Ağ Ev İrana mümkün hücumu nəzərdən keçirir

GADTB: ABŞ administrasiyası İrana qarşı mümkün hərbi əməliyyat variantlarını müzakirə edir. Bununla bağlı, “Politico” nəşri məlumat yayıb.

Bildirilib ki, ABŞ prezidenti Donald Trampın bəzi müşavirləri əvvəlcə İsrailin İrana hücum etməsini daha məqsədəuyğun hesab edirlər. Onların fikrincə, belə bir ssenari Vaşinqtonun mümkün hərbi müdaxiləsi üçün daha əlverişli vəziyyət yarada bilər.

Məlumata əsasən, İsrailin hücumu İrandan cavab zərbəsi ilə nəticələnərsə, bu, ABŞ-nin hərbi əməliyyatına dəstəyi artıra bilər. Mənbələrdən birinin sözlərinə görə, administrasiya daxilində belə bir yanaşma mövcuddur ki, “əgər israillilər əvvəlcə hərəkətə keçsələr və İran cavab versə, siyasi vəziyyət dəyişə bilər”.

Hazırda Ağ Ev İranın nüvə obyektləri və ballistik raket infrastrukturuna yönəlmiş mümkün hərbi variantları dəyərləndirməyə davam edir.

ABŞ dövlət katibi Marko Rubio isə xəbərdarlıq edib ki, İran raket proqramı ilə bağlı danışıqlara getməlidir.

Bu açıqlama Prezident Donald Trampın Tehranın ABŞ-ı vura biləcək raketlər üzərində işlədiyini iddia etməsindən bir gün sonra səsləndirilib.

“Deyərdim ki, İranın ballistik raketləri müzakirə etmək istəməməsi çox, çox ciddi problemdir,” – deyə Rubio ABŞ və İran arasında keçiriləcək yeni danışıqlar ərəfəsində jurnalistlərə bildirib.

Bununla belə, Rubio Cenevrədə keçiriləcək danışıqların ABŞ-ın İrana hücum edib-etməməsi ilə bağlı həlledici məqam olub-olmayacağını konkret şəkildə ifadə etməkdən yayınıb.

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …