Cümə , Aprel 19 2024
azfa

Seyid Cəfər Pişəvərinin son Bakı səfəri haqqında

GADTB: İkinci Dünya müharibəsinin başlanmasına hələ birneçə il vardı. Dünyanın bütün dövlətləri kimi SSRİ də bu müharibəyə hazırlaşırdı.

Bu müharibənin olub-olmayacağından asılı olmayaraq, sovet dövləti özünün ideoloji sahədə “soyuq müharibə“sini aparmaqda davam edirdi. Bu müharibənin tərkib hissələrindən biri də ideoloji təxribat sahəsində görülən işlər idi.

Bunun üçün ayrı-ayrı hazırlıqlı insanlar bu və ya digər xarici ölkələrə göndərilir (yerləşdirilir) və onlar da müəyyən tapşırıqları yerinə yetirirdilər. Keçmişdə belə işlərin aktivlərindən olmuş bir nəfərlə 1964 və ya 1965-ci ildə bir qonaqlıqda tanış olmaq mənə qismət olmuşdu. Qismət olmuşdu, ona görə deyirəm ki, onun verdiyi informasiyalardan haqqında danışmaq istədiyimiz S.C.Pişəvərinin ömrünün son günlərinə aid bəzi məlumatları ala bilmişdim. Mətbuatda “S.C.Pişəvəri 1946-cı ildə Bakıya qaçdı“ (Arif Kəskin, “Güney Azərbaycan Milli Hökuməti /1945-1946/ və Seyid Cəfər Pişəvəri“) kimi ifadələrə rast gələndən sonra bu ədalətsizliyi aradan qaldırmaq üçün onları qələmə aldım. Bu adam (sonradan qonaq) Azərbaycanın şimal rayonlarından birində əhalisi əsasən malakan rusları olan bir qəsəbədən idi. Danışmasa da, çox güman ki, dilimizi də bilirdi. Çox gülərüz idi, söhbətinə başqalarını da cəlb etməyi bacarırdı. Mehribanlıq nümayiş etdirən görkəmi vardı. Müharibədən əvvəl Çinə göndərilmişdi (öz dilində desək, “atılmışdı“). Çində bir müddət işləyəndən sonra oradan Əfqanıstana, müharibənin sonlarına yaxın İrana keçir.

Sovet ordusu müharibənin əvvəlindən İranın Quzeyini (Güney Azərbaycanı) işğal etmişdi. Güney Azərbaycanda siyasi mühit, əsasən, sovet dövlətinin təsiri altında inkişaf edirdi. İranın cənubunda isə ingilislərin təsiri güclü idi. İlkin dövrlərdə İranın parçalanması ehtimalı zahirən yüksək idi. Əslində isə, sovet dövləti Azərbaycanda hadisələrin milli zəmində inkişaf tapmasına maraq göstərmirdi. Elə ingilislər və amerikalılar da tabeliklərində olan İranın bütövlüyündə maraqlı idilər. Hadisələrin nəzarətdən çıxmasına nail olmaq üçün onların hamısı GA-da hərəkatın idarə oluna biləcək halda qalmasını istəyirdilər.

Müttəfiqlər (Böyük Britaniya və ABŞ) sovet ordusunun İrandan çıxarılmasını tələb edirdilər və hətta SSRİ ilə də razılaşdırmışdılar. Sovet ordusunun yerləşdiyi Güney Azərbaycanda xalq hərəkatı yüksəlməkdə idi, lakin ona rəhbərlik edəcək qüvvə yox idi. Olanlar da sözdən işə keçə bilmirdilər. 1941-ci ildən sonra GA-da formalaşmış milli təşkilatların rəhbərlərinin bir qismi çıxış yolu olaraq, Tehranda qəzet nəşri ilə məşğul olan, keçmişdə Gilan hərəkatının rəhbərlərindən biri olmuş, Gilan inqilabının məğlubiyyətindən sonra Tehrana getmiş Seyid Cəfər Pişəvərinin yanına gedib onun Təbrizə qayıtmasını və milli azadlıq hərəkatına rəhbərlik etməsini xahiş edirlər. S.C.Pişəvəri razılıqı verəndən sonra onlar birlikdə Təbrizdə Azərbaycan Demokratik Firqəsini yaradırlar. S.C.Pişəvəri onun rəhbəri olur. Tezliklə GA-da hakimiyyəti ələ alıb, milli dövlət yaratmağa nail olurlar. İran bölünmək təhlükəsi ilə üz-üzə qalır. Müttəfiqlərin təkidli tələbi nəticəsində sovet ordusunun İrandan çıxması sürətləndirilir. Sovet dövləti İrandakı əsas maraqlarının puça çıxdığını görərək, GA-da milli dövlətin də aradan götürülməsi işində aktiv iştirak edir. Ola bilsin ki, bu da müttəfiqlərin tələbi idi. Ancaq həm də, sovet dövlətinin İran siyasətinin tərkib hissəsi idi. Xiyabani hərəkatı, Gilan hərəkatı kimi indi də GA milli hərəkatı SSRİ-nin daha böyük maraqlarına qurban verilməli idi. Milli Ordu silahsızlaşdırıldı.

Qonaq deyirdi ki, yeni yaranmış dövlətin çox qısa zaman ərzində böyük quruculuq işləri aparmasına baxmayaraq, onun başının üstündə qara buludlar da dolaşmaqda idi. İran ordusu Təbriz üzərinə gəlməyə hazırlaşırdı.

ABŞ, İngiltərə və SSRİ-nin qarşılıqlı razılaşmalarına əsasən, SSRİ silahlı qüvvələri İran ərazisini (GA-nı) tərk etməli idi. Bunun əvəzində SSRİ ordusunun Mancuriyada yaponlarla müharibəyə başlaması üçün Çinə daxil olmasına razılıq verilmişdi. Bu da SSRİ-ni razı salmışdı. GA-ya gəldikdə isə SSRİ dövləti özünün qlobal dünya siyasətinə uyğun olaraq, bu ərazini təklikdə (İransız) qəbul etmək istəmirdi. Bu məsələdə çox güman ki, sovet dövlət aparatında böyük nüfuzları olan gürcü və ermənilərin də maraqları nəzərə alınmışdı. Belə ki, Güney və Quzey azərbaycanlıların birləşməsi nəticəsində Azərbaycan dövləti nəinki Qafqazda, hətta bütün SSRİ-də Rusiya Federasiyasından və Ukraynadan sonra ən böyük respublika olacaqdı. Bu isə heç də gürcü və erməniləri, hətta RF-nın özünü razı sala bilməzdi. Əgər bu məsələyə daha geniş miqyasda-dünya siyasəti çərçivəsində də baxsaq, Azərbaycanın bir türk dövləti olaraq, böyüməsinə nə ABŞ, nə də Avropanın iri dövlətləri də razı olmazdılar. Bu kimi səbəblər SSRİ silahlı qüvvələrinin GA-dan çıxarılmasının sürətləndirilməsinə təsirini artırırdı. Əvvəllər də sovetlərin silahlarının böyük bir hissəsinin ADD-yə buraxılacağı haqda verilən vədlər birdən-birə aradan qalxdı, nəinki silahlar, hətta “Tudə“ partiyası ilə bağlı olanlarla yanaşı digər partiyalardan olanların (SSRİ-yə inananların) böyük bir hissəsi də GA-dan çıxarıldılar. GA-nın yenicə yaranmış dövləti şah ordusunun qarşısında silahsız qoyuldu. Şah ordusu isə ingilis və ABŞ silahları ilə silahlandırılmışdı. Bu ordunun qarşısına çıxa biləcək Azərbaycan DEmokratik Dövlətinin ordusu yaradılmamışdı. Sovet ordusunun onları müdafiə edəcəkləri gümanları (?) puça çıxmışdı. Buna baxmayaraq, inqilaba sadiq qalan qüvvələr son damla qanları qalana qədər düşmənlə vuruşacaqlarına and içmişdilər. S.C.Pişəvəri də onların arasında idi. Əsgərlər və xalq S.C.Pişəvəriyə inanırdı. Bunu Moskvanın rəhbərləri də bilirdilər. Bilirdilər ki, S.C.Pişəvərinin rəhbərliyi altında Azərbaycan xalqı yenilməz bir qüvvəyə çevriləcək. Odur ki, S.C.Pişəvəri hərəkatdan uzaqlaşdırılmalı idi. İş o yerə çatmışdı ki, S.C.Pişəvərinin hərəkatdan hansı yolla olursa-olsun, təcrid olunması məsələsi qoyulmuşdu. İlk öncə onun Bakıya dəvət olunması (gətirilməsi) istənildi. Bununla, müttəfiqlərin hər birinin `istəyi ödənilmiş olacaqdı. GA-da milli dövlətin yaranması sovet dövlətinə bir də ona görə arzu olunan deyildi ki, gələcəkdə sovet ordusunun 1941-ci ildə olduğu kimi xəbərdarlıq etmədən Araz çayını keçmək hüququnu qoruyub saxlaya bilsin.

S.C. Pişəvərini nəyin bahasına olursa-olsun, Bakıya aparmaq göstərişini almış qonaq belə deyirdi: “Mənim kim olduğumu ondan başqa kimsə bilmirdi. Biz tez-tez görüşürdük. Mən dəfələrlə onun nəzərinə çatdırmışdım ki, onu Bakıya çağırırlar. S.C.Pişəvəri isə Təbrizi bir an belə tərk etmək istəmirdi. O deyirdi ki, burada işimin bu qədər çox olduğu bir vaxtda Təbrizi necə tərk edə bilərəm? Bizim söhbətlərin nəticəsi olmurdu. Söhbətlərimizin birinin axırında ona təklif etdim ki, ova gedək, bir qədər dincələk. O, buna da razı olmurdu və yenə də işlərinin çox olduğunu deyirdi. Lakin mənim sonrakı inadlı təkidimdən sonra o razılıq verdi və birneçə gündən sonra biz Təbriz ətrafında “ova“ çıxdıq. Biz insanlar yaşayan yerlərdən xeyli uzaqda idik. Yenə də ona Bakıya çağrıldığını xatırlatdım. Bərk hirsləndi. Bu zaman bizdən bir qədər aralıda gizlənmiş adamlarım göründülər. S.C.Pişəvəri işin nə yerdə olduğunu başa düşdüsə də, yenə də müqavimət göstərməkdə davam edirdi. Ümid ancaq zora qalmışdı… Biz onun yolda hay-küs sala biləcəyindən ehtiyat edirdik. Ona görə də lazım olan bütün tədbirləri gördük. Ən çox bizi sərhəddən keçid narahat edirdi. Sərhəddi keçənə qədər kimsə onun Bakıya aparılmasından xəbər tutmamalı idi. Biz bunu da çətinlik çəkmədən həll edə bildik. Onu Bakıya çatdırdıq. Mənə üç günlük istirahət verdilər, bir də köhnə sınıq-salxaq almanlardan qalma bir maşın ki, onunla gəzintiyə çıxa bilim. O da yolda xarab oldu, mən də onu orada qoyub getdim.Görünür, GA məsələsində Moskvanın iradəsinə əks olmaqda israrlı olduğundan S.C.Pişəvəri üç gün sonra Gəncədə maşın qəzasına “düşdü“ və “öldü“.

GA-da isə, “S.C.Pişəvəri canını götürüb Bakıya qaçmışdır“ kimi şaiyələr tez bir zamanda GA-nın hər bir yerinə “yayıldı“. Yəqin ki, bu şayiələr də GA üzərində aparılan siyasi oyunların əvvəlcədən hazırlanmış planlarının tərkib hissəsi olmuşdur. Bu şayiələrin təsiri istər əsgərlərin, istərsə də milli dövlətin müdafiəsinə qalxmış mübariz insanların idarəsinin qırılmasına silahsızlıqdan qat-qat çox səbəb olmuşdur, düşmənə müqaviməti çox-çox zəifləmişdir“.

lBəs sonra nə oldu, siz oraya qayıtdınızmı? – deyə ikinci qonaq ondan soruşdu.

– Yox, – deyə o cavab verdi-

Mən bir də oraya qayıda bilməzdim və buna heç ehtiyac da yoxdu. Məni başqa yerə göndərdilər.

Hara göndərdiyini demədi.

İkinci qonağımız yenə də çox acizanə formada soruşdu:

Yəqin siz bütün bu fəaliyyətinizlə bağlı memuar da yazmısınız. Onu oxumaq bizə qismət ola bilərmi?

Onun bu təklifdən alındığı sifətindən hiss olundu.

– Yazmışam, – dedi, – çox yazmışam, hər ölkə üçün ayrı-ayrı xatirələrimi yazmışam.

Lakin onlar hələki saxlanılır. Yəqin ki, vaxt çatanda onların başqalarının da oxumasına imkan yaranacaq. Onda siz də oxuyarsınız.

İkinci qonaq yenə də özünü onun pərəstişkarı olduğunu bildirəcək tərzdə soruşdu:

– Bəs necə oldu ki, siz o sistemdən çıxdınız? Axı, indi siz tamam başqa istiqamətdə – təchizat sahəsində işləyirsiniz?

Stalinin ölümündən sonra ölkədə baş verən hadisələr elə istiqamət aldı ki, bizim kimilərin bu sistemdə qalıb işləməsinə imkan olmadı. Mən yorulduğumu bəhanə gətirərək, işdən azad olunmağımı xahiş etdim. Buraxmırdılar, hətta Bakının özündə qalmağım şərtilə mənə iş təklif etdilər. Mən isə hiss edirdim ki, bu yeni insanlarla, yeni qaydalarla işləməyə uyğunlaşa bilməyəcəm. Mənə fikirləşmək üçün bir ay da əlavə vaxt verdilər. Mən isə qərarımı dəyişmədim. Soruşdular ki, bundan sonra nə işlə məşğul olmaq istəyirsən? Dedim ki, hələlik bilmirəm. Onda onlar də mənə indiki işimi təklif etdilər, razılıq verdim. İndiyə kimi Respublika Təchizat İdarəsində şöbə müdiri vəzifəsində işləyirəm, işimdən razıyam. Yeri gəlmişkən, mənimlə də maraqlandı, dedim ki, universitetdə təhsilimi təzəcə başa vurmuşam, diplom işim biofizika sahəsində olsa da, indi bu istiqamətdə işləmirəm. Fürsətdən istifadə edib, işlədiyim institutda apardığım tədqiqatla bağlı məlumat da verdim və mis borulara ehtiyacım olduğunu bildirdim. Qonaq da kömək etməyə hazır olduğunu söylədi. Bununla bağlı institutun adından məktubla onun yanına getdim. Onunla birgə idarə rəhbərlərindən birinə yaxınlaşdıq. O adamın sifəti, boyu-buxunu indi də yadımdadır. Mən bu vaxta kimi bu cür bədheybət insan görməmişdim (elə indiyə kimi də görməmişəm). İkinci qonağımız da eybəcər, çopur sifətli idi, həm də hər ikisi erməni idilər. Qəribədir ya yox, qonağın “köməkliyi ilə“ mən qısa bir müddətdə respublikamızda yüksək vəzifələrdə oturan iki ermənini istər-istəməz tanıdım. Düşünürdüm ki, Tanrım, əlbəttə ki, sən özün bilən məsləhətdir. Ancaq mənim hansı günahlarım var ki, qonağın ürəyimi deşən söhbətləri qalsın bir tərəfə, mənim qarşıma bu “adamları“ çıxarırsan? Hər halda burada kimlərin işlədiyini bilmək də lazımdır. Bədsifət adam mənə baxdı, kimliyimlə maraqlandı və nəzərlərini üstümdən çəkmədən məktubu imzalamadan qonağa qaytardı. Səbəbi də bu oldu ki, onlar tonlarla məhsul satışı ilə məşğul olurlar. Mən isə 20-30 kiloqram,boru istəyirdim özü də müxtəlif ölçülü olmalı idilər. Qonağımızın özünün də hündürboylu olmasına baxmayaraq, pəncələri üstündə qalxıb onun qulağına nə isə dedi. O isə bir daha mənə tərs-tərs baxaraq, məktuba imzasını atdı. Qonaq mənimlə birlikdə anbara getdi, anbardara göstəriş verib, mənimlə xudahafizləşdi. Qardaşıma da salam deməməyi xatırlatdı. Mən 30 kiloqram borunu göydən düşmüş bir nemət kimi sevinərək, çətinliklə də olsa, işə apardım. O borulardan məndən başqa iş yoldaşlarım da işlərində istifadə etdilər. 1964 və ya 1965-ci illərdə olmuş bu söhbəti mən o zaman bir xatirat olaraq yazmışdım. Lakin 1975-ci ildə baş vermiş hadisələrlə bağlı olaraq, mən digər yazılarımla birlikdə onu da “itirməli“ olmuşdum. İndi təkrar bu yaddaşıma qayıtmağımın səbəbi Arif Kəskin bəyin qeyd olunan məqaləsində S.C.Pişəvərinin Bakıya gəlməsinin, “S.C.Pişəvəri Quzey Azərbaycana qaçmış“ kimi qiymətləndirilməsi olmuşdur. Güman edirəm ki, bu cür yanaşma S.C.Pişəvəri haqda yazıların hamısına da olmasa, bir çoxuna aiddir. Hesab edirəm ki, bundan sonrakı yazılarımızda S.C.Pişəvərinin özündən asılı olan və ya olmayan səhvlərini göstərməklə yanaşı biz onun adının yanında “qaçmış“ kəlməsini işlətməklə ona qarşı səmimi olmarıq.

Qeyd: – Əmi, sən ki, onda yüksək vəzifələrdə çalışırdın, bəs niyə bu dediklərinə qarşı mübarizə aparmırdın?

Düz deyirsən, oğul. Mən onda raykom katibi kimi yüksək vəzifələrdə işləyirdim. Günahkar kimi mühakimə olunanlar haqqında əvvəlcədən elə şeylər uydurub deyirdilər ki, onları həbs edib öldürəndən sonra hamı deyirdi ki, nə yaxşı, bir oğru da azaldı, bir millət düşməni aradan götürüldü.

(Yusif Səmədoğlu, “Qətl günü“ əsərindən).

GA-da həmişə elə siyasət yeridilmişdir ki, biz tariximizə nəzər yetirəndə orada bütün millətin qürur duya biləcəyi şəxsiyyətlər tapa bilməyək. Belə olduqda millətin özünün-özünə inamı azalır, həyatın burulğanlarında müdafiə qabiliyyətini itirir.Gəlin, birlikdə belə hallara yol verməyək.

Abbas Musa,

Arif Tağıyev

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın