
GADTB: Şənbə günü səhər saatlarında Təbriz və Urmiyə şəhərlərində baş verən partlayışlarla bağlı məlumatlar yayılıb.
Məlumata görə, bu gün səhər saat təxminən 08:35-də Təbriz sakinləri ardıcıl ən azı səkkiz güclü partlayış səsi eşitdiklərini bildiriblər. Şahidlərin sözlərinə görə, partlayışlar şəhərin qərbində yerləşən sənaye zonasında — IDEM zavodu və Traktor Sazi zavodu yaxınlığında, həmçinin Bonyan Dizel stadionu ətrafında baş verib. Bu ərazi ilə bağlı daha əvvəl İsrail Müdafiə Qüvvələri tərəfindən evakuasiya xəbərdarlığı edilmişdi.
Şahidlər bildiriblər ki, partlayışların gücü çox yüksək olub və şəhərin bəzi hissələrində titrəmə hiss olunub. Bununla belə, partlayış səslərinin nisbətən boğuq olduğu, partlayışlar arasında isə külək uğultusuna bənzər səslərin eşidildiyi qeyd olunub.
Saat təxminən 08:45 radələrində Təbrizdə daha altı partlayışın baş verdiyi barədə məlumat verilib və eyni vaxtda şəhərin bəzi bölgələrində elektrik enerjisinin kəsildiyi bildirilib. Təbrizin qərbindəki sənaye müəssisələrində çalışan bəzi işçilərin yaxınları hücumların daha əvvəl boşaldılması barədə xəbərdarlıq edilən eyni əraziyə yönəldiyini təsdiqləyiblər.
Eyni vaxtda Urmiyə şəhərinin sakinləri də bir neçə çox güclü partlayış səsi eşitdiklərini bildiriblər. Lakin şahidlərin sözlərinə görə, partlayışlardan əvvəl və ya sonra təyyarə səsləri eşidilməyib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi