“Xomeyni ayətullaha dedi ki, Azərbaycan getsə….” – Əjdər Tağızadə ilə müsahibə

GADTB: Güney Azərbaycan İstiqlalçılar Birliyinin sədri Əjdər Tağızadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

– İranda 22 yaşlı Məhsa Əmini “hicab qaydalarına əməl etmədiyi” ittihamı ilə polis tərəfindən qətlə yetirildi. Qətl molla rejimi əleyhinə kütləvi etirazları tətiklədi. Maraqlıdır, indiyədək İranda buna bənzər hadisələr olmuşdu, amma belə desək, üstündən sükutla keçilmişdi. Bəs bu dəfə niyə etirazlar belə kütləvi oldu?

– “Məşrutə” inqilabından bəri, Qacarlar dönəmində də İran adlanan yerdə xalqlar demokratiya və azadlıq uğrunda mübarizə aparıblar. Qacar şahı Müzəfərəddin buna boyun əydi. Ölüm ayağında dedi ki, gətirin, qol razılıq sənədinə çəkim. Bundan sonra, təxminən 96 il əvvəl ingilislər İran adlanan yerdə çevriliş etdilər, bu, rusların da maraqlarına uyğun idi. Beləliklə, Qacarlardan dövləti aldılar və Pəhləvilərin dönəmi başladı. Hakimiyyətin farsların əlinə keçməsi ilə İrandakı xalqlar zülmə məruz qaldılar. Əlbəttə, bu, xalqların zülmə qarşı mübarizəsinə yol açdı. Yəni indi baş verənlər bu günün məsələsi deyil.

Məhsa Əmininin ölümünün kütləvi etirazlara səbəb olmasına gəldikdə, bunun üçün zəmin çoxdan hazır idi. Bu olay sadəcə bəhanə oldu. Ortada 200 illik bir məsələ var. 1979-cu ildə baş verən inqilab və Xomeyninin Fransadan gələrək onu qapıb götürməsinin səbəbi də başqaydı.

– Nə idi?

– İnsanların azadlıq, çörək və iş istəkləri. İnqilabdan qabaq azərbaycanlılar, Təbriz bu işdə birinci oldu. Əlbəttə, başqa dəstələr, güclü hərəkatlar da vardı, Xomeyni də hazırlanmışdı. O dönəmdə Qvadelupada bir görüş oldu, Fransa, ABŞ, Almaniya və İtaliya liderləri qərara gəldilər ki, Məhəmməd Rza şah getməlidir, qulaqlarından tutub ağlada-ağlada apardılar. Amma dedilər ki, aparsaq, boşluq yaranacaq, bəs necə dolduracağıq? Həmin boşluğu Xomeyni ilə doldurmaq qərarı verdilər. İngilislər də dedilər ki, molla bizim əlimizdədir, biz becərib-törətmişik, olar.

Bundan əvvəl Səddam Hüseyn Xomeynini Nəcəfdən qovmuşdu, demişdi ki, hara istəyirsən, ora get. Küveytə getmək istədi, əmir ona bildirdi ki, bura gəlmə. Yenidən Nəcəfə qayıtdı, özü də danışırdı ki, məsciddə oturmuşdum, heç yana getməyə qoymurdular. Həmin vaxt fransızlar gəlib dedilər ki, Fransaya gedirik, təyyarə də hazırdır. Parisə gətirdilər, hamı orada idi – ingilislər, fransızlar, BBC, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və sair. Hazırladılar, Xomeyni Parisdə işə başladı.

Xomeyni İraqda olarkən Səddam Məhəmməd Rza şaha xəbər göndərdi ki, qoy, bunu öldürüm. Şah da hansısa səbəblərdən bunu istəmədi.

Sözüm odur ki, bu inqilaba böyük ümidlər vardı, amma hamısı boğuldu. Xomeyni gəldikdən sonra gənclərin, qadınların əl-qollarını bağladılar, zindanlar dolub-daşdı. Proses vətəndaş müharibəsinə doğru gedəndə qabaqlarına çıxanı qırdılar. Gələndə demişdi ki, Qumda oturacam, orada xurma yeyib hamını irşad edəcəm. Amma Tehrana gəldi və əmr verdi ki, öldürün, qisas ayəsini oxuyun, qırın, aman verməyin. O dönəmdə mən də Evin həbxanasında idim, hər şeyi öz gözlərimlə görmüşəm.

– Sizi niyə həbs etmişdilər?

– Fikir ayrılıqlarımız vardı. “Xalq Mücahidləri” və başqa hərəkatlar vardı, Xomeyni onlarla davaya çıxdı. Xomeyni qalib gəldi, qabağına çıxanı qırıb-tökdü, on minlərlə insanı öldürdü. Xomeyni heç kimə heç nə vermək istəmirdi. Dedi ki, mən ümmətçiyəm, millət-zad tanımıram, əmr vermək mənə məxsusdur, Allahı təmsil edirəm, fəqih üsul-idarəsi yaradacam, nə desəm, imamın hökmü olacaq.

İndi də insanları asanda qohumları, ailələri gəlib soruşurlar ki, uşaqlarımızı niyə asırsınız? Deyirlər ki, biz heç nə etmirik, Allahın hökmüdür, istəmirsiniz Allahın hökmünü icra edək?

İndi də deyənlər var ki, inqilabı oğurladılar? Oğurlamasaydılar, nə olacaqdı: fəhlə sinfi qalib gələcəkdi? Yox! Partizan hərəkatı çox güclü idi. Tehranda bir milyon insanı meydanlara çıxarsaydılar, qalib gələcəkdilər? Yox! “Xalq Mücahidləri” də dindar idi, amma qalib gələ bilməyəcəkdi.

– Niyə?

– Tarazılıq yox idi. Buna görə də baş verənlər səmərəli olmadı. Amma mollalar insanları, avam camaatı yanlarına aldılar və inqilaba sahib çıxdılar. Sahib çıxdıqdan sonra dedilər ki, biz belə edirik, kimsə dillənsə, dilini kəsərik. Xomeyni hakimiyyətə gəldikdən sonra Pəhləvilər haqda demişdi ki, zindanları, qəbiristanlıqları “abad” elədi. Amma özü zindanları da doldurdu, qəbiristanlıqlarda da yer qalmadı.

Azərbaycanlılar – türklər isə bura qədər də uzun illər mübarizə aparmışdılar, döyüşmüşdülər. Qacar dövləti oğurlanandan sonra da mübarizəni davam etdirdilər. Bu inqilabda da iştirak etdilər, öndə gedirdilər. Amma istədikləri başqa şeydi.

Məhəmmər Rza şah Pişəvəri hərəkatı dönəmində Azərbaycanda soyqırımı törədib, bir gündə 30 min insanı öldürüb, on minləri İran adlanan yerin ucqarlarına, Mərkəzi Asiyanın quraq səhralarına sürgün edib. Minlərlə soyaşımız da İkinci Dünya Müharibəsinin o ağrılı illərində Araz çayını keçərək Azərbaycanın quzeyinə pənah gətiriblər. Yəni güneyliləri pərən-pərən salmaq istədilər. Pəhləviləri Azərbaycanı tamamilə yox etmək ideyası ilə hakimiyyətə gətirmişdilər.

Həmin siyasəti də bu tərəfdə Mikoyan, Stalin və digərləri vasitəsilə həyata keçirməyə çalışırdılar. Moskvada da düşünürdülər ki, çoxmilyonlu Quzey və Güney birləşsə, Türkiyə ilə birlikdə hərəkət etsə, Azərbaycanın qarşısını kəsmək mümkün olmayacaq. Türkiyə o dönəmdə Güneyli-Quzeyli Azərbaycanın taleyinə biganə qalmayıb. Qoşun göndərib Azərbaycanı işğaldan azad edib, üstəgəl, Güneyi soyqırımıdan qurtarıb.

Ermənilər, assurlar və kürdlər Azərbaycanın Güneyində – Urmiya ətrafında 150-200 minə qədər insan öldürüblər. Bütün bunlar ingilis və fransızların gözləri önündə baş vermişdi. Orada da “erməni dövləti” yaratmağa çalışırdılar. Bakıdan qayıdan ingilis ordusu bu bədnam ideyanın həyata keçməsinə yardım edirdi. Beləliklə, Güneydə soyqırımı törətdilər, bunu Türkiyə – Osmanlı dayandırdı.

Güney və Quzeyin birləşərək müstəqil olmasından qorxurdular. Çünki Pişəvəri hərəkatı başlamışdı və bu məqsədə doğru gedirdi, o dönəmdə Stalini, Moskvanı başa saldılar ki, bunun qarşısı alınsın, əks halda, Güneydəki müstəqillik hərəkatı Quzeyə sıçrayacaq. Bəlkə də onda Mircəfər Bağırov bir qədər bunda maraqlı idi ki, Güneydə bir müstəqil dövlət olsun.

Amma ortada çoxlu maraq qrupları vardı ki, buna qarşı idilər. Sonuncu şah öz kitabında yazırdı ki, yanımda bir general təyyarə ilə getdik, Təbrizə bomba atdıq, 21 Azərə qalib gəldik.

O zaman mollalar və şah əl-ələ vermişdilər, kömək edən də ABŞ idi. İran adlanan yerin kommunistləri də şaha dəstək vermişdilər. Əl-ələ verib Güneydə soyqırımı törətdilər və bu yara Güneydə heç vaxt sağalmadı. Odur ki, şahın son dönəmlərində güneylilər bir anda ayağa qalxdılar və inqilaba qatıldılar. Amma istək əldə edilmədi. Bununla belə, türklər birləşmişdilər, milli haqlar tələb edilirdi. Xomeyni bunu başa düşdü.

Xomeyni başa düşəndə onu vaxtilə şahın əlindən, edamdan qurtaran və ondan yüksək ruhani olan ayətullah Şəriətmədarini abırsız elədi, axırda da ölümə yuvarladı. Çünki onun türklər – azərbaycanlılar arasında nüfuzu yüksək idi. Türklər əsasən onu təqlid edirdilər.

– Şəriətmədari milli adam idimi?

– Milli deməyək, Pişəvəri hərəkatında şaha dəstək verib, onun əlini öpüb. Özünü isə belə göstərmişdi ki, azərbaycanlıdır. O vaxt xums, zəkat, imam haqqı verilirdi, azərbaycanlılar imam haqqını ona verirdilər.

Məlum oldu ki, Xomeyni farsların tərəfindədir və onları dəstəkləyir. Azərbaycanlılar dedilər ki, bizim də ağamız Şəriətmədaridir. O da Qumda otururdu. Onlar “Müsəlman Xalq” Hərəkatı yaratdılar və bu baş tutdu. Xomeynini Qumda sıxışdırdılar, camaat tökülüşdü ki, gedək, Xomeynini öldürək. Xomeyni də qaçıb gizləndi, Tehrana köçməyə məcbur oldu. Bu hərəkat Təbirzdə çox güclü oldu.

Demək olmazdı ki, milli hərəkat idi, amma təbrizlilər dedilər ki, Şəriətmədari bizim ağamızdır, türkdür, Qumda oturub. İnsanlar Təbrizdən çıxıb yüzlərlə kilometr Şəriətmədarini qorumağa getmişdilər.

Hərəkatın ətrafında bir Azərbaycan çevrəsi yaranmışdı. Ona görə də Şəriətmədariyə qarşı çıxdılar, onu “Amerikanın adamı” adlandırdılar və onu sıxışdırmağa başladılar, sonra da tutdular. Beləliklə, Şəriətmədari geriyə çəkildi, Xomeyni isə irəlilədi. Amma Xomeyni Şəriətmədaridən çəkinirdi. Şəriətmədari ondan yüksək idi, üstəgəl, onu öldümdən qurtarmışdı.

O vaxt bir stenoqram yayılmışdı. Orada Xomeyni Şəriətmədariyə deyir ki, seyyid, sən bilmirsən ora Azərbaycandır? Deyirdi ki, Azərbaycan getsə, İran gedər, İran getsə, islam gedər, islam getsə, sən də gedərsən, mən də gedərəm. Şəriətmədari qayıdır ki, tövbə, əstağfurillah. Bundan sonra Şəriətmədarini aradan götürdülər.

– Bəs Xameneyi? Onun haqda da “azərbaycanlıdır – türkdür” deyirlər.

– Türk deyil, yalandır. Bunu bilərəkdən yaydılar.

– Məqsəd nədir?

– Şəriətmədaridən sonra o imicdə türklər arasında bir dini sima yox idi. İstədilər ki, o boşluğu Xameneyi ilə doldursunlar. Amma bu alınmadı. Xameneyinin atası kiçik bir molla olub. İraqdan Xamnə kəndinə gəlib, oradan da Məşhədə gedib. İkinci xanımından Xameneyi doğulub. Yəni türk deyil.

Şəriətmədarinin oğlu indi Hamburqda yaşayır, siyasi fəaldır. O da axırda çıxıb dedi ki, atamın türk olduğunu deyirsiniz, atam türk olmayıb. Biz də bunu deyirdik.

Xameneyi də özünü türk kimi göstərməyə çalışır. İnanılan iddianın əksinə olaraq, Xameneyi türk dilində danışa bilmir. Ara-sıra Təbrizə, Ərədəbilə gələndə bir-iki kəlmə nəsə deyir, vəssalam. Bunu ayrı-ayrı ölkələrin rəsmiləri də başqa ölkələrə gedəndən edirlər. Yəni Xameneyi tamamilə fars kimliyinə bağlıdır.

– Pəhləvilərin münasibəti bəlliydi, indiki rejim də məlumdur. Bəs fars çevrələrində Güney Azərbaycana, ümumən Azərbaycana loyal münasibətdə olan kimlərsə varmı?

– Yoxdur. Təkcə İranda yox, bu rejimdən qaçaraq xaricə gedənlər də Azərbaycana qarşı düşmən münasibətdədirlər. Halbuki həmin insanlar molla rejiminə etiraz olaraq kənara üz tutublar. Xüsusən də 44 günlük müharibədən sonra onların hamısı birlikdə Azərbaycana qarşı çıxdılar, xüsusən də Zəngəzur dəhlizi məsələsinə etiraz etdilər.

Onlar həmin insanlardırlar ki, bu rejim onların dırnaqlarını çıxarıb, zorlayıb, var-dövlətlərini əllərindən alıb. Buna baxmayaraq, onlar mollalarla ağız-ağıza verib Azərbaycana qarşı çıxırlar.

Hətta Azərbaycan müstəqilliyini qazandıqdan sonra İranda özlərini “beynəlmiləlçi” adlandıran kommunistlər də açıq şəkildə dedilər ki, Azərbaycanın üstünə tanklarla gedərik. Biz də onları ələ saldıq ki, bəs özünüzə “beynəlmiləlçi” deyirdiniz. Demək, Azərbaycan, türk məsələsinə gələndə bunlar bir ağızdan danışırlar.

– Bəs bu kin haradan gəlir?

– Xəmirləri belə yoğrulub, beyinlərinə belə yeridilib. Deisti də, ateisti də, dindarı da, kommunisti də, materialisti də türkçülüyə, Azərbaycana qarşıdır. Təkcə Azərbaycan yox, Türkiyəyə də belə münasibətdədirlər. Farslar özlərinə qarşı ən böyük təhlükə kimi Azərbaycanı görürlər.

Azərbaycan əraziləri işğal olunanda hamısı sevinirdi. Həmişə həqarətlə deyirdilər ki, nə oldu, dörd-beş erməni gəlib Azərbaycanı tutdu? Amma 44 günlük müharibədə elə bil başlarına soyuq su tökdülər. Təşvişə düşdülər ki, birdən-birə nə oldu, bu qısa vaxtda ərazilərini necə geri aldılar?

Nə olduğunu bilmədilər, qorxuya düşdülər. Onları ən çox qorxudan o oldu ki, həm Qarabağı azad etdik, həm də Zəngəzur məsələsi gündəmə gəldi. Hələ Zəngəzurla bağlı heç nə yoxdur, amma qorxurlar. Bu qorxu altında tez-tez “sərhədlərin dəyişdirilməsi”ndən danışırlar.

İndiyədək Azərbaycan dövləti İran adlanan yerə bir casus göndərməyib, nəinki ora, heç Ermənistana. Əksinə, indiyədək özlərinin Türkiyə və Azərbaycandakı casusları dəstə-dəstə tutulub, terrorçuları ələ keçirilib. İllərlə Azərbaycanda ən müxtəlif sahələrdə öz adamlarını yerləşdirmişdilər. Amma son aylarda Azərbaycan qətiyyətli mövqeyini ortaya qoyaraq, bu casus və təxribatçı şəbəkələri zərərsizləşdirdi.

İran vəziyyəti o yerə çatdırdı ki, Tehrandakı səfirliyimizə əli silahlı terrorçu göndərdi.

– Sizcə, Tehranın bunda məqsədi nə idi və bunun sifarişçisi kim ola bilərdi?

– Sifariş birbaşa Xameneyidən gəlib. İran adlanan yerdə, bir dövlətlə yanaşı, bir də paralel dövlət var. Üzdə olanlar bunlar idi – Rəfsəncani, Əhmədinejad, Ruhani, Rəisi və sair. Əsas dövlət Xameneyinin evindədir. ETTELAAT, SEPAH kimi qurumlar ona bağlıdır. Həmin qurumlar onun əmri ilə hərəkət edirlər, tutub kəsirlər və sair. Yerdə qalanları yalandır, əsas bunlardır. Nə olub, nə olmayacağına da Xameneyi qərar verir. Onların işi xalqlar arasında qorxu yaratmaq və bununla onları idarə etməkdir. İnsanlar onların əllərindən boğaza yığılıblar.

Uzun müddət Xomeyninin baş naziri olmuş Mirhüseyn Musəvi 14 ildir ev dustağıdır, özü də Xameneyinin evinin yanında. Musəvi savaş dönəmində baş nazir olub. Bir neçə il əvvəl keçirilmiş prezident seçkisində seçilmişdi, Xameneyi gecəliklə onu dəyişdi. Musəvi də milyonlarla insanları küçələrə tökmüşdü, Xameneyi qaçıb gizlənmişdi.

– Belə bir yayğın fikir də var ki, Musəvinin seçilməsi Güney Azərbaycanın xeyrinə olacaqdı.

– Bu, inandırıcı deyil. Musəvi türkdür, ziyalıdır, rəssamdır, amma unutmayaq ki, Xomeyninin seçdiyi adamdır. Seçkilərdə tanınmış azərbaycanlılar ona müraciət etdilər ki, gəl, yığılaq, biz azərbaycanlılar sənə dəstək verək. O da dedi ki, mən gəlmirəm, mənim Azərbaycanda nə işim var. Amma elə ki həbs olundu, dara düşdü, xanımı çıxıb dedi ki, bu da Azərbaycan oğludur. Məsələ düşüncədən gəlir.

– Musəvi bu düşüncədə idisə və seçilməsi Güney Azərbaycanın xeyrinə olmayacaqdısa, bəs Xameneyi niyə ona imkan vermədi?

– Bu, başqa bir şeydir, hakimiyyət davasıdır. Kərbəlada da dava hakimiyyət davasıydı. Musəvi baş nazir olanda mən Evin həbsxanasındaydım. Həmin günlərdə hər gün bu həbsxanada 250-370 insan öldürürdülər. Bu proses Musəvi baş nazir olanda gedirdi, Xameneyi də prezident idi. Həmin dönəmdə Səddam Hüseyn müharibədə İranı məğlub etmişdi. Bundan sonra Xomeyni bir paraqraf bir şeylər yazıb dörd nəfərə verdi. Dörd nəfərin arasında qaniçən Rəisi də vardı. Əmr verildi ki, zindanlara gedin, kim artıq-əskik danışsa, asın.

Qısa vaxtda on minlərlə, təxminən 30-40 min insanı qətlə yetirdilər, dünya bunu bilir. Amma İranda heç kim bu haqda danışmadı, Musəvi də. Hələ də bunu “dövlət sirri” kimi saxlayırlar, amma hər kəs bilir. O günlərdə minlərlə insanı həm müharibədə, həm də edamlarla qırdılar. İndi nə Musəvi, nə Xatəmi, nə də digəriləri çıxıb deməyəcəklər ki, mən hakimiyyətə gəlirəm, xalqların milli haqlarını təmin edəcəm. Bu, rejimin mahiyyətində yoxdur.

İndi də rejim əleyhinə bir proses başlayıb, hələ hər şey başlanğıc nöqtəsindədir. Güney Azərbaycanda da narazılıq kifayət qədər güclüdür. Hərəkatın sıralarında minlərlə azərbaycanlı – türk var.

– Yəni indi Güneydə durum hansı müstəvidədir?

– Əlbəttə, Güneydə bir milli hərəkat var. Ümumilikdə isə son dörd ayda İran adlanan yerdə davam edən etirazlar pik nöqtəyə doğru gedir. İndi orada güclü qadın hərəkatı mövcuddur. Həbsdə olan Nərgiz Məhəmmədi Nobelə də namizəd göstərilib. Düzdür, farsçılıq düşüncəsi ilə qadın haqları uğrunda mübarizə aparır, amma türkdür. Artıq hicaba, çadraya qarşı bir etiraz dalğası formalaşıb.

Mollalar hicabdan siyasi alət kimi istifadə edirlər. Özlərinin qızları, arvadları Vaşinqtonda, Kanadada lüt-üryan gəzirlər. Elə Xomeyninin Kandadakı nəvəsi. Mollaların qızlarının elə fotoları yayılır ki, heç “Pley Boy”da elə şey yoxdur. Bir sözlə, son dörd ayda insanlar içlərinə yığılmış etirazları, qəzəbi püskürürlər.

Bu gün İranla bağlı məsələlərdə ən əsas amil xalqların hüquqları ilə bağlıdır. Azərbaycanlıların, ərəblərin, bəlucların, kürdlərin, türkmənlərin öz haqlarını tələb etməyə başlamaları mollaları qorxuya salıb. Digər xalqların hamısı deyirlər ki, Azərbaycan, hardasan, sən gəlməsən, bizim gücümüz çatmayacaq. Düz, deyirlər. İrançı dəstələr də deyirlər ki, Azərbaycan bizə qoşulsun, amma biz deyən olsun, İranı qurtaraq, ondan sonra demokratiyanı gətirək. Bundan əvvəl gəlmişdik də, nə oldu?

İran adlanan yerdə dərin bir proses gedir, xüsusən də qadın haqları ətrafında cərəyan edir. Son günlərdə İran rejiminin öz daxilində güclü silkələnmə var.

– Sizcə, bu, İranda hakimiyyət dəyişikliyinə gedən bir prosesdirmi?

– Dərin dövlət hakimiyyət dəyişikliyinə doğru gedir. Xalqlar indiki rejim haqda deyirlər ki, artıq bunu qurtarmaq lazımdır. İndi siyasi çevrələrdə müzakirələr bu yöndə gedir: bu rejimdən keçək. Musəvinin özü də son müraciətində rejim dəyişikliyinə çağırış edib. Yəni işlər islam rejimi ilə getməyəcək. Pəhləvi rejiminin nümayəndələrinin son çağırışları da belədir.

– Bəs İran cəmiyyətinin özü dünyəvi və ya sekulyar rejimə keçidə hazırdırmı?

– Molla rejimi sekulyarlığa “kafirlik” kimi baxır. Amma İran adlanan yerdə buna çağırış edənlər var. Elə inqilabda iştirak edən bəzi mollalar da var ki, deyir, din intibah dönəmindən keçməlidir, dinə yeni baxış olmalıdır. Elə bilirsiniz ki, orada zindanlarda təkcə adi insanlar var? Belə fikirlərinə görə həbs edilən mollalar da mövcuddur. Bəzi mollalar deyirlər ki, gəlin, dini siyasətdən ayıraq, məscidlərə çəkilək, öz işimizlə məşğul olaq.

Xomeyni də vaxtilə demişdi ki, mən siyasətə qarışmayacam, amma yalan demişdi. Ona görə bu gün deyirlər ki, artıq din də gedir, məscid də gedir, məzhəb də gedir. Bir sözlə, bununla bağlı çeşidli istəklər dilə gətirilir. Musəvinin özü də bu düşərgədəndir və bir çəkisi var, artıq o da bu yöndə öz mesajını verib.

Xomeyninin özü də zamanında demişdi ki, vaxt gələcək, bu insanlar, xalqlar mahiyyətimizi bilib, bizi asacaqlar. Amma artıq qadınlar da, rejimin içində olan bəzi insanlar da dilə gəlirlər. Bu fonda Xameneyi geri çəkilməyə başlayıb, çünki rejimi təhlükə qarşısındadır. Amma mahiyyətini dəyişmək istəmir. Musəvi ötən günlərdə bu müraciətini edəndə əvvəlcə bunu imzalamaqdan imtina edənlər oldu, amma indi yüzlərlə insan buna qol çəkib. Xatəmi də o yandan bir bəyanatla üzə çıxdı. Başqa siniflər də hərəkətə gəliblər, bu qaniçən rejimin gözləri önündə açıq etirazlarını bildirirlər.

Kənar qüvvələr də rejim daxilindəki bu təlatümü görməyə başlayıblar. Xameneyi də bunu hiss etdiyi üçün geri addım atmağa başlayıb, başlayıb ki, zindanlar dolub, insanları azad etmək lazımdır və sair. Artıq gecdir. Rejimin öz içində olan insanlar, siyasi ekspertlər də deyirlər ki, hansı səbəbdən olur-olsun, növbəti partlayış olacaq.

Dediyim kimi, İran adlanan yerdə güclü və dərin qadın hərəkatı var. Məhəmməd Rzanın ortaya atılmış oğlunun ətrafında da kişi yoxdur, hamısı qadındır. Bundan başqa, müəllim və fəhlə hərəkatları da var. Ən başlıcası, xalqlar məsələsidir. Xameneyinin özünün də ağzından çıxıb ki, belə getsə, İran dağılacaq.

– Bəs inanırsınızmı ki, bu gedişatın sonunda Güney Azərbaycan bu rejimin zülmündən qurtulacaq?

– Bir neçə gün əvvəl hamı gözünü açdı ki, Bayden Kiyevin ortasındadır. Heç kəs gördüklərinə inanmadı. Hətta ruslar üç-dörd saat əvvəl bildilər ki, bu adam Ukraynaya gəlir. Yəni dünya sürətlə dəyişir, bizi nə gözlədiyini bilmirik.

Ötən günlərdə Netanyahu da, Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik də bildirdi, Amerika nəşrləri də yazırlar ki, İranın uranı zənginləşdirməsi nisbəti 60 yox, 86 faizdir. 86 faiz atom bombası deməkdir. İranlılar bunu malalamağa çalışırlar. Netanyahu açıq şəkildə bildirdi ki, İrana qarşı hərəkətə keçməliyik.

İsrail İranda dörd minə qədər hədəfini nişanlayıb, hədəf xəritəsini təqdim edib. İsrail bu məqsədlə ABŞ-la təlim də keçirdi. Netanyahu ölkənin təhlükəsizlik və müdafiə qurumlarının rəhbərləri ilə görüşündə dedi ki, tez tərpənməliyik, əks halda, İranı vurmaq işi çətinə düşə bilər. Artıq görüşlər başlayıb və hər şey hazırmış kimi görünür.

Xatırlayırsınızsa, yanvarın son günlərində İsrail İranın səmasını demək olar ki, bir gün öz nəzarətində saxladı. İsrail F-35-ləri tez-tez Tehran üzərində manevrlər edirlər, İran rejimi də buna qarşı heç nə edə bilmir. ABŞ və Avropa Birliyi sanksiyalarını sərtləşdirir. Artıq Avropa Parlamentində o müzakirələr gedir ki, SEPAH terror təşkilatı elan edilsin. İranın Ukraynaya qarşı işğalçı müharibəsində Rusiyaya dəstək verməsi Qərbin narazılığını bir qədər də artırır. Hətta Münxen konfransına İran yox, şahın oğlunu çağırdılar. Tehranla yanaşı, Rusiya da bundan kənarda qaldı. İran rejiminin nə daxildə, nə də xaricdə legitimliyi qalıb.

Güney Azərbaycana gəldikdə, milli hərəkatlar həmişə olub, bu gün də var. Hərəkat kifayət qədər güclüdür, rejim də bilir və buna görə qorxur. O həmin hərəkatdır ki, rejimin bir qəzeti Azərbaycanı təhqir edəndə yüz minlərlə üzvü meydanlara çıxdı, Xameneyi qaçıb gizləndi, Əhmədinejad da. Bir sözlə, Tehran rejiminin dönüş nöqtəsi yoxdur, dəyişməlidir, bu, yeganə çıxış yoludur, çünki özünü saxlamağa imkanları yoxdur.

– Öz-özünü bitirib…

– Bitirib. Rejim ölkəyə nəzarət edə bilmir. Dörd aydır ki, Bəlucistan əldən çıxıb. Bölgədə yaşayan sünnilərin dini lideri Molla Həmid açıq şəkildə dedi ki, naməkruhsunuz. Kürdlərin, türkmənlərin yaşadıqları ərazilərdə də artıq rejimin mollaları qəbul edilmir, ayrı-ayrı bölgələrdə silahlı mübarizə başlayıb. Ərbilə basqılar etdilər ki, kürdləri İrandan çıxarın. Amma Ərbil qulaq asmadı. Ərəblər də, lorlar da ayaqlanıblar. Getdikcə molla rejimi üçün təhlükə böyüyür.

Daxildə təhlükə böyüdükcə molla rejimi kənarda “xarici düşmən” axtarır. Gah Azərbaycana, gah İsrailə, gah da başqalarına təhdidlər ünvanlayır. Amma Azərbaycan İranın təhdidlərinə boyun əymir, kifayət qədər qətiyyətlidir. Azərbaycan prezidenti Səmərqənddə olarkən Güney Azərbaycan üçün yol xəritəsini gündəmə gətirdi. Yəni Güney Azərbaycan türklərinin hüquqları və haqları məsələsini. Bunlar çox önəmli məsələlərdir.

Üstəgəl, Azərbaycan İsraildə səfirlik açdı, buna bir ərəb ölkəsi etiraz etmədi. Hətta Misir prezidenti Azərbaycana gəldi. İsraildə səfirliyimizin açılması, İran rejiminə əlin tərsi ilə vurulmuş qapaz oldu. Bu, Tehranda bomba effekti yaratdı.

– Bəs heç olmasa, molla rejimi bundan sonra ayıldımı ki, biz nə edirik?

– Artıq ayılsa da, ayılmasa da heç nə edə bilmir, bacarmır. Azərbaycan həmişə İranla bağlı məsələlərə qonşuluq prinsiplərini önə çəkərək həssas yanaşırdı. Amma 44 günlük müharibədən sonra İran Azərbaycan daxilində təxribatlara əl atmağa başladı. Bizim hüquq mühafizə orqanlarımız, təhlükəsizlik xidmətlərimiz üstlərinə gedən kimi susdular. Bir il əvvəl “kərimə dövləti” sayıqlamasından danışırdılar, o terrorçuya yas saxlayırdılar, ehsan verirdilər, halva bişirirdilər. Adı nədir o terrorçunun?

– Qasım Süleymani.

– Qasım Süleymaniyə. İnsanların başlarını yeyirdilər. İran adlanan yerdə inqilabdan əvvəl də insanları belə şeylərlə aldatmışdılar. İran adlanan yeri terrorxanaya çevirdilər. Azərbaycandakı bəzi məscidləri də şeytdan yuvasına döndərmişdilər. Dindən, məzhəbdən sui-istifadə edib insanları təxribatlara çəkirlər.

Güney Azərbaycanda gəldikdə, bu hərəkatın qarşısını ala bilməyəcəklər. Əsas güc də Güneydədir. Türkiyədə zəlzələ baş verəndə, bütün dünya yardıma qaçdı. Amma Xoyda zəlzələ olanda, molla rejimi yavru Xoyu təklədi, yardım etmədi. Zəlzələ Xoyun 80 faizini bərbad günə qoyub, 70 kənd yerlə-yeksan olub. Amma Tehran rejimi imkan vermədi ki, nə Azərbaycan Cümhuriyyəti, nə Türkiyə, nə də beynəlxalq ictimaiyyət köməyə gəlsin. Əksinə, gətirilən yardımları, çadırları oğurladılar, yardımların önünü kəsdilər, qaşqayların gətirdikləri humanitar yükləri oğurladılar. Zəlzələ vurmuş millətin üstünə buz kimi su açdılar. Qisas alırlar, bunu da açıq deyirlər. Deyirlər ki, oradan bura bir tikə çörək gəlsə, o milli ruhun önünü almaq mümkün olmayacaq.

44 günlük savaşdan əvvəl ələ salırdılar ki, üç-dörd ermənidən torpaqlarınızı ala bilmirsiz, istəyirsiz, Güney də müstəqil olsun? Amma 44 günlük savaşdan sonra dillərini qarınlarına qoydular.

Xoy məsələsində isə Güney Azərbaycan həmrəylik nümayiş etdirdi, millətin özü köməyə qalxdı. Rəisi Xoya gələndə ona dedilər ki, bizə Tehran yox, Urmiya və Ərdəbil kömək edib, var olsun Təbriz. İsti yemək apardılar, yəni millətdə həmrəylik var. Bu dərin həmrəylik rejimi qorxuya salır ki, nəsə var.

Bizim platformamızın əsas qayəsi Azərbaycanın güneyinin tam istiqlalıdır.

Güney Azərbaycanda aparılan son sorğularda iştirak edənlərin 85 faizi bildirir ki, biz bu farslardan qurtarmaq, müstəqil dövlət istəyirik. Son dörd ayda gedən proseslərdə səsləndirilən əsas şüar budur: Azadlıq, Ədalət, Milli Hökumət! Milli hökumət, yəni müstəqil dövlət.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …