GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, əhalinin sağlıq durumu üçün İran rerjiminin rəhbəri Xameneiyə iddia qaldıran vəkillər, o cümlədən azərbaycanlı vəkil və insan haqları müdafiəçisi Məhəmmədrza Fəqihi ümumilikdə 9 il, 9 ay, 5 gün həbs cəzasına məhkum edilib.
İyunun 20-də Əli Məzlumun sədrliyi ilə Tehran İnqilab Məhkəməsinin 39-cu şöbəsi Məhəmmədrza Fəqihi, Mustafa Nili, Mehdi Mahmudiyan, Məryəm Əfrəfraz və Arəş Jeyxosrəvi barəsində son məhkəmə qərarını çıxarıb.
Qeyd edək ki, 2021-ci il avqustun 14-də Güney Azərbaycandan olan vəkil Məhəmmədrza Fəqihi və vəkil əməkdaşları Tehranda insan haqları mövzusunda və vətəndaşların koronavirusa qarşı peyvənd olunma hüquqları ilə bağlı keçirdikləri toplantıda təhlükəsizlik məmurları tərəfindən həbs olunumuşdular.
Əhalinin sağlığı üçün çalışdıqlarına görə yaxalanan vəkillər iki həftə rejimin ETTELAAT İdarəsinin təcridxanasında dindirildikdən sonra avqustun 28-də girov qarşılığında müvəqqəti zaminə buraxılmışdılar.
Əli Xameneyi 2021-ci ilin yanvar ayında ABŞ və Britaniyadan koronavirus vaksinlərinin idxalının yasaqlandığını deyib, sonradan vaksinlə əlaqədar mövqeyi dəyişib və əlaqədar qurumlardan koronavirus vaksinin istər idxal, istərsə yerli istehsal yolu ilə təmin edilməsini tələb edib.
Azərbaycanlı vəkil və onun əməkdaşları isə Xameneyinin vaksinlərin idxalı və istehsalı prosesinə 8 ay əngəl olduğunu, bu müddət ərzində 100 mindən çox insanın öldüyünə görə məsuliyyət daşıdığını deyiblər. İranda azsaylı insan haqları vəkillərindən biri olan Fəqihi türk fəallar daxil olmaqla, bir çox siyasi məhbusu, o cümlədən azərbaycanlı siyasi məhbus Abbas Lisanini İranın müxtəlif məhkəmələrində müdafiə etmişdir.