Çərşənbə axşamı , İyul 28 2026
azfa

Cavanşirin vaxtında Albaniyada cərəyan edən bəzi hadisələr

GADTB: Cavanşir imperatordan alban xalqını öz himayəsinə götürməyi xahiş edir və II Konstantin bu təklifi, təbii ki, məmnuniyyətlə qarşılayır. O, Cavanşiri “Girdman hökmdarı və Albaniya knyazı” adlandıraraq, ona öz xəzinəsindən qiymətli hədiyyələr göndərir. Musa Kağankatlı yazır ki, «o, Cavanşirə gözəl hədiyyələr – söykənəcəyi qızılla işlənmiş gümüş taxtlar, qızılı saplarla toxunmuş libaslar, özünün açdığı mirvari ilə bəzənmiş qılınc… göndərdi. Ona Alban çarlığının hüdudlarındakı bütün kəndlər üzərində irsi hakimiyyət hüququ verdi» (Kalankaytuklu M., 2006, s. 133).

Həmin dövr üçün Bizansla yaxınlaşma siyasəti özünü doğruldurdu. “Alban tarixi”ndə qeyd edildiyi kimi, ölkənin hüdüdları artıq «İberiya hüdudlarından hunların (xəzərlərin) darvazalarına və Araz çayına qədər uzanırdı» (Kalankaytuklu M., 2006, s. 134).

Bizansla müqavilə bağlandıqdan iki il sonra Albaniya xəzərlərin hücumuna məruz qalır. Xəzərlər Kürə qədər çatır, lakin alban qoşunları tərəfindən darmadağın edilərək, Arranın hüdudlarından çıxmalı olurlar. (Kalankaytuklu M., 2006, s. 137-138).

Bir neçə il sonra xəzərlər yenidən hücuma keçir və bu dəfə Araza qədər irəliləyirlər. Cavanşir onlarla danışığa getməyə məcbur olur. Kürün sahilində onlar xəzər xaqanı ilə görüşürlər. Görüş

sülh müqaviləsi ilə başa çatır. Bu sənədə görə, xəzərlər əsir götürdükləri albanları geri qaytarır, Cavanşirsə xəzər xaqanının qızı ilə evlənir. (Kalankaytuklu M., 2006, s. 140-141).

Müsəlmanlarla savaş nəticəsində Bizansın zəifləməsi Cavanşirə bu ölkənin asılılığından çıxmasına və Musa Kağankatlının təbirincə desək, «cənub hakiminin tabeliyinə” girməsinə imkan yaradır. O, danışıqlar aparmaq məqsədilə 667-ci ildə İslam xilafətinin paytaxtına yola düşür. Xəlifə onu adına layiq bir tərzdə təntənə ilə qarşılayır və rəsmən Albaniya məliyi kimi qəbul edir. (Kalankaytuklu M., 2006, s. 141-144).

Cavanşirin diplomatik bacarığı və şəxsi keyfiyyətləri onun tezliklə xəlifə ilə dostluq münasibətləri yaratması üçün səbəb olur. Üç il sonra Cavanşir xəlifədən onun Bizans imperatoru ilə danışıqlarında vasitəçisi sifətilə Dəməşqə getmək təklifi alır. Cavanşir vasitəçi kimi də öz işinin öhdəsindən uğurla gəlir. Hər iki tərəf danışıqların nəticəsindən razı qalır. Bundan sonra xəlifə Cavanşirin Albaniyaya qoyulmuş vergilərin üçdə birini ixtisar etmək təklifinə razılıq verir. Xəlifə həmçinin Sünik vilayətini Cavanşirin tabeçiliyinə verir və ondan Atropatenanın idarəsini də öz əlinə almağı xahiş edir. Cavanşir sonuncu təklifdən boyun qaçırır. Cavanşir vətənə qiymətli hədiyyələrlə qayıdır. O vaxt ənənəvi sayılan silah və geyim hədiyyələri ilə birlikdə Cavanşirə fil və dənizin o tayından gətirilmiş danışan tutuquşular da bəxşiş edilmişdi. (Kalankaytuklu M., 2006, s. 144-146).

Şahalar Hacıyev,

Bəxtiyar Tuncay.

Həmçinin yoxlayın

Əhmədrza Cəlalinin azadlığa buraxılması istiqamətində səylər davam edir

GADTB: İsveç Xarici İşlər Nazirliyi farsdilli media orqanlarından birinə cavabında İranda edam cəzasına məhkum edilmiş …

Əsgər Əkbərzadə Ərdəbil həbsxanasında məhbusların saxlanma şəraitinin ağır və qeyri-insani olduğunu bildirib

GADTB: Ərdəbil həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadə ailəsi ilə görüşü zamanı məhbusların saxlanma …