
QADTB: Məhkəmə Hökmlərinin İcrası Şöbəsi idmançı və Azərbaycan Milli Hərəkatının fəalı Kərim İsmayılzadəni bir il müddətinə azadlıqdan məhrumetmə hökmünün icrası üçün Təbriz Mərkəzi Həbsxanasına çağırıb.
Kərim İsmayılzadə bundan əvvəl Şərqi Azərbaycan Vilayətinin Apellyasiya Məhkəməsinin 31-ci şöbəsi tərəfindən “ictimai rəyi çaşdırmaq” ittihamı ilə bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Çağırış vərəqəsinin təqdim olunmasından sonra o, hökmün icrası üçün Təbriz Mərkəzi Həbsxanasına müraciət etməlidir.
Kərim İsmayılzadə Azərbaycan Milli Hərəkatının fəallarından biridir. O, son illərdə ekoloji və mədəni fəaliyyəti ilə əlaqədar dəfələrlə məhkəməyə çağırılıb, saxlanılıb və barəsində cinayət işi açılıb.
Azərbaycan Milli Hərəkatının fəalları hesab edirlər ki, mədəni fəallara qarşı çağırışların, həbslərin və həbs hökmlərinin davam etdirilməsi azərbaycanlı türk fəallara qarşı təhlükəsizlik və məhkəmə təzyiqlərinin davam etdiyini göstərir. Onların fikrincə, bu proses son illərdə Azərbaycanda milli fəalların təqibini və vətəndaş fəaliyyətinə qoyulan məhdudiyyətləri daha da gücləndirib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi