Cümə axşamı , Aprel 25 2024
azfa

Azərbaycan türkləri haqqında məlumatlar Yəmən hökmdarlarına həsr olunmuş yazılı mənbələrdə

GADTB: Erkən orta əsrlər dövründə Azərbaycan əhalisinin etnik tərkibinin öyrənilməsi tarix elmi qarşısında duran ən mühüm problemlərdən biridir. Azərbaycan ərazisində əhalinin türkləşməsi məsələsi ilə bağlı qarşıya çıxan bir sıra suallara indiyədək cavab verilməmişdir. Bu suallar ilk növbədə türklərin Azərbaycan ərazisində aborigen olub-olmaması ilə bağlıdır. Bu, çox mürəkkəb məsələdir və indiyədək həll edilməmişdir. Z.M.Bünyadovun qeyd etdiyi kimi, türkləşmənin XI-XII əsrlərdə baş verdiyini qəbul etmək səhv olardı. Türkləri Azərbaycan ərazisinə kənardan gəlmə bir ünsür hesab etmək də səhvdir. Çünki o zaman Azərbaycan ərazisindəki yerli böyük türk tayfa təşəkküllərinin varlığına göz yumulur [1, s.171].

Tarixi torpaqlarımızda baş vermiş etnik prosesləri ətraflı şəkildə öyrənmək üçün xalqımızın qədim və orta əsrlər tarixi qərəzsiz şəkildə, elmi faktlara əsaslanaraq araşdırılmalıdır. Bu zaman əvvəlcədən müəyyən edilmiş standartlardan imtina edilməlidir.

Məlumdur ki, hər hansı bir xalqın formalaşması əsrlər boyu bir yerdə yaşamış və ya bir-biri ilə sıx təmasda olmuş qəbilə və tayfaların qaynayıb-qarışması nəticəsində baş verən uzunmüddətli və mürəkkəb bir prosesdir. Bu proses nəticəsində formalaşmış xalqın son nəticədə necə adlanması həmin birləşmə prosesində iştirak edən etnoslardan hər hansı birinin üstünlük təşkil etməsi ilə bilavasitə bağlıdır. Bugünkü dilimizin Azərbaycan türk dili adlanması Azərbaycan ərazisində qədimdən “türk” adlanan etnosun yaşaması və sonralar buraya şimaldan və cənubdan daxil olan türkdilli tayfaların çoxalması ilə bağlıdır. Gəlmə türkdilli tayfalar onlardan əvvəl burada yaşayan, oturaq və yarımköçəri həyat tərzinə malik olan və “türk” adlanan xalq arasında qaynayıb-qarışaraq vahid Azərbaycan türk xalqı və dilinin yaranmasında yaxından iştirak etmişdir.

Təqdim olunan məqalədə əsas məqsəd Yəmən hökmdarlarına həsr olunmuş əsərlərdə rast gəlinən faktlara əsasən, Ərəb xilafətinin yaranmasından əvvəlki dövrlərdə Azərbaycan ərazisində yaşayan əhalinin etnik tərkibində türklərin tutduğu yeri müəyyənləşdirməkdir.

  1. Azərbaycan əhalisinin türkləşməsi məsələsinə ümumi baxış

Tarixi mənbələrin araşdırılması göstərir ki, Ərəb işğalları ərəfəsində və Ərəb xilafəti dövründə Azərbaycan ərazisində yaşayan əhali etnik baxımdan, əsasən, aşağıdakı üç qrupa bölünürdü: 1. Türk  mənşəli əhali; 2. İran mənşəli əhali; 3. Qafqaz mənşəli əhali.

Azərbaycan ərazisində yaşayan türklərin dili və onun mənşəyi haqqında üç əsas fikir mövcuddur: 1. Azərbaycanın qədim əhalisinin dili Hind-Avropa dilləri ailəsinin İran qrupuna aid olmuşdur; 2. Azərbaycan əhalisinin böyük əksəriyyətinin dili türk dilləri ailəsinə məxsus olmuşdur; 3. Azərbaycan əhalisinin dili Qafqaz dilləri ailəsinə daxil  olmuşdur. Lakin burada bir fakt inkaredilməzdir. Hal-hazırda Azərbaycan ərazisində yaşayan, Türk, İran və Qafqaz dillərində danışan xalqlar çox qədim dövrlərdən bir-biri ilə sıx təmasda olmuş və qaynayıb-qarışmışlar. Məhz elə buna görə də bir sıra hallarda onların oxşar və müştərək tarixləri vardır və onlar ortaq dəyərlərə malikdirlər.

Azərbaycan türkləri və onların dili ilə bağlı XX əsrdə formalaşmış əsas mövcud konsepsiya belədir ki, guya bu xalq XI-XII əsrlərdə digər xalqları əsaslı surətdə sıxışdıraraq aradan çıxarmış və onun dili hakim dilə çevrilmişdir. Başqa sözlə, bu proses səlcuqların XI əsrdə Azərbaycanda məskunlaşması ilə əlaqələndirilir. Bu zaman bir sıra suallar meydana çıxır: Nə üçün digər xalqlar və onların dilləri (talış, fars, ləzgi və s.) deyil, məhz say etibarilə üstünlük təşkil edən, bugünkü Azərbaycan ərazisində yaşayan əsas əhali kütləsinin dili aradan çıxdı, gəlmələrin dili ilə əvəz olundu və türk dilinə çevrildi? Bu qəbildən olan sualların hamısının yalnız bir cavabı vardır: XI-XII əsrlərdə əsaslı şəkildə hər hansı bir etnik-dil dəyişikliyi baş verməmişdir, heç bir yeni xalq və dil yaranmamışdır. Azərbaycan ərazisinə gələn səlcuqlar isə burada, az-çox fərqlə, onlar kimi danışan türkdilli xalqla qarşılaşmışdır. Səlcuqların gəlişi heç bir etnik və dil dəyişikliklərinə səbəb olmamışdır. Onların heç buna qüdrəti də çatmazdı. Çünki onların XI əsrin ortalarında yaratdığı dövlət Mərkəzi Asiyadan Aralıq dənizi sahillərinə, Dərbənd keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən böyük bir imperatorluq idi. Əgər hər səlcuq ailəsinə bir kənd bağışlansa belə, onlar bütün bu əraziləri tam şəkildə məskunlaşdıra və yerli əhalini etnik dəyişikliyə məruz qoya bilməzdilər. Onlar bu ərazilərdə yalnız hərbi-siyasi hakimiyyəti ələ almışdılar. Səlcuqlar kütləvi şəkildə Azərbaycanın cənub və şimal torpaqlarına gələnə qədər artıq Xarəzm və Xorasan ərazilərində, Nişapur, Həmədan, Rey, İsfahan kimi əlverişli mövqeyə malik olan bir sıra şəhərlərdə hakimiyyəti ələ keçirmişdilər. Onlar 1066-cı ildə Şirvanşahlar dövlətini asılı vəziyyətə salmazdan əvvəl, artıq Bağdad da daxil olmaqla, İraq torpaqlarını da ələ keçirmişdilər. Başqa sözlə, səlcuqların həmin ərazilərdə məskunlaşması prosesi və hakimiyyəti ələ keçirmələri Azərbaycandan daha tez başlamışdır. Səlcuqlar yerli əhalini kütləvi şəkildə köçürmürdülər, soyqırıma məruz qoymurdular, olsa-olsa tutduqları ərazinin hakimini dəyişirdilər, onlar əhalinin etnik mənsubiyyəti və dilini dəyişmirdilər. Əgər səlcuqların istilası etnik və dil dəyişikliyinə səbəb olsaydı, bu zaman yuxarıda adı çəkilən və Azərbaycandan əvvəl ələ keçirilən ərazilər daha üstün şəraitə malik olardı. Digər tərəfdən səlcuqların həmin ərazilərdə siyasi hakimiyyəti daha uzun sürdü. Bu dövlət XII əsrdə parçalanarkən dörd əsas hissəyə bölündü: Suriya, İraq, Konya, Kerman. Bu yeni sultanlıqların belə adlanması səlcuqların məhz həmin ərazilərdə daha üstün mövqeyə malik olması ilə bağlı idi. Təsadüfi deyil ki, Səlcuq dövlətinin paytaxtlarından (Nişapur, Rey, İsfahan) heç biri Azərbaycan şəhərləri sırasına daxil deyildir. Beləliklə, səlcuqların regionda ən az təsir dairəsinə malik olduğu ərazilərdən biri Azərbaycan torpaqları idi. Deməli, səlcuqların gəlişi ilə yalnız Azərbaycan əhalisinin etnik tərkibinin və onun dilinin dəyişməsi ideyası elmi baxımdan yanlışdır və qəbuledilməzdir. Azərbaycan əhalisinin XI-XIII əsrlərə qədər şimalda, guya Qafqaz dillərindən birində və cənubda isə iranmənşəli dildə danışması, səlcuqların gəlişi ilə yeni dilə – Azərbaycan türk dilinə keçməsi inandırıcı deyil.

Unutmaq olmaz ki, gəlmə tayfalar, bir qayda olaraq, yerli xalqa nisbətən azlıq təşkil etmişdir. Digər tərəfdən, başqa xalqın ərazisini işğal edənlər, adətən, mədəni baxımdan yerlilərdən aşağı səviyyədə idilər və  iqtisadi cəhətdən onlardan asılı olurdular. Nəticə etibarilə gəlmələr, əsasən, yerli əhali ilə qaynayıb-qarışaraq onun dilini qəbul edirdilər.

  1. Yəmən hökmdarlarına həsr olunmuş əsərlər haqqında

ümumi məlumat

Ərəbdilli mənbələrdə Ərəb xilafətinin yaranmasından daha əvvəlki dövrlərdə   Azərbaycan ərazisində türklərin yaşaması haqqında məlumatlara rast gəlinir. Belə mənbələr sırasında Yəmən hökmdarlarına həsr olunmuş əsərlər xüsusi yer tutur. Bu əsərlərdə əsas diqqət Yəməndə uzun müddət mövcud olmuş Himyər padşahlığına (e. ə. 115 – b.e. 587) yönəldilmişdir.

