GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində İran İslam Respublikası ilə separatçı “Donetsk Xalq Respublikası” (DXR) arasında əməkdaşlığa dair saziş imzalanıb.
Bu barədə “DXR” “prezidenti” Denis Puşilin özünün Teleqram kanalında məlumat verib. Onun bildirdiyinə görə, saziş “DXR” Ticarət-Sənaye Palatası ilə İranın “Fərnuş Treydinq” Ticarət Evi arasında imzalanıb. “Bu gün DXR-in yeni tərəfdaşı meydana gəldi” – deyə, Puşilin vurğulayıb.
“Sputnik”in fars redaksiyasının verdiyi məlumata görə, sazişə əsasən, İran tərəfi “DXR”-ə tikinti materialları və meyvə-tərəvəz göndərəcək, separatçı qurum isə İrana metal və çuqun, gübrə, polad, daş kömür maşınqayırması məhsulları və tunel tikintisi kompleksləri tədarük edəcək. Saziş sayəsində “DXR”-də infrastrukturun bərpası və ərzaq təminatının yaxşılaşacağı bildirilir.
Göründüyü kimi, Rusiya-Ukrayna müharibəsində guya bitərəf olduğunu iddia edən İran hakimiyyəti əslində Rusiyanın dəstəklədiyi separatçı qurumla rəsmi əməkdaşlıq yolunu tutub. Tanış mənzərədir: Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğu illərdə də İran qondarma “Dağlıq Qarabağ Respublikası” (DQR) ilə ticarət-iqtisadi əlaqələr qurmuş və separatçı quruma hərtərəfli dəstək vermişdi. Hətta 44 günlük müharibədən sonra da İran maşınları Qarabağda ermənilərin yaşadığı və Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə müxtəlif yüklər, o cümlədən tikinti materialları daşıyırdı. Yalnız Azərbaycanın kəskin etirazından və müvafiq addımlarından sonra İran erməni separatçıları ilə işbirliyini dayandırdı.
İndi İran eyni davranışı Ukrayna ərazisində təkrarlayır. Belə olan halda İran rəhbərliyinin ölkələrin ərazi bütövlüyünə hörmət etməsi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişməzliyinə tərəfdar olması barədə bəyanatlarına inanmaq olarmı?!