Bazar ertəsi , Mart 8 2021
azfa

İran adlanan ölkədə baş verənlərdən ermənilər niyə narahatdır?

GADTB: İranda baş verənlərə indidən birmənalı qiymət vermək çətindir. İranda etirazların əsasında yumurtanın bahalaşmasının durmadığı aydın məsələdir. Yumurtaya görə Xameneyinin, Ruhaninin, Xomeyninin portretləri cırılmaz, 20 adam ölməz. Bu, hələlik rejimə qarşı iğtişaş formasında olan etirazlardır.  Burda rejimin rəsmi müxalifəti yoxdur. Müxalifət uzaqbaşı Əhmədinejatdır ki, o da Ruhaninin islahatlarını qəbul etmir, daha çox edam, daha çox qadağalar tərəfdarı olan şəxsdir, islam bayrağı altında terrora  rəvac verən, mövhumata yaxın olduğundan indiki etiraz dalğasında onun tərəfdarları  iştirak etmirlər.

İnsanlar şəriət dövlətini istəmir. İran vətəndaşlarının yaxın xaricə, o cümlədən Azərbaycana gəlişində bir məqsədi var. Getdikləri ölkələrdə, xüsusilə Türkiyədə daha rahat, basqı olmadan, ürəkləri istədiyi kimi əylənə bilsinlər. Bu şərait İranda yoxdur. İran qadağalar ölkəsidir – həm şəriət qaydalarına görə, həm də rejim əleyhinə ola biləcək hər bir hərəkətə görə sərt cəzalar var. Azadlıq yoxdur bu ölkədə. Ruhani təsadüfən demir ki, iranlılar daha çox azadlıq istəyir.

Lideri olmayan bir toplum etirazlarını davam etdirir, bəlkə də təşkilatlanma bu gündən sonra baş verəcək. İran bizim qonşumuzdur. Orda baş verənlərə biganə qala bilmərik, üstəgəl etirazların indiki mərhələsində baş verənlər bizə dolayısı təsir edirsə, inkişaf edib tam rejim əleyhinə olan bir inqilaba çevrilərsə birbaşa təsir edəcək. Necə təsiri? Burda bir neçə məqamı qeyd etmək lazımdır:

İran heç zaman Azərbaycanın müstəqilliyini həzm edə bilməyib, Azərbaycanı hələ də özünün bir hissəsi sayır, bizə yuxarıdan aşağı baxır, dost deyil. Düşmənimiz Ermənistanın ən yaxın, həyati vacib problemlərini həll edən bir dövlətdir. İran öz şəriət dövlət quruluşunu bütün islam ölkələrinə, daha çox biz qonşusuna tətbiq etmək istəyən, bizi dünyəvi dövlət quruluşundan ayırmağa can atan, bu yolda təxribat törədən bir dövlətdir. İran bizə mane olan dövlətdir. İsraildə səfirlik açmamızı istəmir və bu günədək şantajla bizi, Naxçıvan bölgəsini təzyiq altında saxlayır.

Deməli, İrandakı şəriət dövlət quruluşunun dağılması bizim ölkənin dünyəvi dövlət quruluşunun dəyişdirilib şəriət dövləti qurulması yolunda aparılan cəhdlərin qarşısını almış olur, bu təhlükəni aradan qaldırır.  İran rejiminin dağılması bu mənada bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu təhlükənin ciddiliyi isə bu gün də hələ öz aktuallığını saxlayır, zəifləmə prosesi getsə də.

İran Türkiyədən sonra ən çox türklərin yaşadığı bir ölkədir. 30 milyona yaxın Azərbaycan türkünün hüquqlarının tapdalandığı bir ölkədir. Güneyli soydaşlarımızın bu etirazlarda haqlarını tələb edib, mədəni mənəvi muxtariyyətə sahib olmaq imkanları var. Sadəlövhlük kimi dəyərləndirməyə, dünyanın indiki gedişatında gündəmdə olmayan bir məsələ olmadığını deməyə tələsməyin. Bəs inqilab nəyə deyilir? İnqilab elə mümkün olanı yox, olmayanı həyata keçirmək davasıdır. Bu seçki deyil, bu referendum deyil, bu satqın beynəlxalq müşahidəçilərin rəyinə hesablanmayan bir hadisə olmalıdır. Olmayacaqsa, bu dəfə olmayacaq, sabah, o birisi gün olacaq. Yetər ki, buna istək və yanğı olsun. Bu mənada İrandakı indiki çalxalanma bizim xeyrimizədir. Bəli, sabah güneylə quzey birləşəcək xülyasından uzağıq. Nə proses ona yaxın mərhələdədir, (ümumiyyətlə heç bir mərhələdə deyil) nə də buna icazə verən dünya var. Dünya güneyin müstəqilliyini istər ki, nəinki onun quzeylə birləşməyini.

Düzdür, hətta sabahkı demokratik fars Azərbaycan türkünün haqlarını qəbul etməz, etmir, öz xoşu ilə də etməyəcək. Onları buna məcbur etmək üçün indiki iğtişaşlardan yararlanmaq bir şansdır. Sabah inqilab olanda da azadlığın sərhədlərini genişləndirmək istiqamətində daha əzmlə mübarizə etmək, xaricdən dəstək almağın yollarına baş vurmaq lazımdır. Indi 1945-ci il deyil, perspektiv dünya imperiyaların tamam məhvi, diktaturaların çökməsi, şəriət dövlət quruluşlarının dağılması ilə müşayət olunacaq.

İrandakı hadisələrin bizə xeyirli tərəfləri çoxdur, sadəcə olaraq baş verənlərin hansı istiqamət alacağı, hansı nəticələrə gətirib çıxaracağı haqqında birmənalı söz demək mümkün olmadığından indidən çox qabağa gedən mülahizələri söyləmək də düz olmaz. Yaşayıb görəcəyik.

İranda baş verənlərdən ən çox narahat olan ermənilərdir. Bunu bütün erməni mətbuatı yazır, bütün erməni politoloqlar həyəcanla hadisələri izlədiklərini söyləyirlər. Hətta Sarkisyana müxalif olan populyar “Armenian report” saytı görün nə yazır:

”Bir şey aydındır ki, İrandakı sabitlik Ermənistan üçün hədsiz vacibdir. İran Ermənistanın adi qonşusu deyil, iqtisadi, hərbi-siyasi məsələlərdə, o cümlədən Artsax problemində vacib tərəfdaşıdır.  İranda sabitlik və proqnozlaşmış situasiya Ermənistan üçün hədsiz vacibdir.  İranın Qafqazda iştirakının effektivliyi və həyati önəmliyi bundan asılıdır və bu Ermənistanın maraqlarına, təhlükəsizliyinə cavab verir”

Erməni saytı davam edir: “Əlamətdar hadisədir ki, bir neçə həftə əvvəl İran mətbuatında Artsaxın xarici işlər nazirinin müsahibəsi geniş işıqlandırılıb. İran tərəfi faktiki olaraq Artsaxa imkan verib ki, öz proqram yanaşmalarını, planlarını bəyan edə bilsin, bu da özünəməxsus şəkildə Artsaxın bir subyekt olduğunu tanımaq deməkdir, Artsax-İran sərhəddini qəbul etmək deməkdir”.

Erməni mətbuatı düz yazır. İran Ermənistanın dostu, hərbi-siyasi-iqtisadi tərəfdaşıdır. İran qondarma Artsaxı dəstəkləyən bir dövlətdir. Erməni diasporasından çox İran Ermənistana, Dağlıq Qarabağ separatçılarına yardım edən bir dövlətdir. İran bizə düşmən münasibət bəsləyən dövlətdir. İrandakı hadisələri sevinclə qarşılayan vətəndaşlarımıza sosial şəbəkələrdə təpki göstərən, “Azərbaycana sabit İran lazımdır” deyənlərin fikri ilə ermənilərin yazdıqları üst-üstə düşür. Erməni bu sabitliyin vacibliyini əsaslandırır. Bəs bizimkilərin əsası nədən ibarətdir?

Moderator.az-ın Analitik qrupu

Həmçinin yoxlayın

Türkiyəyə qarşı minlərlə terrorçu hazırlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraq Türkmən Cəbhəsi İdarə Heyətinin üzvü Hicran Kazancı …

Azərbaycanlı siyasi məhbus Rza Vasiqi məzuniyyətə buraxılı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Ərdəbil zindanında həbsdə saxladığı azərbaycanlı …

Bir cavab yazın