Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Azərbaycan Xalq Cümhuriyyətinin sosial siyasətində işçi məsələsi

GADTB: Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində sosial məsələlər xüsusilə diqqət mərkəzində idi. Bu qəbul olunmuş qanunlarda, həyata keçirilən konkret tədbirlərdə özünü göstərirdi. Parlamentin 3 iyul, 21 sentyabr, 13 oktyabr 1918-ci il, 10 fevral, 21 aprel 1919-cu il və il 5 yanvar 1920-ci tarixli qərarları ilə hökumət qulluqçularının (hərbi və mülki idarələrin işçiləri), 16-17 mart 1919-cu il tarixli qərarları ilə 1919-cu ilin yanvarından bahalıqla əlaqədar olaraq fəhlələrin, 12 may 1919-cu il tarixli qərarı ilə ibtidai məktəb müəllimlərinin maaşları artırılmış, 23 iyun 1919-cu il tarixli qanun ilə isə aşağı yaşayış minimumu qaldırılmışdı. Bundan başqa, 10 yanvar 1919-cu il tarixli “Qulluqçulara müavinət verilməsi haqqında”, 4 fevral 1919-cu il tarixli “Dəmir yolu qulluqçularının vəziyyətini yaxşılaşdırmaq haqqında”, 7 aprel 1919-cu il tarixli “Daxili İşlər Nazirliyi işçilərinin əmək haqqının müvəqqəti artırılması haqqında”, 12 may 1919-cu il tarixli “Hökumət qulluqçularının maaşlarına müvəqqəti əlavələr haqqında”, 15 mart 1920-ci il tarixli “‘Bahalıqla əlaqədar mülki və hərbi təyinatlı hökumət idarələrində qulluqçuların maaşlarına əlavələr haqqında” və sair qanunlar qəbul edilmiş, fəhlələrin maaşlarını ödəmək üçün neft sənayeçilərinə maliyyə yardımı verilməsi və onun qaydaları təsdiq edilmişdi.

Qaçqınların maddi ehtiyaclarının ödənilməsi və yerləşdirilməsi, onlara tibbi xidmət göstərilməsinin təşkili və bununla bağlı başqa məsələlərə xüsusi diqqət göstərilirdi. Hökumətin 1918-ci il 13 iyul tarixli “Qaçqınlara yardımın təşkil edilməsi haqqında”, 1919-cu il 17 fevral tarixli “Qaçqınların yerləşdirilməsi məsələsini nizama salmaq üçün Şamaxı qəzasına komissiya göndərilməsi haqqında”, 1919-cu il 23 iyun tarixli “Qaçqın və köçkünlərin vəziyyətinin, onların daimi yaşayış yerlərinə qayıtması məsələsinin aydınlaşdırılması üçün mərkəzi komissiyanın yaradılması haqqında”, 1919-cu il 8 noyabr tarixli “Qaçqınların yerləşdirilməsi üçün təcili tədbirlərin görülməsi haqqında” qərarları bu istiqamətdə atılan mühüm addımlardan idi.

Ölkədəki ağır vəziyyətə baxmayaraq, Azərbaycan hökuməti Gürcüstan və Ermənistan ərazilərində yaşayan azərbaycanlı əhaliyə də müntəzəm yardım edirdi. 1919-cu ilin əvvəllərindən 1920-ci ilin əvvəllərinə qədər təkcə Ermənistanın azərbaycanlı əhalisinə yardım göstərilməsinə aid 6 qərar qəbul edilmişdi.

Azərbaycan hökuməti, milliyyətindən asılı olmayaraq, sosial vəziyyəti ağır olan bütün insanlara yardım göstərirdi. Hökumət 1919-cu ildə Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti ilə yanaşı, Rus Xeyriyyə Cəmiyyətinə, Yəhudi Xeyriyyə Cəmiyyətinə, Erməni və Yəhudi Milli şuralarına və digər cəmiyyətlərə uşaqların, qocaların və imkansız adamların saxlanılması üçün xeyli vəsait ayırmış, 1920-ci ilin fevralında Gürcüstanda baş vermiş zəlzələ nəticəsində ziyan çəkmiş əhaliyə yardım etmişdi.

Bununla belə, ölkədə sosial problemlər qalmaqda idi və getdikcə artırdı. Fəhlələrin əmək şəraiti və yaşayış vəziyyəti olduqca ağır idi. Hökumət fəhlələrin vəziyyətinin ağır olduğunu etiraf etməklə bərabər, onun həlli üçün tədbirlər görməyə çalışırdı. F.X.Xoyski fəhlələrin yaşayış vəziyyəti və əmək şəraiti haqqında yazırdı: “Bəzi mədənlərdə fəhlələr 8 saat əvəzinə 14 saat işlədilirdi. Fəhlələrin aldığı maaş yediyi çörəyə çatmırdı. İşsizlik bütün ailələri aclığa məhkum etmişdi. Əmək haqqı bölgüsünə görə mədənlərdə rus fəhlələri ilə müsəlman fəhlələri arasında ikitirəlik yaranmışdı. Mədənlərdəki kazarmaların pəncərələrində şüşə yoxdur. Elə kazarma yoxdur ki, orda xəstə olmasın. Doktor yoxdur. Araba yoxdur ki, xəstələri daşısın. Mədən sahibləri görünmür. Xəstələri yoldaşları dalına alıb kilometrlərlə daşıyıb doktora aparırlar. Dərman yoxluğundan bu səylər səmərəsiz qalır. Su yoxdur. Borular partlayıb. Fəhlələr buğ, buxar suyu içir”.

Bakı Xalq Komissarları Sovetinin neft sənayesinin milliləşdirilməsi haqqındakı sərəncamının ləğv edilməsinə dair hökumətin 1918-ci ilin oktyabr ayının 1-də verdiyi qərardan sonra bütün neft sənayesi müəssisələri və onların hazır məhsulları keçmiş sahiblərinə qaytarıldı. Fəhlələrlə sahibkarlar arasında əvvəlki münasibətlərin bərpa edilməsi ağır vəziyyətdə olan fəhlələrin sosial vəziyyətinin daha da pisləşməsinə səbəb oldu.

İşçi (fəhlə) məsələsi hökumətin daxili siyasətində ən ciddi problemlərdən biri olduğu üçün o, istər parlament iclaslarının, istərsə də Bakı fəhlə konfransı iclaslarının gündəliyindən düşmürdü. 10 dekabr 1918-ci ildə Parlamentin ikinci iclasında “Müsavat” Partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə partiyasının proqramında geniş yer almış torpaq və işçi məsələsi barədə çıxış edərək partiyası tərəfindən tərtib olunmuş 16 bənddən ibarət “İşçi məsələsi”nə dair deklarasiyanın qəbul edilməsi təklifini hökumət qarşısında irəli sürdü. Parlamentdə qəbul edilmiş “İşçi məsələsi”nə dair bəyannamədə fəhlələr üçün 8 saatlıq iş gününün müəyyən edilməsi, onlara həftədə bir günlük istirahətin verilməsi, işçilərin qanunla müəyyənləşdirilmiş vaxtdan çox, eləcə də axşam saat 9-dan səhər saat 6-dək işlədilməsinə yasaq qoyuldu. Həmçinin qanunda 16 yaşına qədər yeniyetmələrin işləməsinin qadağan olunması, 16 yaşından 18 yaşınadək gənclər üçün 6 saatlıq iş gününün müəyyənləşdirilməsi, qadınların zərərli işlərdə çalışmasının yasaq olunması, hamilə qadınlara doğuşdan əvvəl 4 həftə, sonra isə 6 həftə ərzində əvəzi ödənilməklə məzuniyyətin verilməsi və s. maddələr yer almışdı.

Rusiya bolşeviklərinin təsiri ilə xüsusilə Bakıda tez-tez fəhlə tətilləri keçirilirdi. Sənaye müəssisələri üzərində xüsusi mülkiyyət hüququnun bərpa edilməsindən sonra fəhlələr ilə sahibkarlar arasında yaranmış narazılıqdan istifadə edən Rusiyadan gəlmiş və Bakı Xalq Komissarlarının hakimiyyətdən getmiş, əsasən, daşnak tərkibli narazı üzvləri AXC hökumətini devirmək üçün müxtəlif planlar hazırlayırdılar. Bunun üçün isə əsas olaraq təşkilat yaratmaq lazım idi. Onlar bu məqsədlə 1918-ci il dekabrın 15-də Bakı Fəhlə Konfransı adlı təşkilat yaratdılar.

Bu təşkilatın əsas vəzifəsi şəhərdə və şəhər ətrafı rayonlarda tətillər təşkil etməklə fəhlələri hökumətə qarşı qaldırmaq idi. Dekabrın 18-də Bakı Fəhlə Konfransı təşkilatının növbəti iclasında həbs edilənləri azadlığa buraxmaq, fabrik-zavodlarda həmkarlar ittifaqları yaratmaq, mətbuat, yığıncaq azadlıqları, fəhlələrin əmək hüquqlarını qorumaq və s. tələblərlə tətil keçirmək barədə qərar qəbul edildi. Bir neçə gündən sonra şəhəri tətil hərəkatı bürüdü. F.X.Xoyski tətil haqqında yazırdı: “Dekabrın 24-də şəhərdə və mədən-zavodlarda ümumi tətil elan olunur. Məişət öz ümumi adi cərəyanından düşüb qeyri-adi şəklə girir. Qəzetlər çıxarılmadı, işıqlar söndürüldü. Evlər və küçələr zülmət pərdəsinə büründü. Telefon zəngləri artıq çalmır, konkalar dayanmış və mədən-zavodlarda bir çərx fırlanmır, buruqlar neft vermir. Hər yerdə ümumi bir sıxıntı və həyəcan hökmfərmandır. Fəhlələr siyasi tətil etmişlər”.

AXC hökuməti üçün ciddi müxalifətə çevrilmiş Bakı Fəhlə Konfransı ingilis komandanlığından tələb edirdi ki, kollektiv müqavilənin bərpası üçün neft sənayeçiləri və fəhlə konfransı nümayəndələrindən ibarət saziş komissiyası yaradılsın. Tətilin gedişində Bakı Fəhlə Konfransının xüsusi iclasında iştirak edən M.Ə.Rəsulzadə Bakı Fəhlə Konfransı liderlərinin fəaliyyətinə kəskin etirazını bildirmiş, Azərbaycan hökumətinin yeganə qanuni səlahiyyətli orqan olduğunu vurğulamışdı.

Üçgünlük dekabr tətili tətilçilərin üstünlüyi ilə nəticələndi. Belə ki, ingilis komandanlığı həbs edilənlərin buraxılmasına razılıq verdi, parlamentin dekabrın

25-də keçirilən iclasında isə siyasi məhbusların amnistiyası üzrə yaradılan komissiyanın qərarı ilə inzibati qaydada həbs olunmuş bütün fəhlələrin azad edildiyi elan olundu.

Cümhuriyyət hökuməti fəhlələrin vəziyyətinin ağır olduğunu etiraf etməklə bərabər, onun həlli üçün tədbirlər görməyə çalışırdı. 1918-ci il dekabrın 26-da parlamentin beşinci iclasında F.X.Xoyski deputatları özünün formalaşdırdığı hökumət kabinəsinin proqramı və tərkibi ilə tanış etməklə yanaşı, hökumətin 7 aylıq fəaliyyətinə həsr olunmuş çıxışı zamanı iki məsələnin həllinə xüsusi diqqət ayırdı. Bunlardan biri fəhlə, digəri isə torpaq məsələsi idi. Onun fəhlə məsələsinə dair çıxışında əsas yer müəssisələrdə 8 saatlıq iş gününün tətbiqinə və gecə növbəsinin ləğvinə yönəlmişdi. Bundan başqa, o, uşaq əməyinin istismarı və qadınların sağlamlığına ziyan vuran işlərdə çalışmalarının qadağan edilməsini, müəssisələrdə körpələr evinin açılmasını, sahibkarlardan Əmək Nazirliyinin razılığı olmadan işçilərin kütləvi şəkildə işdən çıxarılmamasını tələb edirdi.

F.X.Xoyski parlamentdə hökumətin təşkili və fəhlə məsələsinə dair çıxışında dedi: “Hökumətin fəaliyyətinə dair iki məsələ də vardır ki, onlardan biri fəhlə, digəri əkinçi məsələsidir. Hökumətin millət üçün olduğu aşkardır. Millətin əksəriyyəti fəhlə və kəndçidən ibarətdir. Hökumət bilir ki, torpaq əkinçiyə verilməzsə, fəhlənin həyatı təmin edilməzsə, o hökumət yürüməz. Hökumət bunun üçün bir məsai nəzarəti düzəltməyə qərar verdi, təki fəhlələr də insan surətində dolana bilsinlər. Onların həyatı təmin olunsun. Onu da təkrar edirəm ki, onlar lazımdır səkkiz saat işləsinlər, ondan artıq onları işləməyə qoymasınlar. Bu vəzifələri əminəm ki, məsai nəzarəti (əmək nəzarəti) başa yetirəcəkdir. Təşkil etmək istədiyim kabinə iş bu zəvatdan mürəkkəbdir: Mən, rəisi-vükəla (Baş nazir) və xariciyyə naziri, Xəlil bəy Xasməmmədov – daxiliyyə naziri, Səməd bəy Mehmandarov – hərbiyyə naziri, Məhəmməd Həsən Hacınski – dövlət müfəttişi, İ.Burutalov – maliyyə naziri, Aslan bəy Səfikürdski – poçta və teleqraf naziri, Mirzə Əsədullayev – ticarət naziri, Xudad bəy Məlik-Aslanov – təriq və müabir yollar naziri, Nəsib bəy Yusifbəyov – maarif naziri, Lizqor – ərzaq naziri. Bunlardan əlavə, dörd nazir yeri boş qalmışdır. Siz bilirsiniz ki, erməni qonşularımız da bizimlə hökumət parlamentində iştirak etməlidirlər. Fəqət, bu vaxtadək onlar gəlməmişlərdi. Bu dörddən üçünü erməni namizədlərinə, biri isə rus millətinə məxsusdur. Biz bilirik ki, onlar bizim ilə iştirak etmək istəyəcəklər. Bu sırada bu yerlər onlara veriləcəkdir. Şimdi kabinəyə etimad etmək sizdən asılıdır”.

Gərgin müzakirələrdən sonra 1918-ci il dekabrın 26-da Fətəli Xan Xoyskinin rəhbərliyi altında parlamentin etimad göstərdiyi üçüncü hökumət (26 dekabr 1918 -14 aprel 1919-cu il) kabinəsi təşkil edildi. Bakı bolşeviklərinin təsiri altında olan rus və erməni deputatlar parlamentin iclaslarında iştirak etmədiklərinə görə səhiyyə, ziraət (ərzaq) və məsai (əmək) naziri vəzifələri boş qaldı. Boş qalan səhiyyə naziri vəzifəsinin icrası dövlət müfəttişi naziri M.Hacınskiyə, məsai (əmək) naziri vəzifəsi isə poçt, teleqraf naziri Aslan bəy Səfikürdskiyə tapşırıldı.

Beləliklə, fəhlələrinin əmək hüquqlarının qorunması, iş yerlərində münaqişəli məsələlərin düzgün həll olunması və əmək münasibətlərində yaranmış problemlərin tənzimlənməsi üçün vahid dövlət orqanı olan Xalq Cümhuriyyətinin Əmək Nazirliyi təsis olundu. Nazirlik qanunverici, mədəni-maarif və ümumi şöbədən ibarət olmaqla, 21 yanvar 1919-cu ildə fəaliyyətə başladı. Mədəni-maarif şöbəsi rayonların əmək müfəttişləri və müəssisələrin nümayəndələri ilə birlikdə Azərbaycan Cümhuriyyəti ərazisində, ixtisasa və milli tərkibə görə bölünməklə, bütün kateqoriyalardan olan fəhlələrin əmək haqqı və maddi vəziyyətlərinin dəqiq qeydiyyatını aparır, fəhlələrə türk dilində savad öyrətmək üçün məktəblərin açılması barədə layihə hazırlayırdı. Bundan başqa, mədən-zavod rayonlarında və təşkilatlarda Azərbaycan xalqının tarixi və mədəniyyəti, həmçinin iqtisadiyyatı, kooperativ və həmkarlar hərəkatı tarixini öyrətmək üçün xüsusi kurslar təşkil edirdi. Bakı şəhəri Naberejnaya küçəsi, 35 (indiki Neftçilər prospekti) ünvanında yerləşən nazirliyin ümumi şöbəsində isə bütün şöbələrin kargüzarlıq sənədləri cəmləşmişdi.

Əmək Nazirliyi tədricən köhnə rejimin fəhlə məsələlərinə aid normativ aktlarının qanunvericilikdə əhəmiyyətini itirmiş maddələrini dəyişdirməyə, ölkədə istehsalın səviyyəsinin yüksəldilməsi, əməyin müdafiəsi və işçi bazarının yaradılması üçün tədbirlər görməyə başladı. Nazirliyin hazırladığı kollektiv müqavilə, bəzi əlavələr və dəyişikliklər Nazirlər Şurası tərəfindən təsdiq olundu.

Fəhlələrin ağır vəziyyətdə yaşamaları, əmək haqqının artırılması, müəssisələrdə kollektiv müqavilələrin ləğv edilməsi və s. məsələlər, demək olar ki, parlamentin bütün iclaslarında müzakirə edilirdi. Növbəti müzakirə 8 yanvar 1919-cu ildə, parlamentin yeddinci iclasında Müsavat Partiyası tərəfindən “Fəhlələr məsələsi haqqında türk ədəmi-mərkəziyyət “Müsavat” firqəsinin məsai nazirinə xitabən estihzahi” (müraciəti) oldu. Müzakirəyə qoşulan məsai (əmək) nazirini əvəz edən Səfikürdski fəhlə məsələsi ilə bağlı bildirdi: “Siz bilirsiniz ki, keçən hökumət zamanında məsai nəzarəti yox idi. Ancaq yeni hökumət fəhlə məsələsinə diqqət verərək, məsai nəzarəti təşkil etməyə qərar verdi. Özünüz görürsünüz ki, şimdi hökumət fəhlə məsələsinə nə qədər məna və əhəmiyyət verir. Müvəqqəti olaraq bu vəzifə 5-10 gündür ki, mənə tapşırılmışdır. Bu isə mənim üçün zəhmət olmayıb, şövqlə qəbul etdiyim bir vəzifədir. Yaxın vaxtda təşkil etmiş olduğundan məsai nəzarəti haqqında mən müfəssəl məlumat verə bilməyəcəyəm. Çünki təzə gəlmişəm. Nitqlərdə söylənilənlər tamamilə doğrudur. Hətta elə şeylər var ki, bilsəniz başınızın tükü ayağa durar. Həmişə zəhmətin ağırı fəhlənin üzərinə düşmüşdür. Ona görədir ki, axır zamanlar fəhlə məsələsinə çox artıq əhəmiyyət veririz. Bəzi mədənlərdə konfransa gedən fəhləyə ayrı nəzərlə baxaraq hətta onları qulluqdan çıxarırlar. Bu xəbər yetişcək mən əmr etdim təhqiq olunsun, məlum oldu ki, fəhləni ancaq siyasi mülahizə ilə çıxarırlarmış. Binaənileyh qovulan fəhlələrin geri qəbul edilmələri haqqında əmr verdim. Əgər əməl edilməsə, ciddi tədbir görəcəyəm. Çünki mən deyirəm, bilir və inanıram ki, hökuməti və parlamenti ancaq fəhlənin köməyilə saxlaya biləriz. Bunu bilən bir hökumət, əlbəttə, fəhləni nəzərdən uzaq tutmaz. Ona görədir ki, bütün nazirlərin həmrəy olduqları halda bacardığı qədər fəhlələrə mənzil, xəstəxana, məvacib və məktəb məsələləri uğrunda çalışır. Bunu nəzərdə tutunuz ki, yalnız Azərbaycan fəhləsi deyil, sayır məmləkət fəhlələri də bundan yaxşı halda deyillər. Doğrudur, bu saat ancaq bolşevik fəhlələrin halı yaxşıdır. Amma onların da yaxşı halı çox çəkə bilməz, bir ay, iki ay. Sonra onların halı sayirlərinkindən betər olacaqdır. Mən hər şeydən ziyadə fəhlə təşkilatlarına əhəmiyyət verərək əmr etdim yarısı fəhlə, yarısı iş sahibləri nümayəndələrindən olmaq üzrə 10 nəfərdən ibarət komissiya seçilsin. Bu komissiya fəhlə işlərinə baxaraq məsai nəzarətinə təqdim etməlidir. Komisyonun sədri də məsai naziri olacaqdır. Komissiyanın qərarı nə olsa, mən onu edəcəyəm”.

İcra və nəzarətedici səlahiyyət əldə edən əmək nazirinin səlahiyyətlərini icra edən Səfikürdskinin sədrliyi ilə yanvarın 25-də fəhlələrin əməyinin mühafizəsi və məişət şəraitinin yaxşılaşdırılmasına dair müttəfiqlər komandanlığı, neft sənayeçiləri, banklar və əmək haqlarının artırılması üzrə fabrik müfəttişliyi nümayəndələrinin iştirakı ilə müşavirə keçirildi. Müşavirədə Aslan bəy Səfikürdski zəhmətkeşlərin əmək və məişət şəraitinin, onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dair hökumət tərəfindən zəruri addım atılacağını bildirdi, sənayenin dirçəldilməsi məqsədilə sahibkarlara müraciət edərək onları istehsalat üzərində nəzarəti gücləndirməyə çağırdı. Müşavirədə 1919-cu ilin yanvar ayından başlanan bahalıqla əlaqədar fəhlələrin maaşlarının artırılması və neft sənayeçiləri fəhlələrinin əmək haqlarının ödənilməsi üçün maliyyə yardımının verilməsi razılaşdırıldı. Bundan başqa, 1919-cu ilin yanvarın 1-dən əmək haqqına əlavə olaraq subaylara ayda 120 rubl, ailəlilərə 360 rubl müavinət, neft sənayesinin vəziyyətini yaxşılaşdırmaq üçün neft sənayeçilərinə 10 milyon rubl ssudanın verilməsi və Əmək Nazirliyinin nəzdində Fəhlə Məsələsinə dair Məşvərət Şurasının yaradılması qərara alındı.

1919-cu il martın 10-da Əmək Nazirliyi tərəfindən təqdim edilmiş layihə əsasında parlamentdə on bənddən ibarət “Fəhlə məsələsinə dair məşvərət şurasının təsis olunması haqqında” Qanun qəbul olundu. Qanun əsasında nazirliyin nəzdində fəhlə məsələsinə dair xüsusi məşvərət şurası təsis edildi. Şura tərəflərin bərabər təmsil olunması şərti ilə beş nəfər fəhlə və beş nəfər sahibkar olmaqla 10 nəfərdən ibarət idi.

Məşvərət şurası əməyin mühafizəsi, fəhlə və sahibkarlar arasındakı münasibətlərin tənzimlənməsi məsələləri ilə məşğul olurdu. Onun əməyin mühafizəsi və zəhmətkeşlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən bütün tədbirlər üzrə qüvvədə olan qanunların icra olunmasına nəzarət etmək hüququ var idi. Şuranın sədri əmək naziri A.Səfikürdski idi.

1919-cu il aprelin 14-də N.Yusifbəylinin rəhbərliyi ilə təşkil olunan dördüncü hökumət kabinetində (14 aprel – 22 dekabr 1919-cu il) A.Səfikürdski ədliyyə və əmək naziri təyin olundu.

1919-cu il avqustun 5-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə müəssisələrdə əməyin mühafizəsinə nəzarət edilməsi, işçilərin əmək haqqı dərəcələrinin müəyyənləşdirilməsi və münaqişəli məsələlərin həll edilməsi üçün Əmək Nazirliyinin nəzdində Əmək Müfəttişliyi təsis edildi. Bakı şəhərində Telefonnı küçəsində (indiki 28 May küçəsi) yerləşən Əmək Müfəttişliyinin baş əmək müfəttişi Məmməd bəy Hacıyev idi.

Əmək Müfəttişliyinin yaradılması ilə əməyin mühafizəsinə nəzarət işi bir idarədə cəmləşdi və Əmək Nazirliyinin nəzarət dairəsi respublikanın bütün ərazisini əhatə etdi. Cümhuriyyətin 8 bölgəsində – Bakıda 5 rayon üzrə, eləcə də Nuxa (Şəki), Gəncə və Şuşa rayonlarında müfəttişlik təşkil edildi.

Bir qədər sonra – 1919-cu il oktyabrın 1-də Əmək Nazirliyində münaqişə şöbəsi yaradıldı. Bu şöbə əmək müfəttişliyinə nəzarət etməklə yanaşı, işçilər ilə işə götürənlər arasında mövcud olan münaqişələrin həll edilməsinə nəzarət edir, əmək qanunvericiliyi və hüquq normalarındakı çatışmazlıqlar barəsində qanunverici şöbəyə təkliflər verirdi. Fəaliyyəti dovründə şöbəyə daxil olan 1537 şikayətdən 922 fəhlələrin xeyrinə həll edilmiş, 145-nə rədd cavabı verilmiş, 14-ü məhkəməyə göndərilmiş, 456-sı isə həll olunmamış qalmışdır.

Əmək Nazirliyinin təşəbbüsü ilə müəssisələrdə işçilər ilə işə götürənlər arasında mürəkkəb və münaqişəli məsələlərin həll edilməsi ilə məşğul olan razılaşdırıcı-saziş komissiyaları yaradılmışdı. Həmin komissiyalarda kollektiv müqavilələrin hazırlanması, əmək haqqının ödənilməsi üçün maaş dərəcələrinin müəyyənləşdirilməsi və s. məsələlərə baxılırdı. Fabrik-zavodlarda 30 belə komissiya yaradılmış və onların 98 iclası keçirilmişdi.

1919-cu il dekabrın 22-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi beşinci hökumət kabinəsində (22 dekabr 1919 – 30 mart 1920-ci il ) Əmək Nazirliyi ilə Əkinçilik Nazirliyi birləşdirildi. Əhməd bəy Pepinov əmək və əkinçilik naziri təyin edildi.

Dekabrın 28-də Pepinovun sədrliyi ilə fəhlə məsələsinə aid nazirliyin proqramını açıqlamaq üçün həmkarlar təşkilatlarının iştirakı ilə böyük müşavirə keçirildi. Müşavirədə uşaq və qadın əməyinin mühafizəsinin təmin edilməsi, müdiriyyətin həmkarların işinə qarışmasının yolverilməz olduğu, fəhlə təşkilatlarına hücumların dayandırılması, yığıncaq azadlığı və əmək haqqının qaldırılmasını nəzərdə tutan ümumi proqram qəbul edildi. Əmək və əkinçilik nazirliyi Bakı şəhəri, Voroncovskaya küçəsi, 27 (indiki İslam Səfərli küçəsi) ünvanında yerləşirdi.

Beşinci hökumətin fəaliyyəti dövründə də fəhlələrin maaşların artırılması və qaçqınlara əvəzsiz maddi yardım verilməsi kimi mühüm qərarlar qəbul edilmişdir. Belə ki, parlamentin 8 yanvar 1920-ci il tarixli “Qaçqınların ehtiyacını ödəmək üçün 21 milyon rubl ayrılması haqqında”, 26 fevral 1920-ci il tarixli “Epidemiya ilə mübarizə və qaçqınlara tibbi yardım göstərilməsi üçün epidemiyaya qarşı 12 mübarizə dəstəsinin yaradılması haqqında” və s. qanunları bu istiqamətdə atılan mühüm addımlardan idi.

Bildiyimiz kimi, AXC hökumətı parlamentin qərarları ilə idarə olunurdu. Fəaliyyəti dövründə parlamentin müzakirəsinə müxtəlif dövlət orqanları, o cümlədən, Əmək Nazirliyi tərəfindən 10-u sosial təminata aid olmaqla 270-dən artıq qanun layihəsi təqdim edilmişdi ki, onlardan 230-a yaxını təsdiq olunmuşdu.

Əmək Nazirliyi tərəfindən fəhlə məsələsi üzrə qanun layihələri hazırlanaraq müzakirə edilməsi üçün parlamentə təqdim edilsə də bu layihələr uzun müddət deputatların diqqətindən kənarda qalmış və parlamentin iclaslarına çıxarılmamışdır. Onlardan biri mülki və hərbi idarələrin pensiya nizamnamələrinin razılaşdırılması üçün komissiyanın yaradılması və bütün təşkilatlar üçün ümumi pensiya nizamnaməsinin hazırlanaraq parlamentə təqdim edilməsinə dair hökumətin 27 avqust 1919-cu il tarixli “Pensiya nizamnaməsinin hazırlanması üzrə komissiyanın yaradılması haqqında” qərarı idi. Bu qərar və digər dövlət orqanları kimi Əmək Nazirliyinin fəaliyyətinin genişləndiyi və nizama salındığı bir zamanda Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində parlamentin zorakı məcburiyyət qarşısında 27 aprel 1920-ci ildə qəbul etdiyi “Hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında” tarixli qərarla Azərbaycan Xalq Cümhuriyyətinin dövlət və hakimiyyət strukturlarının fəaliyyətinə son qoyuldu.

Şimali Azərbaycan Rusiyanın tərkibinə qatıldı…

Firudin ƏLİYEV,

dövlət qulluğunun kiçik müşaviri

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …

Bir cavab yazın