Şənbə , Aprel 25 2026
azfa

ABŞ mediası Jewish News Syndicate: İranda azərbaycanlılar ana dilində təhsil hüququndan məhrumdurlar

GADTB: Ana dilində təhsil almaq və işləmək fundamental insan hüququdur. Bu hüquq, məqalə müəllifinin qeyd etdiyi kimi, İsraildə yaşayan druz icması və digər etnik azlıqlar üçün təmin edilib. (Druzilər XI əsrə gedib çıxan köklərə malik, druz dini inancına mənsub dini-etnik icmadır.)

Bu məqalə 17 fevral 2026-cı il tarixində Jewish News Syndicate (JNS) saytında dərc olunub. Yazının müəllifi israilli druz siyasətçi, İsrailin rabitə naziri olmuş Ayoob Karadır.

Müəllif məqalənin əvvəlində bildirir ki, İsraildə druz siyasi lideri kimi ivrit, ərəb və ingilis dillərini bilməsi ilə fəxr edir. Onun sözlərinə görə, İsrail druzilərinin böyük bir qismi Britaniya mandatı dövründən etibarən üç dildə savadlı olub; həmin dövrdə ana dilləri olan ərəb dili ilə yanaşı, ivrit və ingilis dillərində təhsil almaq təşviq edilirdi.

Müəllif vurğulayır ki, druzilərin yəhudi məktəblərində təhsil almasına və ivrit dilini öyrənməsinə baxmayaraq, onlar ana dilləri olan ərəb dili ilə fəxr edirlər. O xatırladır ki, ərəb dili İsraildə rəsmi dillərdən biridir. Bununla belə, müəllif qeyd edir ki, bütün xalqlar ana dilində danışmaq, təhsil almaq və işləmək hüququna malik deyillər; halbuki bu hüquq İsrail druziləri üçün mövcuddur.

Məqalədə 21 fevral — Beynəlxalq Ana Dili Günü ilə bağlı olaraq qeyd edilir ki, bu tarix İrandakı etnik azlıqlar üçün xüsusi əhəmiyyət daşıyır. Müəllifin fikrincə, İranda Cənubi Azərbaycan türkləri, kürdlər, bəluclar, əhvazlı ərəblər və türkmənlər ana dilində təhsil və əmək fəaliyyətindən məhrumdurlar.

Yazıda bildirilir ki, bu qruplar ana dillərindən istifadə, onun tədrisi və təşviqi səbəbilə “sistemli repressiyalara” məruz qalırlar. İran hökuməti bu fəaliyyətləri təhlükəsizlik təhdidi və separatizm meyli kimi qiymətləndirir. Müəllif vurğulayır ki, İran Konstitusiyasında yerli dillərin tədrisinə icazə verilsə də, praktikada hökumət bu dillərin istifadəsini məhdudlaşdırır; məqsəd fars dili əsasında mərkəzləşdirilmiş mədəni və siyasi kimliyi qorumaqdır.

Məqalənin başqa bir hissəsində qeyd olunur ki, 2025-ci ildə və 2026-cı ilin əvvəllərində İranda baş verən son etirazlardan sonra etnik azlıqlara qarşı təzyiqlər daha da artıb. Müəllif yazır ki, bu dövrdə Cənubi Azərbaycan türklərindən bəziləri öldürülüb, yüzlərlə nəfər isə saxlanılıb, həbs edilib və ya işgəncələrə məruz qalıb. Onun sözlərinə görə, bu təzyiqlərin əsas səbəblərindən biri həmin qrupların iqtisadi və siyasi tələblərlə yanaşı, ana dilində təhsilin təşviqi istiqamətində fəaliyyəti olub.

Məqalədə bir sıra azərbaycanlı fəalların adları da çəkilir. Onlardan biri, bu yazıya əsasən, hazırda da həbsdə saxlanılan Abbas Lisanidir. Həmçinin uşaq kitablarını Azərbaycan türkcəsində yaydığına görə saxlanılan və uzunmüddətli həbs cəzasına məhkum edilən Əlirza Fərşi, eləcə də azərbaycanlı məhbusları müdafiə etdiyinə görə həbs olunduğu bildirilən hüquqşünas Məhəmmədrza Fəqihinin adı qeyd olunur.

Məqalədə vurğulanır ki, repressiyalar yalnız azərbaycanlılarla məhdudlaşmır. Müəllifin yazdığına görə, bazar etirazlarından sonra İran təhlükəsizlik qüvvələri kürd müəllim və fəallarına qarşı təzyiqləri artırıb və onların bir qismini “rejim əleyhinə təbliğat” və ya milli təhlükəsizliyə təhdid kimi ittihamlarla saxlayıb. Eyni zamanda, 2025-ci ilin fevralında Bəluçistanda bir neçə təhsil dərnəyi bağlanıb, bəluç dili və mədəniyyətinin təşviqi ilə məşğul olan müəllimlər həbs edilib.

Müəllif məqalənin sonunda İsrail vətəndaşı və rabitə naziri olmuş şəxs kimi, İran İslam Respublikasının Cənubi Azərbaycan türkləri, kürdlər, bəluclar, əhvazlı ərəblər və türkmənlər kimi etnik azlıqları ana dilində təhsil və əmək hüququndan məhrum etməsini təəccüblə qarşıladığını bildirir. O vurğulayır ki, ana dilində təhsil almaq və işləmək əsas insan hüququdur və bu hüquq İsraildə druzilər və digər etnik azlıqlar üçün təmin edilib.

Məqalənin son hissəsində İranın sabiq təhsil nazirlərindən birinin fikrinə də istinad edilir. Həmin nazirin sözlərinə görə, İran uşaqlarının təxminən 70 faizi ailələrində fars dilindən başqa bir dildə danışılan mühitdə böyüyür. Müəllif bunu İranın geniş və zəngin dil müxtəlifliyinin açıq göstəricisi kimi qiymətləndirir.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …

“New York Times” qəzeti Müctəba Xamenei ilə bağlı məlumat yaydı

GADTB: The New York Times nəşri İran rəsmilərinə istinadən Müctəba Xameneinin səhhəti ilə bağlı məlumat …