Çərşənbə axşamı , Mart 19 2024
azfa

Həsən bəy Zərdabi xalqın dahi ziyalısı

GADTB: Həsən bəy Zərdabi xalqımızın elə böyük şəxsiyyətlərindəndir ki, onu təkcə yubiley dönəmində və doğum, anım günlərində deyil, ilin istənilən vaxtı xatırlamaq, xalqımız üçün gördüyü unudulmaz xidmətlərini yad etmək gərəyimiz və borcumuzdur. O, xalqın taleyində xüsusi rolu olan ictimai xadim, maarifçi və publisist, azərbaycan dilində ilk qəzetin (“Əkinçi”) yaradıcısı, on ilə yaxın isə Bakı şəhər Dumasının üzvü (deputatı) olmuşdur.

Həyata keçirdiyi mütərəqqi işlərdən danışarkən qeyd edilməlidir ki, 1873-cü ildə Azərbaycan teatrının yaradılmasında onun da xidməti vardır. Həsən bəyin rəhbərliyi və fəal iştirakı ilə məhz həmin il Mirzə Fətəli Axundzadənin “Hacı Qara” və “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyaları tamaşaya qoyulmuşdur. 1901-ci ilin sentyabrında isə, o, Zeynalabdin Tağıyevin istəyi ilə qızlar məktəbinin rəhbərliyinə gətirilir. Azərbaycan tarixində bir ilk olan qız məktəbinin açılması Tağıyevlə yanaşı Həsən bəy Zərdabi və həyat yoldaşı Hənifə xanımın da böyük zəhmətləri hesabına baş vermişdir. Belə ki, qızların təhsilə cəlb edilməsi onun çoxdankı arzusu idi. Hələ 1896-cı ilin yanvarında Bakı qubernatoruna ərizə yazıb qızlar üçün birsinifli üçillik kurs təhsilli məktəb açmaq arzusunu ifadə etmişdi (f.45, siy.2, sax.vah.257). Lakin Göyçay qəza polisinin və Bakı jandarm idarəsinin barəsində verdiyi mənfi rəylərin səbəbindən arzusunun həyata keçməsinə imkan verilməmişdi.

Haqqında onlarla kitablar, yüzlərlə məqalələr yazıldığı üçün məlum həqiqətlərdən geniş bəhs etmək istəmirəm. Araşdırmalar zamanı Azərbaycan Respublikası Dövlət Tarix Arxivində XIX əsrin sonları – XX əsrin əvvəllərinə dair qarşıma çıxan sənədlərdə bu böyük insanın vətəndaşlıq mövqeyini, torpağına, xalqına olan sevgisindən irəli gələn fədakarlığını gördükdə heyrətlənməmək mümkün deyil.

Xüsusilə onun Bakı şəhər Dumasındakı gərgin fəaliyyəti bu gün də aktuallığını itirmir, öyrənilmək baxımından çox təqdirəlayiqdir. Həsən bəy Dumanın demək olar ki, bütün iclaslarında iştirak edir, əyintilərə qarşı həmişə çəkinmədən  narazılığını bildirirdi. Özü heç bir iclası qaçırmayıb, praktik olaraq iclaslarda iştirak etməyənlərin üzv seçilməsinə etiraz edirdi. İradını bildirirdi ki, niyə iclasın gündəliyi ciddi hazırlaşmaq üçün bir neçə gün əvvəldən yox, iclas başlayanda elan edilir. Şəhər başçısı və idarə işçilərinin maaşlarının artırılmasına razılaşmırdı, gimnaziyada pulsuz təhsil alan şagirdlərin sayının azaldılması isə onu qəzəbləndirirdi. Şəhərdəki natəmizliklə heç cürə barışa bilmirdi. Tələb edirdi ki, kasıbları müalicə etmək üçün şəhərə büdcədən maaş alan həkimlər lazımdır və bu həkimlər həm də, mütləq xarici dilləri bilməlidirlər.

Müzakirələr zamanı dövlət vəsaitlərinin oğurluğuna və israfçılığına qarşı mübarizə aparır, belə qərarların qəbul olunmaması üçün ciddi müqavimət göstərirdi. İndiki dillə desək korrupsiyaya bulaşmış rus məmurlarını Dumada özbaşınalıqda günahlandırmaq, hər üzvdə olmayan cəsarət və vicdanlı qətiyyət tələb edirdi.

Dövlət Tarix Arxivinin “Bakı şəhər idarəsi” fondunda Həsən bəyin şəhər Dumasına məmurları ifşa edən sorğularına dair üç saxlama vahidi qorunur. Onlardan biri belə adlanır: “Küçələrin döşənməsinə nəzarət xidmətində Terentyevin sui-istifadəsi haqqında qlasnı Məlikovun ərizəsi səbəbi ilə təhqiqatın aparılması haqqında yazışma” (f.389, siy.3, sax.vah.2303)

Ərizə 18 aprel 1901-ci ildə Dumaya təqdim edilib. Ərizə ilə bağlı il yarım təhqiqat aparılıb. Saxlama vahidinin 29-30-cu səhifəsində şəhər icraiyyə üzvü Smolenskinin məruzəsindən öyrənirik ki, qlasnı Məlikov Terentyevi küçələrin, körpülərin salınması və təmiri işlərində büdcədən sui-istifadədə, əlavə yeyintidə günahlandırır. Lakin Smolenski uzun-uzadı məruzəsində müxtəlif işçilərdən aldığı rəylərlə “nala-mıxa” vurur, ərizədəki iradları malalamağa çalışır, təhqiqatı nəticəsi olmayan sonluğa çıxarır.

Həsən bəyin bir gün sonra 19 aprel 1901-ci ildə verdiyi daha iki ərizə də hakimiyyət məmurları tərəfindən eyni münasibətlə üzləşir. “Şəhər bağçılıq xidməti üzrə A.Vasilyevin sui-istifadəsi haqqında qlasnı Məlikovun ərizəsi ilə təhqiqata dair yazışma” (f.389, siy.3, sax.vah.2304) adlanan saxlama vahidinin 41-60-cı səhifələrində A.Vasilyev şəhər idarəsinə yazdığı izahatında şəhər bağlarının salınması, saxlanması xərclərində səlahiyyət həddindən artıq heç nə etmədiyinə “and-aman” edir.

Həsən bəyin üçüncü ərizəsi – “Mazut toplanmasının müdiri K.Vasilyevin sui-istifadəsi haqqında qlasnı Məlikovun ərizəsi ilə təhqiqat haqqında yazışma” (f.389, siy.3, sax.vah.2305) adlı məsələyə dair araşdırma əvvəlkilərdən daha çox, iki ilə yaxın vaxt aparmışdır. Nəhayət, saxlama vahidinin 197-200-cü səhifələrində yazılmış sorğuya dair yaradılan komissiyanın qərarından aydın olur ki, guya, mazutun toplanılması və satışı işində cinayət, sui-istifadə halı yoxdur və qlasnı Məlikovun şikayəti əsassızdır.

Zaman keçdikcə ərizələrinə verilən başdansovdu cavablar, bürokratiya, fəaliyyətsizlik  Həsən bəyi davamlı mübarizə aparmaqdan usandırdı və onda belə üsul-idarə ilə çarpışmağın heç bir nəticə verməyəcəyi qənaətini yaratdı. Ona görə də sonrakı fəaliyyətində Zərdabi nicat yolunu yalnız maariflənmədə, millətin kütləvi savadlanmasında gördü.

Onun ilk dəfə ana dilimizdə nəşr etməyə çalışdığı “Əkinçi” qəzetinin nəşrinə icazə üçün Bakı qubernatoru və Qafqaz təhsil idarəsi ilə 1873-cü ilin may ayındakı yazışmalarında (f.309, siy.1, sax.vah.584) da eyni mübariz ruh hiss edilir. İki ildən çox çəkən müxtəlif icazələrdən, uzun əzab-əziyyətlərdən sonra, nəhayət 1875-ci ilin 22 iyulunda qəzet çap olundu.

Əslində bizə gəlib çatan bu ərizələr ilə Həsən bəy o dövrdəki rus məmurluğunun riyakar, soyğunçu mahiyyətini açıqlamış, bu yöndə tarix və gələcək nəsillərə təkzibedilməz dəlillər bəxş etmişdir. Necə deputat olmaq lazımdır, xalqı necə təmsil etmək olar? Bu suallara dahi ziyalımız Zərdabi Bakı Dumasındakı yadda qalan fəaliyyəti ilə müasir zəmanəmiz üçün də örnək olası, layiqli nümunə yaratmışdır.  

Vəfatından doqquz ay sonra “Saray müşaviri Həsən bəy Məlikovun dul qadını Hənifə xanım Məlikovanın Bakı xəzinədarlıq palatasına borcların silinməsi haqqında ərizəsi” (f.43, siy.2, sax.vah. 341) sənədi onun dövlət xidmətində həyatı boyu rüşvətsiz, halal məvacibi ilə yaşamasının, ömrünü xalq üçün sərf etməsinin danılmaz sübutudur.

Tikantəpənin qızıl mədənində qarşıdurma: Müəssisənin rəhbəri hadisə yerindən qaçdı

Qərbi Azərbaycan əyalətinin Tikantəpə mahalının “Zərşuran” qızıl mədəninə aid zavodda insident baş verib.

Yerli əhaliyə qarşı tehrandan gətirilən mühafizəçilərin zor tətbiq etməsi toqquşmalara səbəb olub.

Son günlər Tikantəpənin “Zərşuran” qızıl mədəninin müdiriyyəti müəssisənin mühafizəsini Tehranın “Peyam-i Nəsr” şirkətinə tapışırıb. Bölgədə işsizlik səviyyəsinin yüksək olduğu bir halda, şirkət yerli əhalidən heç kimsəni işə qəbul etməyib və 30 mühafizəçini Tehrandan bölgəyə gətirib.

Verilən məlumata görə, iyulun 17-də mədəndə işləyən yerli işçilər və bölgə əhalisi buna dinc şəkildə etirazlarını bildirdiklərində işə cəlb olunmuş tehranlı mühafizəçilər onlara hücum edərək güc tətbiq edib.

Tehranlıların bu hərəkətindən qəzəblənən azərbaycanlılarla mühafizəçilər arasında qarşıdurma şiddətlənib.

Qarşıdurma zamanı mədən rəhbərliyinin inzibati binasına, yeni mühafizəçilərə məxsus avtomobillərə və işçilərin yataqxanasına xəsarət yetirilib. Hər iki tərəfdən bir neçə nəfər yaralanıb.

Qarşıdurmanın şiddətlənməsindən sonra qızıl mədəninin fars dilli müdiri və tehranlı mühafizəçiləri hadisə yerindən qaçıb.

Xatırladaq ki, Tikantəpənin yerli əhalisinin bəziləri işsizlik və yoxsulluq səbəbindən bölgə dağlarında orpiment (zırnıx) istixrac edərək həyatlarını idarə etmək məcburiyyətində qalırlar.

“Zərşuran” qızıl mədənindən ildə 1000 kq təmiz qızıl əldə edib və Tehrana daşıyan mədən rəhbərliyi yoxsul əhalinin orpiment əldə etməsinə mane olmaq istəyir.

Bu isə işsizlik və yoxsulluqdan bezmiş əhali ilə qızıl mədəni rəhbərliyi arasında qarşıdurmalara səbəb olur.

Belə hallar Azərbaycanın başqa bölgələrində də baş verir və məsullar yoxsul əhalinin qızıl mədənlərindən uzaq saxlanılması üçün daha sərt tədbirlərin görülməsini istəyirlər.

Bundan öncə iyul ayının 1-də Şərqi Azərbaycan Mədənlər Şurasının toplantısında  çıxış edən Şərqi Azərbayca əyalətinin valisi Məhəmmədrza Purməhəmmədi təhlükəsizlik və polis qüvvələrini “Əndəryan” qızıl mədənindən qanunsuz konsentrant əldə etməyə çalışan yerli əhaliyə qarşı daha sərt addımlar atmağa çağırıb.

O deyib ki,  mədənin “talanması” ölkənin ümumi büdcəsinə ziyan vurur, yerli məsulların narahatlığına səbəb olur.

Vali bildirib ki, bu hərəkətlərin qarşısı sərt şəkildə alınmasa qanunsuz istixrac daha çoxalacaq və bunu önləmək çətinləşəcək.

“Mühafizə düzgün təşkil edilmədiyi təqdirdə biz başqa tədbirlər görməyə məcbur olacayıq”-deyə, Purməhəmmədi Əndəryan xəbərdarlıq edib.

O, qızıl mədəninin mühafizə dəstələrinin fəaliyyətlərinin daha ciddiləşdirmələrini tələb edib.

İranın Sənayə və Mədənlər nazirinin müavini Əsədulla Keşavərz isə valinin təklifləri ilə həmrəy olduğunu bildirib.

“Bölgə əhalisi mədən zolaqlarını taparaq oradan qanunsuz gəlir əldə edirlər, bu sahədə qanunlar daha ciddi şəkildə tətbiq olunmalıdır”-deyə, o, bildirib.

İyunun əvvəllərində İranın təhlükəsizlik təşkilatına bağlılığı ilə tanınan “ANAC” saytı da “Əndərayn” qızıl mədəni ətrafında məşğul olan güney azərbaycanlıları təhqir etmişdi.

Sayt “Bundan öncə Şərqi Azərbaycan əyalətinin təhlükəsizlik idarəsinin başçısının Vərziğan qızıl mədəni ətrafında qanunsuz çalışanlara xəbərdarlığına baxmayaraq, bu problem həll olunmamış qalıb”-deyə,yazmışdı.

Xatırladaq ki, mayın sonunda Güney Azərbaycanın Vərziğan bölgəsinin İran İslami Şura Məclisindəki nümayəndəsi və parlamentin Sənaye və Mədən Komisiyasının üzvü Allahverdi Dehqani Əndiryan qızıl mədəninin hazırkı vəziyyətini tənqid edib.

“Deyilənə görə mədəni 20 illiyinə alan şəxs rus əsilli Gürcüstan vətəndaşıdır. Onun Rusiyada iflasa uğramış iş adamı olduğu ehtimal edilir”-deyə, o, mayın 26-ı mətbuat nümayəndələrinə açıqlamasında deyib.  

Qeyd edək ki, Tikantəpə Yaxın Şərqdə Zərşuran və Ağdərə kimi iki ən böyük qızıl mədəni, həmçinin 80 daş mədəninə sahibdir.

Lakin İran rejiminin ayrı-seçkilik siyasəti nəticəsində bura ölkə üzrə ən ağır iqtisadi durumda olan bölgələrdən biridir. Tikantəpəni əyalət mərkəzi ilə birləşdirən münasib yol belə mövcud deyil və işsizlik, yoxsulluq səviyyəsinə görə Tikantəpə ölkə üzrə ilk yerlərdən birini tutur.

 Zərşuran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir. Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər.

Beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanır.

Mədənlərin istismarında işğalçı kimi davranan rəhbərliyin laqeydliyi, önləyici tədbirlər görməməsi səbəbindən istixrac prosesində istifadə olunan zəhərli maddələr və başqa kimiyəvi tullantılar təbitə buraxılır. Bu, ətraf mühiti, əkinçilik sahələrini məhv edir və yeraltı sulara qarışdığı üçün bölgə əhalisinin sağlamlığında müxtəlif problemlərin yaranmasına səbəb olur.

Rövşən Yerfi

Həmçinin yoxlayın

Ərdəbil ən çox işsizi olan əyalətlər siyahısındadır

GADTB: İran Statistika Mərkəzinin rəsmi məlumatına görə, cari ilin mart ayının sonunadək olan dövrdə qadınların …

Ana dilinə görə rejimin həbs etdiyi milli fəal Evin zindanında acınacaqlı şəraitdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, ana dilinə göörə molla rejimin həbs etdiyi və …