Cümə axşamı , Avqust 20 2026
azfa

Tramp İrana qarşı «ən sarsıdıcı iqtisadi əməliyyatın» başlandığını açıqladı

GADTB: ABŞ Prezidenti Donald Tramp İran rejiminə qarşı «indiyədək hər hansı bir ölkəyə qarşı həyata keçirilmiş ən sarsıdıcı iqtisadi əməliyyat» adlandırdığı tədbirlərin başladığını açıqlayıb. O, Vaşinqtonun Tehranı «misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid» ilə üz-üzə qoymaq niyyətində olduğunu bildirib.

Tramp çərşənbə günü axşam Truth Social platformasında yazıb ki, İran İslam Respublikası razılaşma əldə etmək imkanını itirib. O əlavə edib ki, İranın hərbi-dəniz və hərbi-hava qüvvələri məhv edilib, hərbi obyektləri ciddi şəkildə zərər görüb, iqtisadiyyatı və milli valyutası isə böhran vəziyyətindədir.

ABŞ Prezidenti həmçinin xəbərdarlıq edib ki, maliyyə qurumlarına, şirkətlərə, hava limanlarına və ya dövlət təsisatlarına İran rejiminə «xilas yolu» yaratmağa imkan verən hər bir ölkə «böyük iqtisadi nəticələrlə» üzləşəcək.

Tramp neft qaçaqmalçılığı, neft mübadiləsi əməliyyatları, nağd pul köçürmələri, valyuta dəyişmə məntəqələri, gəmilərin qeydiyyatı və saxta şirkətlərdən istifadəni dayandırılmalı olan əsas kanallar kimi göstərib. O, bu mərhələni «ECONOMIC D-DAY» — «İqtisadi D-günü» adlandırıb.

Bu təhdid ABŞ-ın maliyyə naziri Skott Besentin ötən həftə Vaşinqtonun «bir ölkənin iqtisadi təcridi» tarixində misli görünməmiş tədbirlər hazırladığını bildirməsindən sonra səsləndirilib. ABŞ hökuməti bundan əvvəl də İran rejiminə qarşı dəniz, maliyyə və enerji sahələrində tətbiq olunan sanksiyaları genişləndirib.

Tramp çıxışının sonunda bir daha vurğulayıb: «İran heç vaxt nüvə silahına malik olmayacaq.»

Həmçinin yoxlayın

Britaniya İrana qarşı 7 yeni sanksiya tətbiq etdi

QADTB: Böyük Britaniya hökuməti çərşənbə günü, avqustun 19-da İranla bağlı sanksiyalar siyahısına 7 yeni şəxs …

Gürcüstanda hər 15 nəfərdən biri Azərbaycan türkcəsində danışır

Gürcüstanda Azərbaycan türkcəsi ana dili kimi ən çox istifadə olunan ikinci dilə çevrilib. Bu barədə …