GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dekabrın 10-da Antalyada Mərkəzi ofisi İstanbulda olan Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) 4-cü Ümumi Yığıncağı (qurultay) keçiriləcək.
Qurultaya Qazaxıstan, ABŞ, Azərbaycan, Gürcüstan, Ukrayna, Özbəkistan, Rusiya və Qırğızıstandan nümayəndə heyətlərinin, eləcə də Türkiyə və digər xarici dövlətlərdən bir çox önəmli isimlərin qatılacağı gözlənilir.
Dünya Ahıska Türkləri Birliyinin baş katibi Fuat Uçar artıq qurultay hazırlıqlarının yekunlaşdığını bildirib: “DATÜB başqanı Ziyəddin Kassanovun rəhbərliyi ilə qurultay hazırlıqlarını tez bir zamanda tamamladıq. Dekabrın 10-da nümayəndə heyətləri və qonaqlarımızın iştirakı ilə Antalyada 4-cü Ümumi Yığıncağımızı birlik və bərabərlik içində keçirəcəyik. Qurultayımızda “Covid 19” tədbirlərinə ciddi şəkildə əməl ediləcək. Axısxa Türklərinin daha yaxşı bir həyat sürməsi üçün görülən işləri nümayəndələr və ictimaiyyətlə bölüşəcəyik. Yeni layihələrin də müjdəsini Ümumi Yığıncaqda açıqlayacağıq. Qurultaydan yenilənmiş və daha güclü çıxacağıq”.