Zənnimizcə, Yəmən hökmdarlarına həsr olunmuş əsərlərdə Azərbaycan haqqında bəhs edilməsi və əhalisinin “türk” adlandırılması təsadüfi xarakter daşımır. Bu, qədim və erkən orta əsrlər dövründə yaşamış ərəbdilli müəlliflərin Azərbaycan haqqında müəyyən təsəvvürlərə malik olduğunu gəstərir.

Ərəb tarixi ədəbiyyatı islamın ilk dövrlərində “ilmu-l-əxbar” (“xəbərlər elmi”) şəklində təzahür edirdi və bu zamanbir sıra hallarda hadisələrin xronoloji ardıcıllığı gözlənilmirdi. Yəmən hökmdarlarına (onlar “tübbə” və “əqyal” titulları daşıyırdılar) həsr olumuş əsərlərdə də belə hallara rast gəlinir. Həmin əsərlərdə dini rəvayətlərə və xalq əfsanələrinə geniş yer verilmişdir. Bununla belə, bu əsərlərin tarixi baxımdan dəyərli olması inkaredilməzdir. Birincisi, həmin əsərlərdə haqqında bəhs edilən Yəmən dövlətləri (Məan, Səba və Himyər padşahlıqları), həqiqətən, Ərəbistan yarımadasında mövcud olmuş dövlətlərdir və onların hökmdarları real tarixi şəxsiyyətlərdir [2, s.18-23]. İkincisi, burada haqqında bəhs olunan tarixi hadisələrə bu və ya digər şəkildə digər ərəbdilli mənbələrdə də rast gəlinir. Üçüncüsü, burada haqqında bəhs edilən coğrafi yer adları (ölkə, şəhər, dəniz, çay) onların hal-hazırda da yerləşdiyi coğrafi mövqelərlə uyğunluq təşkil edir.

Bizə məlum olan və Azərbaycan haqqında məlumat verən yəmənli müəlliflərdən birincisi VII əsrdə yaşamış Ubeyd bin Şəriyə əl-Curhumidir. “Kitab ət-Tican” əsərinə Übeyd bin Şəriyəyə aid edilən xəbərlər (“Əxbar Ubeyd bin Şəriyə əl-Curhumi”) də əlavə edilmişdir [3, s.323-499]. Mənbələrin verdiyi məlumatlara görə, xəlifə I Müaviyə keçmiş tarixlə, xüsusilə islamdan əvvəlki cahiliyyə dövrü ilə yaxından maraqlanırdı. O, Ömər bin əl-As adlı şəxsin məsləhəti ilə Raqqada yaşayan və tarix haqqında ətraflı biliyə malik olan Übeyd bin Şəriyə əl-Curhumini öz yanına çağırdı. Übeyd bin Şəriyə əl-Curhumi xəlifə Ömərin dövründə də elm sahibi kimi böyük şöhrət qazanmışdı. Übeyd bin Şəriyə haqqında bir sıra ərəbdilli müəlliflər, o cümlədən İbn Quteybə [4, s.534], əl-Həmədani [5, s.161], Yaqut əl-Həməvi [6, s.1581] və başqaları öz əsərlərində məlumat vermişdir. Qeyd etmək lazımdır ki, bir sıra orta əsr müəllifləri onun verdiyi məlumatlardan bəhrələnmişdir.

Elm aləminə məlum olan və tarixi üslubda əsər yazmış yəmənli müəlliflərdən ikincisi VII əsrin II yarısı-VIII əsrin birinci yarısında yaşamış Vahab bin Münəbbih əl-Yəmənidir. Onun dəqiq doğum tarixi məlum deyil. Bəzi ehtimallara görə, o, h. 34-cü ildə (654) doğulmuşdur [7, s.23]. İbn Xallikan onun h. 114-cü ildə (732) vəfat etdiyini bildirir [8, s.35-36]. Onun ən məşhur əsəri “Kitab ət-Tican fi muluki Himyər” (“Himyər hökmdarları haqqında taclar kitabı”) adlanır. Bu kitabdan bir sıra orta əsr tarixçiləri və coğrafiyaçıları faydalanmışdır. İbn Xallikan yazır ki, İbn Quteybə bu kitabı “faydalı kitab” adlandırmışdır.

“Kitab ət-Tican fi muluki Himyər” əsərinin müəllifliyi məsələsində anlaşılmazlıq vardır. Bəzi mənbələrdə və tarixi ədəbiyyatda bu əsərin İbn Hişama aid olduğu göstərilmişdir. Əslində isə kitabın müəllifi Vahab bin Münəbbihdir. Başqa sözlə, kitabda hadisələr İbn Hişamın dilindən Vahab bin Münəbbihə istinad edilərək verilmişdir. Yəni bu əsər İbn Hişamın sayəsində dövrümüzə qədər gəlib çatmışdır.

“Kitab ət-Tican” əsərinin dövrümüzə qədər gəlib çatmasında böyük rol oynamış Əbu Məhəmməd Cəmaləddin Əbdülmalik bin Hişam bin Əyyub əl-Himyəri hicri III əsrdə (IX əsr) məşhur tarixçi, dilçi və din alimi kimi şöhrət qazanmışdır. Onun ən məşhur əsəri “Əs-surətu-l-nəbəviyyə” adlanır. Bu əsər islam peyğəmbərinin həyatına dair ən mükəmməl əsərlərdən sayılır. İbn Hişam hicri 218-ci ildə (833) vəfat etmişdir.

“Kitab ət-Tican” əsərinin birinci nəşri h.1347-ci ildə Heydərabadda [9], ikinci nəşri isə 1979-cu ildə Səna şəhərində həyata keçirilmişdir [3].

Bizim müraciət etdiyimiz Yəmən mənşəli müəlliflərdən üçüncüsü İbn əl-Haik əl-Həmədani adı ilə məşhur olan Əbu Məhəmməd  əl-Həsən əl-Həmədanidir. Onun əsəri “əl-İklil” adlanır. O, Səna şəhərində anadan olmuşdur. Onun dəqiq doğum tarixi məlum deyil. Hicri 334-cü ildə (945) vəfat etmişdir [6, s.810]. Bəzi tarixi əsərlərdə onun h.345-ci ildə (956) vəfat etdiyi bildirilir [7, s.77]. Əl-Həmədaninin on cildlik əsəri dövrümüzə qədər tam şəkildə gəlib çatmamışdır. Bu əsərdə Azərbaycanla bağlı məlumatlara onun səkkizinci cildində rast gəlinir [5]. Həmin cild bir neçə dəfə nəşr olunmuşdur.

Öz əsərində Azərbaycan  və onun əhalisi haqqında məlumat verən yəmənli müəlliflərdən dördüncüsü Nəşvan bin Səid əl-Himyəridir. Onun dövrümüzə qədər gəlib çatan əsəri “Muluk Himyər və əqyalu-l-Yəmən” (“Himyər hökmdarları və Yəmən padşahları”) adlanır [10]. Nəşvan bin Səid əl-Himyəri hicri VI əsrdə (XII əsr) yaşamışdır. Onun h.573-cü ildə (1177) vəfat etməsi haqqında məlumat vardır. Yaqut əl-Həməvi, əs-Syuti, İbn Xallikan və başqaları bu müəllif haqqında məlumat vermişdir. Nəşvan bin Səid əl-Himyərinin haqqında bəhs olunan əsəri rəsmi əsərlər sırasına aid edilir. Yaqut əl-Həməvi onu “əmiru-l-əllamət” adlandırır və göstərir ki, o, bir sıra fənlərə, o cümlədən tarix elminə yaxşı bələd idi [6, s.2745].

Yuxarıda adı çəkilən əsərlərdə Azərbaycanın hüdudları, şəhərləri və əhalisi haqqında maraqlı məlumatlara rast gəlinir. Həmin əsərlərdə rast gəlinən Yəmən hökmdarlarının adlarına digər ərəbdilli müəlliflərin əsərlərində, o cümlədən əl-Yəqubinin “Tarix” əsrində də rast gəlirik [11, s.195-205].

Yəmən hökmdarlarına həsr olunmuş əsərlər Vətən tarixşünaslığında zəif öyrənilmişdir. Azərbaycan tarixşünaslığında ilk dəfə bu əsərlər Z.M.Bünyadov tərəfindən elmi tədqiqata cəlb olunmuşdur. Belə ki, o, ilk dəfə olaraq öz kitabında “Kitab ət-Tican” əsərinə istinad edərək Əməvilər sülaləsindən olan ərəb xəlifəsi I Müaviyənin qədim tarixə bələd olan yəmənli Abid (Übeyd) bin Şəriyə adlı şəxslə olan dialoqunu vermişdir. Burada I Müaviyyə soruşur: “Türklər və Azərbaycan nə deməkdir?” Abid cavab verir: “Azərbaycan qədimdən türklərin yaşadığı ölkədir” [1, s.174]. Z.M.Bünyadov elə oradaca qeyd edir ki, bu məlumatı şübhə altına almaq olardı, lakin 1126-cı ildə tərtib olunmuş, fars dilində naməlum müəllif tərəfindən yazılmış “Mucməl ət-təvarix va-l-qasas” adlı əsərdə də həmin oxşar məlumata rast gəlirik. Həmin əsərdə deyilir: “Azərbaycan qədimdən türklərin əlində olan bir ölkədir” [1, s.174]. Z.M.Bünyadovdan sonra həmin fakt bir sıra Azərbaycan tədqiqatçılarının əsərlərində də öz əksini tapmışdır [12, s.47-48; 13, s.65; 14, s.477]. Lakin bu gün müxtəlif elmi nəşrlərdə və elmi diskussiyalarda bu faktı şübhə altına almaq cəhdləri vardır. Ona görə də Yəmən (Himyər) hökmdarları ilə bağlı əsərlərdə Azərbaycan və Azərbaycan türkləri haqqında verilən məlumatlar üzərində daha ətraflı dayanmağa ehtiyac vardır.

  1. Yəmən hökmdarlarına həsr olunmuş əsərlər

Azərbaycan və türklər haqqında

Yuxarıda adı çəkilən və Yəmən tarixi haqqında yazmış müəlliflərin hamısının əsərlərində Azərbaycan və  onun “türklər ölkəsi” adlanması haqqında bir sıra maraqlı faktlara rast gəlinir. Həmin əsərlərdə həm bir-birinə oxşar,  həm də bir-birindən fərqli məlumatlara təsadüf olunur.

Məqalədə əsas məqsəd məhz Azərbaycan türkləri haqqında məlumatları müəyyənləşdirmək olduğuna görə biz burada həmin əsərlərdə, ümumiyyətlə, türklər haqqında verilən məlumatlar üzərində dayanmayacağıq. Yalnız onu qeyd edə bilərik ki, təkcə Yəmən hökmdarlarına həsr olunmuş əsərlərdə deyil, bir sıra digər ərəbdilli mənbələrdə də hələ Ərəb xilafətinin yaranmasından əvvəlki dövrlərdə ərəblərin türklərlə təmasları haqqında məlumatlara rast gəlinir. Bu faktlar tarixi ədəbiyyatda da öz əksini tapmışdır [15, s.21-23; 16, s.39-45].

“Kitab ət-Tican” əsərinin müəllifi digər ərəb mənbələrində olduğu kimi, dünyanın yaranışından, Yafət övladlarından bəhs edərkən Yəcuc-Məcuc, xəzərlər və türklərin eyni nəsldən törəndiyini göstərir [3, s.33]. Nəşvan əl-Himyərinin əsərində və Şəriyə əl-Curhuminin “Əxbar”ında  da oxşar məlumata rast gəlirik.

“Kitab ət-Tican”a əlavə edilmiş Şəriyə əl-Curhuminin “Əxbar”ında oxşar məlumatdan sonra türklərin “Cərbi” iqlimində yaşadığı deyilir [3, s.334]. “Cərbi” iqlimi dedikdə ərəbdilli müəlliflər Azərbaycanın da daxil olduğu şimal nahiyələrini başa düşürdülər. “Cərbi” iqlimi ifadəsinə biz bir sıra ərəbdilli müəlliflərin əsərlərində də rast gəlirik. Məsələn, əl-Yəqubinin əsərində bu iqlim haqqında xüsusi paraqraf vardır [11, s.178; 17, s.204-205].

Biz Nəşvan əl-Himyərinin əsərində türklərin adına daha çox Yəmən hökmdarı Haris ər-Rəişin hakimiyyəti dövrü ilə bağlı hadisələrdən bəhs olunarkən rast gəlirik [10, s.61]. Əsərdə türklərin farslar üzərində zülmündən və Babil hökmdarının elçisinin Haris ər-Rəişin sarayına gəlməsindən ətraflı şəkildə bəhs olunur. Həmin epizodda Babil hökmdarının Yəmən hökmdarına göndərdiyi qiymətli hədiyyələr haqqında məlumat verilir [10, s.65-66]. Yəmən hökmdarının “Bu hədiyyələrin hamısı sizin ölkənizdəndirmi?” sualına elçi tərəfindən “Bəziləri bizim, bəziləri türk ölkəsindəndir” şəklində cavab verilir. Elçi onların farslardan arxa tərəfdə yaşadığını və heç kimə tabe olmadıqlarını bildirir. Burada verilən məlumatlardan belə nəticəyə gəlmək olar ki, bu hədiyyələr həm farsların, həm də Babil əhalisinin sıx təmasda olduğu bir türk ölkəsindəndir. O, həmin türk ölkəsinin məhz Azərbaycan olduğuna işarə edir. Belə ki, elçi Haris ər-Rəişin suallarına cavab verərkən deyir ki, onlar əsasən “Azərbaycanda yerləşirlər, Babil də onlardan asılıdır və Şam əhalisi də onlardan qorxu içərisində yaşayırlar” [10, s.65]. Oxşar epizoda bir qədər fərqli şəkildə, “Kitab ət-Tican” əsərində də rast gəlirik [3, s.416]. Hər iki əsərdə fars hökmdarının Haris ər-Rəişə məktubundan bəhs olunur. Həmin məktubda fars hökmdarının Azərbaycandakı türklərə qarşı Yəmən hökmdarından yardım istədiyi bildirilir [10, s.65].

Nəşvan əl-Himyərinin əsərində daha sonra Haris ər-Rəişin türklərə qarşı farslara yardımından bəhs edilir və bu zaman “türklər ölkəsi” dedikdə məhz Azərbaycan başa düşülür. Burada Yəmən ordusunun “Türk Azərbaycana daxil olduğu” göstərilir [10, s.65]. Sözlərinə davam edən müəllif deyir ki, Himyər ordusu orada türklərlə vuruşaraq, onların qalalarını fəth etdi, çoxlu əsir alaraq “türk ölkəsinin içərilərinə doğru irəlilədi” اوغل في بلد ألترك) və Yəmən ordusunun sərkərdəsi bu qələbə haqqında Yəmən hökmdarına xəbər verdi  [10, s.65]. Haris ər-Rəiş ona “Türk şəhəri Bab”da (باب مدينة الترك) qarşı-qarşıya olan əzəmətli qaya üzərində bu yürüş haqqında kitabə yazdırmağı əmr etdi [10, s.66]. Zənnimizcə, burada Dərbəndin iki dağ arasında yerləşdiyinə, Dərbənd keçidinə işarə edilir.

Digər bir Yəmən hökmdarı Tübbə bin Tübbə əl-Əqrənin fəaliyyətindən bəhs edən Nəşvan əl-Himyəri onun Azərbaycan sərhədlərində türklərlə qarşılaşdığını yazır [10, s.114]. O qeyd edir ki, Müaviyə Übeyd bin Şəriyədən Tübbənin Azərbaycanda türklərlə qarşılaşmasının doğru olub-olmadığını soruşduqda o, bu faktı təsdiq etmişdir (10, s.115). Biz bu mənbədə Azərbaycanla bağlı “türk ölkəsi” ifadələri ilə yanaşı, farslarla bağlı “fars ölkəsi”, xəzərlərlə bağlı “Xəzər ölkəsi” ifadələrinə də rast gəlirik [10, s.117].

Qeyd etmək lazımdır ki, digər ərəbdilli mənbələrdə olduğu kimi, Yəmən hökmdarlarına həsr olunmuş əsərlərdə də “türklər” və “xəzərlər” şəklində təqdim olunan xalqlar arasında fərq qoyulur. Belə ki, onlar eyni kökdən törənmiş müxtəlif xalqlar şəklində təqdim olunur.

Yəmən hökmdarlarına həsr olunmuş əsərlərdə rast gəlinən “türklər” və “Azərbaycan türkləri” məsələsini araşdırmazdan əvvəl etnogenezlə bağlı bəzi məsələlərə aydınlıq gətirmək lazımdır. Bu zaman ilk növbədə ilkin mənbələrdə rast gəlinən “türklər”, “türk mənşəli xalqlar” və “türkdilli xalqlar” kimi anlayışları dəqiqləşdirməyə ehtiyac duyulur. Məsələ burasındadır ki, bu anlayışlar bir-birinə çox yaxın olsa da, bir-birini tam şəkildə əvəz etmir. Digər tərəfdən mənbələrdə tez-tez qarşılaşdığımız “türklər” etnoniminin özündə müəyyən çalarları fərqləndirmək lazımdır. Belə ki, bu anlayış ilkin yazılı qaynaqlarda iki şəkildə təqdim olunur:

  1. Əvvəlcədən “türklər” adı altında təqdim edilən toplumlara münasibətdə işlədilir.
  2. İlk dövrlərdə “türk” adlanmayan və özünün xüsusi adı olan, lakin türk xalqları sırasına aid edilən toplumlara münasibətdə ümumi şəkldə işlədilir.

Bu iki anlamın qarışdırılması Azərbaycan türklərinin etnogenezi məsələsində dolaşıqlığa rəvac verən əsas səbəblərdən biridir. Aydın məsələdir ki, Azərbaycan türklərinin etnogenezi ilə bağlı dolaşıqlığın digər səbəbi sırf subyektiv xarakter daşıyır, tarixi faktların təhrif olunmasına və türklərin Azərbaycanda məskunlaşması tarixini saxtalaşdırmağa, necə deyərlər, “cavanlaşdırmağa” xidmət edir.

Ərəbdilli mənbələrin, o cümlədən Yəmən hökmdarlarına həsr olunmuş əsərlərin araşdırılması göstərir ki, xəzərlər “türklər” adı altında deyil, “türkdilli” və “türk xalqları” adı altında təqdim edilən türk toplumları sırasına aiddir. Elə buradaca onu da qeyd etmək lazımdır ki, ərəbdilli mənbələrdə Azərbaycan ərazisində gedən döyüşlər zamanı dəfələrlə ərəblərlə qaşılaşdığı göstərilən “türklər” elmi ədəbiyyatda məhz bu ad altında təqdim edilmək yerinə, əksər hallarda onlar “xəzərlər” şəklində təqdim edilmişdir.

Azərbaycan ərəblər tərəfindən ələ keçirildikdən sonra buradakı türklərin böyük bir qismi Azərbaycanda qalıb ərəblərin hakimiyyətini və islam dinini qəbul etdilər. Ərəblərlə döyüşü davam etdirənlər isə əsasən dörd istiqamətdə geri çəkilməklə müqavimət göstərdilər. Onların geri çəkildiyi həmin dörd istiqamət aşağıdakı kimi idi: 1. Dərbənd istiqamətindən Şimali Qafqaza çəkilib xəzərlərə qoşulanlar. 2. İndiki Gürcüstan istiqamətində geri çəkilib orada toplanan, bəzən də Dəryal keçidindən geri çəkilənlər. 3. Xorasan istiqamətində geri çəkilərək Mərkəzi Asiya türklərinə qoşulanlar. 4. Van gölü istiqamətində, Bizans sərhədlərinə doğru geri çəkilənlər

Tarixi mənbələrdəki faktların araşdırılması göstərir ki, Sasanilər dövləti ərəblər tərəfindən darmadağın edildikdən sonra öz müstəqil dövlətləri olmayan, lakin tayfa konfederasiyaları halında yaşayan və müəyyən dərəcədə Sasani tabeçiliyində olan Azərbaycan türklərinin bir hissəsinin öz dövlətləri və hökmdarları olan xəzərlərə qoşulmaqdan başqa çarələri qalmadı. Xüsusi olaraq qeyd etmək lazımdır ki, ərəblərin təzyiqi ilə geri çəkilən Azərbaycan türkləri xəzərlərə qoşulduqdan sonra Xəzər xaqanlığı tərkibində türklərin sayı daha da çoxaldı. Məhz bundan sonra ərəblər bir sıra hallarda “xəzərlər” əvəzinə “türklər” ifadəsinə üstünlük verməyə başladılar.

Beləliklə, Azərbaycan ərazisinə münasibətdə adı çəkilən türkmənşəli və türkdilli xəzərlərlə mənbələrdə sırf şəkildə “türklər” kimi təqdim edilən xalqlar heç də eyni deyildir və bir-biri ilə qarışdırılmamalıdır. Bir qədər də irəli gedərək onu da qeyd edək ki, xəzərlərin də aqibəti əvvəllər Azərbaycan ərazisinə gələn və bir hissəsi burada məskən salaraq yerli “türk” adlanan xalq arasında öz məxsusi adını itirən və onlar kimi “türklər” adlanan və öz keçmişlərini yalnız coğrafi adlarda saxlayan xalqlar kimi oldu. Onlar tədricən özlərinin “xəzər” adını unutdular və Azərbaycan türklərinin bir parçasına çevrildilər.

“Kitab ət-Tican”da Yəmən ordusunun İraq ərazisindən hərəkət edərək Azərbaycan torpaqlarına yürüşü təsvir edilmişdir. Burada deyilir ki, ərəb sərkərdəsi Şəmr bin əl-Qəttaf bin əl-Müntəb bin Ömər bin Zeyd Azərbaycanda türklər üzərində qələbə qazandı və bu qələbə münasibətilə orada iki daş (qaya) üzərində kitabə yazdırdı. O, sözlərinə davam edərək yazır ki, “bu iki kitabə bu gün də Azərbaycan divarları üzərində” qalmaqdadır (فهما اليم على جدار آذربيجان). Burada həmin kitabə üzərində yazıldığı ehtimal olunan beyt də verilmişdir [3, s.416-417]. Qeyd etmək lazımdır ki, Yəmən sərkərdəsi tərəfindən Azərbaycanda iki daş üzərində kitabə həkk etdirilməsi haqqında məlumata digər ərəb mənbələrində də rast gəlinir.

Bizim istifadə etdiyimiz “Kitab ət-tican” əsərinin nəşrlərində I Müaviyənin Übeyd bin Şəriyə ilə dialoqlarından biri aşağıdakı kimidir:

.قال معاوية: و ما بال آذربيجان لله أنت؟. قال: له انها كانت من أرض الترك و اجتمعوا له

Tərcüməsi: Müaviyə dedi: “Sən Allah, Azərbaycan nə deməkdir”. (Übeyd) dedi: “O türk torpaqlarındandır. Onlar orada məskunlaşmışlar” [3, s.416].

“Kitab ət-Tican”da deyilir ki, “Böyük Tübbə” adlandırılan Tübbə əl-Raid bin Tübbə əl-Ərqənin hakimiyyətinin iyirminci ilində türklər xərac verməkdən imtina etdilər və Yəmən hökmdarının elçisini öldürdülər. Bu hadisədən qəzəblənən Tübbə Haris ər-Rəişin sərkərdəsinin getdiyi yolla hərəkət edərək onların üzərinə hücuma keçdi [3, s.449]. Burada deyilir ki, Tübbə onlarla Azərbaycan və Mosul sərhədində qarşılaşdı. Tübbə onlar üzərində qələbə qazandı [3, s.449]. Bu zaman I Müaviyyənin Übeyd bin Şəriyə ilə başqa bir dialoquna rast gəlirik:

. قال معاوية: وما الترك و آذربيجان؟ قال عبيد: هما بلادهم يا أميرالمؤمنين

Tərcüməsi: Müaviyə dedi: “Azərbaycan və türk nə deməkdir?”. Übeyd dedi: “Ya əmirəlmöminin, hər ikisi onların ölkəsidir” [3, s.449].

Müəllif daha sonra türklərin müharibə aparmaq qaydalarından bəhs edir. O, türklərin öz düşmənləri üzərinə Azərbaycan ərazisindən hücuma keçdiklərini yazır.

“Kitab ət-Tican” əsərində Azərbaycan ölkəsinin şimal hüdudlarına diqqət yönəldilir. Belə ki, əsərdə Azərbaycan ərazisindəki iki yüksək dağ arsındakı keçiddən bəhs edilir və göstərilir ki, Azərbaycana şimal tərəfdən yalnız bu keçid vasitəsilə daxil olmaq mümkündür [3, s.90]. Şübhəsiz, burada Dərbənd keçidi nəzərdə tutulur. Haqqında bəhs olunan müəlliflərin hamısı öz əsərlərində Dərbəndi “Bab” (“Qapı”) adlandırır və onu Azərbaycan şəhərləri sırasına aid edirlər.  “Kitab ət-Tican” əsərinin müəllifi Şəmr Yərəiş adlı Himyər hökmdarının Ərminiyyəyə gəlib çıxdığını və bu zaman Fars hökmdarı I Qubadın Azərbaycanda olan türklərə Ərminiyyəyə yürüş etmək əmri verdiyini yazır [3, s.235].

Əl-Həmədaninin “əl-İklil” əsərində də Azərbaycan türkləri ilə bağlı faktlara rast gəlmək mümkündür. Məsələn, müəllif yazır ki, Yəmən hökmdarı Azərbaycanda türklərlə müharibədən qayıtdı. Bu zaman türklərə qarşı Fars hökmdarı da ona kömək etmişdir [5, s.219].

İbn Quteybə də Haris ər-Rəişin Azərbaycanda türklərlə vuruşduğunu yazır [4,  s.627]. O, başqa bir epizodda digər Himyər hökmdarı Tübbə bin əl-Əqrənin Azərbaycan hüdudlarında türklərlə qarşılaşdığını təsdiq edir [4, s.630].

Nəticə

Beləliklə, Yəmən (Himyər) hökmdarlarına həsr olunmuş bir sıra əsərlərdə Azərbaycan ölkəsi və onun yerli sakinləri olan türklər haqqında bir sıra maraqlı faktlara rast gəlinir.

Yəmən hökmdarlarına həsr olunmuş əsərlərdən və digər yazılı mənbələrdən əldə olunan məlumatlara əsasən, Azərbaycan türklərinin köklərini Azərbaycanın özündə axtarmaq lazımdır. Azərbaycan türklərinin əcdadları bu bölgənin qədim sakinləri olmuş və digər türkdilli tayfaların gəlişi ilə tarix boyu onların dil və mədəniyyəti bir-birinə qarışmış, inkişaf etmiş və nəhayət, bugünkü formaya gəlib çıxmışdır. Azərbaycan türk dilinin formalaşması və qələbəsi ölkə əhalisinin böyük əksəriyyətinin əsrlər boyu türk dilində danışması və türk dillərində danışan ətraf aləmlə sıx əlaqələri ilə izah edilməlidir. Başqa sözlə, Azərbaycan-türk dili birdən-birə yaranmamış və böyük bir regionda hakim dilə çevrilməmişdir. Bu, tarixi proseslərin qanunauyğun nəticəsi idi və yalnız Azərbaycan torpaqlarının qədim dövrlərdən türklər və türkmənşəli xalqlar tərəfindən məskunlaşması ilə izah edilməlidir.

Şübhəsiz, Yəmən hökmdarlarına həsr olunmuş əsərlər üzərində aparılan bu tədqiqatın nəticələri tamamilə bitkin və mübahisəsiz hesab edilə bilməz. Bu əsərlər üzərində gələcəkdə aparılacaq daha ətraflı araşdırmalar Azərbaycan və burada yaşayan türklər haqqında yeni-yeni faktların ortaya çıxarılmasına imkan verə bilər.

İstifadə edilmiş ədəbiyyat:

  1. Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə. Bakı: “Elm”, 1989, -334 s.
  2. Masse A. İslam. Bakı: Azərnəşr, 1964, -256 s.
  3. .وهب بن منبه. كتاب التيجان في ملوك حمير. الطبعة الثاني. صنعا 1979. 506 ص
  4. .ابن قتيبة. المعارف. التطعة الرابعة. القاهرة 1981. 973 ص
  5. .ابو محمد الحسن الهمداني. الاكليل. الجزء الثامن. بيروت- صنعا. 268 ص
  6. ياقوت الحموي الرومي. معجم الادباء. الجزء السادس. الطبعة الاول. بيروت 1993. 3541 ص.
  7. Şeşen R. Müslümanlarda tarih-coğrafiya yazıçılığı. İstanbul, 1998, -451 s.
  8. ابو العباس شمس الدين احمد بن محمد بن ابي بكر بن خليكان. وفيات الاعيان و انباء الزمان. المجلد السادس. بيروت 1397. 439 ص.
  9. .وهب بن منبه. كتاب التيجان في ملوك حمير. الطبعة الاول. حيدراباد 1347. 506 ص
  10. .نشوان بن سعيد الحميري. ملوك حمير و اقيال اليمن بيروت 1978. 238 ص
  11. أحمد بن أبو يعقوب بن جعفر بن وهب ابن واضح الكاتب العباسي المعروف باليعقوبي. تاريخ.المجلد الاول، بيروت 1379. 365 ص.
  12. Əliyarlı S.S. Tariximiz açıqlanmamış mövzuları ilə. Bakı: “Mütərcim”, 2012, -560 s.
  13. Vəlixanlı N.M. Ərəb xilafəti və Azərbaycan. Bakı: Azərnəşr, 1993, -157 s.
  14. Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III-XIII əsrin birinci rübü). Bakı: “Elm”, 2007, -608 s+ 24 səh. illüstrasiya.
  15. Асадов Ф.М. Арабские источники о тюрках в раннее средневековье. Баку: “Элм”, 1993, -202 с.
  16. Aхундова Н.Ч. Тюрки в системе государственного управления арабского халифата (VIII-сер. X вв.). Баку: “Элм”, 2004, -374 с.
  17. Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə dair materiallar. Bakı: “Nurlan”, 2005, -336s.

 

Ramil  AĞAYEV

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun

böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın