Çərşənbə , Aprel 24 2024
azfa

Mikayıl Oyta: Hər bir azərbaycanlının əsas vəzifəsi Azərbaycan dövlətinə sədaqətlə xidmət etməkdir

GADTB: Avstraliyanın Sidney şəhərində yaşayan, Azərbaycan həqiqətlərini bu uzaq ölkədə yorulmadan təşviq edən Mikayıl Oytanın adını AZƏRTAC-ın region ölkələri üzrə xüsusi müxbiri təyin edilməmişdən əvvəl də çox eşitmişdim. Agentliyin ictimai-siyasi xəbərlər redaksiyasının buraxılış redaktoru olaraq, Avstraliyadakı diasporumuzun fəaliyyəti ilə bağlı həm birbaşa mənbələrdə, həm də Diasporla İş üzrə Dövlət Komitəsinin agentliyə göndərdiyi mətbuat açıqlamalarında onun adı ilə tez-tez qarşılaşırdım. Sidney şəhərində təsis etdiyi Avstraliya Azərbaycanlıları Assosiasiyasının (AAA) fəaliyyəti barədə də kifayət qədər məlumatlı idim. Xüsusən onun rəhbərlik etdiyi təşkilatın müraciətinə cavab olaraq, həmin vaxt Avstraliyanın xarici işlər naziri olan xanım Culiya Bişopun federal parlamentdə səsləndirdiyi bəyanat xüsusilə diqqətimi cəlb etmişdi. Həmin bəyanatda Avstraliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi və Ermənistanın BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə müvafiq olaraq işğal etdiyi ərazilərdən qoşunlarını dərhal və qeyd-şərtsiz çıxarması barədə mövqeyi əksini tapmışdı.

2011-ci ilin yanvarında AZƏRTAC-ın region ölkələri üzrə xüsusi müxbiri təyin edildikdən sonra M.Oyta ilə təmaslarımız daha da artdı. 2016-cı ilin iyununda Respublika Günü ilə əlaqədar Kanberrada təşkil edilən rəsmi qəbulda iştirak üçün Avstraliyaya səfər zamanı isə onunla şəxsən tanış olduq. Həmin vaxt əvvəlcə rəsmi qəbulda, sonra isə həyat yoldaşı Sima xanımla birlikdə məni yola salmaq üçün Sidney beynəlxalq hava limanına gələrək suallarımı cavablandırmağa razılıq vermiş, Dünya Azərbaycanlılarının IV qurultayının nəticələri ilə bağlı fikirlərini səsləndirmişdi.

Bu dəfə isə görüşümüz cari ilin oktyabrında, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Avstraliyaya ilk səfəri ilə əlaqədar baş tutdu. Demək olar ki, nümayəndə heyətinin bir həftə davam edən bütün görüşlərində qonaqları müşayiət edən Mikayıl Oyta ilə onun özü haqqında da ətraflı söhbət etmək imkanı qazandım. Nümayəndə heyətinin iş qrafiki çox gərgin olduğuna görə, onunla müsahibəmiz lap sonda, heyət Avstraliyanı tərk etdikdən sonra, gecə saatlarında Sidneyin nəhəng “Hyde park”ında baş tutdu. Həyatı və geniş ictimai-siyasi fəaliyyəti ilə bağlı suallarımı böyük səmimiliklə cavablandırdı. Bildirdi ki, Cənubi Azərbaycanın paytaxtı Təbriz şəhərində 1962-ci il avqustun 11-də aslan bürcündə anadan olub. Ata-babaları bu qədim Azərbaycan şəhərində yaşayıblar. Təbrizin ölkənin ictimai-siyasi və inqilabi hərəkat tarixində xüsusi rolunu qeyd edən Mikayıl Oyta bu mühitin onun dünyagörüşünün formalaşmasında, azad ruhlu, demokratik bir insan kimi yetişməsində xüsusi rol oynadığını qeyd etdi. 1978-ci ildə ölkədə Şah rejiminə qarşı inqilab baş verərkən cəmi 15 yaşında olmasına baxmayaraq, bu hərəkatda yaxından iştirak etdiyini, onun ölkədə insan azadlığına və demokratik dəyərlərə yol açacağına inandığını dedi. Həmin vaxt SAVAK adlandırılan gizli polis tərəfindən həbs edildiyini, ağır işgəncələrə məruz qaldığını xatırladı. Bir neçə həbsxana dəyişdikdən sonra hərbi tribunala çıxarıldığını, Şaha qarşı qiyamın başçılarından biri kimi zindana salındığını, burada iki ay saxlandıqdan sonra ona qarşı heç bir əsaslı ittiham olmadığına görə azadlığa buraxıldığını söylədi. Qeyd etdi ki, həbsxanada olarkən çəkdiyi işgəncələrə baxmayaraq, Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının tarixində mühüm rol oynayan, Səttar xan və Bağır xan kimi mücahidləri, Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Milli hökuməti ərsəyə gətirən Təbrizdə davam edən inqilabi hərəkatdan kənarda qala bilmir. Əksinə daha fəal şəkildə bu mübarizəyə qoşulur. Universitet tələbəsi olan əmi və bibi oğulları ilə birlikdə azadlıq hərəkatında fəal iştirak edir. İğtişaşlar zamanı hər iki ayağından yaralanır. Xəstəxanadan çıxdıqda isə Şahın ölkəni tərk etdiyini, xarici imperialist dövlətlərin dəstəyi ilə Ayətullah Xomeyninin rəhbərlik etdiyi din xadimlərinin hakimiyyətə yiyələndiyini öyrənir. Bildirdi ki, din xadimlərinin hakimiyyətə gətirilməsində məqsəd avam xalqı idarə etməyin daha asan yolu kimi düşünülmüşdü. 1923-cü ildə Qacarların hakimiyyətdən uzaqlaşdırılması və Pəhləvinin hakimiyyətə gətirilməsi ilə regionda Səlcuqlardan başlanan türk hakimiyyətinə, dövlətçiliyinə son qoyan imperialist qüvvələrin məqsədi farsların hakimiyyətini formalaşdırmaq idi. XIX əsrin əvvəllərində baş vermiş Rusiya-İran müharibələri nəticəsində Azərbaycanın ikiyə parçalandığını xatırladan Mikayıl Oyta bu dəfə isə Cənubi Azərbaycanın molla rejiminin təsiri altına düşdüyünü bildirdi. Qeyd etdi ki, Şah rejimindən qurtularaq molla rejiminin hakimiyyəti altına düşən azadlıq mücahidləri, o cümlədən M.Oyta və tərəfdaşları mübarizəni davam etdirmək qərarına gəlirlər. Lakin yeni rejim onlara qarşı sərt tədbirlər tətbiq edir, bir çoxları həbs olunaraq yenidən zindanlara atılır, işgəncələrə məruz qoyulur. 1981-ci ildə İran-İraq müharibəsi baş verən zaman da Mikayıl Oyta tərəfdaşları ilə birlikdə bu müharibəyə qarşı çıxır.

Azadlıq uğrunda mübarizədə heç zaman silahdan istifadə etmədiklərini, yalnız siyasi yolla mübarizə apardıqlarını qeyd edən müsahibim həmin müharibənin milli yox, Xomeyni ilə Səddam arasında şəxsi xarakter daşıdığını bildirərək, tərəfdarları ilə gənclərin ölümə göndərilməsinə qarşı çıxır. Həmin vaxt İran hökuməti müharibəyə qarşı çıxanları İraq casusu kimi təqdim edərək həbsxanalara salır, məhv edirdi. Bu fəaliyyətin nəticəsi olaraq onu 1982-ci ilin sonlarında yenidən həbs edirlər, işgəncə zamanı ayağı sındırılır. Heç bir əsas olmamasına baxmayaraq, məhkəmənin hökmü ilə ona iki il həbs cəzası kəsilir. Həbsdə olduğu müddətdə şiddətli işgəncələrə məruz qalır. İki il yarım ərzində həbsxanada saxlandıqdan sonra azadlığa buraxılır.

Həbsxanadan çıxdıqdan sonra diqqəti yayındırmaq məqsədilə gizli fəaliyyətdən yaxşı tanıdığı Sima xanımla ailə həyatı qurur. Bu zaman molla rejiminin ailəli insanların siyasi mübarizəyə meyilli olmamaları barədə cəmiyyətdə formalaşdırmağa çalışdığı fikrini əsas götürür. Lakin buna baxmayaraq, toydan cəmi iki ay sonra hər ikisi həbs edilərək, olmazın işgəncələrə məruz qoyulur. Bu dəfə işgəncələr əvvəlkilərdən qat-qat şiddətli olur, doqquz ay davam edən zülmdən sonra zindana salınırlar. Məhkəmə iclası zamanı heç bir sübut təqdim etməyən SEPAH-ın iddiası hakim tərəfindən rədd olunsa da, hər ikisinə növbəti həbsdən sonra onları ölüm hökmünün gözləməsi barədə qəti xəbərdarlıq edilir.

Həbsdən azad edilən Mikayıl Oyta dayısının köməyi ilə öz şirkətini yaradır və banklar tərəfindən elan edilən tenderlərə qatılaraq öz tikinti biznesini inkişaf etdirir. Lakin bu çox uzun çəkmir. Belə ki, səkkiz ay sonra küçə ilə gedərkən həbs edilir. Həmin ərəfədə mübarizə fəallarından birinin həbs edildiyi və işgəncələrə məruz qoyulması barədə məlumatlar yayılmışdı. İnqilab müdafiəçilərinin mərkəzinə gətirildikdən sonra M.Oytadan həmin şəxsi tanıdığı soruşulsa da o, bunu inkar edir. Belə olduqda Mikayıl Oytanın həmin şəxslə üzləşdirilməsi qərara alınır və onu gözləmə otağına salırlar. Vəziyyətin çox gərgin olduğunu anlayan Mikayıl Oyta buradan qaçmaq qərarına gəlir. Gözətçiyə tualetə getmək istədiyini bildirir. Həmin vaxt mərkəzin tualetində hava təmizləyən qurğu yeni qoyulduğundan və sementin qurumamasından istifadə edən müsahibim həmin qurğunu çıxararaq özünü çölə atır. Bəxtindən həmin vaxt ərazidə heç kim olmur. Çıxışdakı iki nəfər əli avtomatlı nəzarətçini çaşdırmaq üçün özünü yaxını həbs edilən və bunu aydınlaşdırmağa gələn biri kimi təqdim edərək küçəyə çıxa bilir. Yaxınlıqdan keçən avtomobilin qarşısına atılaraq, anasının xəstəxanada ağır vəziyyətdə olduğunu, sürücüdən onu təcili həmin yerə aparmağı xahiş edir. Mikayıl Oytaya inanan sürücü onu həmin ərazidən uzaqlaşdırır. Avtomobilin arxa şüşəsindən baxdıqda isə bir neçə əli silahlının onu tapmaq üçün küçəni axtardığını görür.

Təcili evə qayıdaraq həyat yoldaşını və evdə olan bir miqdar pulu götürərək Təbrizin kənarındakı məhəllələrdə gizlənir, sonradan isə Türkiyəyə yaxın Xoy şəhərinə gedir. Axtarışda olduğu müddətdə dayısı və köməkçisi olan xanım həbs edilirlər. Lakin onlara qarşı heç bir sübut olmadığına görə tezliklə azadlığa buraxılırlar.

Xoy şəhərindən dağlar vasitəsilə Türkiyəyə keçməyə çalışan Mikayıl Oyta çətinliklərlə qarşılaşır, günlərlə ac və susuz qalır, palçıq yeyərək susuzluğunu söndürməyə çalışır. Buna baxmayaraq, bir həftə sonra İstanbula gedib çıxa bilir. Həyat yoldaşının adına yeni pasport alaraq, üç ay sonra onu da İstanbula gətirməyə nail olur. Bundan sonra Ankaraya gedərək Avstraliyanın Türkiyədəki səfirliyinə müraciət edir. Başlarına gətirilənləri danışaraq onlardan yardım istəyir. Avstraliyanı seçərkən isə İrandan maksimum uzaqda olmağı düşündüynü bildirir. Səfirliyin dəstəyi ilə 1987-ci ildə siyasi mühacir kimi Avstraliyaya yollanır. Burada bir müddət ticarətlə məşğul olduqdan sonra Şərqi-Sidney Makartur universitetində maliyyəçi ixtisası üzrə ali təhsil alır. Təhsilini başa vurduqdan sonra öz şirkətini yaradır, maliyyə işləri üzrə müşavir kimi fəaliyyət göstərir.

Bizimlə söhbətində Mikayıl Oyta bildirdi ki, əgər hər hansı ölkə zalımın zülmündən qaçana qucağını açırsa, ona yaşamaq üçün normal şərait yardırsa, bu ölkə həmin şəxs üçün ikinci vətənə çevrilir. Avstraliya yalnız Mikayıl bəyə deyil, eyni zamanda, zülmdən qaçmış xeyli insan üçün ikinci vətənə çevrilib. Həmin insanlar bu gözəl ölkədə rahat yaşamaqla yanaşı, fikir və söz azadlığından, demokratik dəyərlərdən bəhrələnə biliblər. Vurğulayıb ki, azərbaycanlılar sülh barışıq və dostluq sevən millətdir. Qeyd edib ki, bunu Avstraliyada həyata keçirdikləri çoxsaylı layihələrlə, müxtəlif tədbirlərlə bu ölkədə yaşayan bütün insanlara nümayiş etdirməyə çalışırlar. İlk növbədə, isə Avstraliyada yaşayan çoxsaylı erməni icmasının ölkəmizə qarayaxma cəhdlərinin qarşısını almaq, Azərbaycan həqiqətlərini daha geniş yaymaq, işğaldan azad edilən doğma Qarabağda aparılan böyük bərpa və quruculuq işləri barədə Avstraliya vətəndaşlarını obyektiv məlumatlandırmaq üçün əllərindən gələni edirlər.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə nümayəndə heyətinin Avstraliya səfəri, həm bu ölkə daxilində, həm də region ölkələri üzrə koordinasiya şuralarının yaradılması bərədə qərarların qəbul olunduğu toplantıların yekunları barədə sualımızı cavablandıran Mikayıl Oyta bildirdi ki, həmin səfər və qəbul edilən qərarlarla həm Avstraliyada, həm də koordinasiya şurasına daxil olan digər ölkələrdə diaspor fəaliyyətinin yeni mərhələyə qədəm qoyacağını düşünür. Çünki bu Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Avstraliyaya ilk səfəri idi. Səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr, qəbul edilən qərarlar, onun fikrincə bu ölkədə Azərbaycan icmasının fəaliyyətinin yeni mərhələyə qalxmasına güclü təkan verəcək. Bildirib ki, Avstraliyada yaşayan azərbaycanlılar bütün dünyaya səpələnmiş 55 milyonluq soydaşlarımızın ayrılmaz hissəsi olaraq, hansı ölkədə yaşamasından asılı olmayaraq, vahid mədəniyyətə, tarixə, dövlətçiliyə sahib olan bir millətin nümayəndələridirlər. Burada yaşayan azərbaycanlılar həmişə bu ölkəyə gələn həmvətənlərimizə qucağını açıblar, onlara maksimum kömək etməyə çalışıblar. Qeyd edib ki, Avstraliyada mövcud olan diaspor təşkilatlarımız burada yaşayan soydaşlarımıza dəstək olmağa, bir-birimizdən muğayat olub güclü bir icma formalaşdırmağa can atıblar. Həm xoş, həm kədərli günlərdə əl-ələ verməyə, birlikdə olmağa çalışıblar. Xüsusi vurğulayıb ki, müstəqilliyini cəmi 31 il bundan əvvəl bərpa edən Azərbaycan dövlətinin sürətli və uğurlu inkişafı, Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Ermənistan tərəfindən işğal altında saxlanan torpaqları azad etməsi Avstraliyada yaşayan azərbaycanlıları çox sevindirib. Bununla əlaqədar üzərlərinə düşən məsuliyyəti dərindən dərk edərək, xalqımızın, dövlətimizin haqq səsini bütün dünyaya çatdırmağa çalışıblar. Azərbaycan dövlətinin sülh siyasətini dəstəkləyərək xalqımızın dostları ilə dost, düşmənləri ilə isə düşmən kimi rəftar etməyi əsas vəzifələri hesab ediblər. Dedi ki, bizim xalqımız sülhpərvər, barış sevən bir xalqdır. Bunu biz İkinci Qarabağ müharibəsi zamanı bütün dünyaya nümayiş etdirdik.

Mikayıl Oyta diqqətə çatdırıb ki, bu gün hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının əsas borcu Azərbaycan dövlətinə sədaqətlə xidmət etməkdir. Vurğulayıb ki, hər birimiz Azərbaycandan ummaq əvəzinə, əksinə öz doğma dövlətimizə daha çox dəstək verməyə can atmalıyıq. Yalnız belə olacağı təqdirdə yolumuzu kəsməyə can atanların, uğurlarımıza qısqanclıqla yanaşaraq doğma Vətənimizə ləkə atmağa çalışanların layiqli cavabını verə bilərik./ Azertac

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …