Cümə , Fevral 3 2023
azfa

İran rejiminin Təbriz qorxusu: “Tehran Güney Azərbaycanla elan olunmamış savaş aparır”

GADTB: İrandakı etiraz aksiyaları artıq 3 aydır ki, davam edir. Vətəndaşlar artıq molla rejiminin məhdudiyyətlərindən təngə gəlib.

Məhsa Əmininin “əxlaq polisi” tərəfindən öldürülməsi etiraz aksiyalarına rəvac verib. Beləliklə, xanımların başlatdığı etiraz bütün ölkəni bürüyüb.

Cənubi Azərbaycandakı soydaşlarımızın ayağa qalxması ilə birlikdə isə İran adlanan ölkəyə ciddi təzyiqlər başlayıb. İllərdir haqları tapdalanan, öz ana dilində təhsil almaq imkanından belə məhrum olunan və ölkəsindən ayrı düşmüş soydaşlarımız etiraza başlayıb. Bu etiraz aksiyaları o qədər böyük olub ki, Tehran rejiminin kabusuna çevrilib. Molla rejimi Azərbaycanın şimalının cənubuna dəstək olması fonunda skandal addımlar atıb. Buna görə də Cənubi Azərbaycan şəhərlərinə SEPAH qüvvələri yeridilib və hətta Təbrizdəki məktəbləri hərbi hissələrə çevirib. Bununla da kifayətlənməyən İran rejimi Cənubi Azərbaycanda əsl üzünü göstərərək, küçələri döyüş meydanına çevirib. Artıq aylardır ki, güneyli soydaşlarımız təzyiqlərə məruz qalır, həbsə atılır və hətta edam olunur. Görünən odur ki, İran rejimi Cənubi Azərbaycandakı azadlıq hərəkatından çox qorxur.

“Güney Azərbaycan Demokratik Türk Birliyi” (GADTB) təşkilatının sədri Əjdər Tağızadə Cebhe.info-ya açıqlamasında bildirib ki, bu rejim 44 il öncə hakimiyyətə gələn kimi Cənubi Azərbaycana qoşun yeridib:

“Həmçinin, Təbrizdə dar ağaclarını yenidən bərpa etdilər. Seyid Ruhullah Xomeyni və Seyid Məhəmməd Kazım Şəriətmədari arasında Cənubi Azərbaycan məsələsində çəkişmələr var idi. Lakin Xomeyni Cənubi Azərbaycana qoşun yeritdi və o zaman Təbrizdə 21 nəfəri edam etdirdi. Sonra da təzyiqlər davam etdi və Təbrizdə böyük cinayətlərə əl atdılar. Son illərdə isə Cənubi Azərbaycanın müstəqilliyi uğrunda güclü milli hərəkat formalaşıb.

Azadlıq, demokratiya və müstəqillik uğrunda yüzmilərlə azərbaycanlının sayəsində bu hərəkat yaranıb. Çox sayda xanımlarımız və bəylərimiz uzunmüddətli həbsə atılıblar. Üstəlik, İran adlanan yerin o ağır zindanlarına- Kərəcə, Tehrana və başqa yerlərə sürgünə də göndəriliblər. Ona görə də Tehran rejimi Cənubi Azərbaycanla elan olunmamış bir savaş aparır”.

Sədr vurğulayıb ki, molla rejimi Cənubi Azərbaycandan çox qorxur:

“Həm Seyid Ruhullah Xomeyni, həm də Seyid Əli Xameneyi bunu etiraf edib. Hətta Xameneyi deyib ki, əgər biz ermənilərə kömək etməsək, onda gərək Təbrizdə savaşaq. Yəni bu məsələnin ağırlığını bilirdilər. Buna görə də hər zaman Təbrizdə, Urmiyədə və Ərdəbildə komendant saatı tətbiq olunur. Cənubi Azərbaycan ikiqat təzyiq altındadır. Bu gün molla rejimi oradakı hərəkatın necə güclü olduğunu çox gözəl başa düşür. Hərəkat da özünü qoruyur və hansı zaman təşəbüssü ələ almaq lazım olduğunu bilir. Artıq 12 həftədir davam edən aksiyalar İranın hər yerini bürüyüb. Son günlər 80 şəhərdə rejim əleyhinə şüarlar səsləndirilir və etirazlar keçirilir. Bununla da molla rejiminə mesaj verilir ki, bu, təkcə xanımların istəyi ilə bitməyəcək və başqa istəklər də var”.

Əjdər Tağızadə qeyd edib ki, rejim hadisələrin sonda millətlərin taleyi məsələsinə gəlib çıxacağını bilir:

“Azərbaycan da bu məsələyə qarışanda İran adlanan yer parçalanmağa doğru gedəcək. Onlar, bu xaosdan da qorxurlar və ona doğru gedirlər. Bu səbəbdən də Cənubi Azərbaycanı hər formada təzyiq altında saxlayırlar. Minlərlə soydaşımızı həbs edirlər, işgəncə verirlər  və hətta öldürürlər. Molla rejimi qorxur ki, Cənubi Azərbaycanda bu məsələ baş qaldıranda, İrandakı digər millətlər də bu prosesi gücləndirəcəklər. Lakin bu, hələ başlanğıcdır. Azərbaycanlılar rejimin zəifləməsini gözləyirlər və ondan sonra çox işlər baş verəcək”.

Elmir Mustafa

Cebhe.info

Həmçinin yoxlayın

Molla rejimi Təbrizdəki Azərbaycan konsulluğunu da hədəf alıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun bağlanması çağırışı edilib. …

İran Azərbaycana Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım edilməsinə imkan vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan dövləti Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım …