
GADTB: İranla bağlı İnsan Hüquqları Təşkilatı İran İslam Respublikası ilə ABŞ arasında müharibənin dayandırılması üçün əldə olunduğu bildirilən razılaşmanı alqışlasa da, gələcək danışıqlar və münasibətlər zamanı İranda insan hüquqları məsələsinin arxa plana keçirilməməsi barədə xəbərdarlıq edib.
Təşkilat 25 iyun tarixli bəyanatında bildirib ki, 1404-cü il 9 esfənddə başlayan və 40 gün sonra atəşkəslə dayandırılan müharibə dövründə minlərlə insan həlak olub və ya həbs edilib. Həmçinin siyasi və təhlükəsizlik ittihamları ilə həyata keçirilən edamların sayı son otuz ilin ən yüksək səviyyəsinə çatıb.
Bəyanatda son aylarda baş verən kütləvi həbslərə də toxunulub. Bildirilir ki, İran hakimiyyətinin açıqlamalarına əsasən, müharibənin başlanmasından bəri 6 min 500-dən çox şəxs saxlanılıb.
Həbs olunan şəxslərə İsrail və ABŞ üçün casusluq etmək, xaricdə fəaliyyət göstərən farsdilli media qurumları ilə əlaqədə olmaq, Starlink peyk internet avadanlığı saxlamaq və sosial şəbəkələrdə fəaliyyət göstərmək kimi ittihamlar irəli sürülüb.
İran İnsan Hüquqları Təşkilatının məlumatına görə, müharibənin başlanmasından indiyədək azı 42 siyasi və təhlükəsizlik məhbusu edam olunub. Onların arasında 19 etiraz iştirakçısı, müxalifət qrupları ilə əlaqələndirilən 13 məhbus və casusluq və ya İsraillə əməkdaşlıq ittihamı ilə mühakimə edilən 10 nəfər var.
Təşkilat qeyd edir ki, bu göstərici son üç onillik ərzində təxminən 100 günlük dövr ərzində siyasi və təhlükəsizlik ittihamları ilə həyata keçirilən ən yüksək edam sayıdır.
İran İnsan Hüquqları Təşkilatının direktoru Mahmud Əmiri-Moqəddəm bəyanatda bildirib ki, müharibənin İran xalqının insan hüquqları ilə heç bir əlaqəsi olmayıb və əksinə, insan hüquqlarının vəziyyətinə ciddi mənfi təsir göstərib.
Onun sözlərinə görə, İran hakimiyyəti müharibə şəraitindən daxili repressiyaları gücləndirmək üçün istifadə edib və bu müddətdə minlərlə insan özbaşına həbs olunub, siyasi məhbusların edamlarında isə nəzərəçarpacaq artım müşahidə edilib.
Mahmud Əmiri-Moqəddəm beynəlxalq ictimaiyyəti, xüsusilə Avropa ölkələrini insan hüquqları məsələsini İranla münasibətlərin mərkəzində saxlamağa çağırıb. O vurğulayıb ki, edam cəzasının dərhal dayandırılması və siyasi məhbusların azad edilməsi İranla aparılacaq istənilən gələcək dialoq və danışıqların əsas şərtlərindən biri olmalıdır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi