Bazar ertəsi , Mart 8 2021
azfa

İran adlanan ölkəyə qarşı 5 istiqamətli plan

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika prezidenti Donald Tramp iyulun 1-də “Fox News” telekanalına müsahibəsində İran adlanan ölkə ilə ticarət əlaqələrini davam etdirən Avropa şirkətlərinə xəbərdarlıq edərək, İranın uranı zənginləşdirməyə başlaması ilə bağlı fəaliyyətindən danışıb.

Tramp bildirib ki, Vaşinqtonun İranla ticarət əlaqələrinə qoyduğu məhdudiyyət və qadağanı pozan avropalı şirkətlər cəzasız qalmayacaq: “Biz, İranla ticarət əlaqələrinə qarşı qoyduğumuz məhdudiyyət və qadağalara riayət etməyən, bu ölkə ilə əməkdaşlıq edən Avropa şirkətlərinə sanksiya qoyacağıq. Bu işdə heç bir Avropa ölkəsinin şirkətlərinə güzəştə gedilməyəcək. Bu, bizim atacağımız qəti addımdır”.

İranın regionda, o cümlədən də Suriya və Yəməndə apardığı təxribat xarakterli fəaliyyətinin əvvəlkinə nisbətən xeyli azaldığını bildirən Tramp, İranın uranı zənginləşdirməyə başlaması ilə bağlı fəaliyyətini yenidən bərpa etməsi məsələsinə də toxunub: “Əgər onlar (irqçi fars rejimi) bu sahədəki fəaliyyətlərinə başlasalar, çox ağır problemlərlə üz-üzə qalacaqlar”.

Xatırladaq ki, mayın 8-də Amerikanın İranın nüvə proqramına dair sazişdən çıxmasının ardınca, Vaşinqtonun Tehran rejiminə qarşı sanksiyaları genişləndirilib. Nəticədə, ABŞ-ın sanksiyalarından ehtiyatlanan onlarla avropalı və beynəlxalq şirkət, son həftələr İranla əməkdaşlığına son qoyub. Milli valyutanın sürətlə dəyərdən düşməsi son günlər paytaxt Tehran daxil olmaqla İranın bir neçə şəhərində kütləvi etiraz aksiyalarının baş qaldırmasına səbəb olub.

İranın Xuzistan əyalətinin Xürrəmşəhr şəhərində içməli su qıtlığına, əhaliyə çirkli və zığlı su verilməsinə qarşı bir neçə gündür davam edən dinc etirazlar, hökumət qüvvələrinin zorakılığı nəticəsində qana boyanıb. İyunun 30-u axşam saatlarında on minlərlə Xürrəmşəhr sakini küçələrə axışaraq, rejimin su qıtlığından əziyyət çəkən yerli əhalinin tələblərinə laqeyd qalmasına qarşı yürüş keçirərək, rejimə, İranın dini lideri axund Əli Xamneyiyə və digər rəsmilərə qarşı şüarlar səsləndiriblər. “Diktatora ölüm”, “Xamneyiyə ölüm”, “Molla hakimiyyətini istəmirik”, “Din adı ilə bizi qarət edirlər” və digər şüarlar səsləndirən etirazçılar, hökumətin silahlı qüvvələrinin hücumuna məruz qalıb. Dinc yürüş iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edillməsi nümayişçilərin hüquq-mühafizə qüvvələrinə daş ataraq özlərini müdafiə etməsinə səbəb olub. Lakin polis qüvvələrinin etirazçılara odlu silahlardan atəş açması nəticəsində ən azı 4 nəfər həlak olub, onlarla insan yaralanıb.

Yaranmış vəziyyəti şərh edən Tehran Universitetinin siyasi elmlər üzrə professoru Elahe Kolaye İranın hazırkı durumunu SSRİ-nin taleyinə bənzədib. Ekspert bildirib ki, İran Sovetlər Birliyi kimi çöküşə doğru gedir: “Ümid edirəm ki, Güney Azərbaycan Milli Hərəkatı başda olmaqla bölgənin bütün xalqları və dövlətləri , xüsusilə də Türkiyə buna hazırdır”-deyə Kolaye bildirib. Qərb, ilk növbədə ABŞ İranda siyasi inqilabla nəticələnəcək kütləvi aksiyaların genişlənməsində maraqlı olduğunu gizlətmir. Yəni ortada İranla bağlı bir planın olduğunu görməmək çətin deyil. Ancaq bu planın yalnız İranda siyasi rejimin devrilməsinə hesablandığı, yoxsa ölkənin parçalanmasını nəzərdə tutduğu dəqiq müəyyənləşməyib. İlkin təhlilllər ABŞ başda olmaqla Qərb dairələrinin İranda rejim dəyişikliyində maraqlı olduğunu göstərir. Bu isə bir sıra səbəblərlə bağlıdır.

Birincisi, ABŞ İran bazarına nəzarəti ələ almaq üçün bu ölkədə siyasi rejimin dəyişdirilməsi və hakimiyyətə Qərblə əməkdaşlığa meyilli olan qüvvələrin gətirilməsində maraqlıdır.

İkincisi, İranın parçalanması Orta Şərqdə yeni millətlərarası müharibə ocağının yaranmasına şərait yarada, bu da İraqda olduğu kimi terrorizmin vüsət almasına səbəb ola bilər. Bu isə Əfqanıstandan Fələstinə, Körfəzdən Cənubi Qafqaza qədər terrorizmin yeni dalğasının yayılması deməkdir.

Üçüncüsü, İranın ərazi bütövlüyünə təminat verən bəzi beynəlxalq hüquqi müqavilələr var ki, ABŞ onların pozulmasında hələ ki, maraqlı görünmür. Həmin sənədlərdən biri 1942-ci il yanvarın 29-da SSRİ, İngiltərə və İran arasında imzalanmış müttəfiqlik haqqında müqavilədir. Sazişə görə, SSRİ və İngiltərə İranın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini qoruyacaqlarını və ona iqtisadi yardım göstərəcəklərini bildirdilər. Bundan başqa 1943-cü il noyabrın 28-də Tehran konfransında SSRİ, ABŞ və İngiltərə arasında imzalanmış sazişlə hər üç dövlət İranın ərazi bütövlüyünün qorunub saxlanılmasına da təminat verib.

Lakin onu da qeyd etmək lazımdır ki, hər iki müqavilə SSRİ, ABŞ və İngiltərənin İran ərazisində faşist Almaniyasının fəaliyyətinin qarşısının alınmasını və bu ölkənin hitlerçilərdən müdafiəsini özündə ehtiva edirdi. İkinci dünya müharibəsində faşist Almaniyası hərbi və siyasi cəhətdən tam süquta uğrayıb, SSRİ bir dövlət kimi məhv olub, dünya düzəni iki dəfə dəyişib, 1979-cu ildə İranda baş verən İslam inqilabı nəticəsində ABŞ bu ölkədən çıxarılaraq düşmən dövlət elan edilib. Ona görə də həmin müqavilələr bu gün üçün aktuallıq kəsb etmir. Bu baxımdan, ABŞ-ın Tehran konfransı sazişindən çıxdığını da bəyan etməsi İranın ərazi bütövlüyünə dəstək verməməsi anlamına gəlir. Belə bir addımın atılması İrandakı millətlərin hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi və öz müqəddəratını təyinetmə hüququnun tanınmasına şərait yaratmış olar.

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlunun sözlərinə görə, ABŞ İranda rejimin dəyişməsinə çalışsa da, ərazi bütövlüyünün saxlanılmasını istəyir: “ABŞ-ın məqsədi ilk növbədə İranı daxildən dəyişməkdir. Yəni Amerika İranın daxilindəki teokratik rejimi başqa bir rejimlə əvəz etməyi planlaşdırır. Mən hesab etmirəm ki, Qərb İranın parçalanmasında maraqlıdır. Amma İrandakı hökumətin dəyişməsi istiqamətində müxtəlif təzyiq vasitələrini işə salıb. Bununla əlaqdar olaraq, İrana qarşı bir neçə istiqamətdən təzyiqlərin həyata keçirilməsinin şahidi oluruq. Birincisi, siyasi alətlərin işə salınmasıdır. Yəni İran hazırda bir neçə istiqamətdən siyasi təcrid vəziyyətinə salınıb. Qərb ölkələrinin, İsrailin və ərəb ölkələrinin də fəal iştirak etdiyi bu təzyiq mexanizmi İranı siyasi və diplomatik sahələrdə təcrid etməkdən ibarətdir.

İkincisi, iqtisadi alətdir. Bu iqtisadi sanksiyaların işə salınmasını, nəticədə İranın iqtisadiyyatının çökdürülməsini nəzərdə tutur. Rialın məzənnədən düşməsi, müxtəlif mədənlərdə tətillərin başlanması, qızıl dükanlarının bağlanması, İranın böyük şəhərlərində etiraz aksiyalarının baş qaldırması bunun nəticəsidir. Tramp administrasiyası öz rəqiblərinə, o cümlədən, İrana qarşı apardığı iqtisadi müharibə öz effektini göstərir.

Üçüncü istiqamət İranın daxilində sosial hüquqlar baxımından narazı kütlənin ayağa qaldırılmasından ibarətdir. Yarım ildir ki, baş örtüsünə, çarşaba qarşı qadınların etiraz aksiyaları İranın gündəmindən düşmür. Qadınlar buna müxtəlif formalarda etiraz edirlər və ölkənin başqa bölgələrindən də həmin etirazlara dəstək gəlir. Başqa bir məqam dini-məzhəb amili ilə bağlıdır. 2018-ci ilin əvvəlində dərvişlərlə bağlı başlanan narazılıqlar hələ davam etməkdədir. Bu qiyamın rəhbəri on gün bundan əvvəl edam edildi, vəkili də həbs edildi. Qərb institutları da buna kəskin etirazını bildirdi.

Dördüncü istiqamət etnik-məzhəb kartının istifadə edilməsidir. Keçən həftə Sistan Bəlucistan əyalətində “Ceyşul-ədil” qruplaşması ilə çox ciddi silahlı qarşıdurma yaşanmışdı. Əl-Əhvaz bölgəsində ərəblərin ciddi fəallaşması müşahidə olunur. Güney Azərbaycan türklərinin kifayət qədər problemləri var. Belə etnik problemlərdən istifadə edilir. Beşinci istiqamət İranın Yaxın Şərqdəki dayaq nöqtələrindən məhrum edilməsidir. Burada söhbət Suriyadan, Livandan, Yəməndən, İraqdan gedir. Suriya böhranına dair ABŞ-Rusiya danışıqlarının bərpa edilməsi və Donald Trampla Vladimir Putinin görüşü çox maraqlı məqamdır. İraqda son seçkilərdən sonra yeni hökuməti şiələrdən ibarət koalisiya formalaşdırsa da Muqtəda əs-Sədri o qədər də İrana qarşı yaxın şəxs hesab etmək olmaz. Eyni zamanda, İsrailin Livanda “Hizbullah”a qarşı hərbi əməliyyatlar keçirməsi, ərəb ölkələrinin də bu prosesə dəstək verməsi, Bəhreyndə narazılıqların yaşanması qeyd edilən beş istiqamətdə fəallığın artmasından xəbər verir. Məqsəd isə İrandakı rejimi Qərbə yaxın olan başqa bir hakimiyyətlə əvəz etməkdir. Ancaq Qərbə parçalanmış İraq, parşalanmış İran, parçalanmış Suriya lazım deyil. Qərbə özünə yaxın və bütöv İran, İraq, Suriya lazımdır”.

Şərqşünas ekspert onu da bildirdi ki, ABŞ-ın İran şahı Məhəmmədrza Şahın oğlu Rza Pəhləvini yenidən İranda hakimiyyətə qaytarmaq planları barədə son günlər yayılan məlumatlar cəmiyyət tərəfindən siyasi dəstək qazana bilməz: “ABŞ hal-hazırda Pəhləvi rejiminin PR-nı qurmaqla məşğuldur. Amerika pəhləviləri İran hakimiyyətinə alternativ kimi vitrində saxlayır. Ona görə İran cəmiyyəti Pəhləvi sülaləsinin yenidən hakimiyyətə gəlməsinə razılıq verməz. Xüsusilə də inqilablarda fəal rol oynayan Güney Azərbaycan türkləri buna heç razı olmaz. Pəhləvi rejimi dövründə Güney Azərbaycan türklərinin milli-etnik nöqteyi-nəzərdən təhqir olunmasının əsası qoyuldu. Pəhləvilərin hakimiyyəti illərində fars şovinizminin əsası qoyuldu. İslam inqilabının meydana çıxmasının əsas səbəblərindən biri də pəhləvilərin İranı Qərbin oyuncağına çevirməsi və İranın daxilində gedən mənəvi, siyasi, iqtisadi deqradasiya idi. Ona görə də inanmıram ki, pəhləvilərin yenidən hakimiyyətə gəlməsinə imkan verilsin”.

Cebhe.info-dan

 

 

Həmçinin yoxlayın

Türkiyəyə qarşı minlərlə terrorçu hazırlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraq Türkmən Cəbhəsi İdarə Heyətinin üzvü Hicran Kazancı …

Azərbaycanlı siyasi məhbus Rza Vasiqi məzuniyyətə buraxılı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Ərdəbil zindanında həbsdə saxladığı azərbaycanlı …

Bir cavab yazın