Azərbaycan torpaqlarında Ermənistan dövləti necə yaradıldı

GADTB: Ermənilər müasir informasiya texnologiyaları və vasitələrindən istifadə edərək bir sıra sahələrdə olduğu kimi, erməni dövlətçiliyi barəsində də mif yaratmağa çalışırlar. Belə ki, erməni dövlətçiliyinə dair tərtib edilmiş xronologiyada

[https://ru.wikipedia.org/wik]

otuz iki dövlət və dövlət qurumunun (?!) siyahısı verilir. Əslində, bununla yanaşı, ermənilərin daha davamlı və sistemli olan əsarət xronologiyasının siyahısı da verilsəydi daha məntiqli olardı.

Erməni dövlətçiliyinə gəldikdə isə o nəinki bu qədər dövlət və ya dövlət qurumu ilə təmsil olunmur, eyni zamanda, nə sabit tarixi coğrafiyaya, nə də ənənəyə malikdir. Ona görə də erməni tarixçiliyində məhz erməni xalqının tarixinin yazılması prioritet təşkil etməkdədir. Müasir erməni dövləti də tamamilə fərqli bir coğrafiyada, tarixi Azərbaycan ərazisində meydana gəlib. Bu yeni dövlətin əvvəlki erməni dövləti ilə heç bir ərazi və hüquqi-siyasi varislik əlaqəsi olmayıb.

Erməni tarix “texnoloqları” tərəfindən bu problem üzrə də özünəməxsus bir “konstruksiya” yaradılıb. Azərbaycanın tarixi ərazisinin bir hissəsinin və burada meydana gələn dövlət qurumlarının onlara məxsus olduğu iddia olunur və Azərbaycan ərazisində erməni dövləti yaradılması “erməni dövlətçiliyinin bərpası” kimi qələmə verilir. Ermənilər bu və digər məsələlərə (erməni milli azadlıq hərəkatı və s.) əsaslanan “sarsılmaz” bir konsepsiya yaratdıqlarını güman edirlər.

Bu məsələ təsvir edilən kimi sadə olmayıb, çox mürəkkəb və çətin bir problemdir. Bunun üçün erməni tarixşünaslığının Azərbaycana qarşı ilk ərazi iddiasından burada erməni dövlətinin yaranmasınadək keçən uzun dövrə (təxminən, 387–1918-ci illər və ya 1531 il), bu dövlətə daxil edilən ərazilərin yalnız silah vasitəsi ilə işğalına, tarixi Azərbaycan dövlətlərinin mövqeyinə və s. məsələlərə nəzər yetirmək olar. Ona görə də Azərbaycan torpaqlarında müasir erməni dövlətinin meydana gəlməsinin bütün mərhələlərinə və məsələlərinə dair obyektiv tarixi faktlar üzrə ümumiləşdirmələrə əsaslanan Azərbaycan tarix konsepsiyasının irəli sürülməsi, dünya elmi və ictimai-siyasi fikrinə çatdırılması mühüm vəzifə kimi qarşıda durur.

I.“Böyük Ermənistan” ideologiyası və Azərbaycan torpaqlarına dair iddianın yaranması: tarixi şəraiti və tənqidi

Elmə məlum versiyalardan birinə görə, ermənilər Balkan mənşəlidir və sonrakı bütün tarixi coğrafiyalarında gəlmədir. İlk dövlətləri də etnik baxımdan erməni dövləti olmayıb, müəyyən birlikləri ifadə edir. Tarixşünaslıq ənənəsinə görə, sonralar “Böyük Ermənistan” adlandırılan çarlıq Bizans və Sasanilər arasındakı 387-ci il müqaviləsi ilə bölüşdürülmüşdür. Akademik Ziya Bünyadov haqlı olaraq yazırdı ki, erməni dövlətçiliyi çar şərəfinə iddia edən Arsuruni, Baqratuni, Mamikonyan, Amatuni, Bznuni və digər sparapetlər və b. arasındakı əzəli çəkişmələr və mübahisələr üzündən yoxa çıxdı. Ona görə də xəyanətkarlıq erməni tarixinin əsas süjetlərindən biri olub. Onun da əsas simvollarından biri Merujan Arsuruni idi.

Bu hadisədən bir müddət sonra erməni tarixşünaslığında yeni tarix konsepsiyası yaradılır. Kolumbiya Universitetinin professoru N.Q.Qarsoyan Ermənistanın IV əsr tarixindən bəhs edərkən (çox maraqlıdır ki, bu məqalədə “Ermənistan” və “sədaqət” terminlərinin dəqiqləşdirilməsi nəzərdən keçirilir) yazırdı ki, bizim hadisələri təfsirimiz erməni mənbələrindən asılıdır. Pavstos Buzand və ya Movses Xorenatsinin təsvir etdiyi mənzərə, azad və ya qeyri-azad, onların Zərdüşt İranına qarşı dayana bilən şəxsi ideallarını–vahid, birləşmiş Ermənistanı əks etdirirdi… Bizim üçün bu mənzərənin V yüzillik üçün də doğru olduğu indi əhəmiyyətli deyildir. Bizim üçün əhəmiyyətli olan odur ki, o, IV əsrin gerçəkliyini təhrif edir. O zaman Ermənistan vahid deyildi, birləşmiş deyildi və pers dünyasına yad deyildi.

Ermənilər tarix anlayışı ilə birgə, tarixi-siyasi coğrafiyalarına da dəyişiklik etməyə başlayır, “Şərqi Ermənistan” və “Qərbi Ermənistan” anlayışları uydurulur. Azərbaycanın qərb torpaqlarının da Ermənistan dövlətinin tərkibinə daxil edilməsi (“Şərqi Ermənistan”) ənənəsinin əsası qoyulur, məqam yaranan kimi, siyasi mərkəz axtarışı Azərbaycan torpaqlarına yönəldilir. Albaniya tarixinin tədqiqatçısı Fəridə Məmmədova 387-ci il müqaviləsinə dair bir qeydində yazır ki, mən alban torpaqlarına aid 387-ci il müqaviləsini əks etdirən mənbə aşkar edə bilmədim. Qafqaz xalqlarının tarixi coğrafiyası problemi üzrə müşavirədə (1983-cü il 4-8 may, Moskva ş.) aydın oldu ki, belə bir müqavilə yoxdur, o mənbəşünaslıq əsaslarından məhrumdur. B.A.Arutyunyan (erməni tarixçisi, Ermənistanın qədim və orta əsrlər tarixi, tarixi coğrafiyası və kartoqrafiyası üzrə mütəxəssis (1941-2003).-K.Ş.) rəsmən bəyan etdi ki, belə bir müqavilə mövcud deyil. Bu müqavilə mövcudluğuna görə, yalnız erməni tarixşünaslığına borcludur. O, həmçinin bildirdi ki, erməni elmi bu köhnəlmiş konsepsiyadan imtina edir və yeni konsepsiya yaradılmasına başlayır. Diqqəti ona cəlb etmək istəyirəm ki, həmin konfransdan xeyli müddət keçməsinə baxmayaraq, ermənilər hələ də belə bir konsepsiya yarada bilməyiblər və yenə də mövcudluğu ilə tarixşünaslıq ənənəsinə malik olan konsepsiyanı davam etdirirlər.

Erməni çarlığının ləğvindən sonra (IV-VII əsrlər) ermənilərin Yer üzündən silinmək təhlükəsi yarandı. Roma və onun siyasətini davam etdirən Bizans bu sahədə konkret siyasi xəttə malik olub. Erməni tarixçisinin yazdığı kimi, Bizans erməni dövlətçiliyini məhv etməyə, erməni torpaqlarını işğal etməyə, tutulmuş torpaqlarda erməniləri assimiliyasiya etməyə səy göstərib. Sasani imperiyası da 428-ci ildə ermənilərin hakimiyyətinə son qoydu. Uzun müddətli Bizans-Sasani müharibələrindən (582-602; 604-629) sonra isə ermənilər Bizansın hakimiyyətinə keçdi. Belə bir şəraitdə ermənilərin yalnız əvvəlki tarixşünaslıq ənənəsilə yaşamaqdan başqa çarəsi qalmadı.

Tarixşünaslıq iddiasından siyasi iddialara: əsas amilləri və nəticələri (VII-XVI əsrlər)

Tarixi həqiqət budur ki, əvvəlcə Ərəb xilafəti, sonra isə türk-müsəlman dövlətlərinin siyasəti ermənilərə nisbi inkişaf və sabitlik gətirdi. Məhz bunun nəticəsində ermənilər təhlükədən xilas oldu və bundan istifadə edərək həmin ərazilərdə möhkəmlənməyə başladı. Erməni-qriqorian kilsəsi də bu prosesdə mühüm rola malik olub. Ermənistanda xristianlığın qəbulu ilə dövlətin ləğvi arasında elə də çox vaxt keçməyib. Ümumiyyətlə, xristian dövlətlərin tarixində bir vacib məqam olub. Xristian dini ilə dövlət sıx bağlı olub. Erməni xristianlığı isə dövlətdən məhrum olduqdan sonra onun naminə də fəaliyyətini genişləndirib. Azərbaycan torpaqlarının da “birləşmiş erməni dövlətinin” tərkibinə “daxil edilməsində” ruhanilərin böyük rolu olub və bu siyasət kilsə tərəfindən də davam etdirilib.

Ərəb xilafətinin yaxından iştirakı ilə erməni-qriqorian kilsəsinin Qarabağın dağlıq hissəsində alban əhalisinin qriqorianlaşdırılması və erməniləşdirilməsi siyasətinə dəstək verilib. Erməni–qriqorian kilsəsi alban kilsəsinə qarşı da amansız mübarizə aparıb. Bu, sadəcə dini rəqabət deyil, siyasi məqsədlərdən irəli gəlirdi. Erməni qriqorian kilsəsi İslamın əhatə dairəsindən kənarda qalan albanları qriqorianlaşdırmaqla, alban xristian irsi ilə yanaşı, onun torpaqlarına da iddia irəli sürürdü. Məhz bunun nəticəsi idi ki, ermənilər Xilafətin dağılmasından sonra siyasi təşkilatlanmağa, hətta Azərbaycan ərazisində meydana gələn bəzi dövlət qurumlarını (Xaçın knyazlığı, Sünik çarlığı və s.) mənimsəməyə çalışıb. Halbuki, burada yalnız kilsənin təsiri altında qriqorianlaşmış alban nəsillərindən bəhs oluna bilər.

Türk müsəlman dövlətləri də ermənilərə xeyirxah münasibətləri ilə fərqlənib. Səlcuqlar, necə deyərlər, erməniləri Bizansın əlindən xilas edib. Bir sıra erməni siyasi qurumları, o cümlədən Kilikiya çarlığı (1080-1375) da bu dövrdə meydana gəlib. Daha mühüm bir hadisə isə Qaraqoyunlular dövründə baş verib. Cahanşah tərəfindən erməni qriqorian kilsəsi mərkəzinin 1441-ci ildə Eçmiədzinə (Üçkilsəyə) köçürülməsi ilə ermənilərin mövqeyinin möhkəmlənməsinə yeni stimul yaranıb.

Ermənilər Ərəb xilafətinin dağılmasından sonrakı ənənəyə uyğun olaraq, bu dövrdə də Azərbaycan ərazisində meydana gələn məliklikləri özününkü hesab etməyə çalışır. Beləliklə, ermənilərin Azərbaycan torpaqlarına qarşı siyasi iddiaları formalaşmağa başlayır. Bütün bunlara baxmayaraq, istər Qaraqoyunlu, istərsə də Ağqoyunlular dövründə və 1501-ci ildə meydana gələn Mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövlətinin ilk dövründə güclü hakimiyyət ermənilərin baş qaldırmasına imkan vermədi. Bununla da, ermənilərin Azərbaycan torpaqlarına siyasi iddiaları onun ələ keçirilməsi uğrunda xəyanətkar fəaliyyəti üçün də zəmin hazırladı.

Erməni azadlıq hərəkatı məsələsinə dair

Ermənilərin Osmanlı hakimiyyətinə keçməsi ilə yeni bir şərait meydana gəldi. Yeni yaranmış geostrateji vəziyyətdə Avropa üçün onun rəqibi kimi Osmanlı dövlətinin xristian əhalisi olan ermənilərin əhəmiyyəti artdı. Ermənilər də fürsətdən istifadə edərək Avropa dövlətlərindən Osmanlı və Səfəvi hakimiyyətinə qarşı mübarizədə vasitəyə çevrilməyə başladı. Erməni tarixşünaslığı bunu azadlıq hərəkatı kimi qələmə verməyə çalışır. Bu məsələ erməni tarix konsepsiyasının fundamentlərindən birinə çevrilmişdir. “Böyük Ermənistan” mifindən çox bəhs edildiyi halda bu məsələ diqqətdən kənarda qalmışdır.

Azadlıq hərəkatı prinsipcə əsarət altında olan xalqın müstəmləkəçilərə qarşı ümumxalq mübarizəsini, dövlət yaratması və ya bərpasını nəzərdə tutur. Ermənilər də bunu nəzərə alaraq belə bir mövzuya xüsusi önəm verməyə çalışırlar. Bu zaman da elmi baxımdan ciddi yanlışlığa yol verilir. Erməni tarix kitablarında XVI-XVIII əsrlər azadlıq hərəkatının mühüm dövrü kimi ayrılır. Cənubi Qafqazda Rusiya işğalından sonra azadlıq hərəkatı yalnız Osmanlı dövlətinə aid edilir.

Erməni tarixşünaslığının azadlıq hərəkatı barədə konsepsiyasının formalaşmasının gedişi də bu məsələyə aydınlıq gətirir. A.R.İoannisiyanın kitabında XVIII əsrin 80-ci illərində azadlıq hərəkatından bəhs olunur, P.T.Arutyunyanın kitabında isə bu hərəkatın xronologiyası XVIII əsrin birinci rübünə aparılır, daha sonra isə xronologiya daha da dərinləşdirilir və XVI-XVII əsrlərə aparılır.

Erməni azadlıq hərəkatı kimi təqdim edilən mövzunun məzmunu da bu məsələnin mahiyyətinə uyğun gəlmir. Belə ki, bu barədə müddəaların ümumiləşdirildiyi erməni xalqının tarixinə dair kitabların müvafiq hissəsini nəzərdən keçirdikdə, əslində, azadlıq hərəkatına aid bir elmi fakt da verilmir, yalnız bəzi gizli yığıncaqlardan bəhs olunur. Ən diqqətəlayiq məsələlərdən biri də odur ki, azadlıq hərəkatının ideologiyası kimi təqdim edilən heç bir fikir göstərilən coğrafiyada nə meydana gəlir, nə də dəstəklənir.

Erməni azadlıq hərəkatı kimi təqdim edilən məsələdə Azərbaycan torpaqlarına mühüm yer ayrılır. Bu məqsədlə əvvəllər olduğu kimi, Azərbaycan torpaqları və burada meydana gələn dövlət qurumları Ermənistan kimi qələmə verilir. 1555-ci il və onu təsdiq edən 1639-cu il müqaviləsi ilə Ermənistanın bölüşdürülməsi, onun qərb hissəsinin Osmanlı imperiyasına, şərq hissəsisinin, yəni Qərbi Azərbaycan torpaqlarının isə Səfəvilərə çatması iddia olunur. Bununla da 387-ci il Roma-Sasani müqaviləsi ənənəsi davam etdirilir, bu hadisələr arasında varislik yaradılmasına cəhd olunur. Tarixi faktlar 387-ci il müqaviləsi kimi, 1639-cu il müqaviləsi barədə erməni müddəasını təsdiq etmir. Türkiyə-İran (əslində, Səfəvi) sərhədi üzrə komissiyanın komissar-vasitəçisi Y.İ.Çirikov bu barədə yazırdı ki, bu traktatın tam doğru mətni məlum olduğuna görə, saxlanmamışdır. Onun kitabına müqavilənin tərcümə edərək əlavə etdiyi mətnində isə erməni ilə bağlı heç bir ifadə yoxdur.

“Şərqi Ermənistan”da, yəni Azərbaycan torpaqlarında hələ XV əsrdən mövcud olduğu bildirilən yarı muxtar erməni dövlət qurumlarına Xəmsə məliklikləri (1603-XVIII əsr) də əlavə edilir. Xəmsə məlikliklərinin erməni dövlətçiliyinə aid edilməsi kimi, “yarı muxtar erməni dövlət qurumu” haqqında anlayışın özü də tamamilə səhv olub, dövrün heç bir hüquqi-siyasi sənədi ilə təsdiq olunmur və s.

Beləliklə, erməni azadlıq hərəkatı kimi təqdim edilən fəaliyyət mahiyyətcə xarici dəstək vasitəsilə işğal cəhdindən ibarət idi.

(ardı var)

Kərim ŞÜKÜROV,

tarix üzrə elmlər doktoru,

professor,

Dövlət mükafatı laureatı

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın