Cümə axşamı , Aprel 25 2024
azfa

İrəvanın tarixi mərkəzinin faciəsi

GADTB: Oxuculara təqdim etdiyimiz “İrəvanın Tarixi Mərkəzi” kitabı qədim İrəvan (indiki Yerevan) şəhərinin 1918-ci ildə Ararat (erməni) respublikasına paytaxt kimi verilməsi faciəmizin 100 illiyinə həsr olunmuşdur. Buradakı tarixi məlumatlar, sənədlər və fotoşəkillər 100 illik bir müddətdə İrəvan kimi gözəl bir şəhərin tarixi görüntüsünü yerlə-yeksan edib, barbarcasına erməniləşdirmənin əyani faktıdır.

Müəllif Fuad Axundova və kitabın yaranmasında əməyi olan bütün şəxslərə minnətdarlığımızı bildiririk.

Müasir Ermənistanın yerləşdiyi ərazi yer üzündə ən mürəkkəb polietnik (çoxmillətli) məkanlardan biridir. Qafqaz, Türkiyə, İran bizim planetin çoxmillətli bölgələrindəndir. Burada bəzən hətta qonşu kəndlər müxtəlif dillərdə danışırlar. Bu, çoxəsrlik təkamül proseslərinin nəticəsidir, çünki bölgədən çoxlu ticarət yolları keçirdi və o, mürəkkəb miqrasiya proseslərinə məruz qalıb. Bu zəngin polietnik bir mühitdə müasir Ermənistanın mono-etnikliyi təbii təkamül prosesinin nəticəsi olmayan bir fenomendir.

Məsələn, İslandiya və Yaponiyanın mono-etnikliyi təbiidir, çünki onlar mürəkkəb miqrasiya proseslərinə məruz qalmayıb və dörd tərəfdən su ilə əhatə olunublar. Lakin Ermənistan çoxmillətli dövlətlər – Azərbaycan, Gürcüstan, Türkiyə və İran tərəfdən əhatə olunmuşdur. Buna görə də əhalisinin mono-etnikliyi və hətta xarici görünüşü ətraf ölkələrin xarici görünüşü və milli müxtəlifliyi ilə kəskin ziddiyyət təşkil edir.

Aydındır ki, Ermənistanda belə bir dəyişikliklərə gətirib çıxaran proseslər hiss olunmaya bilməzdi. Tarix dəqiq elmdir. O, Ermənistanın ətraf ölkələrdən belə kəskin fərqli olmasının səbəbini müəyyən və asanlıqla izah edə bilir.

Tarixi Azərbaycan və Gürcüstan torpaqlarına ermənilərin köçürülməsi, indiki müasir Ermənistanın ərazisində, eləcə də Gürcüstan və Azərbaycan ərazilərində tamamilə erməniləşdirmə siyasətinə gətirib çıxardı. 1828-ci ildə ermənilərin Qafqaza köçürülməsini şəxsən icra edən Qacar dövlətindəki Rusiya səfiri, XIX əsrin böyük rus şairi A.Qriboyedov ermənilərin əbədi olaraq burada yerləşdiriləcəyindən və bu torpaqlara sahib olacağından yerli müsəlman əhalisinin qorxduğunu vurğulayıb.

Yerli əhalinin qorxuları tamamilə doğru çıxdı. Ləğv edilmiş İrəvan xanlığının ərazisindən XIX-XX əsrlərdə, sonra isə burada yaradılmış Ermənistandan bütün azərbaycanlı əhalini qovdular – bu isə neçə yüz min insandır. Beləliklə, etnik təmizləmə və soyqırımı 1990-cı ildə azərbaycanlıların Sovet Ermənistanından tamamilə qovulması ilə sona çatdı. Lakin bununla iş bitmir. İrəvan xanlığında yaşayan azərbaycanlıların əsrlər boyu yaratdığı bənzərsiz, gözəl mədəniyyət və memarlıq abidələri də tamamilə yerlə-yeksan edilmişdir. Ümumilikdə, 800-dən çox məhv edilmiş tikili: məscidlər, saraylar, karvansaralar, hamamlar və digər ictimai binalar təkcə müasir İrəvan şəhərinin tarixi mərkəzində yerləşirdi.

Hazırda Yerevana xaricdən gəlmiş insanlar şəhərin orta əsrlərə aid tarixi memarlıq mərkəzinin mövcud olmamasına təəccüb edirlər. Axı hər bir şəhərin, illah ki əgər söhbət paytaxtdan gedirsə, öz “vizit kartı” – tarixi mərkəzi olur və bu şəhər hakimiyyətin və sakinlərin xüsusi qürur və qayğı predmetinə çevrilir. Məsələn, tbilisililər üçün bu Narınqala, Meteh məbədi, bakılılar üçün isə İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı olduğu kimi. Yerevanda isə belə abidələr yoxdur. Buradan ortaya tamamilə qanunauyğun və kifayət qədər sadə suallar çıxır: Bəs öz şəhərlərinin çoxəsrlik tarixini iddia edən yerevanlılar nə ilə qürurlanırlar? Yerevanın yaşının guya qədim Romadan çox olduğunu söyləyən ermənilər nəyə əsaslanırlar? Əlbəttə buna aydın cavab verilmir. Bunun səbəbi var. Əvvəla, əsası XVI əsrdə qoyulmuş bu Azərbaycan şəhərində praktik olaraq orta əsr tikilisi qalmamışdır. Erməni millətçiləri ölkədə müsəlman sivilizasiyasının izlərini itirmək üçün onun tarixi memarlıq və mədəni irsini məhv etmişlər. Öz şərq təmtərağı ilə məşhur olan şəhər tanınmaz dərəcədə dəyişdirilmişdir. Bu dəhşətli proses bilərəkdən həyata keçirilmiş və tarixi özününküləşdirmək məqsədi güdmüşdür. İkincisi, bu gün Yerevanın ən əhəmiyyətli tarixi memarlıq tikilisi Göy məscid sayılır. Yeri gəlmişkən, o da ermənilər tərəfdən iki dəfə — 1918 və 1955-ci illərdə oda qalanmışdır. Hazırda onu fars məscidi kimi qələmə verməyə çalışırlar və indi məscidin ərazisində İran mədəniyyəti mərkəzi yerləşir…

Bu gün böyük təəssüf hissilə qeyd etməli oluruq ki, Yerevanın, daha dəqiq desək, İrəvanın nə vaxtsa öz memarlıq üslubuna malik olan və qeyri-adi koloriti ilə seçilən tarixi mərkəzi məzmunsuz, simasız olmuşdur. Erməni millətçiləri tərəfindən planlı və məqsədyönlü şəkildə vəhşicəsinə həyata keçirilən dağıntılar nəticəsində şəhərin əsas tarixi hissəsi əsrlər boyu vücuda gətirilmiş simasını itirmişdir.

2011-ci ildə İrəvan qalasının 500 yaşı tamam ola bilərdi. Bununla əlaqədar Bakıda 2011-ci ilin dekabrında Azer-Globe ictimai-siyasi tədqiqatlar institutu nəzdindəki Qafqaz tarixi mərkəzinin təşkil etdiyi konfrans olmuşdur. Orta əsrlər Azərbaycan memarlığının incilərindən olan bu qala əsrlər boyu görənləri valeh etmişdir. Lakin bu qədim memarlıq şedevri indi yalnız xatirələrdə, köhnə fotoşəkillərdə və arxiv sənədlərində hifz olunmuşdur, belə ki, Sovet Ermənistanı dövründə o tamamilə dağıdılmışdır. Ermənilər bu barədə susmağı üstün tuturlar.

Bununla belə, Ermənistan Bakıda İrəvan qalasının 500 illiyinə həsr olunmuş tədbirə dərhal reaksiya verdi. Ermənilər bu haqda eşidən kimi orta əsr İrəvan qalasının hara yoxa çıxmasını əsaslandırmağa çalışdılar. Lakin qalanın mərhələ-mərhələ vəhşicəsinə məhv edilməsi faktının dünya mətbuatında və ictimaiyyətində ikrah doğurduğunu anlayan Yerevanın hakimiyyət dairələri vəziyyətdən çıxmaq üçün adətləri üzrə fırıldağa əl atmalı oldular. 2012-ci ilin fevralında Yerevan meriyası guya şəhərin XIX əsrin sonları — XX əsrin əvvəllərinin memarlıq simasının yenidən yaradılmasını nəzərdə tutan “köhnə Yerevan” adı altında layihəyə başlanıldığını elan etdi. Lakin maraqlısı odur ki, düşünülmüş plana görə nəzərdə tutulub ki, paytaxtın müxtəlif guşələrindən salamat qalmış 100-150 illik tikilinin yeri dəyişilsin və məqsəd də guya o olub ki, tarixi mərkəzin bənzəri yaradılsın. Daha doğrusu, bir vaxtlar mövcud olan İrəvanın orta əsrlər mərkəzinin əvəzində XIX əsrin sonu — XX əsrin əvvəllərinin memarlığından saxta bir şey düzəldilməli idi. Amma sual doğur: əgər Yerevan dünyanın ən qədim şəhəri statusuna iddialıdırsa, onda bəs onun qədim memarlıq abidələri haradadır?

Bu layihənin planlaşdırıldığından xəbər tutan Azərbaycan bunun həyata keçirilməsində Ermənistan hökumətinə köməyini təklif etmişdir. Çünki məlum idi ki, indiki Ermənistan hakimiyyəti öz “köhnə Yerevan” uydurmasını ortaya atıb dünya ictimaiyyətini aldatmaq və öz vəhşiliklərinin izlərini ört-basdır etmək üçün növbəti cəhd edirlər. Müsəlman Azərbaycan memarlığına məxsus olmuş İrəvanın (indiki Yerevanın) əsl orta əsrlər simasından danışarkən Azərbaycan tərəfi qeyd etmişdir ki, onun ilkin görünüşünün yenidən yaradılması, ermənilərin az qala 8000 il burada yaşadığı və regionda yeganə etnos təşkil etdiyi iddiasında bulunan erməni ideologiyası postulatlarına daban-dabana ziddir. “Əgər Yerevanda həqiqətən şəhərin əvvəlki tarixi simasının bərpa edilməsini istəyirlərsə, biz erməni tərəfinə lütfkarcasına şəkil və çertyojları təqdim edə bilərik” (Fuad Axundov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası).

Lakin Yerevan meriyası bu təklifi mənasız “hesab etdi”. Onlar dedilər ki, “bizdə bütün zəruri layihələr, çertyojlar, sənədlər və fotoşəkillər var”. “Özünü Ermənistan paytaxtının bilicisi kimi göstərən və erməni tərəfində mövcud olmayan hansısa materiallara malik olduğunu düşünənlərin köməyinə ehtiyac yoxdur”.

Beləliklə, Ermənistan rəsmiləri Azərbaycanın köməyindən qəti şəkildə imtina etdiyi üçün bir vaxtlar Yerevanın tarixi mərkəzinin necə göründüyünü göstərmək məqsədilə tarixi fotoşəkilllərlə dolu kitab-albom nəşr etmək qərarına gəldik (Fuad Axundov). Rus fotoqrafiyasının pioneri Dmitriy İvanoviç Yermakovun çəkdiyi bu fotoşəkillər müasir Yerevanın baş planı yaradıcılarının əsl niyyətlərini əyani surətdə göstərir. Bu nadir şəkillərə baxdıqca xəyal bizi həmin illərə aparır, o vaxtkı hadisələr bir-bir gözlərimiz önündə canlanır. Bir sözlə, bu fotoşəkillər hər şeyi özləri nəql edirlər.

Ermənilər tərəfindən Azərbaycan xalqının təkrarsız maddi irsinin məhv edilməsi siyasəti davamlı surətdə həyata keçirilir, İrəvan qalasındakı ecazkar tikililər — saraylar, məscidlər, bazarlar, karvansaralar, hamamlar və s. orta əsr tikililəri süni şəkildə yararsız hala salınır və dağıdılırdı. İrəvanda məhv edilmiş bu abidələrdən hər biri, bu gün, yubadılmadan YUNESKO-nun Ümumdünya mədəni irsi siyahısına düşərdi. Qalanın acınacaqlı vəziyyəti XX əsrin əvvəllərində imperator Moskva arxeoloji cəmiyyətilə İrəvanın quberniya rəsmiləri arasında qızğın yazışma predmeti olmuşdur. İmperator arxeoloji komissiyasının restavrasiya iclaslarında iki dəfə — 1910-cu ilin 6 oktyabrında və 1912-ci ilin 17 mayında — İrəvan qalasının Sərdar sarayı məsələsi müzakirə edilmişdir. Keçirilmiş müzakirələr nəticəsində İmperator arxeoloji komissiyası qərar vermişdir: 1) Saraya texniki baxış aktlaşdırılsın; 2) N.Marrdan saraya yerində baxmaq xahiş edilsin.

İmperator arxeoloji komissiyasının tapşırığı ilə saraya baxış keçirən akademik N.Marr bu haqda hesabat tərtib etmişdir. Hesabatı soyuqqanlılıqla oxumaq mümkün deyil, hər bir təfərrüat ürək sıxır. Akademikin dediyinə görə zaman və zəlzələ, əlbəttə, Sərdar sarayına öz təsirini göstərmişdir, lakin bu iki faktorun yetirdiyi zədələr ona görə böyükdür ki, son iki onillikdə keçmişin bu gözəl abidəsinə heç bir diqqət verilməmişdir. O qeyd edir ki, əksinə proses gedir, yəni sarayın tezliklə məhv olunmasında maraqlılıq göz qabağındadır və o, insan əliylə məhv olur.

Akademik N.Marr İrəvanın və Qacar imperiyasının hökmdarlarını, eləcə də qədim dastan qəhrəmanlarını təcəssüm etdirən güzgülü zalın yeddi unikal portretlərinin acınacaqlı aqibətindən danışarkən qeyd edir ki, onlar divar oyuqlarından çıxarılmayaraq elə qaşınıb-qopardılıb ki, kənarlarında parçalar qalıb. Sonra o yazır ki, güzgülü hissələr, o cümlədən tavanın karnizinin işləmələri eynən güzgülü tağtavan kimi daşa tutulub elə sındırılmışdır ki, şüşə qırıqlarının əlindən döşəməyə ayaq basmaq olmur. Zalın iki yan otağını ayaqyoluya çeviriblər. Baxmayaraq ki, məhz bu iki otaqların birində 1837-ci ildə I Nikolay gecələmiş və öz əliylə bunu divarda qeyd etmişdir. Sonra alim gördüyünə şahidlik edərək deyir ki, güzgülü zalın şüşəli hörgüsünün bir hissəsi dağıdılmış, həmçinin açıq boz plitələr, cilalanmış mərmərdən fontan da vəhşicəsinə vurulub sındırılmış və saraydan iki pəhləvan (bahadır, qəhrəman) portreti oğurlanmışdır.

Müəllif bir vaxtlar daxili divarları Molla Nəsrəddin lətifələri səhnələrinin yağlı boya ilə çəkilmiş şəkillərlə bəzədilmiş Yay pavilyonunun vəziyyətini ürəkağrısı ilə təsvir edir. O xatırladır ki, 1892-ci ildə keçmişin bu çox nadir abidəsini İrəvanın müdirliyi partlatmağı lazım bilmişdir, özü də bu vəhşilik işəgötürmə ilə edilmişdir. Akademik N.Marr tərəfindən peyğəmbərcəsinə deyilənlər —”görünür, biz yerli qədimliklərin sistemli şəkildə dağıdılması ilə qarşı-qarşıyayıq. Bu dağıdıcı fəaliyyət tədricən sonda nisbətən az nəzərəçarpan, lakin elm üçün əvvəlkilərdən az maraq kəsb etməyən qədimliklərin izini itirir” — təbii ki, Azərbaycan tarixi abidələrinə aiddir.

Akademik N.Marr İrəvan qalasındakı digər tikililərin vəziyyətini təsvir edərək öz çıxışını bu sözlərlə bitirir: “Bütün bu abidələr çox gözəl qoruna bilərdi. İndi qalanları saxlamaq olar və saxlamaq lazımdır: arxeologiyada dağıntılar da böyük əhəmiyyətə malikdir, amma bəlkə tamamilə dağıdılmanın qarşısını almağa vəsait tapıla. Hər şeydən əvvəl mühafizə lazımdır: çəpər (bir hissəsi darvazalarla mövcuddur), qaravolçu, qarət və zibilləmənin qarşısının alınması. Sadalanan abidələrin sırf elmi əhəmiyyəti ilə yanaşı, bundan az vacib olmayan digər, dövlət nöqteyi-nəzərindən zəruriliyi də unudulmamalıdır. Qərb sivilizasiyası ölkəsi kimi Rusiyanın prestiji onu tələb edir ki, onun adıyla Şərq ucqarında mədəniyyət sahəsində şərəfli bir şey yaratmaq mümkün deyilsə, heç olmasa o, dağıdıcı kimi bədnam edilməsin. Bu cür vicdan tələbi əksəri müsəlman əhalisindən ibarət olan məntəqələrdə (yəni İrəvan şəhərində — N.Marr) abidələrin axtarılıb tapılmasıyla yalnız gücləndirilir, özü də İran və Türkiyə ilə yaxın qonşuluqda olduğumuz üçün. Xüsusən Sərdar sarayına qayğılı münasibəti rus imperatorunun (yəni I Nikolayın) və rus yazıçısının (yəni A.S.Qriboyedovun) xatirəsi diktə edir. Yeri gəlmişkən, deyilənə görə Sərdar sarayında “Ağıldan bəla” komediyasının ilk tamaşalarından biri göstərilmişdir”.

Rusiya imperatoru II Nikolayın İrəvan şəhərinin fotoşəkilləri ilə şəxsən tanış olmasına, onun gözəlliyinə heyranlığına və onun bərpasına göstəriş verməsinə baxmayaraq, bu istiqamətdə heç bir iş yerinə yetirilməmişdir.

Beləliklə, İrəvan rəsmilərinin cinayətkar münasibəti İrəvan qalası tikililərinin bir hissəsinin dağıdılmasına, müxtəlif nadir freskaların, rəsmlərin və Xan sarayı əmlakının oğurlanmasına gətirib çıxarmışdır.

Artıq sonra bir-birini əvəz edən tarixi hadisələr sırası nəticədə orta əsrlər Azərbaycan mədəni mirasının tamamilə məhv edilməsini və bütün azərbaycanlı əhalinin Ermənistandan total surətdə qovulmasını şərtləndirmişdir.

Qanlı etnik təmizləmələr sayəsində hələ İrəvanda əhalinin 70 faizini təşkil edən azərbaycanlılar 1918-ci ildə artıq 20 faizə düşmüşlər (indiki Ermənistanda bu rəqəm sıfırdır), Azərbaycan toponimləri və hidronimlərinin sayı 2 mindən 60-a enmiş (hazırda bu göstərici də sıfıra yaxındır), Azərbaycanın min tarixi binasından isə ikisi-üçü salamat qalmışdır.

İrəvan şəhərinin tarixi hissəsinin bənzərsiz memarlıq abidələrilə yoxa çıxması Ermənistan üçün həmişə cavabı müşkül, başağrılı məsələ olmuşdur. Yeri gəlmişkən istənilən fırıldaqdan çəkinməyən erməni tərəfi tarixə əl gəzdirərək və aşkar faktları danaraq hamıya absurd versiya sırımağa çalışır ki, guya Yerevanın orta əsrlər mərkəzi ruslar tərəfindən məhv edilmişdir. Bu mənasız iddia cəfəngiyatdır. Əvvəla, tarixi sənədlərdən göründüyü kimi, qala rus-İran müharibəsi zamanı cüzi zədələr alsa da salamat qalmış, lakin ermənilər tərəfindən qarət edilmişdir. Yerevan Müəllimlər Seminariyasının müəllimi K.Şulginin məktubu bunu aydın göstərir: “…Sərdar sarayı onların qarətindən böyük xətər görmüşdür: hansısa Asatur deyilən meyxanaçı arağı qarət edilmiş daş-qaşa dəyişərək elə varlandı ki, nəvə-nəticəsinə sanballı var-dövlət qoyub getdi”. Rus ordusu qalanı dağıtmamışdır. Xanlıq ləğv edildikdən, erməni vilayəti, ardınca isə İrəvan quberniyası yaradıldıqdan sonra belə qala şəhərin qəlbi olaraq qalırdı. Nəinki məşhur tarixçilər, arxeoloqlar, memarlar, hətta rus imperatorları — I Nikolay və II Nikolay öz səslərini onun müdafiəsi üçün qaldırmışlar. Lakin gəlmə, köçürülmə ermənilərin İrəvandan Azərbaycan izlərini qazıb-süpürmək məqsədilə etdikləri vəhşiliklərin qarşısını heç nə almamışdır.

Z.Korkodyanın 1932-ci ildə nəşr edilmiş “Sovet Ermənistanının əhalisi” kitabında aşkar surətdə yazılıb ki, XIX və XX əsrdə qeydə alınmış 2310 yaşayış məntəqəsindəki 2000-ə yaxın toponim türk mənşəlidir.

Yerevanda və Ermənistanda ermənilərin Azərbaycanın orta əsrlər mirasının məhvinə yönəlmiş 100 illik barbarlıq planı belə nəticələnmişdir.

Şübhəsiz İrəvan-Yerevan bu iyrənc planın yeganə qurbanı deyil, lakin o, həyata keçirilən eksperimentin müvəffəqiyyətlə reallaşdığı və sonralar bu qondarma respublikanın bütün ərazisinə yayıldığı birinci şəhərdir.

Ruscadan tərcümə edəni:

Ülfət KÜRÇAYLI.

“Tamanyan başqa vektorun da – şəhərin köhnə maddi substansiyasının amansızcasına məhvinin – təməlini qoyub. Bütün planlaşdırma ədəb-ərkanı ilə yanaşı, demək olar ki, bütün tikinti 1924-cü ilin planı üzrə – təzə, müntəzəm, kvartal normayladır”.

***

“Bu gün görünür ki, Tamanyan təzə Yerevan kəşf edərkən, köhnəsinə münasibətdə, onun bütün ənənəvi əlamət və nişanələrinin, stereotip və işarələrinin ləğv edilməsini nəzərdə tutan köhnələri məhv etmək strategiyası çərçivəsində hərəkət edirmiş”.

* * *

“A.Tamanyana görə, baş plan “köhnə şəhərin saxlanmasını nəzərdə tutmurdu” (yəni, onun dağıdılmasını nəzərdə tuturdu. – F.A.).

***

“Bircə nəticə çıxır: erməni rəsmiləri Yerevanın mərkəzinin qədim simasının qorunub saxlanmasında heç vaxt maraqlı olmayıblar”.

***

“Yerevanda köhnə şəhər, onun klassik anlamında, bu gün artıq yoxdur”.

A.İvanov, 2012-ci il.

“2006-cı ildə Ermənistan hökuməti inzibati bölgü haqqında qanunda dəyişiklik etdi. M.Vardanyanın xəbər verdiyi kimi, bununla əlaqədar “daha 52 adın, onların “qulağa xoş gəlməməsi” və “xarici” tərkibli olması səbəbindən dəyişdirilməsi gözlənilir”.

“Xəritədə 40 minə yaxın coğrafi ad qeyd edilmişdir, bunların 8-10 minə yaxını xarici coğrafi addır və onlar erməni sözləri ilə dəyişdiriləcəkdir”.

M.Vardanyan, 2006-cı il.

“Əvvəllər Ermənistan ərazisində mövcud olmuş Yerevan, Eçmiədzin, Yeni Bəyazid, Aleksandropolsk, Zəngəzur, Dilican, Pəmbək qəzalarındakı 2310 yaşayış məntəqəsindən 2000-i Azərbaycan türklərinə məxsus idi”.

Z.Korkodyan.

 

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın