Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı – Bakı Dövlət Universiteti

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 1918-ci ildə müstəqil dövlətlər sırasına adını yazdıran Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, bu qısa müddətdə ölkənin firavan gələcəyinə yönəlmiş bir çox addımlar atıb. Bunlardan biri də sonrakı dövrlərdə Azərbaycan təhsilində önəmli yer tutan Bakı Dövlət Universitetinin yaradılmasıdır.

Cümhuriyyət tarixini araşdıran Əfqan Vəliyev Bakı Dövlət Universitetinin yaradılması ilə bağlı tədqiqatlarında bir sıra dəyərli məlumatlar üzə çıxarıb.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Qərbi Avropanın demokratik prinsiplərinə dayanan müasir və müstəqil elm və təhsil ocağı qurmağı qarşıya məqsəd qoymuşdu. Bununla bağlı 1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamenti tərəfindən 32 nömrəli qanunla Bakı şəhərində dövlət universitetinin yaradılmasına qərar verildi və həmin ilin dekabrından etibarən Bakı Dövlət Universiteti fəaliyyətə başladı. Yeni yaradılmasına baxmayaraq, universitetdə fizika, riyaziyyat, tibb, hüquq, tarix və ədəbiyyat fakültələri fəaliyyət göstərirdi. Universitet skolastik Orta əsr Şərq zihniyyətindən uzaq, Qərbi Avropanın məşhur elm ocaqlarını özünə nümunə götürən müasir bir təhsil məkanı idi.

Bakıda universitetin açılması mühüm tarixi əhəmiyyət kəsb edirdi. Bununla xalqın elm, təhsil və mədəniyyətə olan marağı daha da artdı. Azərbaycan övladları öz vətənlərində müasir universitet təhsili almaq imkanı qazandılar. Beləliklə, Azərbaycanda ilk universitet təhsilinin təməli qoyuldu. Bu da milli şüurun, müstəqil dövlətçilik duyğularının güclənməsinə təsir edirdi. Universitetin yaradılması və fəaliyyəti sadəcə Azərbaycan üçün deyil, eyni zamanda, müsəlman və türk dünyası üçün də tarixi bir hadisə idi.

Bakı Dövlət Universitetinin qurulması ilə əlaqədar Cümhuriyyət parlamentində uzun və səmərəli müzakirələr getmişdi. Belə müzakirələrdən birində “Slavyan–Rus Fraksiyası” adından çıxış edən deputat Kravçenko “Rusiyada dağıdılmış olan rus mədəniyyətinin Azərbaycanda yaşadılacağı” baxımından bu təşəbbüsü alqışladığını söyləmişdi. Bu çıxışdan sonra söz alan “Müsavat” partiyasının məclis qrupunun nümayəndəsi Mehdi bəy Hacıbababəyli Kravçenkoya belə cavab vermişdi: “Millətlər zindanı olan çar Rusiyasının yıxılması ilə Azərbaycanda hür və demokratik bir Cümhuriyyət, Rusiyada isə çarların istibdadını kölgədə qoyan qızıl bir vəhşət rejimi qurulmuşdur. Bu rejim bütün hürriyyətlərlə bərabər elm və irfan hürriyyətini ortadan qaldırmışdır. Rus mədəniyyətinə bu sürətlə ölüm zərbəsi endirilmişdir. Bu, bir həqiqətdir. Mədəniyyət və hürriyyətə, elm və irfana susamış olan Azərbaycan türklüyü buna elm adına təəssüf edir. Fəqət bu hadisə rusluq ilə heç bir əlaqəsi olmayan Azərbaycana rus mədəniyyətini yaşatmaq vəzifəsini verməz. Azərbaycanın qazanmış və əldə etmiş olduğu istiqlal, onun mədəni və kültürəl istiqlalını da əhatə etməkdədir. Qərbin hürriyyət sayəsində yaratdığı yüksək və zəngin mədəniyyət xəzinəsinə eyni yollardan gedərək qovuşmaq əzmində olan hür, azad, müstəqil və demokratik Azərbaycan Cümhuriyyəti, öz milli mədəniyyətini inkişaf etdirmək, yüksəltmək və yaşatmaq sürəti ilə bəşəriyyətin mədəniyyət karvanındakı yerini tutmaqdan başqa bir məqsəd güdməməkdədir…”.

Həmin tarixi iclasda parlamentdə katib vəzifəsində işləyən Mirzə Bala şahidi olduğu və rəsmi qeydə aldığı bu çıxışlar haqda yazır: “Azərbaycan parlamentinin ilk iclasından son iclasına qədər daimi zabit katibi olmağım səbəbi ilə orta təhsilimi də ondan aldığım müəllimim Mehdi bəyin ağlımda qalan sözləri böyük alqış almış və təzahürata səbəb olmuşdur. Bu vəziyyət qarşısında sözlərini geri alan Kravçenkoya bu sözləri söyləmək cəsarəti verən isə yeni qurulan Bakı Universitetinin bəzi fakültələrində dərs tədrisinin bir müddət rusca verilməsi məsələsi idi. Fəqət, sabiq Rusiya imperiyasının xarabalıqları üzərində qurulan yeni milli dövlətlərin çoxunda bu məsələ müvəqqəti olaraq bu vəziyyətdə idi. Tələbəsi azərbaycanlı olan universitetin professor və müəllim kadrlarının çoxluğunun ruslardan ibarət olması, tədrisin hər zaman rus dilində aparılacağı və rus dilinin də aparıcı ikinci elmi dil olacağı və qəbul ediləcəyi mənasına da gəlmirdi. Deputat Mehdi bəy Kravçenkoya cavabında da bunu belə dilə gətirmişdi: “Bakı Universiteti 4–5 il sonra tədrisi tamamilə Azərbaycan türkcəsində verə biləcək səviyyəyə gələcəkdir”.

Universitet yaradıldıqdan sonra əsas hədəf qısa müddət ərzində tədrisin Azərbaycan türkcəsində aparılmasına nail olmaq idi. Bunu nəzərə alan Təhsil Nazirliyi ilk və orta məktəblərdə dərslərin tamamilə ana dildə tədris olunmasına başlamışdı. Eyni zamanda, rus dili və Qərbi Avropa dilləri də öyrədilirdi. Bu da yeni nəslin Avropa və dünyaya inteqrasiya olması məqsədi daşıyırdı. Yeni qurulan universitetin kadr təminatında yerli müəllimlərə daha çox üstünlük verilməsinə baxmayaraq, milli kadr problemi də yaşanırdı. Təhsil Nazirliyi kadr ehtiyacını ödəyə bilmək üçün Türkiyədən müəllimlər dəvət etmişdi. M.Ə.Rəsulzadə, R.Qaplanov və başqa siyasət və dövlət xadimləri könüllü olaraq universitet auditoriyalarında mühazirələr oxuyurdular. Hətta hökumətin qərarı ilə yuxarı siniflərdə tədris Osmanlı türkcəsində aparılmışdı. Yeni universitet və Cümhuriyyət üçün kadr yetişdirmək məqsədi ilə dövlət tərəfindən Türkiyə və Avropa ölkələrinə təhsil üçün yüzdən çox tələbə göndərilmişdi.

İri büdcəyə sahib olan Bakı Dövlət Universiteti mədəni və sosial bazası ilə yaxın gələcəkdə türkdilli xalqlar və Xəzəryanı ölkələr üçün də elm və təhsil mərkəzi olmağa ən yaxşı namizəd idi.

Həmin ərəfədə Bakı Dövlət Universiteti üçün ayrıca kompleks inşa olunurdu. Kompleksdə kitabxana, laboratoriya, klinika, tələbə və müəllim yataqxanası, universitet məhəlləsi də tikilirdi. Yeni kompleks hələ hazır olmadığı üçün universitet müvəqqəti olaraq “Bakı Ticarət Liseyinin” binasında fəaliyyət göstərirdi. Universitetin dərslik və elmi vəsaitlərə olan ehtiyacını təmin etmək məqsədi ilə nazirlik nəzdində “Təlif və Tərcümə Mərkəzi” yaradılmışdı. Bu tərcümə mərkəzində Qərbdə və dünyada nəşr edilən dərslik və ədəbiyyatlar tərcümə edilir, tədris mərkəzlərinə göndərilirdi.

Universitetin ilk rektoru, professor Vasili İvanoviç Razumovski sonralar bu təhsil ocağının fəaliyyətə başlamasının əhəmiyyətindən bəhs edərkən yazırdı: “Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın qovuşuğunda yeni məşəl yandı. Bu böyük tarixi hadisənin şahidləri kimi biz özümüzü xoşbəxt hesab edə bilərik”.

 

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın