Cümə , Aprel 19 2024
azfa

Zəfər Günü münasibətilə Osloda parlament binasının qarşısında aksiya keçirilib -Video

GADTB-nin Mətbuat Mərkəzinin AZƏRTAC-a istinadən yaydığı məlumata görə, Norveçdəki Azərbaycan və türk diasporunun üzvləri Zəfər Gününün birinci ildönümü münasibətilə Oslonun mərkəzində yerləşən krallığın parlament binasının qarşısında “Böyük qayıdış” adlı aksiya keçirib.

Norveçdə fəaliyyət göstərən “CAN” təşkilatı tərəfindən keçirilən aksiyaya bu ölkədə yaşayan azərbaycanlı və türklərlə yanaşı, Türkiyənin Norveçdəki səfirliyinin işçiləri də qatılıb.

Tədbirdə çıxış edən Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatının sədri Şervin Nəcəfpur ötən il sentyabrın 27-dən başlayıb 44 gün davam edən milli mücadiləmiz haqqında söz açıb. Onun sözlərinə görə Birinci Qarabağ müharibəsində Ermənistanın təcavüzü nəticəsində 1 milyondan çox günahsız dinc azərbaycanlı öz yurd-yuvalarından qovularaq məcburi köçkün olub.

30 ilə yaxın aparılan danışıqların nə işğal olunmuş ərazilərin qaytarılmasına, nə də azərbaycanlılara qarşı erməni hərbçilərinin hücumlarını dayandırmadığına diqqəti çəkən diaspor fəalı, bu illərdə dünya ictimaiyyətinin baş verənlərə göz yumduğunu təəssüf hissi ilə bildirib.

İşğal illərində azərbaycanlıların qovulduğu ərazilərdə bütün şəhər və kəndlərin dağıldığını, bu yerlərdə yüz milyonlarla dollar dəyərində mina və partlayıcı sursatların yerləşdirildiyini xüsusi ilə qeyd edən Şervin Nəcəfpur, bu və digər hallara rəğmən millətimizin torpaqlarını təhlükəli sursatlardan təmizləyərək qayıtmaq əzmində olduğunu deyib.

Baş verən müharibəyə baxmayaraq, Azərbaycanın multikultural dəyərlərə sadiq olduğunu bildirən Şervin Nəcəfpur söyləyib: “Hamımız bilirik ki, Azərbaycan multikulturalizm və dini etiqad azadlığı məsələsində bir çoxlarına nümunə ola biləcək ölkədir. Ona görə də vurğulamaq istəyirəm ki, keçən il baş verən müharibə dini müharibə deyildi, mən dəqiq bilirəm ki, siyasi baxışlarından, dini inanclarından asılı olmayaraq Azərbaycanda yaşayan hər kəs öz Vətənini işğal və terrordan qorumaq üçün həmrəydir”.

Qarabağın işğaldan azad olunandan sonra yeni inkişaf dövrünü yaşadığını da diqqətə çatdıran “CAN” diaspor təşkilatının sədri aparılan irimiqyaslı tikinti-quruculuq işlərini, habelə 8 ay ərzində inşa edilən Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsini, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Beynəlxalq “Xarıbülbül” Festivalının keçirilməsini diqqətə çatdıraraq deyib: “Bu ərazilərdə “ağıllı”, ekoloji cəhətdən təmiz şəhər və kəndlər tikilir, 1 milyon insanın geri qayıtması üçün hazırlıq işləri aparılır. Ötən 1 il ərzində bütün bu işlərin sayəsində Qarabağa həyat yenidən qayıdır. Musiqi, incəsənət, poeziya, ədəbiyyat, hətta gülüş də vaxtlar işğaldan azad olunan torpaqlarımıza geri dönüb”.

Çıxışında Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrinin əhəmiyyətini qeyd edən diaspor fəalımız iki ölkə rəhbərlərinin postmünaqişə ərəfəsində sülh və barış üçün əhəmiyyətli addım atdığını diqqətə çatdırıb. O bildirib ki, prezidentlər İlham Əliyev və Rəcəp Tayip Ərdoğanın birgə fəaliyyəti nəticəsində bir vaxtlar münaqişə regionu olan Qafqazın sülh ərazilərinə çevrilməsi üçün davamlı siyasət aparılır.

Daha sonra tədbirdə çıxış edən Gənc Politoloqlar Mərkəzinin rəhbəri İlkin Əliyev Qarabağ müharibəsi haqqında ətraflı danışaraq Norveç hökumətini azərbaycanlılara qarşı baş verən soyqırımına, etnik təmizləməyə, şəhər və kəndlərin dağıdılması kimi qeyri-insanı addımlara düzgün siyasi qiymət verməyə çağırıb.

Qeyd edək ki, tədbir Azərbaycan Diasporuna Dəstək Fondu və Gənclər Fondu tərəfindən maliyyələşdirilib.

Tədbirin videosuna buradan baxa bilərsiniz:

Həmçinin yoxlayın

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …