbsxanasının rəhbərliyinə məktub ünvanlayaraq saxlanılarkən məruz qaldıqları zorakılığın qeydə alınması üçün tibbi ekspertizaya göndərilmələrini tələb etmişdilər.
Onlar 20 aban 1404-cü ildə Evin həbsxanasının qarşısında saxlanılmış və daha sonra Evin prokurorluğunun 6-cı istintaq şöbəsinə aparılmışdılar. Onlara qarşı “qanunsuz qrup yaratmaq və ya üzv olmaq”, “ölkə təhlükəsizliyinə qarşı əlbir olmaq” və “ictimai asayişi pozmaq” kimi ittihamlar irəli sürülüb.
Qeyd edək ki, Abbas Lisani həbsindən iki gün əvvəl yaydığı müraciətdə bildirmişdi: “Əgər sabaha qədər azərbaycanlı aclıq aksiyası keçirən məhbusların və ailələrinin tələblərinə baxılmasa, birisi gün mən də Evin həbsxanasının qarşısında onlara qoşulacağam.”
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi