Cümə axşamı , Sentyabr 3 2026
azfa

ABŞ yeni “tankerə qarşı tanker” siyasəti çərçivəsində İran sahillərində iki neft tankerinə zərbə endirib

GADTB: “Axios” saytı ABŞ hökumətindəki bir rəsmiyə istinadən xəbər verib ki, ABŞ ordusu sentyabrın 1-i axşamı həyata keçirilən hücumlar zamanı ilk dəfə yeni “tankerə qarşı tanker” siyasəti çərçivəsində İran hökumətinə məxsus iki neft tankerini hədəfə alıb.

ABŞ rəsmisinin sözlərinə görə, bu addım ABŞ prezidenti Donald Trampın təsdiqlədiyi yeni “tankerə qarşı tanker” siyasətinin bir hissəsidir. Məqsəd İran İslam Respublikası rejiminin Hörmüz boğazından keçən neft tankerlərinə hücum etməsinin qarşısını daha qəti şəkildə almaqdır.

Bu, ABŞ ordusunun ilk dəfə İranın dəniz blokadasını pozmasının qarşısını almaq məqsədi ilə deyil, İranın Hörmüz boğazında gəmilərə hücumlarına cavab olaraq İran neft tankerlərini hədəfə aldığı haldır.

İran hökumətinə məxsus neft tankerləri ölkə sahillərinin yaxınlığında, ABŞ-ın dəniz blokadası xəttinin şimalında lövbər salmışdı. “Axios”un məlumatına görə, ABŞ pilotsuz uçuş aparatları raketlərlə bu tankerlərin mühərrik bölmələrini vurub.

ABŞ rəsmiləri bildiriblər ki, sentyabrın 1-i axşamı həyata keçirilən hücumlarda SEPAH-ın hava hücumundan müdafiə mövqeləri, radar sistemləri, mina döşəmə imkanları, rabitə qurğuları, gəmi əleyhinə qanadlı raket buraxılış qurğuları və hücum PUA-larının buraxılış qurğuları da daxil olmaqla, təxminən 100 hədəf vurulub.

Hücumlar Xuzistan ostanının Əhvaz şəhəri yaxınlığında, Hörmüzqan ostanında Bəndər-Abbas, Bəndər-Lengə, Cask, Sərik və Qeşm bölgələrində, Sistan və Bəlucistan ostanında Çabahar və Kenarəkdə, həmçinin Kerman ostanının Ciroft şəhərində yerləşən hədəflərə qarşı həyata keçirilib.

İrandakı hökumət rəsmiləri və dövlət mediası Sərik yaxınlığındakı Kuhestək bölgəsində rabitə qülləsinə endirilən zərbə nəticəsində yaxınlıqda toy mərasimində iştirak edən insanlar arasında itkilərin olduğunu açıqlayıb.

Hörmüzqan ostanının qubernator müavini Əhməd Nəfisi bildirib ki, hücum zamanı toy mərasiminin keçirildiyi yaşayış evlərindən biri hədəfə alınıb.

Bununla bağlı CENTCOM sözçüsü kapitan Tim Hokins deyib: “Mənbəyi İranın dövlət mediası olan bu xəbərlərdən xəbərimiz var. ABŞ ordusu SEPAH-dan fərqli olaraq heç vaxt mülki şəxsləri hədəfə almır.”

ABŞ-ın iki gün ərzində həyata keçirdiyi ikinci hücum dalğasından sonra İran İslam Respublikası Silahlı Qüvvələri də “qəti cavab” verdiklərini açıqlayıb və ABŞ-ın İordaniya, Küveyt, Bəhreyn və İraq Kürdüstanındakı Ərbil bazalarına hücum etdiyini bildirib.

SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi ABŞ ordusunun Sərikdə yaşayış evinə hücumu və “50-yə yaxın insanın ölməsi və yaralanması”nı sərt şəkildə tənqid edərək bildirib ki, SEPAH-ın Aerokosmik Qüvvələri buna cavab olaraq İordaniyada, Əqəbə körfəzi sahilində yerləşən və “Camp Tytin” adlandırılan ABŞ dəniz piyadaları bazasına hücum edib.

Bəyanatda bu “ağır raket hücumu” nəticəsində çox sayda ABŞ hərbçisinin öldürüldüyü, bir neçə mühüm obyektin və ABŞ-a məxsus hücum helikopterlərinin məhv edildiyi iddia olunub.

Lakin iki ABŞ rəsmisi “Reuters”ə bildiriblər ki, İranın İordaniyadakı ABŞ obyektlərinə hücumu nəticəsində indiyədək hər hansı itki barədə məlumat daxil olmayıb.

SEPAH başqa bir açıqlamasında Quru Qoşunlarının “Ərbildəki ABŞ bazalarına birgə raket və PUA hücumu” həyata keçirdiyini, ABŞ ordusunun Ərbildəki təmir mərkəzi və texniki avadanlıq anbarlarının, həmçinin ABŞ-a məxsus casus şarının idarəetmə sisteminin məhv edildiyini bildirib.

Həmin açıqlamada SEPAH Quru Qoşunlarının bir neçə ABŞ hərbçisini öldürdüyü də iddia edilib.

SEPAH və İran İslam Respublikası Ordusu həmçinin Küveyt və Bəhreynə hücumlar həyata keçirildiyini açıqlayıb.

ABŞ rəsmiləri isə İranın cavab hücumlarının nəticəsiz qaldığını bildiriblər. Onların sözlərinə görə, İran İordaniyaya doğru təxminən 25 ballistik raket buraxıb. Lakin onların yalnız yarısı ölkənin hava məkanına çatıb, 10 raket ələ keçirilib, üç raket isə heç bir itkiyə səbəb olmadan yaşayış olmayan ərazilərə düşüb.

ABŞ rəsmilərindən biri bildirib ki, İran hökuməti Bəhreyndəki ABŞ bazalarına doğru təxminən 24 PUA da buraxıb, lakin onların böyük əksəriyyəti havada ələ keçirilib.

Həmçinin yoxlayın

Qoç Koroğlu (Gəçsaran) rayonunda işə qəbulda ayrı-seçkiliyə etiraz edən türk qaşqay gənclərinə güllə ilə cavab verildi

GADTB: Qou Koroğlu (Gəçsaran) rayonunda bir qrup türk qaşqay gəncinin Liştər neft emalı zavodu layihəsində …

İsrailin müdafiə naziri: Tehran hücum edəcəyi təqdirdə İrandakı enerji infrastrukturlarını hədəfə alacağıq

GADTB: İsrailin müdafiə naziri İsrael Kats sentyabrın 3-də Roş-Ha-Şana mərasimində Müdafiə Nazirliyinin əməkdaşları ilə görüşü …