
GADTB: Gecə və bu gün səhər saatlarında ABŞ fars irqçi rejiminin müxtəlif şəhərlərdə yerləşən mövqelərinə raket hücumları həyata keçirib.
Mehr xəbər agentliyi bildirib ki, ABŞ-a məxsus bir raket Şələmçə sərhəd sərnişin terminalının yaxınlığındakı bir nöqtəyə düşüb.
Agentlik təhlükəsizlik rəsmisinə istinadən yazıb ki, hücum nəticəsində iki nəfər həlak olub.
Fars xəbər agentliyi isə Əndimeşk, İslamabad-Qərb və Ramşir şəhərlərində hücumların baş verdiyini bildirib.
Vahid Online xəbər kanalı Buşehrdən göndərilən məlumatlara istinadən xəbər verib ki, yerli vaxtla səhər saat 04:00 radələrində Buşehr şəhərində bir neçə güclü partlayış səsi eşidilib.
Məlumata görə, sakinlər bir və ya bir neçə güclü partlayışın baş verdiyini, partlayışların binaları silkələdiyini və insanları yuxudan oyatdığını bildiriblər. Bəzi məlumatlarda səslərin Buşehr Hərbi Hava Bazası istiqamətindən gəldiyi ehtimal edilir.
Vahid Online öz izləyicilərinə istinadən həmçinin bildirib ki, 10 dəqiqə ərzində Kirmanşah vilayətində partlayışlarla bağlı üç ayrı məlumat alıb.
Məlumata əsasən, izləyicilərdən biri yerli vaxtla saat 03:36-da Kirmanşah şəhərində partlayış olduğunu, digər iki nəfər isə Kirmanşah vilayətinin İslamabad-Qərb şəhərinin hücuma məruz qaldığını və burada iki partlayış baş verdiyini bildiriblər.
Xuzistan vilayətinin qubernator müavini də açıqlamasında Əndimeşk şəhəri yaxınlığındakı bir məntəqənin ABŞ-ın raket hücumuna məruz qaldığını təsdiqləyib.
Səda və Sima agentliyinin məlumatına görə, o, raketin dəqiq düşdüyü yer, mümkün itkilər və ya dağıntılar barədə əlavə məlumat verməyib. Həmçinin hücumun dəqiq vaxtını açıqlamayıb.
Bir qədər sonra Buşehr valiliyi daha bir raketin şəhərdə yerləşən hərbi bölgələrdən birinə düşdüyünü təsdiqləyib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi