
GADTB: CNN telekanalının Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu ilə birlikdə araşdırdığı eksklüziv peyk görüntüləri İranın zərər görmüş bəzi nüvə obyektlərini yenidən qurmağa çalışdığına dair əlamətlər ortaya qoyur.
Hesabatda bildirilir ki, Parçin kompleksində və Kuh-e Koləng Gəzla adlı yeraltı obyektlərdə tikinti işləri müşahidə olunub. Parçinə aid görüntülərdə ABŞ və İsrail hücumlarının dəydiyi nöqtələrin əvvəlcə müvəqqəti örtüklərlə, daha sonra isə torlarla örtüldüyü, həmçinin beton tökən yük maşınlarının göründüyü qeyd edilir. Bu addımın bombardman nəticəsində yaranmış dəliklərin bağlanmasına hazırlıq məqsədi daşıya biləcəyi ehtimal olunur.
Kuh-e Koləng Gəzla obyektində də tikinti texnikası və nəqliyyat vasitələrinin yeraltı kompleksə daxil olub-çıxdığı qeydə alınıb. CNN-in məlumatına görə, bu fəaliyyətlər İran ilə ABŞ arasında imzalanmış və Tehranın nüvə obyektlərində mövcud vəziyyəti qorumasını nəzərdə tutan son anlaşma memorandumunun müddəaları ilə ziddiyyət təşkil edə bilər.
Bununla belə, İsfahan, Fordo və Natanz nüvə obyektlərinə aid peyk görüntülərində yenidənqurma işlərinin aparıldığına dair hər hansı əlamət müşahidə edilməyib.
Hesabatda həmçinin İranın bəzi raket bazalarında təmir işlərinin görüldüyü, eləcə də Təbriz Hərbi Hava Bazasının uçuş-enmə zolağında yaranmış çuxurun betonla doldurulduğu bildirilir.
CNN-in bu hesabatı yayımlandığı gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bəyan edib ki, İran İslam Respublikası ABŞ və İsrail hücumları nəticəsində zərər görmüş obyektlərdə beynəlxalq yoxlamaların aparılmasına icazə verməyəcək.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi