GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı yazıçı, tərcüməçi və tədqiqatçı Mehdi Səlimi mülki vəsiqə qarşılığında Tehranın Evin zindanından müvəqqəti zaminə buraxılıb.
Azərbaycanlı yazıçı və milli fəalın 500 milyon tümənlik zəmanət qarşısında sərbəst buraxıldığı bildirilir.
Rejimin məhkəməsi daha öncə Mehdi Səliminin zaminə buraxılması üçün 1 milyard 200 milyon tümən dəyərində vəsiqə tələb etmişdi. Lakin yazıçının bu məbləğdə zəmanətin təmin edə bilməyəcəyini açıqladığından sonra tələb olunan vəsiqənin dəyəri 500 milyon tümənə endirilmişdi.
Qeyd edək ki, Mehdi Səlimi iyulun 7-də Əhər şəhərindəki ata evində yaxalanmışdı. O yaxalandıqdan sonra, Təbrizə, daha sonra Tehranda Evin zindanında 209-cu bölməyə köçürülmüşdü. Azərbaycanlı yazıçı iki həftə həmin bölmədə dindirildikdən sonra Evin zindanının ümumi bölməsinə köçürülmüşdü.
Fəal yaxalandığı vaxt ona aid bir sıra şəxsi əşyalar, o cümlədən mobil telefon, kompüter və yazıları rejim tərəfindən müsadirə edilmişdi.
Rejim azərbaycanlı yazıçını şərləyərək “Sistemə qarşı təbliğat aparmaq”, “insanları əxlaqsızlığa sövq etmək”, “Ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək və dini müqəddəsləri təhqir etmək”də ittiham etmişdi.
Qeyd edək ki, 1984-cü il təvəllüdlü Səlimi Yəzd Universitetində təhsil alıb. Əvvəllər “Zoğal” onlayn jurnalının baş redaktoru, “Mindmotor” saytının müdiri olan azərbaycanlı yazıçı bir çox kitab və məqalələr tərcümə edib.