Şənbə , Oktyabr 24 2026
azfa

Xocalı soyqırımının ildönümündə Vaşinqtonda Ermənistan səfirliyi qarşısında etiraz aksiyası

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fevralın 23-də ABŞ Azərbaycanlılar Şəbəkəsi (USAN) Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar etiraz aksiyası keçirib.

Aksiyada Azərbaycan icmalarının Vaşinqtonda və ətrafda yaşayan üzvləri iştirak ediblər. Nümayişçilərin əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında faktlar əks olunub. Bannerlərdə dünya birliyinə müraciətlə Xocalı soyqırımını dövlət səviyyəsində tanımaq şüarları, həmçinin bu faciənin ABŞ-ın 20-dən çox ştatı və dünyanın bir sıra ölkələri tərəfindən tanınması və pislənməsi haqqında məlumatlar yer alıb.

Aksiya zamanı “Ermənistan qeyri-müstəqil nökər dövlət”, “Erməni terrorunu pisləyin!”, “Xocalı qırğını bir daha təkrarlanmamalıdır!”, “Ermənistan etnik təmizləmədə təqsirkardır!”, “Ermənistana ar olsun!”, “Ermənistan, Qarabağdan rədd ol!”, “Uşaq qatilləri”, “Ermənistan vassal dövlətdir”, “Amerikalı vergi ödəyicilərindən pul diləndiyiniz yetər!”, “Biz Xocalını unutmayacağıq!”, “Azərbaycan torpaqlarından əl çəkin!”, “Ermənistan, beynəlxalq hüquqa riayət et!”, “Sarkisyan, Ohanyan cinayətkardırlar” və sair şüarlar səslənib.

Etiraz aksiyasının iştirakçıları Ermənistan hökumətini Xocalı soyqırımını tanımağa çağırıblar. Onlar, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycandan dərhal çıxarılmasını, girovların azad olunmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şəraitin yaradılmasını tələb ediblər. İcma üzvləri Ermənistan hökumətini Azərbaycanın Dağlıq Qarabağ regionunun digər yaşayış məntəqələrində, o cümlədən Malıbəyli, Quşçular, Ağdaban və Qaradağlıda da dinc azərbaycanlı əhalinin kütləvi şəkildə qətlə yetirilməsi faktlarını tanımağa çağırıblar. Aksiya iştirakçıları Ermənistanın BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin tələblərini yerinə yetirməsinə çağırışlar ediblər.

Qeyd edək ki, ABŞ Azərbaycanlılar Şəbəkəsi Xocalı qətliamı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq bu kütləvi qırğının tanınması tələbləri ilə bağlı hər il etiraz aksiyası keçirir. Bununla yanaşı, şəbəkə artıq 11 ildir ki ABŞ ictimaiyyətini Xocalı soyqırımı barədə məlumatlandırmaq üçün hər il bir neçə kampaniya keçirir.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın