Cümə , Sentyabr 4 2026
azfa

Beynəlxalq Atom Enerjisi Agentliyi: İranın uran ehtiyatlarına çıxışın olmaması təcili və ciddi narahatlıq doğurur

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) məxfi hesabatında bildirib ki, İranın nüvə obyektlərinə hərbi hücumlardan bir ildən çox vaxt keçməsinə baxmayaraq, agentlik hələ də ölkənin zənginləşdirilmiş uran ehtiyatlarının yeri və vəziyyətini təsdiqləyə bilmir və bunu nüvə silahlarının yayılmasının qarşısının alınması baxımından ciddi narahatlıq kimi qiymətləndirir.

2026-cı il sentyabrın 1-də Vyanada BAEA-nın Direktorlar Şurasının üzvlərinə təqdim edilən 11 səhifəlik məxfi hesabata əsasən, agentliyin müfəttişləri 2025-ci ilin iyununda İrandakı nüvə obyektlərinə endirilən zərbələrdən sonra ölkənin bəyan etdiyi aşağı zənginləşdirilmiş və yüksək zənginləşdirilmiş, 60 faizə qədər zənginlik dərəcəsinə malik uran ehtiyatları barədə əvvəlki məlumatlılığını itiriblər. Hücumlardan əvvəl agentlik İranın 60 faizə qədər zənginləşdirilmiş uran ehtiyatını təxminən 440,9 kiloqram qiymətləndirmişdi.

Hesabatda vurğulanıb: “Agentliyin bu nüvə materialları barədə məlumatlara və onların yoxlanılması üçün obyektlərə çıxışının olmaması yayılma ilə bağlı narahatlıq doğuran məsələdir və maksimum təcili şəkildə həll edilməlidir.”

Agentlik bildirib ki, 2026-cı ilin fevralından etibarən, Buşehr Atom Elektrik Stansiyası istisna olmaqla, İranda bəyan edilmiş obyektlərdə heç bir yerində yoxlama fəaliyyəti həyata keçirməyib.

Hesabatda həmçinin İsfahandakı tunel kompleksinə çıxışın olmaması ilə bağlı narahatlıq ifadə edilib. Sözügedən kompleks daha əvvəl 20 və 60 faiz zənginləşdirilmiş uranın bir hissəsinin saxlanıldığı yer kimi müəyyən edilmişdi.

BAEA-nın baş direktoru Rafael Qrossinin hazırladığı bu rüblük hesabat 21-25 sentyabr 2026-cı ildə keçiriləcək agentliyin Direktorlar Şurasının növbəti iclasında müzakirə olunacaq.

Qrossi hesabatında İranın nüvə proqramı ilə bağlı təkrarlanan böhranların həlli üçün davamlı və yoxlanıla bilən diplomatik razılaşmanın əldə edilməsinin zəruriliyini bir daha vurğulayıb.

Məxfi hesabatın məzmunu daha əvvəl “Reuters”, “Bloomberg” və “Agence France-Presse” (AFP) xəbər agentlikləri tərəfindən də yayımlanıb.

Həmçinin yoxlayın

ABŞ və üç Avropa ölkəsi İranın nüvə proqramının BMT Təhlükəsizlik Şurasına çıxarılmasına çalışır

GADTB: Reuters cümə günü, 4 sentyabr tarixində diplomatlara istinadən xəbər verib ki, ABŞ Böyük Britaniya, …

Rusiyanın İrana gizli hərbi yardımı ifşa edildi

GADTB: Rusiyanın İrana müasir hərbi texnologiya sahəsində gizli dəstəyinin detalları ifşa edilib. “Financial Times”-ın araşdırmasına …