
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Tehranın “Fəşafuyə” zindanında həbsdə saxladığı azərbaycanlı siyasi məhbus Əlirza Fərşinin səhhətində problemlər yaranıb. Fəalın həyatı təhlükədədir.
Ailəsi ilə telefon əlaqəsi zamanı Əlirza Fərşi deyib ki, dərmanlardan istifadə etdikdən sonra onu titrəmə tutur. Normal qidalanmadığı üçün bu vəziyyət davam edir.
Azərbaycanlı siyasi məhbus həmçinin deyib ki, sol qolu keyləşir və normal hərəkət etdirə bilmir. O bununla bağlı zindan məsullarına müraciətlərinin də cavabsız qaldığını bildirib.
Diabet xəstəliyindən əziyyət çəkən Əlirza Fərşinin hazırda görmə qabiliyyəti də azalıb. Zindanda rejimin məmurları tərəfindən döyüldüyü üçün sol gözündə ciddi problem yaranıb. Azərbaycanlı siyasi məhbus normal qidalanma və müalicə imkanlarından məhrum vəziyyətdə saxlanılır.
Fərşi qeyd edib ki, onun saxlanıldığı bölmədə 2019-cu ilin noyabr etirazlarında iştirak edən və onunda daxil olduğu 18 siyasi məhbusun siyahısı hazırlanıb. Onların müəyyən hüquqlarına qadağa qoyulmuşdur.
Həmin məhbuslar həbsxananın ümumi imkanlarından məhrum edilmiş vəziyyətdə saxlanılırlar. Etiraz etdikləri təqdirdə isə təhlükəli məhkumların kameralarına salınaraq incidilirlər.
Hüseyn Haşimi adlı həmin məhbuslardan biri bir müddət öncə məktub yazaraq zindandakı vəziyyətə etiraz etdiyi üçün təhlükəli məhbusların bölməsinə salınaraq ölümcül şəkildə döyülərək, işgəncə edilib.
“Ölüm bölməsi”ndə saxlanılan Əlirza Fərşi mayın 27-də zindanın acınacaqlı vəziyyəti barədə məktubla məlumat göndərmişdi.
Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.
Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi