Çərşənbə , May 6 2026
azfa

“Alpamış Batır” beynəlxalq elmi-nəzəri konfransı keçirilib

GADTB: 17-18 oktyabr 2024-cü il tarixlərində Almatı şəhərindəki Dostluq Evində Qazaxıstan Respublikasının UNESCO və İSESKO üzrə Milli Komissiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Qazaxıstan Qeyri-Maddi Mədəni İrs üzrə Milli Komitəsi və Muxtar Auezov adına İncəsənət və Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Türk xalqlarının mənəvi irsi dünya sivilizasiyası kontekstində: “Alpamış Batır” dastanı” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qonaqları salamlayaraq rəhbərlik etdiyi təşkilatın türk mədəniyyətinin və irsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində genişmiqyaslı fəaliyyətlərindən bəhs edib. O, fond tərəfindən həyata keçirilən layihələrin bərpa və muzeyləşdirmə, elmi-tədris, təhsil və yaradıcılıq istiqamətlərində mühüm rol oynadığını vurğulayıb.

Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun aktual layihələri sırasında “Türk dünyası mədəni irsinin qorunması haqqında” konvensiya, ortaq türk mədəni irs obyektlərinin çoxdilli kataloqu – “TurkHeritage”, ümumtürk dəyərlərinin geniş şəkildə işıqlandırıldığı silsilə sənədli filmlərin yayımlandığı “Turk Discovery” rəqəmsal platformasına diqqət çəkib. O, fond tərəfindən “Türk dünyasının görkəmli şəxsiyyətləri”, “Türk dünyasının ədəbi inciləri”, “Türk dünyasının elmi inciləri” adlı kitab seriyalarının tərtib olunduğunu nəzərə çatdırıb.

A.Raimkulova rəhbərlik etdiyi təşkilat tərəfindən türk dünyasının müxtəlif sahələrdə çalışan mütəxəssislərini bir araya gətirən təcrübə mübadiləsi proqramları, türk şəhərlərində irs və yaradıcılığına dair müxtəlif mərkəzlərinin açılması, türk mədəni irsini ictimaiyyətə tanıdan tədbirlərlə bağlı da məlumat verib.

Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının ortaq ədəbi dəyərlərini təbliğ edən layihələri dəstəklədiyini bildirərək deyib: “Türk dünyasının klassik qəhrəmanlıq dastanlarından olan “Alpamış Batır” dastanı bu gün ortaq dəyərimizə çevrilib. Türk xalqlarının dəyərli və bədii yadigarı hesab olunan bu dastan qədim dövrlərin adət-ənənələri, təfəkkürü, dünyagörüşü və reallıqlarını aydın şəkildə təsvir edir. “Alpamıs Batır” dastanı türk xalqlarına birliyi, mənəviyyatı aşılayan milli iftixara çevrilib. Odur ki, bugünkü tədbir gənc nəslin milli şüurunun formalaşması, inkişafı, türk xalqlarının kimliyi və birliyinin qorunub saxlanılması baxımından əhəmiyyət kəsb edir”.

A.Raimkulova tədbirin həmtəşkilatçılarına, eləcə də iştirakçılarına Türk Mədəniyyəti və İrsi Fondu adından təşəkkür edib.

Konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə Muxtar Auezov adına İncəsənət və Ədəbiyyat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində qazax, rus və ingilis dillərində nəşr olunan “Alpamış Batır” dastanının təqdimatı keçirilib. Əsərin müxtəlif dillərdə yayınlanmasında məqsəd türk xalqlarının ortaq mənəvi irsini yaşatmaq, eləcə də geniş beynəlxalq auditoriyaya çatdırmaqdır.

Tədbir Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Rusiya Federasiyasından (Ufa, Kazan, Novosibirsk) tanınmış alimlərin “Alpamış Batır” dastanına, eləcə də ümumtürk epik ənənələr, folklor irsi və bu sahənin dərindən öyrənilməsinin aspektlərinə dair mövzular ətrafında çıxışlar, məruzələr və panellərlə davam edib.

Konfrans çərçivəsində “Alpamış Batır” dastanının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün beynəlxalq ekspertlər tərəfindən irəli sürülməsi ilə bağlı müzakirələr də aparılıb.

Folklor irsi və müasirliyin vəhdəti fonunda ümumtürk ədəbiyyatı və mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması və qorunması kimi məqsədlərin əhəmiyyəti tədbirin əsas istiqamətlərindən biri idi.

Beynəlxalq konfransda türk dövlətlərindən, eləcə də digər xarici ölkələrdən alimlər – dilçilər, tarixçilər, filosoflar, dastançılar, folklorşünaslar, ədəbiyyatşünaslar, sənətşünaslar, mədəniyyətşünaslar, ali təhsil müəssisələrinin professorları iştirak ediblər.

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkətləri yeni texnologiyaları təqdim edəcək

GADTB: SAHA 2026 tədbirində bəzi texnologiyalar ilk dəfə geniş şəkildə nümayiş etdiriləcək. Türkiyənin PUA istehsalçısı …

Tramp: İranda xalq üçün çoxlu silah göndərmişdik

GADTB: ABŞ prezidenti Donald Trump Amerikanın “Salem” adlı xəbər şəbəkəsinə müsahibəsində İranda xalqa silah göndərildiyini, …