Cümə axşamı , Mart 28 2024
azfa

Güney Azərbaycanda Milli Hökumətin süqutu və hərəkatın nəticəsi

GADTB: İranın irticaçı, antidemokratik hakim qüvvələri, o cümlədən Pəhləvi siyasətinə xidmət edən bəzi Azərbaycanlı çevrələr xarici dövlətlərin yardımı ilə və silah gücünə 1946-cı ilin sonunda azərbaycanlıların milli-azadlıq, demokratik hərəkatını yatırdılar. Qeyd etmək lazımdır ki, Azərbaycandakı hərəkatın müqəddəratı həll olunmazdan əvvəl S.C.Pişəvəri milli məsələnin, əsasən, Azərbaycan dili probleminin həll edilməsi üçün ən son çıxış yolu kimi 13 iyun sazişinin imzalanmasına getmişdi. Pişəvəri və Mərkəzi hökumətin təmsilçisi Müzəffər Firuz arasında keçirilən uzun görüşlərin nəticəsində 13 iyun 1946-cı ildə saziş imzalanmışdı. Pişəvəri hökuməti 15 maddəlik bu sazişlə dil sahəsindəki tələblərindən bəzilərini 12-ci və 13-cü maddələrdə təsbit etdirə bilmişdi. 12-ci maddədə bölgənin rəsmi dili olaraq fars və Azərbaycan dilləri qəbul edilmiş, ibtidai və orta məktəblərdə iki dilin tədris olunması nəzərdə tutulmuşdu. Yerli hökumət 13-cü maddənin tələbinə əsasən, Azərbaycanda yaşayan kürd, erməni və asurların beşinci sinifin sonuna qədər öz ana dillərində təhsilinə imkan yaradılmasını təmin etməli idi. Solçuların dəstəklədiyi, mərkəz sağ və milliyyətçilərin isə tənqid etdiyi bu saziş yalnız mərkəzi hökumət ordusunun Təbrizə girib demokratik hərəkatın varlığına son qoyduğu dövrə qədər (13 dekabr) qüvvədə qaldı. Bu sazişi milli hökumət üçün müəyyən qədər uğur hesab etmək olar. Hərəkatın iştirakçısı İsmayıl Şəms hesab edirdi ki, S.C.Pişəvərinin ən böyük bacarığı onun mərkəzi hökumətlə imzaladığı bu anlaşma idi. Birincisi, məktəblərdə Azərbaycan dilində təhsil verilməsi, ikincisi, Azərbaycanda şəhərlərin və kəndlərin idarəsinin yerli əncümənlərə verilməsi baxımından önəmli idi.

G.Lenczovski də bu anlaşmaya böyük qiymət verərək qeyd edirdi ki, Pişəvərinin bütün istəkləri gerçəkləşmişdi. Tehranın əyalət üzərində hakimiyyəti sadəcə nominal xarakter daşıyırdı, demək olar ki, bütün səlahiyyətlərin Azərbaycan rejiminə keçdiyi açıq görünürdü. 13 dekabr 1946-cı ildə İran hökumət qüvvələrinin Təbrizə girişindən sonra bu saziş mərkəzi hakimiyyət tərəfindən pozuldu və Azərbaycan demokratik qüvvələrinə qarşı repressiyalar həyata keçirildi. Həm iranlı solçu, həm də xarici mətbuat qeyd olunan dövrdə mühakiməsiz qətl və həbslərin çox olduğunu yazırdılar. Bu hadisələrlə bağlı V.O.Duqlas öz kitabında “yerli xalqın məruz qaldığı heyvanların oğurlanması, evlərin talanması, kəndlilərin saqqallarının yandırılması, qız və qadınlara təcavüz” olunması haqqında məlumat verir. Hətta məktəblərdə şagirdlərə təzyiqlər edilirdi. Rza Bərahani yazır ki, 1946-cı ildə milli hökumət dağılandan sonra türk dilinə qadağa qoyularkən, məktəbdə türkcə çıxardığına görə divar qəzetini ona yalatdırmışdılar.

Daxili irtica və onların xarici himayədarlarının strateji məqsədlərini anlayan S.C.Pişəvəri bilirdi ki, böyük dövlətlərin dəstəyi olmasa, bu azadlığın ömrü uzun ola bilməz. 1945-ci ilin dekabrın 29-da ABŞ-ın Təbrizdəki konsulu Robert Rosso ilə söhbətdə Pişəvəri bu məqama toxunmuş və bildirmişdi: “Azərbaycan xalqı öz qanuni tələblərinə həqiqi təminat istəyir ki, bu da bütün demokratik dövlətlərin, o cümlədən Amerika hökumətinin yardımından və müdafiəsindən ibarət ola bilər”.

Bəzi Qərb müəllifləri Milli Hökumətin qurulması üçün lazımı milli mübarizənin mövcud olmadığını, bunun yalnız xarici müdaxilə nəticəsində mümkün olduğunu yazırlar. Lakin rus müəllifləri tam əksinə, qeyd edirlər ki, muxtar respublika bir yandan milli şüurun yüksək səviyyəsini, digər tərəfdən əsas milli məsələlərin demokratik rejim şəraitində həll edilməsinin mümkünlüyünü nümayiş etdirmişdi. Eyni zamanda, S.E.Kornellin dediyi kimi, sovetlərin İrana qarşı işğalçı və aqressiv siyasəti Milli Hökumətin yaranması üçün əhəmiyyətli olsa da İran daxilində çox güclü Azərbaycan Milli Hərəkatı yetişmədən belə bir qurumun yaradılması mümkünsüzdür.

1945-1946-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı İranda təzyiq şəraitində cənubi azərbaycanlıların milli inkişafının getdiyini və milli formalaşmanın əsas tərəfi olan etnik kimliyin saxlanması dərəcəsini nümayiş etdirdi. Milli Hökumətin yaranması və süqutu, onun ardınca Azərbaycan dilinə qarşı təzyiq və qadağaların sərtləşdirilməsi onu göstərdi ki, ana dilinin hüquqları geniş orta və aşağı təbəqələrin maraqları ilə sıx bağlıdır, azərbaycanlı yuxarı təbəqələrin (yarım-feodalların, ali ruhanilərin, azsaylı yüksək səviyyəli sahibkarların) və onların maraqlarını təmsil edən siyasi nümayəndələrin və ziyalıların maraq dairəsindən kənardadır. Milli maraqların və qeyri-fars dillərin hüquqlarının təmin olunması demokratik şəraitdə mümkündür.

Milli hökumətin fəaliyyəti zamanı Azərbaycan dilinin funksiyalarının genişləndirilməsi, rəsmi dil kimi fəaliyyət sahəsinin yüksək dərəcədə təşkili sonrakı mərhələ üçün bir təcrübə, stimul, zəmin yaratdı və azərbaycanlıları öz dillərində yazıb-oxumağın mümkünlüyünə və üstünlüyünə inandırdı. Bu da onların milli şüurunun dərinləşməsinə ciddi bir təkan oldu. Eyni zamanda, Azərbaycan dilinin assimilyasiya olunmasını müəyyən qədər ləngitdi.

Azərbaycan dili Azərbaycan Sovet Sosialist Respublikasında milli dil səviyyəsində fəaliyyət göstərdiyindən İranda bu dil sol, radikal, bolşevik ideyaların ötürücüsü hesab olunurdu. İranın Sovet İttifaqı və onun tərkib hissəsi olan Azərbaycan Sovet Sosialist Respublikası ilə qonşuluqda yerləşməsi İranda və Cənubi Azərbaycanın yuxarı dairələrində Azərbaycan dilinə eyni neqativ münasibət yaranmasının əsasını təşkil edirdi. Milli hökumətin təşkili və fəaliyyəti Azərbaycan dili məsələsi ilə ictimai-siyasi məsələlərin Sovet İttifaqı və Şimali Azərbaycanla bağlılığını əyani şəkildə nümayiş etdirmişdi. Bu hərəkat Azərbaycan məsələsinin həlli yollarından birini təcrübədən keçirməklə qazandığı tarixi dərsləri ilə Rus imperialist dairələrinin azərbaycanlılara qarşı xəyanətkar rolunu bir daha sübut etdi. Bu da Azərbaycan milli ideologiyasının formalaşmasına, milli-azadlıq hərəkatının sonrakı inkişafına təsir göstərmişdi.

Pəhləvi rejimi Milli Hökumətin yaratdığı bütün təsisatları, o cümlədən anadilli nümunələri məhv etməklə yanaşı milli dillərə, xüsusən də Azərbaycan dilinə qarşı hücumlarını genişləndirməyə başladı. Bu dövrdə əhali arasında savadlılıq dərəcəsi çox aşağı idi. Məktəblərdə türkdilli şagirdlər fars dilini yaxşı bilmədiklərinə görə məsxərəyə qoyulacaqlarından qorxub dərsdən yayınırdılar. Bütün ölkədə olduğu kimi Azərbaycan kəndlərində də dinin mövqeyi güclü idi. Azərbaycan türkcəsində rövzə oxumaq, sinə vurmaq Azərbaycan kəndlərində geniş yayılmışdı. Qum şəhərinə dini təhsil almağa gedənlərin böyük qismi azərbaycanlıların yaşadığı bölgələrdən idi. Cəlal Ale-Əhməd savadsızlığın ən yüksək səviyyəsinin Azərbaycanda olduğunu bildirərək yazır: “Azərbaycanda baş verən bütün böhranlı vəziyyətlər dil məsələsindən doğub… Məşrutə dövründən indiyə qədər İran hökuməti Azərbaycanı mədəni baxımdan, heç şübhəsiz, özünün müstəmləkəsi bilir və bu mədəni müstəmləkəçiliyin ən mənfi nəticəsi Azərbaycan ərazisində türk mədəniyyətini məhv etməkdən ibarətdir”.

İran şahı universitetin Milli Hökumətə bağlılığını yaddaşlardan silmək üçün 1947-ci ildə Təbrizdə universitet təsis edilməsi haqda fərman verdi. Ən çox tələbəsi olan fakültə ədəbiyyat fakültəsi idi. Həmin fakültə yenidən təsis edilmiş universitet qarşısında duran əsas missiyanın – Cənubi Azərbaycanda fars dilinin mövqeyini möhkəmləndirməyin əsas icraçısı idi. Bu məqamı xüsusilə vurğulayan Şərqi Azərbaycan ostandarı Təbriz Universitetinin təsis edilməsinin 19-cu ildönümü münasibətilə 17 noyabr 1965-ci ildə keçirilmiş mərasimdəki çıxışında demişdi: “Təbriz Universiteti Azərbaycanda fars dili və ədəbiyyatını qorumaq baxımından çox həssas vəzifəni yerinə yetirir”. Fars dilinin Cənubi Azərbaycandakı mövqeyinin möhkəmləndirilməsi universitet rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur. Həmin məqsədlə 1971-1972-ci tədris ilində universitetin nəzdində dil öyrənmə mərkəzi yaradılmışdı. Universitet Cənubi Azərbaycanda fars dilinin statusunun qorunub saxlanmasında mənəvi və maddi marağı olan azərbaycanlı ziyalı təbəqəsinin formalaşmasına xidmət edirdi.

Fars dilinin möhkəmləndirilməsi prosesi milli dillərin işlədilməsinin yasaqlanması və farsca təhsilin genişləndirilməsi ilə daha da gücləndirildi. 1949-cu ilin yayında İranın maarif naziri doktor Zəngənə təhsil sistemində fars dilinin mövqeyini gücləndirmək üçün Azərbaycanın Təbriz, Ərdəbil, Urmiya kimi şəhərlərində uşaq bağçalarının sayının artırılması, azərbaycanlı uşaqların fars dilində təhsil və tərbiyəsi işini təşkil etmək məqsədilə 250 nəfərə qədər xüsusi hazırlanmış müəllimlərin bu ərazilərə göndərilməsi barədə göstəriş vermişdi. Lakin fars dilinin Azərbaycan maarifi sistemindəki mövqeyi hökumətin bütün cəhdlərinə baxmayaraq onların istədiyi səviyyədə deyildi. Bu durumu 1949-cu ilin sonunda Azərbaycana səfər etmiş “Ettelaat” qəzetinin müxbiri qeydlərində belə əks etdirir: “Azərbaycan Milli Hökumətinin devrilməsindən üç ilə yaxın müddət keçməsinə baxmayaraq, türk dilinin məhv edilməsi və fars dilinin Azərbaycanda yayılması sahəsində heç bir iş görülməmişdir. Bu gün də məktəblərdə dərslər türk dilində aparılır”. Fars dilinin funksiyalarının hərtərəfli şəkildə inkişaf etdirilməsinin elə böyük nəticələrə malik olmaması faktına 1958-ci ildə hökumət kabinəsi üzvlərinin iclaslarının birində şahın maarif nazirinə müraciəti də sübut sayıla bilər: “…Elə et ki, fars dili uşaq bağçaları, məktəblər və mətbuat orqanları vasitəsilə yayılaraq bir neçə vaxtdan sonra bütün xalqların vərdiş və adətinə çevrilsin və yerli dillər tədricən öz-özünə unudulsun”. Tehran hökuməti şahın “Azərbaycanda uşaqlara üç yaşından etibarən fars dili öyrətmək” haqqındakı göstərişinə əməl edərək bu Cənubi Azərbaycan əyalətlərində uşaq bağçaları yaradılmasına xüsusi fikir verirdi. 1963-64-cü ildə Azərbaycan şəhərlərində (Zəncan şəhristanı çıxılmaqla) 61 dövlət uşaq bağçası var idi ki, bu da İranda olan dövlət uşaq bağçalarının 70%-ni təşkil edirdi. 1962-ci ildə Azərbaycanı gəzmiş maarif naziri Ə.Amuxte də eyni fikri təkrarlayaraq bildirmişdi ki, həmin illər ərzində Azərbaycan mədəniyyəti və maarifi sahəsində əsaslı bir inkişaf baş verməyib və fars dili də Azərbaycan əhalisi arasında yayılmayıb”. Nəhayət, hakim dairələr bu “problem”i 1969-cu ildə yaradılmasına qərar verilən “Maarif ordusu”nun vasitəsi ilə həll etməyə başladı.

Yeganə Hacıyeva

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın