Cümə , İyun 18 2021
azfa

Qəndildə məxfi sənəd əməliyyatı: 40 il gizli saxlanan sənədlər PKK-nın sirrini faş edəcək

GADTB-nin Mətbuat Mərkəzinin Cebhe saytina istinadən yaydığı məlumata görə, Türkiyə yaxın günlərdə Şimali İraqda-Qəndildə antiterror əməliyyatlarına başlaya bilər. Bunu Türkiyə baş nazirinin müavini Bekir Bozdağ açıqlayıb. Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri terrorçuluğa qarşı mübarizə aparmaq üçün İraqın şimalındadır: “Türkiyə Silahlı Qüvvələri Qəndil və İraqın şimalından terrorçuların Türkiyə ərazisinə daxil olmasının qarşısını almaq üçün oradadır. Qəndilin terrorun mərkəzi olduğunu bilməyən yoxdur. Biz İraqın şimalında da terrorçuların sığınacağına girməyə davam edirik. Türkiyə Qəndildə dəfələrlə hərbi əməliyyatlar keçirib. Bundan sonra da hər şey ola bilər”. 

Məlumat üçün bildirək ki, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi əməliyyat nəticəsində bir sıra ərazilər terrorçulardan təmizlənib. Belə ki, PKK İrana sığınmağa cəhd etsə də, rəsmi Tehrandan gələn açıqlama onları çıxılmaz vəziyyətdə qoyub. İran Türkiyənin PKK-ya qarşı əməliyyatına dəstək verib.

Qəndil dağının yaxınlığına qədər irəliləyən türk hərbçilərinin hücumundan yayınmaq üçün PKK İrandan dəstək almağa çalışıb. Ancaq İran bu dağın öz ərazisi daxilində qalan bəzi kəndlərin boşaldılacağını bildirib. Sərhəd xəttində yerləşən bu kəndlərin boşaldılması Türkiyə tərəfinin əməliyyatına dəstək məqsədi daşıyır. Addım-addım Qəndilə doğru irəliləyən Türkiyə Silahlı Qüvvələrinin birləşmələrinin həmin ərazinin 22 km-liyində dayandığı və böyük əməliyyata hazırlaşdığı xəbər verilir. Əməliyyatlarda pilotsuz aparatlar, “Sərçə 3”, milli piyada tüfəngi olan “MRT-76”, zirehli müdaxilə maşını, mütəmadi olaraq müşahidə aparan “ASİR” istifadə edilir.

Siyasi şərhçi Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Qəndilə qarşı artıq əməliyyatların başlaması ehtimal deyil, yüksək səviyyədə verilmiş bir qərardır: “Bunu artıq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da etiraf edib. Çünki terrorun təkcə Suriyada deyil, Şimali İraqda, o cümlədən, Türkiyənin daxilində bitirilməsinə də siyasi qərar verilib və bu yöndə qətiyyətli iradə nümayiş etdirilir. Bu konteksdə Şimali İraqa doğru 25 kilometrə qədər Türkiyə ordusu irəliləyib. Artıq Qəndil bu gedişlə tamamilə mühasirəyə alınmaq üzrədir. Yəni son türk əsgərinin yerləşdiyi nöqtədən Qəndildəki terror yuvasına olan məsafə artıq 20 kilometr hesablanır. Düşünürəm ki, Qəndilin qapısı hesab olunan Barazgir vadisində yerləşən Türkiyə əsgərləri artıq bütün hərbi yığnaqları və hazırlıqları görməkdədir. Hiss olunur ki, Qəndil əməliyyatının koordinasiya nöqtəsi məhz Barazgir vadisi olacaq. Buna paralel olaraq Türkiyənin Qəndilə qarşı keçirəcəyi hərbi əməliyyatda müəyyən mənada İran da iştirak edəcək. Bu yöndə Türkiyə və İran baş qərargah rəhbərliyi arasında müəyyən razılaşma da mövcuddur. Məhz bu razılaşma çərçivəsində Qəndillə İran sərhəd bölgəsində yerləşən bütün kəndlər artıq İran tərəfindən boşaldılır.

Ən azından hərbi əməliyyatlar çərçivəsində sərhədyani kəndlərdə yaşayan əhali zərər görməsin. Bundan əlavə İran xüsusi xidmət və kəşfiyyat orqanları da Qəndil ətrafındakı bölgələrdə özünün müşahidə qurğu və ehtimalını birləşdirib ki, ən azı oradakı xüsusi hərəkətlər izlənilsin. Çünki Türkiyənin məqsədi Qəndil əməliyyatı ilə təkcə terror düşərgəsini darmadağın etmək deyil, eyni zamanda, bu bölgədə mövcud olan iki əsas arxiv sənədlərini ələ keçirməkdir. 40 il müddətində PKK terrorçularının bütün fəaliyyətləri, eyni zamanda, havadarları olan Qərb dünyası ilə bütün kirli əməkdaşlıqlar həmin sənədlərdə qeyd olunub. Türkiyə bu sənədlərin Qəndildən çıxarılmasına əngəl ola, onları ələ keçirə bilərsə, demək olar ki, Qərb dünyası artıq sənədlərlə tamamilə ifşa oluna biləcək. Ona görə də hesab edirəm ki, çox yaxın zamanda Barazgir vadisində bütün hərbi hazırlıqlar görüldükdən sonra artıq Qəndil əməliyyatı başlayacaq. Türkiyə bu yöndə müəyyən mənada tələsir. Çünki Türkiyənin kəşfiyyat orqanlarında konkret informasiyalar var ki, Qəndil terror yuvası tam mühasirə olunmamış terrora rəhbərlik edən şəxslər  Suriyaya keçməklə, Avropaya qaçmağa hazırlaşırlar. Bunun qarşısını almaq üçün Türkiyə ordusu müəyyən hazırlıqlara tələsir. Bu əməliyyatların hazırlıqları çox sürməyəcək və çox yaxın zamanda biz terror yuvasının darmadağın olunmasını görəcəyik”.

Politoloq onu da əlavə edib ki, əslində sözügedən əməliyyatların Türkiyədə keçiriləcək seçkilərə qədər baş tutması ehtimal da var: “Ola bilsin ki, seçkilərdən dərhal sonra, iyul ayının ilk həftələrində bu əməliyyatlar keçirilsin. Doğrudur, Türkiyə rəhbərliyi seçkiyə qədər bu əməliyyatın uğurla başa çatmasında maraqlı ola bilərdi. Bu həm də təbliğat nöqteyi-nəzərdən hakim partiyaya uğurlar vəd edərdi. Ancaq düşünürəm ki, 24 iyuna qədər bu proses başa çatdırılmayacaq. Amma yenə də bunu istisna etmək olmaz”.

 

Həmçinin yoxlayın

G(ü)ecalan və Qatar nahiyələri – qədim Oğuz-Türk yurdları…

1961-ci ilin may ayı, Qərbi Azərbaycanın cənnət guşələrindən olan Qafan nahiyəsinin təbiəti gül-çiçəyə bürünüb, əski …

Azərbaycan hərbi hava qüvvələri Anadolu Qartalı-2021-də iştirak edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki …

Bir cavab yazın