Çərşənbə , Aprel 24 2024
azfa

Alban tarixi əsərində Yafəsin Toqarma adlı soyu haqda

GADTB: Musa Kağankatlı “Albaniya  tarixi” kitabının “Yafəs və Arandan başlayaraq lll Vaçaqana qədər Albaniyada hakim olan hökmdarların siyahısı” adlı Vlll fəslində Yafəsdən başlayan və övladları tərəfindən davam etdirilən şahlığın nümayəndələrini sadalayarkən 4-cü sırada Toqarmanın (Torkom // Türk) adıını çəkir:

“Yafəs, Homer (Kimer), Tiras, Toqarma…”.

Maraqlıdır ki, yəhudi dinini qəbul etmiş Xəzər xaqanı İosif Bizans imperatoruna yazdığı məşhur məktubunda xəzərlərin Toqarmanın (Torkomun // Türkün) 10 oğlundan biri olan Xəzərin nəslindən olduqlarını qeyd etməkdə, Toqarmanın oğullarının adlarını belə sıralamaqdadır: Uyğur, Turis, Oğuz, Bizal, Tırna, Xəzər, Yanur, Bulqar, Savir.

Bu fakt xəzərlərin etnogenezinin bilavasitə Azərbaycan və Şərqi Anadolu ilə bağlı olduğunu söyləmək üçün tamamilə yetərlidir. Məktubun sonrakı hissəsində söylənilənlər də bu faktı təsdiqləyici mahiyyətdədir. Xaqan yazır ki, ən başda xəzərlər az saylı və zəif idilər, lakin sonralar özlərindən qat-qat güclü olan boylarla mübarizə aparıb onlara qalib gəldilər, onların torpaqlarına sahib oldular. Onlar qaçır, xəzərlər təqib edirdilər. Bu, rəqiblərin Kuştantiniya yaxınlığındakı Runa çayını keçmələrinə qədər davam etdi. Məktubda qaçanların kimlər olduğu da bildirilir: u-n-n-t-r. Bu məktubda deyilənləri şərh edən alimlər buradakı Runa çayının Dunay, Kuştantiniyanın Konstantinopol (İstanbul), “u-n-n-t-r” kimi oxunan xalqın isə onuyğurlar və ya utiqurlar (otuzuyğurlar), başqa sözlə, uyğurlar olduğu fikrində yekdildilər.

Burada istər-istəməz, Diador Siciliyalının iskitlər haqqında söylədikləri yada düşür və hər iki müəllifin eyni hadisədən söhbət açdığı ehtimalı ağla gəlir. Diador Siciliyalı yazır:

“…Əvvəllər onlar azsaylı idi və Araz qırağında yaşayırdılar, onda şöhrət sahibləri olmadıqları üçün onlara həqarətlə baxılırdı. Lakin hələ qədim vaxtlardan strateji bacarığı ilə seçilən bir savaşqan başçılarının başçılığı altında onlar Qafqaza qədər dağlarda, Okean və Meoyiy (Azov) gölü sahillərindəki düzlərdə və Tanais çayına qədərki sair bölgələrdə ölərinə ölkə əldə etdilər…Xeyli vaxt keçəndən sonra …Tanais çayından o tərəfdə Trakiyaya qədər geniş əraziləri də özlərinə tabe edib, hərbi yürüşlərini başqa istiqamətdə yönəltdilər…”.

Məlumat üçün bildirək ki, Dunay çayının axdığı ölkələrdən biri də Bolqarıstandır və Trakiya bu ölkənin bir hissəsini əhatə edir. Həmin ərazi İstanbula yaxındır. Əgər hər iki halda eyni hadisəsən söhbət gedirsə, – antik müəlliflərin bütün türkləri, o cümlədən xəzərləri iskit adlandırdığı məlumdur, – bu halda xəzərlərin öz tarixlərinin ən başında Araz çayı sahillərində yaşadıqları heç bir şübhə oyatmır.

Burada xəzərlərin etnogenezinin ilkin mərhələsinin Azərbaycanla bağlılığını təsdiq edən daha bir tarixi faktı, Təbərinin son dərəcə maraqlı bir məlumatını diqqətə çatdırmağa ehtiyac duyuruq. Salnaməçinin yazdığına görə, Sasani şahı Qubadın ömrünün son illərinədək Aran (Albaniya), Gürcüstan, Vaspurakan, Sisəcan (Sisakan // Zəngəzur) xəzərlərin əlində qalmış…, Qəbələ hunların mərkəzi olmuşdur:

“…Buna görə bu əyalətlərlə birlikdə Azərbaycana Xəzər məmləkəti demişlər” (İslam Ansiklopedisi, 1950, s. 90).

Xəzər xaqanı İosifin Yafəs soyundan Toqarmanın oğulları sırasında adlarını çəkdiyi üç nəfər, o cümlədən xəzərlərin soy babası Xəzər haqqında Vll əsrdə yaşamış suriyalı salnaməçi İohan Efeslinin “Tarix” əsərində daha qədim mənbələrdən götürülmüş çox maraqlı bir qeyd var:

“Bizans imperatoru Mavrikinin dövründə Daxili İskitiyadan (İskitlər ölkəsindən) üç qardaş öz xalqları ilə birlikdə hərəkətə keçdilər. Qardaşlardan Bulqar adlı biri Roma imperiyasının sərhədlərinə tərəf yollandı. Digər ikisi isə alanların Bersiliya adlandırılan ölkəsində məskunlaşdılar. Bu ərazi sonralar qardaşlardan birinin-Xəzərin adı ilə Xəzər adlanmağa başladı”.

Xəzər xaqanının məktubundan göründüyü kimi, Xəzər xaqanı həm xəzərləri, həm də oğuz, uyğur, bulqar, savir və s. türk boylarını Albaniya, yəni Azərbaycan hökmdarının soyu kimi təqdim edir və bununla da türk xalqlarının ilkin etnogenezinin Azərbaycan ərazisi ilə bağlı olduğunu dolayısıyla təsdiq etmiş olur. Bu sırada oğuzlarn da adının çəkilməsi diqqətçəkicidir.

Bəxtiyar Tuncay,

Tarixçi Alim.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …