Çərşənbə , İyul 28 2021
azfa

Xiyabani Hərəkatı və Təbrizdə Milli hökumət İran tarixçilərinin gözü ilə – II hissə

GADTB: M.Xiyabaninin silahdaşlarından Əli Azəri “Təbrizdə Şeyx Məhəmməd Xiyabani qiyamı” əsərində yazırdı ki, İranın Baş Naziri Vüsuq-üd-dövlənin üsyançılara divan tutmaq üçün Azərbaycana göndərdiyi cəza dəstələri və polis təşkilatına rəhbərlik edən xarici zabitlərin mərkəzi hökumətin hakimiyyətini güc tətbiq etməklə təmin etmək cəhdləri Təbrizdə xalqın etirazını daha da artırmış oldu. Demokratlar xalqı silahlı müqavimət göstərməyə çağırdılar. Az sonra demokratlar “Heyət-e Ectemaiyyun” (İctimai heyət) yaradıb, “ictimai sülh və qayda-qanun” və “İranda konstitusiyanın bərpa edilməsi” tələblərinin əks olunduğu Bəyannamə nəşr etdirdilər. Üsyançılar öz tələblərini Təbrizdə olan xarici ölkə konsullarına da təqdim etmişdi. Üsyançılar Tehrandan göndərilmiş məmurların, polislərin, xarici hərbi müşavirlərin dərhal Təbrizi tərk etməsini tələb etdilər. Bu hadisələrdən sonra M.Xiyabani və onun demokrat ardıcılları demək olar ki, bütün yerli məsələlərin idarəsini öz hakimiyyətləri altına aldılar. Nəhayət, 1920-ci il 24 iyun tarixində M.Xiyabani Təbrizdə Milli Hökumət adlandırdığı yerli hökumətin yaradıldığını elan etdi. Bu əlamətdar hadisənin bəyan edilməsi təntənəli mərasim şəklində mərkəzi hökumətin əyalət qərərgahı olan Ala Qapıda milli himn olaraq qəbul edilmiş “Marselyoza”nın müşayiəti ilə həyata keçirildi.

Mövcud olduğu beş ay müddətində Milli Hökumət bir sıra islahatlar həyata keçirmişdi, maarif, mədəniyyət, səhiyyə, ədliyyə, vəqflər, hərb nazirlikləri və idarələri yaradılmışdı. Onların blanklarının və elanlarının üzərində “Azadistan” sözü yazılmışdı. Zeynalabidin Qiyami milli hökumətin həyata keçirdiyi tədbirlər haqqında geniş məlumat verir.

Üsyan günlərində “M.Xiyabani qvardiyası” adlanan qoşun yaradılmışdı və komandanı Sultan Əsədağaxani Feşəngçi idi. Ə.Kəsrəvi onu Azərbaycanın igid, cəsur, dəyərli oğlanlarından biri kimi yüksək qiymətləndirir, hicri qəməri 1330-cu ildə (1908-1909) ruslarla döyüşdə şücaət göstərdiyini, M.Xiyabani öldürüləndən sonra Urmiyada polis-jandarm rəisi kimi Smitkoya (kürd tayfa rəisi) qarşı vuruşduğunu və nəhayət, Savcubulağ savaşında həlak olduğunu qeyd edir. Ə.Kəsrəvi “Qard-e Xiyabani”nin 300 nəfərdən ibarət olduğunu və Ala Qapıda yerləşdiyini göstərir.

Cənubi Azərbaycanda demokratik-milli hərəkatların, xüsusilə, İranın siyasi həyatında Azərbaycanın və azərbaycanlıların oynadığı əhəmiyyətli rol təbrizli tarixçi Turac Atabəyinin tədqiqatlarında geniş yer alan mövzulardan biridir və M.Xiyabani hərəkatı da bunların sırasında tədqiq olunur. T.Atabəyli M.Xiyabani hərəkatının başlanma tarixini 1919-cu ildə IV məclisə seçkilər kampaniyasının başlanmasından götürür. Onun fikrincə, mərkəzi hakimiyyət seçkilərin nəticələrindən razı qalmadığından və demokratların genişlənən fəaliyyətindən təşvişə düşərək buraya əlavə polis qrupu göndərmiş və bu da vəziyyəti gərginləşdirmişdi. Bunu Əli Azəri də təsdiq edir. T.Atabəyinin nəzərinə görə, üsyanın gedişində (24 iyun 1920-ci il) yaradılan Milli Hökumət dedikdə M.Xiyabani bu hökumətin milliliyindən daha çox xalqa məxsusluğunu nəzərdə tuturdu. Bir çox hallarda M.Xiyabani öz nitq və məqalələrində bütünlükdə İran millətinə (burada xalq anlamında – E.M.) müraciət edərkən “azad və müstəqil İran milləti” ifadəsindən istifadə etmişdir. Bütün hallarda, yeni təşkil edilmiş yerli Azərbaycan hökumətini təyin etmək üçün işlədilən “Milli hökumət” adı heç də müstəqil Azərbaycan milli dövləti mənasını ifadə etmək məqsədini daşımırdı. T.Atabəyi London və Nyu-Yorkda nəşr edilmiş “Azərbaycan: etnik mənsubiyyəti və İranda hakimiyyət uğrunda mübarizəsi” adlı kitabında bu məsələ ilə bağlı M.Xiyabaninin Britaniyanın Təbrizdəki konsulu ilə müsahibəsindən nümunə gətirərək yazırdı ki, M.Xiyabani Tehran hakimiyyətinə qarşı hər hansı bir etirazının olub-olmaması haqqında suala cavabında bu ittihamları tamamilə rədd edərək “demokratların hərəkatında bölücülük ruhunun olmadığını”, “Azərbaycanı Persiyanın (İranın) ayrılmaz hissəsi hesab etdiyini” bildirmişdi.

Ümumiyyətlə, M.Xiyabani hərəkatından yazan əksər İran tarixçiləri bu hərəkatın antiingilis səciyyə daşıdığını, bununla da həm də ingilislərin siyasətini müdafiə edən, onunla 1919-cu il avqust müqaviləsini bağlamış İran mərkəzi hakimiyyətinə qarşı demokratik hərəkat olduğunu qəbul edirlər. Elə M.Xiyabani başda olmaqla ADP-nin 1920-ci ilin aprelində irəli sürdüyü tələblər də bunu təsdiq edir. Bu tələblər arasında İranda respublikanın yaranması, Azərbaycana siyasi-inzibati özünüidarə hüququnun verilməsi, vilayət və əyalət əncümənlərinin hüquqlarının genişləndirilməsi, ölkədən bütün xarici qoşunların və hərbi müşavirlərin çıxarılması, Vüsuq-üd-dövlə hökumətinin istefası, İran-İngiltərə sazişinin ləğv edilməsi və s. yer alırdı. Baş nazir Vüsuqüd-dövlə Azərbaycanı İranın dövlət orqanında “qara yara” adlandıraraq, burada sakitlik təmin olunmayınca, bütün ölkədə həyacanların davam edəcəyini bildirirdi.

M.Xiyabani yalnız Azərbaycanın deyil, bütün İranın azadlıqsevər qüvvələrini mövcud Konstitusiyanın dəyişdirilməsi, gələcək dövlət quruluşunun xalq tərəfindən müəyyən edilməsi, xalq lazım bilərsə, şahlıq rejiminin demokratik respublika ilə əvəzlənməsinin mümkünlüyünü irəli sürür, İranın tərkibində, onun ayrılmaz bir hissəsi olaraq demokratik idarəçiliyin real nümunələrini bütün ölkəyə nümayiş etdirir, mütərəqqi islahatlar tələbini mərkəzi hökumətə göndərirdi. M.Xiyabani və onun demokrat ardıcılları ölkədə hər hansı bir xarici qüvvənin təsirindən azad, müstəqil siyasət yeritməyin tərəfdarı idilər və mərkəzi hökuməti ingilislərin təsiri altında olduğuna görə tənqid edirdilər.

M.Xiyabani və ardıcılları qərara gəldilər ki, Milli Hökumətin hakimiyyəti altındakı Azərbaycanı bundan sonra “Azadıstan” adlandırsınlar və bu barədə müvafiq qərar verilərək rəsmən bəyan edildi. Tarixi Azərbaycan adının inqilabi əhval-ruhiyyə ilə bu şəkildə dəyişdirilməsinin səbəbini açıqlayan M.Xiyabani və ardıcılları belə hesab edirdilər ki, 1918-ci il mayın 28-dən etibarən Cənubi Qafqazda, Azərbaycanın Araz çayının şimalındakı torpaqlarında Azərbaycan Respublikası yaradılmışdır, buna görə də Cənubi Qafqazdakı Azərbaycandan fərqlənməsi üçün İra-nın Azərbaycan əyalətinin bundan sonra Azadıstan adlandırılması məqsədəuyğundur.

Ə.Kəsrəvi yazır ki, köhnə azadixahlardan və M.Xiyabaninin yaxınlarından biri olan Hacı İsmayıl ağa Əmirxizi Azərbaycanın məşrutə yollarında səylər göstərib İran üçün azadlıq gətirdiyinə görə bu adın dəyişdirilib Azadıstan adlandırılmasını təklif etdi. Bu zamanlar Azərbaycan adı bir çətinliklə üzləşmişdi, ona görə ki, Rusiya imperatorluğunun süqutundan sonra Qafqazın türkdilliləri Bakıda və onun ətrafında kiçik bir Cümhuriyyət əmələ gətirmiş (!) və onun adını Azərbaycan Xalq Cümhuriyyəti qoymuşdular, çünki bu Cümhuriyyətin əsasını qoyanların arzu və ümidləri bu idi ki, Azər-baycanla (İran Azərbaycanı nəzərdə tutulur – E.M.) bir olalar və bu səbəbdən də öz ərazilərinə və cümhuriyyətlərinə Azərbaycan adını seçmişdilər. Bu şəkildə bir-likdən xoşlanmayan və irançılıqlarına göz yummayan azərbaycanlılar Qafqazdakı bu cür adqoymadan bərk incidilər, amma ki, artıq bu adqoyma baş vermişdi, bəzi şəxslər təklif etdilər ki, əyalətimizin adını başqa cür adlandıraq və bu yolda “Azadısan” adı meydana gəldi. M.Xiyabani bu təklifi qəbul etdi və sərəncam verdi ki, bundan sonra rəsmi sənədlərdə, blanklarda, markalarda bu adı yazsınlar və heç yerdə bu addan başqası yazılmasın və deyilməsin”. Bir qədər sonra Ə.Kəsrəvi yazır ki, M.Xiyabani Azərbaycan kəlməsinin işlədilməsinə qadağan qoydu və onun yerinə “Azadıstan” deyilməsinə və yazılmasna əmr verdi. Bütün dövlət idarələrinin lövhələri, markalar dəyişdirildi. Bu vaxt Muşir-üd-dövlə kabinetində hökumətlə müzakirə gündəmə gəldi və M.Xiyabani teleqram göndərdi ki, dövlət Azadıstanı rəsmən tanımasa, biz müzakirədə iştirak etməyəcəyik. Salamullah Cavid də “Xiyabanini xatırlayarkən” adlı əsərində Azərbaycan adının Azadıstan adlandırılması təklifinin İsma-yıl Əmirxiziyə məxsus olduğunu qeyd edir və göstərir ki, bu ad Qırmızı ordu tərəfindən işğal olunmuş Şimali Azərbaycanın adı ilə qarışıq salınmaması üçün edilmişdi. Ə.Azərinin fikrincə, bu qərara haqq qazandırmaq üçün demokratlar İranda Konstitusiya uğrunda aparılan mübarizədə Azərbaycanın kəsb etdiyi əhəmiyyəti və onun “qəhrəman rolunu” vurğulayaraq buna istinadən Azadıstan adını qəbul etdiklərini bildirdilər.

T.Atabəyi yazır ki, M.Xiyabani heç bir zaman Azərbaycana İranın daxilində daha geniş muxtariyyət verilməsinə nail olmaq uğrunda mübarizə aparmaq amalından boyun qaçırmadı. Lakin məhz M.Xiyabaninin qarşısına qoyduğu bu məqsəd Ə.Kəsrəvi də daxil olmaqla bir çox siyasətçilərin Milli Hökumətdən üz döndərməsinə səbəb oldu. M.Xiyabanidən fərqli olaraq Ə.Kəsrəvi İranın əyalətlərində köklü dəyişikliklərin həyata keçirilməsinin yalnız paytaxtdan – mərkəzi hökumət tərəfindən təmin olunmasını uyğun sayırdı, o, M.Xiyabaninin güzəştlərə getmədən yürütdüyü siyasətin mərkəzi hökumətlə münasibətləri pisləşdirdiyindən narazı idi.

Bu arada Tehranda ingilispərəst Vüsuq-üd-dövlə hökumətinin yerinə Muşir-üd-dövlə hökuməti quruldu və yeni Baş nazir təcrübəli siyasətçi Müxbir-üs-səltənə Hidayəti 1920-ci ilin avqustunda Azərbaycana vali təyin etdi. Həmin ilin sentyabrın əvvəllərində yeni vali Təbrizə gəldi, demokratlarla qarşıdurmaya girişməyib şəhərin kənarında yerləşdi və bir sıra danışıqlarla, tədbirli işləri ilə, demokratların daxilində mövcud fikir ayrılıqlarından da istifadə edərək hazırlıqlara başladı. Sentyabrın 12-də onun əmri ilə kazak briqadası qəflətən hücum edərək Təbrizin əsas strateji məntə-qələrini ələ keçirdi. M.Xiyabani və daha 50 nəfər demokrat qətlə yetirildi, beləliklə, regionun bütün bölgələrində mərkəzi hökumətin hakimiyyəti bütövlükdə bərpa olundu.

Ə.Kəsrəvi M.Xiyabani üsyanının yatırılması və onun qətlə yetirilməsinin təfərrüatlarını nəinki təəssüf hissi keçirmədən, hətta ürəyindən tikan çıxaran hadisə kimi qələmə almış, bu münasibətlə yanaşdığına görə M.Xiyabaninin uca şəxsiyyətinə və onun Azərbaycan üçün, bütün İran üçün apardığı təmənnasız mübarizəsinə etinasızlıqla yanaşmaqdan özünü saxlaya bilməmişdir.

Qeyd edilməlidir ki, M.Xiyabani üsyanının yatırılması və onun öldürülməsi haqqında təfsilatlar həm Müxbir-üs-səltənənin xatirələrində, həm də Ə.Kəsrəvinin “Qiyam-e Şeyx Məhəmməd Xiyabani” kitabında ətraflı, lakin müəyyən hallarda qəsdən təhrif edilmiş şəkildə təsvir edilmiş, ölkənin böyük bir bölgəsində Milli Hökumətin qurulması ilə nəticələnən, mərkəzi hakimiyyətə islahatlar dərsi öyrədən bu geniş ictimai hərəkatın demokratik və milli mahiyyətini kiçiltməyə hər vasitə ilə cəhd göstərilmişdir. Bununla da, şahlıq dövrünün təmayüllü tarixşünaslığında M.Xiyabani hərəkatının milli-demokratik məzmununa kölgə salıb, bu hərəkata bölücülük və digər xarici qüvvələrin təsiri ilə İranın bütövlüyünə xələl gətirən bir hadisə kimi yanaşılmasının təməli qoyulmuşdur.

T.Atabəyi M.Xiyabani hərəkatının nəticələri ilə bağlı yazır ki, M.Xiyabaninin hakimiyyəti qısa ömürlü olsa da, bu hərəkat İranın ümumi vəziyyətinə və siyasi düşüncə tərzinə, xüsusilə də islahatçı meyillərin artmasına əhəmiyyətli dərəcədə təsir göstərdi. Onun mərkəzi hökumətin hakimiyyətinə qarşılıq olaraq Azərbaycanda öz hökumətini yaratmaq təşəbbüsü islahatçı düşərgənin parçalanması üçün əsas səbəb oldu. Milli Hərəkat daxilində müasir cərəyan mərkəzi hökumətdən uzaqlaşaraq əyalətlərə daha geniş muxtariyyət verilməsi xəttini əsas götürdüyü halda, islahatpərəst siyasətçilər arasında mövcud olan ənənəvi cərəyanın nümayəndələri hələ də İranda güclü, mərkəzləşdirilmiş və müstəbidlikdən uzaq bir hökumətin yaradılmasını müdafiə edirdilər.

M.Xiyabani hərəkatından bəhs edən İran tarixçilərinin bu hərəkatın antiimperialist xarakterindən çox az bəhs edirlər. Bu da görünür, Pəhləvi şah rejiminin qərbpərəst mövqeyi ilə bağlı idi. Eyni zamanda, onlar M.Xiyabaninin Sovet Rusiyasına və Sovet Azərbaycanına da ehtiyatlı münasibət göstərdiyini qeyd edirlər. Məsələn, Əli Azəri yazır ki, azərbaycanlı demokratlar 1917-ci il inqilabını alqışlayaraq öz məmləkətlərində demokratiya uğ-runda mübarizə aparmaqla yanaşı, digər millətlərin təməl suverenliyinə hörmət bəsləyərək Rusiyada fəaliyyət göstərən qruplarla dostluq əlaqələri yaratmışdılar. Lakin T.Atabəyinin yazdığı kimi, bir müddət sonra, həmin inqilabçıların Arazın o biri sahilində həyata keçirdikləri siyasi tədbirlər azər-baycanlı demokratları öz nəhəng qonşuları (Rusiya – E.M.) ilə daha ehtiyatlı və sayıq münasibətlər qurmağa vadar etdi. M.Xiyabani bolşeviklərin Azərbaycanda hakimiyyəti ələ keçirmələrinə müsbət reaksiya göstərirdi. Milli Hökumətin Maarif naziri hətta Azərbaycan SSR Xarici İşlər naziri M.D.Hüseynova məktub göndərərək iki Azərbaycan arasında əlaqələr yaratmağı təklif etmişdi. T.Svietoxovski “Rusiya Azərbaycanı. 1905-1920” əsərində bunu Sovet Azərbaycanının rəhbərləri arasında Xiyabaninin dostlarının, köhnə hümmətçilərin olması ilə əlaqələndirərək yazır ki, lakin onun Sovet Azərbaycanı rəhbərlərinə münasibəti tezliklə tamamilə dəyişmişdi. S.Qiyami yazır ki, M.Xiyabani Rusiyada sosialist inqilabını yüksək qiymətləndirir və hətta “Lenin və İran” mövzusunda kitab hazırlayırdı. Bu dəyişikliyin əsas səbəbləri bolşeviklərin təcavüzkar məqsədləri, xüsusən onların İranın şimalında – Gilanda həyata keçirdikləri siyasət idi. M.Xiyabani birbaşa bəyan etmişdi ki, əgər bolşeviklər İran ərazisini işğal etməyə cəhd göstərərlərsə, İran Azərbaycanının xalqı işğalçılara qarşı son nəfərədək vuruşacaqdır. Bununla, o, istər ingilis müstəmləkəçilərinin, istərsə də sovet bolşeviklərinin İranın daxili işlərinə qarışmasının qəti əleyhdarı olduğunu göstərirdi. Ümumiyyətlə, 1919-cu ilin əvvəllərindən başlayaraq bolşeviklərin İranın şimalında fəallığı artmağa başlamışdı. Buna Şimali Qafqazda və Xəzər dənizində antibolşevik qüvvələrin, Denikinin uğursuzluqları da şərait yaradırdı. Azərbaycan Xalq Cümhuriyyətini işğal etməyi planlaşdıran bolşeviklər bu planların həyata keçirilməsinə xaricdən hər hansı təhlükəni zərərsizləşdirmək üçün ingilislərin Azərbaycan sərhədlə-rindən uzaqlaşdırılmasına çalışırdılar. Bu məqsədlə İrana çox sayda bolşevik emissarları göndərilmişdi, hətta İranın sovetləşdirilməsi planlaşdırılırdı. 9 avqust 1919-cu il tarixli İngilis-İran sazişindən narazılığını gizlətməyən Sovet Rusiyasının Xalq Xarici İşlər Komissarlığı (XİN) həmin sazişlə bağlı  “İranın bütün fəhlə və kəndlilərinə Müraciət” qəbul etmişdi və İranın bəzi bölgələrində mərkəzi hakimiyyətə və onu dəstəkləyən ingilis hərbi qüvvələrinə qarşı çıxan qüvvələrə hərbi-siyasi dəstək göstərirdi. Bolşeviklər bu məqsədlə 1918-1921-ci illər Gilanda baş vermiş Cəngəlilər hərəkatından istifadə etməyə çalışırdı. Lakin bu hərəkat daxilində ciddi ziddiyyətlər ucbatından ondan İran dövlətinə qarşı təzyiq vasitəsi kimi istifadə etmək mümkün olmadı.

Qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərində baş verən və bütün İrana yayılan demokratik-milli hərəkatlara, o cümlədən, Məşrutə hərəkatı və onun qəhrəmanlarının şücaətli fəaliyyətinə, o cümlədən, M.Xiyabani hərəkatına əsl düzgün tarixi qiymət ilk dəfə Cənubi Azərbaycanda milli-demokratik hərəkatın qələbəsi nəticəsində qurulmuş və bir il mövcud olmuş Milli hökumət (12 dekabr 1945 – 12 dekabr 1946) zamanı verilmişdir. 1946-cı il oktyabrın 2-də M.Xiyabaninin qəbri üstündə keçirilmiş mitinqdə Azərbaycan Milli Hökumətinin başçısı Seyid Cəfər Pişəvəri (1892-1947) Azər-baycan xalqının öz fədakar qəhrəmanlarına minnətdarlığını belə ifadə etmişdi: “Şeyx Məhəmməd Xiyabani kimi şəxsiyyətlər meydana çıxmaqla xalqın fikrinin və milliyətinin meydana çıxmasını təmin edir… Sərdari milli Səttarxanın, Bağırxanın və Şeyx Məhəmməd Xiyabaninin məşrutə barəsində götürdükləri qədəmlər heç vaxt yaddan çıxa bilməz. Hər vaxt Azərbaycanın və Təbrizin adı zikr olunur, onların iftixarlı adı da araya gəlir”.

M.Xiyabani hərəkatının faciəli şəkildə başa çatması Azərbaycanda, eləcə də İranın digər bölgələrində müxtəlif reaksiyalar doğurdu, şahlıq rejiminə və onun xarici güclərin təsiri altında olan yarıtmaz hökumətlərinə qarşı nifrət və mübarizə hissini daha da artırdı, həmin miqyasda ciddi, ardıcıl, davamlı və böyük təsir gücünə malik hərəkatlar doğura bilməsə də, Azərbaycanda dalbadal iki üsyanın başlanmasına rəvac verdi. M.Xiyabaninin ardıcıl məsləkdaşlarından olan Zeynalabidin Qiyami demokratlardan və onların tərəfdarlarından ibarət qrupları Təbrizin şimalında Əhər mahalında Kəleybər məntəqəsində üsyana qaldırdı (Kəleybər xalqın Babək qalası adlandırdığı qədim Bəzz qalasının olduğu bölgədir – E.M.). Lakin onun “Qiyamiyyun-e Enteqamiyyun” adlandırdığı (İntiqam qiyamçıları) dəstənin Ş.M.Xiyabani üsyanının müsbət təsir və nəticələrini qoruyub saxlamaq cəhdləri müvəffəqiyyət qazanmadı. İkinci hadisə isə Təbriz jandarmının komandiri, Məşrutə inqilabının fəal iştirakçılarından biri olan mayor Lahutinin başlatdığı qiyam idi. Lahuti 1922-ci il fevralın 1-də Təbrizdə hökumət idarələrini ələ keçirərək “Komite-ye Milli” (Milli Komitə) təşkil etdi və mərkəzi hökumətin hakimiyyətini tanımadığını bəyan etdi. Milli Komitə mərkəzi hökumətdən ingilis imperializminin ölkədə ağalığına son qoymağı və demokratik islahatlar həyata keçirməyi tələb etdi. Lakin hərbiyyə naziri Rza xan polis və jandarmın da səlahiyyətlərini öz üzərinə götürərək topxana və sair təchizatlarla böyük kazak qoşununu üsyançıların üzərinə yeritdi və bu qiyam bir həftədən sonra yatırıldı, Lahuti isə İrandan qaçmağa məcbur oldu. Bu barədə Kavə Bəyatın “Təbrizdə Lahuti qiyamı” əsərində geniş təfsilatlar yer almışdır. Qeyd etmək lazımdır ki, M.Xiyabani hərəkatının, ondan sonra Azərbaycanda, həmçinin, ölkənin digər məntəqələrində baş qaldıran üsyanların yatırılmasında və üsyançılara qanlı divan tutulmasında əslində, 1921-ci ildən əsas hökumət postlarına nəzarət və rəhbərlik edən Rza xan xüsusi qəddarlıq göstərmişdir. Şahın ölkədən qaçmış olduğu bir şəraitdə Britaniyanın göstərdiyi siyasi-maliyə dəstəyi ilə artıq hökumətə başçılıq edən Rza xanın güclü mərkəzləşdirilmiş dövlətə rəhbərlik etmək iddiasının gerçəkləşməsi üçün heç bir maneə qalmamışdı. 1925-ci ildə şahlıq taxtına oturan Rza şah bir sıra islahatlar keçirsə də, sonrakı illərdə onun antidemokratik və kobud fars millətçiliyi siyasəti ölkədə milli-demokratik hərəkatın yeni dalğasının zəminini yaradırdı və çox keçmədi Cənubi Azərbaycan yenidən bu oyanış və dirənişin mərkəzinə çevrildi.

M.Xiyabani hərəkatı və ondan sonra baş verən bir sıra üsyanlar və etiraz dalğaları qəddarlıqla yatırılsa da, əsrlər boyu şahlıq reiminin hökm sürdüyü ölkəyə Azərbaycan tərəfindən bir demokratiya dərsi verilmişdi.

M.Xiyabani hərəkatının tanınmış tədqiqatçısı, professor Şövkət Tağıyeva 1998-ci ilin dekabrında Cənubi Azərbaycanda, Təbrizin yaxınlığındakı Şərəfxana məntəqəsində keçirilən, bu sətirlərin müəllifinin də iştirak etdiyi Birinci Beynəlxalq Azərbaycançılıq Simpoziumundakı çıxışında vurğulayırdı ki, Şeyx Məhəmməd Xiyabani Cənubi Azərbay-canda və bütün İranda imperializmə qarşı və demokratik azadlıqlar uğrunda mübarizə aparmış ictimai-siyasi xadimlər içərisində xüsusi yer tutur. İranın, o cümlədən, Azərbaycanın XX əsrin əvvəllərindəki siyasi mühitində bişmiş M.Xiyabani müasiri olduğu Şərqin və Qərbin qabaqcıl ictimai fikrinin bəhrələrini mənimsəyən, inqilabiliklə elmiliyi, nəzəriyyə ilə fəaliyyəti birləşdirə bilən nadir siyasi xadimlərdən idi.

Eynulla MƏDƏTLİ

AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir

Həmçinin yoxlayın

Tehranda azərbaycanlı fəallar Babək Rzai və Saleh İkrami həbs olunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ETTELAAT məmurları Tehranda azərbaycanlı fəallar …

Ortaq Türk ordusunun yaradılması üçün danışıqlar aparılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bu …

Bir cavab yazın