Bazar , Oktyabr 24 2021
azfa

Rusiya arxivində Aşıq Ələsgər qalmaqalı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tədqiqatçı Nazir Əhmədli “Haqq-nahaq seçilər haqq divanında” kitabında Aşıq Ələsgərin 1821-ci ildə deyil, 1852-ci ildə anadan olduğunu iddia edib. Başqa bir tədqiqatçı Sabutay Hacıyev isə Rusiya Federasiyasının Dövlət Arxivindən Aşıq Ələsgərlə bağlı əldə etdiyi sənədi təqdim edərək bildirib ki, sənədə əsasən, Aşıq Ələsgər iddia edildiyi kimi 1852-ci ildə deyil, əvvəlki tədqiqatçıların da araşdırdığı kimi 1821-ci ildə dünyaya gəlib.

Qalmaqal yaradan kitabın müəllifi, Atatürk Mərkəzinin şöbə müdiri Nazir Əhmədli Kult.az-a açıqlamasında S.Hacıyevin iddialarına cavab verərək, onun dediklərinin həqiqəti əks etdirmədiyini vurğulayıb:

“Sabutay Hacıyev keçən dəfə yazmışdı ki, Rusiyada ilk siyahıyaalma 1879-cu ildə keçirilib. Sonradan ona bildirdilər ki, həmin siyahıyaalma 1897-ci ildə keçirilib. İndi həmin səhvini etiraf etsə, Ələsgərlə Anaxanıma düzəltdiyi 58 və 50 rəqəmləri alt-üst olar, ona görə yenə həmin rəqəmi təkrar edir və düzəltdiyi sənəddə göstərir ki, siyahıyaalmanın nəticələri 1897-ci ildə çap edilib. Sabutay Hacıyev bir şeyi nəzərə almır ki, Vikipediyadan 1 dəqiqə ərzində hər cür məlumatı dəqiqləşdirmək olur. Həqiqət isə budur ki, siyahıyaalma 1897-ci ildə keçirilib, onun nəticələri isə 1899-1905-ci illərdə çap olunub. Cəmi 89 cild və 119 kitab!”

N.Əhmədli S.Hacıyevi bəzi məsəllərdə məlumatsız olmaqda ittiham edib:

“S.Hacıyev 1917-ci il inqilabına qədər olan sənədlərin Rusiya Dövlət Arxivində yox, Rusiya Dövlət Tarix Arxivində saxlanıldığını bilmir. Rusiya Dövlət Arxivi – Sabutay Hacıyevin müraciət etdiyi arxiv Moskva şəhərində, Rusiya Dövlət Tarix Arxivi isə Sankt-Peterburq şəhərindədir və o da oraya müraciət etməli idi.

Aşığın nəvəsi və bioqrafı İ.Ələsgər dəfələrlə Aşıq Ələsgərin 41 yaşında evləndiyini və Anaxanımın o vaxt 25 yaşında olduğunu yazıb, yəni İ.Ələsgərə görə, Aşıq Ələsgər Anaxanımdan 16 yaş böyük idi. Sabutay Hacıyev isə Ələsgəri Anaxanımdan cəmi 8 yaş böyük göstərməklə İslam Ələsgəri yalanlayır”.

N.Əhmədli bildirib ki, 1897-ci ilin siyahıyaalmasında adamların adları yoxdur, yalnız yaşayış məntəqələri üzrə sayı və başqa statistik göstəriciləri var və həmin sənədlərdə Ələsgərlə Anaxanımın adlarının olduğunu iddia etmək camaatı ələ salmaq və fırıldaqçılıqdır:

“Bir şeyi başa düşmürəm ki, Ələsgərin 1852-ci ildə doğulduğunu həzm edə bilməyənlər niyə kədərlənir və indi də Sabutay Hacıyevin düzməcəsindən sonra nəyə görə toy-bayram edirlər? Doğum tarixinin dəqiqləşdirilməsi, məncə, adi bir işdir və ağlamalı bir səbəbi yoxdur. Əgər söhbət Aşıq Ələsgərin 2021-ci ildə keçirmək istədikləri 200 illik yubileyi ilə bağlıdırsa, bu məsələ məni qətiyyən maraqlandırmır, istəyirlər 300 illik yubiley keçirsinlər. Məni maraqlandıran şey həqiqəti üzə çıxarmaqdır.

Mən Dərələyəzli Aşıq Cəlilin də doğum tarixini müəyyənləşdirdim. Məlum oldu ki, o indiyə qədər yazıldığı kimi 1850-ci ildə yox, 1868-ci ildə doğulub, bu il 150 yaşı tamam olur və onun 150 illiyi də qeyd ediləcək.

Başqa aşıqlar haqqındakı tədqiqatlarım da davam edir”.

Qeyd edək ki, qalmaqala səbəb olan kitabın erməni mənbələrinə istinadən 2017-ci ilin iyununda Bakıda çap olunduğu deyilir. Məlumata görə, kitabda tanınmış aşıqların doğum tarixləri saxtalaşdırılıb və bununla Qərbi Azərbaycanda türklərin tarixinin elə də dərin olmadığı iddiası ortaya qoyulub. Eyni zamanda Qərbi Azərbaycanda qədim türk adlarının erməniləşdirilməsinə yönəlik dırnaqarası faktlar ortaya atılıb. Kitabda istinadların 90 faizi Ermənistan Milli Arxivində saxlanıldığı iddia olunan sənədlərədir.

Həmçinin yoxlayın

Çin Şərqi Türküstanda uyğur türklərini məhv etmək üçün repressiv idarəçilik sistemi qurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Türküstanla bağlı bu həftə yayılan hesabata əsasən, …

İran türkcə “Bənsu” adına görə 2 ildi azərbaycanlı körpəyə şəxsiyyət vəsiqəsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanda azərbaycanlı körpəyə türkcə …

Bir cavab yazın