Şənbə , Aprel 20 2024
azfa

Azərbaycanlıların soyqırımının hüquqi təhqiqatı

GADTB: Azərbaycan ərazisində 1918-ci ilin yazından başlayaraq dinc müsəlman əhalinin kütləvi qırğınlarını təhqiq etmək üçün xüsusi təhqiqat aparılması zərurəti yaranmışdı. Odur ki, hökumət Bakı uğrunda savaş getdiyi bir zamanda Fövqəladə Təhqiqat Komissiyasının yaradılmasına qərar verdi. Gərgin və mürəkkəb iş şəraitində, 1918-ci il iyulun 15-də qəbul edilmiş hökumət qərarı olduqca əhəmiyyətli, strateji məzmunlu sənəd oldu. Cümhuriyyətin xarici işlər naziri Məmmədhəsən Hacinski hökumətə məruzə ilə müraciətində artıq dörd ayı keçən son müddətdə “Azərbaycan ərazisinin müxtəlif bölgələrində bolşevik adı ilə məsuliyyətsiz erməni hərbi hissələri”nin “mülki müsəlman əhalisinin həyatı və əmlakına qarşı eşidilməmiş vəhşiliklər” törətdiyini bildirirdi. Belə bir məruzənin – müraciətin məhz xarici işlər naziri tərəfindən edilməsi isə əsassız deyildi. Azərbaycan Cümhuriyyətinin beynəlxalq aləmdə tanıdılmasına nail olmaq üçün formalaşan ictimai rəy olduqca önəmli idi. Yeni yaradılmış gənc Azərbaycan dövlətini nəinki qəbul etdirmək, hətta varlığından xəbərdar etmək çətinliyini yaşayan hökumət əks təbliğatla üzləşmişdi.

Müsəlmanları qətliama məruz qoymuş “quldur dəstələri tərəfindən göndərilən yalan məlumatlar əsasında Avropada bütün ictimai fikir tamamilə əks istiqamətə”, yəni, azərbaycanlılara qarşı yönəldilmişdi. Bu məqamı vurğulayan xarici işlər naziri “fövqəladə təhqiqat komissiyası” xarakterli bir təşkilatın yaradılmasını zəruri sayırdı ki, “komissiyanın işinin nəticələri başlıca Avropa dillərində – rus, fransız, alman dillərində və əlbəttə ki, türk dilində” elan edilməliydi. Komissiyanın yaradılması 2 cəhətdən əsaslandırılırdı: ümumi dövlət mənafeyi və əhalinin zərərçəkən qruplarının mənafeyi baxımından.

M.Hacinski komissiyanın vəzifələrini 3 bənddə göstərsə də, əslində, 4 vəzifə müəyyənləşdirilmişdi: “Bütün zorakılıq hadisələrinin dəqiq qeydiyyatının aparılması; bu zorakılıqların həyata keçirildiyi şəraitin müəyyənləşdirilməsi; cinayətkarların aşkar edilməsi və onların vurduqları zərərin həcminin müəyyənləşdirilməsi”.

Göründüyü kimi, 3-cü bənd 2 vəzifəni ifadə edirdi. Komissiyanın əhəmiyyətini olduqca mühüm sayan nazir onun təşkilinə “bu gündən başlamaq lazımdır” deyirdi: “Çünki bir çox şeyləri indi isti-isti adamlardan soruşmaq, fotoşəkilləri çəkmək və hələ ki, mövcud olan digər əşyalar – dəlillər əsasında sübuta yetirmək olardı. “Sonralar bu təhqiqat işi çətinləşə və hətta sübutu tamamilə imkan xaricində ola bilərdi”.

İki ayı tamam olmamış, yaxın müqəddəratı təhdid altında olan, Bakı uğrunda savaşın aqibəti bəlli olmayan bir vaxtda M.Hacinskinin uzaqgörənliklə etdiyi təklif hökumətin eyni tarixli qərarı ilə qəbul edildi: “Xarici işlər nazirinin məruzəsi bəyənilsin və ona tapşırılsın ki, Avropa müharibəsi başladığı vaxtdan bütün Zaqafqaziya ərazisində müsəlmanlara və onların əmlakına qarşı işlənilmiş zorakılıq hallarını təhqiq etmək üçün Fövqəladə Təhqiqat Komissiyası yaratsın”.

1918-ci il avqustun 30-da hökumət qərarı ilə FTK üçün 50000 rubl həcmində kredit açıldı. Avqustun 31-də isə qəbul edilmiş hökumət qərarına görə FTK 7 nəfərdən ibarət tərkibdə yaradıldı. Qərarı ixtisasca hüquqşünas, həmin dövrdə həm də ədliyyə naziri olan hökumət başçısı Fətəli xan Xoyski imzalamışdı. FTK-nın sədri andlı iclasçı Ələkbər bəy Xasməmmədov təyin edilmişdi.

1918-ci il iyulun 15-dən 1919-cu il noyabrın 1-nə qədər fəaliyyət göstərmiş FTK azərbaycanlıların həyatına və onların əmlakına qarşı cinayətləri təhqiq etmək üçün gərgin iş aparmışdır. Son dərəcə ağır şəraitdə, müxtəlif xəstəliklərin, dəhşətli epidemiyaların tüğyan etdiyi qəzalarda, kəndlərdə təhqiqat aparan komissiya üzvləri hətta açıq səma altında, qapısız-pəncərəsiz evlərdə döşəmə üstündə işləməli və gecələməli olurdular. Nəqliyyat vasitəsi ən ağrılı problemlərdən idi. Kilometrlərlə məsafəni piyada qət etmək lazım gəldiyindən komissiya üzvlərinin əməkhaqqı sıradan çıxmış çəkmələrini yeniləməyə belə imkan vermirdi. Belə ki, istər 31 avqust, istərsə də 22 sentyabr 1918-ci il tarixli hökumət qərarları ilə komissiyanın üzvləri yalnız bu məqsədlə işlədikləri günlər üçün əməkhaqqı almaq hüququna malik idilər. Bütün maddi məhrumiyyətlərə və fəaliyyət çətinliklərinə baxmayaraq komissiya üzvləri sədr Ə.Xasməmmədovun dönə-dönə vurğuladığı “Qanun və vicdan”ın aliliyi prinsipinə söykənərək, 36 cild və 3500 vərəqdən ibarət material toplamışdı. Komissiyanın fəaliyyətinə əngəl törətməyə çalışan qüvvələr azərbaycanlıların kütləvi qətliamına səbəb olmuş, birbaşa iştirak və rəhbərlik etmiş təşkilatlar idi. Qırğınlardan bir il sonra, günahkarlar istintaqa cəlb edilməyə başlayanda Bakıda Erməni Milli Şurası və “Daşnaksütyun” partiyasının parlament fraksiyası, həmişə olduğu kimi, ermənilərin müdafiəsinə qalxmış, onların günahsız olduqlarını sübut etməyə çalışmışdılar.

FTK-nın fəaliyyəti Bakı və Gəncə quberniyalarının ərazilərini əhatə edirdi. Göyçay, Şamaxı, Cavad, Quba, Cavanşir, Cəbrayıl, Şuşa, Zəngəzur qəzalarında, o cümlədən Bakı, Quba və Şamaxı şəhərlərində müsəlmanlara qarşı törədilmiş vəhşilikləri sübut edən məlumatlar toplanmışdı.

Artıq 1918-ci ilin noyabrında FTK-nın sədri Ə.Xasməmmədov Bakı quberniyasının ərazisində, yəni Bakı şəhərində, Göyçay qəzasının kəndlərində, Şamaxı qəzasının kəndlərində, o cümlədən Şamaxı şəhərində müsəlmanlara qarşı törədilmiş zorakılıqların təhqiqatı haqqında Ədliyyə Nazirliyinə məlumat vermişdi. Noyabrın 22-də imzaladığı məruzədə Bakı şəhərində müsəlman əhaliyə qarşı zorakılıqlar haqqında bitkin məlumat verilmişdi. 1918-ci ilin yanvarından başlayaraq “Daşnaksütyun” partiyasının qırğına təhrikedici fəaliyyətini, martın 30-dan isə baş verən qətliamı bir neçə nümunənin təfərrüatına varmaqla əks etdirən məruzə erməni millətçiliyini ifşa edən hüquqi sənəd idi. Yalnız erməni silahlılarının deyil, erməni ziyalılarının da müsəlman qırğınlarında nəinki yönəldici, həm də iştirakçı rolunu diqqətə çatdıran məruzədə onların başqa siyasi qüvvələri, qeyri-müsəlman əhalini yanlış məlumatlandıraraq azərbaycanlılara qarşı çıxmağa təhrik edən təxribatları da konkret faktlarla göstərilmişdir.

Sentyabrın 22-dən oktyabrın 23-nə qədər komissiya üzvü N.M.Mixaylov Göyçay qəzasında təhqiqat işi aparmış, 500-dən çox şahid dindirilmiş, qırğın törədilən yerlərə baxış keçirilmişdir. Komissiyanın işini yekunlaşdırmasına qədər müsəlmanlara qarşı törədilmiş vəhşiliklər haqqında Parisə yola düşən Azərbaycan nümayəndə heyətini məlumatlandırmaq lazım gəlirdi. Başlıca məqsədi Azərbaycanın müstəqilliyini beynəlxalq səviyyədə tanıtmaq olan nümayəndə heyəti qarşıda onu nə gözləyəcəyini bilmədən azərbaycanlıların başına gəlmiş faciəni də çatdırmaq üçün əsaslı materiallara malik olmalıydı. Bu məqsədlə FTK-nın sədri Ə.Xasməmmədov 1919-cu il yanvarın 6-da müsəlmanlara qarşı törədilmiş vəhşilikləri əyani şəkildə sübut edən məlumatları məktubla birlikdə xarici işlər nazirinə göndərmişdi. Əsasən 3 aylıq bir təhqiqat işinin nəticələrini özündə əks etdirən materiallarda İrəvan quberniyasında, Gəncə quberniyasında törədilmiş qırğınlar, dağıntılar haqqında da məlumatlar göstərilmişdi. Paris konfransına yola düşən nümayəndə heyəti üçün FTK “əşyayi-dəlil kimi altı cilddən ibarət ilkin təhqiqat materialı və 95 ədəd fotoşəkil hazırlamışdı”.

1919-cu il martın 21-dən FTK-nın fəaliyyəti yeni məzmun alır. Ədliyyə nazirinin məruzəsi əsasında hökumətin qəbul etdiyi qərarla FTK-nın səlahiyyətləri genişləndirilir, cinayət mühakimə icraatının nizamnaməsinə görə məhkəmə-istintaq orqanına verilmiş bütün hüquqlara sahib olur. Belə bir zərurəti nəzərə alaraq Ədliyyə Nazirliyinin idarə müdiri 1919-cu il yanvarın 5-də Nazirlər Şurasına məruzə ilə müraciət etmişdi. FTK-nın dinc müsəlman əhaliyə qarşı ağır cinayət hallarına dair çoxsaylı material topladığı halda məhkəmə-istintaq orqanı səlahiyyətlərinə malik olmadığından, bütün bu cinayətlər haqqında ədliyyə nazirinə məlumat verməsi və sonradan məhkəmə icraatına uyğun ilkin araşdırma aparmaqla günahkarlara qarşı cinayət işi qaldırmaq barədə sərəncam verilməsi məqsədəuyğun sayılmamışdır.

Bütün təhqiqatın, uyğun səlahiyyətləri və yetərli texniki qüvvələri olan istintaq idarəsinin əlində cəmləşməsi gərək idi. Araşdırmanı ləngitməmək, yenidən ilkin mərhələyə qayıtmamaq, daha səmərəli aparmaq üçün FTK-nın təhqiqat fəaliyyətinin istintaq hərəkətlərinin qüvvəsinə və əhəmiyyətinə malik olduğunu tanımaq lazım gəlirdi. Bu şərtlər daxilində Ədliyyə Nazirliyi tərəfindən 5 bəndlik müvafiq qərar qəbul edildi. Hüquqi statusu artırılan FTK artıq cinayətlərinə müvafiq olaraq günahkarları məsuliyyətə cəlb etmək üçün qərarlar qəbul edirdi. Komissiya üzvü A.Kluqe sədrə etdiyi məruzədə Bakı şəhərində müsəlman əhaliyə qarşı törədilmiş zorakılıqlar haqqında ətraflı məlumat verməklə, cinayət törətməkdə adları hallanan şəxslər əleyhinə konkret maddələr üzrə cinayət işi açmağı lazım bilirdi. Bakı ilə yanaşı, digər qəzalarda törədilmiş qırğınlarla əlaqədar istintaq işi aparılırdı. Gəncə quberniyasının Ərəş və Nuxa (Şəki) qəzalarında komissiya üzvü N.Mixaylov, Quba qəzasının kəndlərində və Quba şəhərində A.Novatski müsəlmanlara qarşı qətliam, qarət və talanlar haqqında məruzələr hazırlayıb komissiyaya təqdim etmişdilər. İstintaq materialları əsasında hazırlanmış məruzələrdə cinayəti törətmiş şəxslərin adları göstərilməklə haqlarında müvafiq hüquqi tədbirlərin görülməsi təklif edilirdi.

FTK-nın 1919-cu ilin yayından etibarən rəsmi sənədləri əsasən cinayətkarların cəzalandırılması haqqında qərarlardan, polis idarələri ilə yazışmalardan, sorğu üçün çağırışlardan, sorğu protokollarından ibarət olmuşdur. Azərbaycanlıların qırılmasında müqəssir olan şəxslər artıq məsuliyyətə cəlb edilirdi. Ümumiyyətlə, 3500 vərəqdən ibarət 36 cildlik istintaq materialı əsasında cinayət işi qaldırmaq haqqında 128 məruzə və qərar layihəsi hazırlanmış, 194 erməninin cinayət məsuliyyətinə cəlb edilməsi barədə məsələ qaldırılmışdı. 1919-cu il noyabrın 1-də ədliyyə naziri FTK-nı ləğv etmək haqqında sərəncam vermişdi. Artıq başa çatmış istintaq işləri Məhkəmə Palatasına verilirdi. İstintaq materialları cinayətkarların cəzalandırılması məqsədilə yalnız hüquqi deyil, həm də başqa bir mühüm istiqamətdə siyasi əhəmiyyət daşıyırdı. Azərbaycanlıların məruz qaldığı faciəni dünya ictimaiyyətinə çatdırmaq, xaricdə ermənilərin böhtan dolu hücumlarını dəf etmək üçün FTK-nın topladığı materiallar əsaslı sübutlar idi. Parisdəki Azərbaycan nümayəndə heyəti üçün olduqca önəmli olan bu sənədlərin bir hissəsi də əlavə olaraq 1919-cu ilin mayında, fotoşəkillər və 80-dək diapozitivlə birlikdə göndərilmişdi. FTK erməni talanları zamanı müsəlman əhaliyə dəymiş maddi zərər haqqında da xeyli material toplamışdı. Hökumət 1919-cu il avqustun 17-də daha bir xüsusi komissiya təsis etmişdi ki, 1918-ci ilin mart hadisələri zamanı müsəlman əhalini qarət etmiş qəsbkarlardan götürülmüş qiymətli əşyaların sahiblərinə geri qaytarılması məsələsini həll etsin.

Azərbaycan hökumətini “intiqam və düşmənçilik” hisslərini qızışdırmaqda günahlandıran erməni liderləri bir neçə ay davam etmiş amansız kütləvi qətliamdan sonra nəinki peşmançılıq jesti göstərmədən, əksinə komissiyanın işinə böhtan, çirkab atmaqla cinayətkarları müdafiə edirdilər. Azərbaycan hökuməti “intiqam və düşmənçilik” hisslərindən uzaq olduğunu bir daha nümayiş etdirərək Azərbaycan Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınması münasibətilə on minlərlə dinc azərbaycanlını amansızcasına, vəhşiliklə qətlə yetirmiş cinayətkarların işinə xitam verdi.

Azərbaycan parlamentinin 1920-ci il yanvarın 14-də Cümhuriyyətin Paris sülh konfransı tərəfindən tanınmasına həsr olunmuş iclasında ədliyyə naziri Xəlil bəy Xasməmmədov hökumətin bir qətnaməsini parlament üzvlərinin diqqətinə çatdırır. Cümhuriyyətin istiqlaliyyətinin təsdiqi münasibətilə hökumət “bir əfvi – ümumi layihəsini hazırlamağı” X.Xasməmmədova həvalə etmişdi. Ədliyyə naziri yaxın günlərdə həmin layihəni parlamentə təqdim edəcəyini bildirmişdi. 5 iclasdan sonra, 1920-ci il fevralın 9-da əfvi-ümumi haqqında məruzəçi Şəfi bəy Rüstəmbəyli bəyanat verir. Layihəyə təcili surətdə baxılması qərara alınır. Çıxış və izahatlardan sonra layihə maddələr üzrə səsə qoyulur və üçüncü qiraətdə qəbul edilir. Beləliklə, qanunun 10-cu bəndinə görə, FTK-nın fəaliyyəti zamanı qaldırılmış bütün cinayət işləri həmişəlik dayandırılır, milli ədavət zəminində qaldırılmış cinayət işlərinə xitam verilir.

Azərbaycan xalqına xas olmayan “intiqam və düşmənçilik” hisslərini başlıca fəaliyyət prinsipinə çevirmiş erməni millətçiləri isə hətta belə yüksək xeyirxahlıq qarşısında xislətlərinə sadiq qalaraq 1920-21-ci illərdə məhz qisasçılıq niyyəti ilə Cümhuriyyət xadimlərini (F.Xoyski, H.Ağayev və B.Cavanşir) qətlə yetirmişdilər. Cinayət işləri xətm olunsa belə tarix üçün təkzibedilməz sübut əhəmiyyətli mühüm mənbələr məhz FTK-nın gərgin fəaliyyəti sayəsində toplanmış və günümüzədək çatmışdır. Arxivlərdə mühafizə olunan bu sənəd və materiallar tədqiqatçılar, mütəxəssislər tərəfindən araşdırılmış, toplu halında çap olunmuşdur. Hüquqi cəhətdən həmin sənədlər, əsasında yenidən istintaq işi başlamaq mümkünsüz olsa belə, böyük bir faciəni – azərbaycanlı qətliamlarını soyqırımı kimi təsdiqləyən mənbə olaraq əhəmiyyətini saxlamaqdadır. Məhz tarixi faktları, çoxsaylı arxiv sənədlərini nəzərə alaraq 1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman vermişdir.

Fərmanda qeyd olunduğu kimi, məhz Cümhuriyyətin varisi olaraq Azərbaycan Respublikası “soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi” qəbul etmişdir.

Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Qubada 2007-ci ildə aşkar edilən kütləvi məzarlığın yanında “Soyqırımı Memorial Kompleksi”nin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il dekabrın 30-da sərəncam imzalamışdır. 2013-cü il sentyabrın 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışı olmuşdur. Memorial Kompleksdə tarixi sənəd və faktlar əsasında zəngin muzey yaradılmışdır.

Hazırkı istintaq-əməliyyat prosesini 100 il öncəki təhqiqat prosesi ilə müqayisə etdikdə cinayətlərin məzmunu, cinayət əməllərinin tərkibi, üsulları, dərəcəsi ənənəvi xarakter daşıyır. Cinayətlərin məqsədi, hədəfi, taktikası da oxşarlıq təşkil edir. Azərbaycan Respublikasının indiki beynəlxalq və regional durumu ilə 100 il öncəki vəziyyəti isə tamamilə fərqli səviyyədə olduğundan, texniki imkanların təhlili müqayisəolunmazdır. 1918-ci ildə xarici işlər nazirinin müraciəti əsasında yaradılmış FTK-nın qarşısına qoyduğu vəzifələr hazırkı istintaq-əməliyyat prosesində də yerinə yetirilmişdir. Hüquqi təhqiqatların o zaman və indi üçün də eyni olan siyasi əhəmiyyəti vardır. O zaman da ermənilər həqiqətə zidd məlumatları – təbliğatları beynəlxalq ictimai fikri tamamilə Azərbaycan əleyhinə formalaşdırmağa səy göstərirdilər. Məhz bu prosesin qarşısını almaq üçün FTK-nın fəaliyyətinin nəticələrini başlıca Avropa dillərində açıqlamaq və geniş yaymaq nəzərdə tutulmuşdur.

Həmin dövrdə FTK-nın materiallarını, fotoşəkilləri Paris Konfransına yola düşmüş Azərbaycan nümayəndə heyətinə göndərməklə həqiqətləri beynəlxalq ictimaiyyətə, Avropa siyasi dairələrinə çatdırmağa səy göstərilmişdi. Xatırladaq ki, həmin materiallar Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra bir neçə xarici dildə çap olundu. Hazırkı istintaq materialları Azərbaycan diplomatiyası üçün nə qədər önəmlidirsə, 1918-ci ildə təsis edilmiş FTK-nın materialları da o dərəcədə əhəmiyyətini saxlayır. İstər o zamankı, istərsə də hazırkı istintaq materialları “Dağlıq Qarabağ” münaqişəsinin məhz Ermənistan dövlətinin Azərbaycana qarşı təcavüzün tərkib hissəsi olduğunu hüquqi baxımdan sübut edir. Sonuncu fazası 30 il sürən bu təcavüzün siyasi kökləri XIX yüzillikdən qaynaqlanır. Rusiya imperiyasının Qafqaz-Şərq siyasətində istifadə etdiyi xristian-erməni əhalinin kütləvi köçürülməsi nəticəsində Cənubi Qafqazda əhali amilinə çevrilən ermənilər bir əsrdən çoxdur uydurduqları “böyük Ermənistan” davasını aparır, yerləşdirildikləri ərazilərdə əhalini amansız qırğınlar yolu ilə məhv edib, planlarını gerçəkləşdirməyə çalışırlar. Bu baxımdan hazırkı istintaq prosesində FTK-nın materiallarının istifadə olunması tam və gerçək mənzərəni yaratmağa fayda verə bilər.

Firdovsiyyə ƏHMƏDOVA,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, Əməkdar müəllim

 

Həmçinin yoxlayın

Türkiyə Azərbaycan və Ermənistan arasındakı anlaşmanı alqışladı

GADTB: Türkiyə Azərbaycan və Ermənistan arasındakı 4 kəndin qaytarılmasına dair anlaşmanı alqışlayıb. Türkiyə Xarici İşlər …

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Bir cavab yazın