
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “National Geographic” özünün İnstaqram səhifəsində Azərbaycanın tarixi Xudafərin körpüsünün fotosunu paylaşıb.
Paylaşımda XII əsrin abidəsi sayılan tarixi Xudafərin körpüsünün Cəbrayıl rayonu ərazisində, Azərbaycan sərhədində, Araz çayı üzərində yerləşdiyi bildirilir.
Qeyd edilir ki, Xudafərin Quzey və Güney Azərbaycanı ikiyə bölən Araz çayı üzərində yerləşir. Quzey Azərbaycanın Cəbrayıl rayonunda yerləşən körpü Ermənistan qüvvələri tərəfindən işğal olunmuş, bu yaxınlarda isə Azərbaycan tərəfindən geri qaytarılmış ərazilərindən biridir.
Paylaşımda, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verilir. Azərbaycanın 90-cı illərdə itirdiyi ərazilərinin böyük əksəriyyətini ötən il baş vermiş müharibə nəticəsində geri qaytardığı diqqətə çatdırılır.