Cümə , Aprel 19 2024
azfa

Aydın Qasımlı: İslam dünyasının ilk Türk xəlifəsi – Sultan Səlim Yavuz

GADTB: Təxminən 150 il ərzində kiçik bir bəyliyi nəhəng bir imperatorluğa çevirən Türkiyə Türkləri üç qitədə bir çox bəylikləri, xristian – Bizans kimi nəhəng bir imperatorluğu və 650 illik Misir və Suriya Türk Məmlük dövlətini tarix səhnəsindən silərək, 600 illik bir səltənət yaratmağa nail olmuşlar ki, bu işdə Sultan Səlim Yavuzun (1512-1520) xüsusi yeri vardır.

1512-ci ildə hakimiyyət uğrunda gedən mübarizədə qardaşlarını məğlub edib öldürən, atası sufi təbiətli II Bəyazidi (1481-1512) taxt-tacdan uzaqlaşdıraraq, hakimiyyəti əlinə alan və bununla da “Yavuz” (qəzəbli, hiddətli – A.M) təxəllüsü qazanan Sultan I Səlim öncə Anadoluda Osmanlı dövləti üçün böyük təhlükəyə çevrilən “ələvi” şiə qəbilələrini, daha sonra isə onların himayədarı Şah İsmayıl Səfəvini 23 avqust 1514-cü ildə Çaldıran düzündə məğlub edərək, Doğu Anadoluda Diyarbəkr, Ərzincan, Bayburt, Mardin, Çizrə və Siirti Səfəvilərdən aldıqdan sonra Adana ətrafındakı Ramazanoğlu Bəyliyini ortadan qaldırmış, bununla da Osmanlı dövlətinin mərkəziyyətçi hakimiyyətini bərpa etməyə müvəffəq olmuşdur.

Sultan Səlim Yavuz 24 avqust 1516-cı ildə Mərcidabık və 22 yanvar 1517-ci ildə Ridaniyə meydan savaşında Misir Məmlük dövlətinə son qoyaraq Suriya, Əlcəzirə, Kilikiya, Fələstin, Misir, Liviya, Məkkə, Mədinə və Hicazı fəth edərək, Osmanlı dövlətini böyük bir imperatorluğa çevirmişdir.

Sultan I Səlim ona qarşı müqavimət göstərən Məmlük sultanı Qansunu 1516-cı ildə Hələb yaxınlığında məğlub edərək öldürmüş, onunla birlikdə Suriyada Osmanlı Türklərinə qarşı vuruşan son Abbasi xəlifəsi Mütəvəkkili əsir almış, özü ilə birlikdə Misirə aparmışdır. 1517-ci ildə Qahirəyə daxil olan Sultan Səlim Yavuz son Misir Məmlük sultanı Tumanbayı da məğlub edərək asdırmış, ilk dəfə Hələbdə qarşılaşdığı son Abbasi xəlifəsini bir çox üləma ilə birlikdə özü ilə İstanbula gətirmişdi. İstanbulda Ayasofiya məscidində yapılan təntənəli mərasimdə xəlifə Mütəvəkkil minbərə çıxaraq, xəlifəliyi Sultan Səlimə həvalə etdiyini elan etmiş, bununla da tarixdə ilk dəfə olaraq bir Türk sultanı İslam dünyasının “Xəlifəsi” olmuşdur.

Sultan Səlim Yavuz hələ Misirdə olarkən, Məkkə və Mədinə əmiri müqəddəs əmanətlərlə (bu müqəddəs əmanətlərə Peyğəmbərin (s) əbası, Davud Peyğəmbərin qılıncı, həzrəti Peyğəmbərin Uhud müharibəsində qırılan “mübarək dişi”, mübarək tükü, qara bayrağı, Misir məlikinə yazdığı məktubun əsli, Peyğəmbərin qılıncı, əsası, səccadəsi, iki ayaqqabısı, yayı, Xəlifə Əbu Bəkr, Ömər, Osman, Əli və Xalid bin Vəlidin qılıncları daxildir) birlikdə şəhərlərin açarlarını da “İki müqəddəs şəhərin sahibi” (Sahibi-Harameyn əş-Şərifeyn) adı ilə ona təqdim etmiş, lakin dindar bir hökmdar olan Sultan Səlim bu adı dəyişdirərək “İki müqəddəs şəhərin xidmətkarı” (Xadim ül-Harameyn əş-Şərifeyn) kimi qəbul etmişdir. Beləliklə, İslam dünyasının ilk Türk xəlifəsi olan Sultan Səlim Yavuzdan başlayaraq, sonrakı bütün Osmanlı sultanları came və məscidlərdə həm də “Əmirəlmöminin” və “Xilafət ül-Müslimin” (mömünlərin əmiri və müsəlmanların xəlifəsi) kimi xüsusi titullarla anılmışlar.

Suriya, Əlcəzirə, Kilikiya, Fələstin, Misir və Liviyanın fəthindən sonra Məkkə və Mədinənin, daha sonra isə Yəmənin Sultan Səlim hakimiyyətini qəbul etməsi ilə Sultan Səlim Yavuz Orta Doğu və Ərəbistan da daxil olmaqla İslam dünyasının böyük bir hissəsinə hakim olaraq, dünyəvi və dini hakimiyyəti vahid əldə cəmləşdirmiş, İslam dünyasının siyasi və dini lideri olmuş və həmin tarixdən (1517-ci ildən) başlayaraq, 1922-ci ilə qədər 400 il müddətində Osmanlı sultanları həm də “İslam dünyasının xəlifəsi” sayılmışlar. Bu iki hakimiyyətin (dünyəvi və dini) birləşməsi Türk-İslam məfkurəsinin yüksəlməsində böyük bir mərhələ təşkil etmiş və Osmanlı sultanları artıq İslam dünyasının maddi və mənəvi rəhbərləri və hamiləri olmuşlar.

Sultan Səlim Yavuz babası Sultan Mehmet Fatehin “Cahan hakimiyyəti məfkurəsini” gerçəkləşdirməyə çalışmış, bu ideala yalnız Yaxın Şərq, Misir və Əlcəzirəni öz imperatorluğuna qatmaqla qismən nail olmuşdur. Qüdrəti, cəsarəti, iman və məfkurəsi ilə Osmanlı sultanları arasında müstəsna bir mövqeyə sahib olan Sultan Səlim Yavuz xilafət və səltənəti öz hakimiyyəti altında birləşdirməklə Bizans İmperatorluğu və İslam Xəlifəliyi mirasına sahib olmuş, İslam dünyasının “taxt və bəxt şəhəri olan İstanbul”u İslam dünyasının mərkəzinə çevirmiş, Türk-İslam birliyinin yaradıcısı kimi tarixdə şərəfli bir ad qazanmışdır.

Sultan I Səlimin dühası sayəsində Türklər orta əsrlərdə bütün dinlərin müqəddəs şəhərləri olan Qüds, Məkkə, Mədinə və İstanbulun yeganə qoruyucusu və hakimi olmuşlar. Həyatını İslam dünyasının birliyinə həsr edən, özündən əvvəlki Osmanlı sultanlarından fərqli olaraq, Sultan Səlim Yavuzun gerçəkləşdirdiyi, İslam birliyi sayəsində Orta doğu 400 il sülh və əmin-amanlıq içində yaşamış, nəhayət XX əsrin əvvəllərindən başlayaraq imperialist xristian dünyasının təhriki və ərəblərin Türklərə xəyanəti nəticəsində bu bölgə “qan çanağına” dönmüş, xarabazara çevrilmişdir.

Sultan Səlim Yavuz dindar bir hökmdar olduğundan öz fəthlərini “İlahi bir əmr” saymış, övliyaların ona müjdələdiyi “həzrəti Məhəmməd (s) həzrəti Əli vasitəsilə sənə (Sultan Səlimə – A.M) salam göndərir və deyir: “Qalxıb gəlsin, xilafətin xidməti ona (Sultan Səlimə – A.M) buyurulmuşdur” fikrini dinləyərkən, Yavuzun gözlərindən yaş axmış və o söyləmişdir: “Biz (Türklər nəzərdə tutulur – A.M) Allah tərəfindən məmur olmadıqca, bir səfərə getmərik” (Bax: Xoca Sadəddin, Tac-üt-Təvarix, (Səlimnamə), II cild, İstanbul, Hicri 1279, səh 608-609).

Sultan Səlim yüksək mənəvi vəsfləri və İslam ruhu ilə Osmanlı Türklərinin qəlbində əbədi taxt qurmuşdur. Onun din yolunda xidmətləri o qədər böyük olmuşdur ki, hətta sultan olmasına baxmmayaraq o, özünü bütün nəfsani zövqlərdən uzaq tutmuş, sadəcə din, dövlət, vətən və ümmət uğrunda yaşamış, ulu Peyğəmbərin (s) “Mülk və səltənətin Türklərin əlinə keçməsi” haqqındakı hədisini gerçəkləşdirmişdir.

Məşhur şair Yəhya Kamal, bütün bu fikirləri təsdiqləyərək, özünün “Səlimnamə” əsərində Türk-İslam Cahan hakimiyyəti qurmaq istəyən Sultan Səlimin iradəsinin “İlahi bir əmr” olduğunu və onun tək Tanrısı olan insanların birləşməsi üçün “Cihad” yapdığını söyləmişdir.

Misiri fəth edən Sultan Səlim Yavuz Portagizlərin bu ölkə üzərindəki təhdidlərinə son qoymuş, avropalıların Qırmızı dənizdən okeana çıxışlarını məhdudlaşdırmışdı. Hakimiyyətdə olduğu 8 il müddətində Səfəvi-Qızılbaş təhdidlərinə son qoymuş, Misir Məmlük dövlətini tarix səhnəsindən silmiş, bir çox əraziləri fəth etmiş Sultan Səlim imperatorluqdakı bütün kilsələri məscidə çevirmək və imperatorluq daxilindəki xristianları müsəlman etmək istəmiş, lakin müftisi Şeyxülislam Zənbilli Əli Əfəndi “Quran”ın din dəyişməyə icazə vermədiyini və babası Sultan Mehmet Fatehin Patrikxanaya verdiyi “Əhdnamə”yə görə, bunun şəriətə və Türk törəsinə uyğun olmadığını bildirməklə, Sultanı bu işdən daşındırmışdı (Bax: Məcmueyi-fitva, İstanbul, Bəyazid kitabxanası, 2757-ci nömrə, səh 1066).

Tarixdə ilk dəfə İslam dünyasını Türk hakimiyyəti və İslamın “Tövhid bayrağı” altında birləşdirən Cahangir Türk xanı Sultan Səlim Yavuz ari və sami fəlsəfəsinin qoxumuş qara libasına bürünmüş İslamın birlik və bərabərliyini parçalamağa qəsd edən bütün düşmənlərə ağır və sarsıdıcı zərbə vuraraq, İslam dünyasının bütünlüyünü təmin etmiş, sözün həqiqi anlamında “Dünya İslam İmperatorluğu” yaratmağa müvəffəq olmuşdur.

İldırım sürətli fəthləri ilə hakimiyyətdə olduğu 8 il müddətində üç qitənin (Asiya, Avropa və Afrika) mühüm bir sahəsini öz hakimiyyəti altında birləşdirən Sultan Səlim İslam dünyasına hakim olduqdan sonra, böyük bir donanma yaratmış, bütün Avropanı istila etməyi qərara almışdı. Lakin əcəl onun dünyanı yüksək nizama salmasına, dünyanı Türk-İslam nuruna qovuşdurmasına imkan verməmiş, onun bu istəyini oğlu Sultan Süleyman Qanuni gerçəkləşdirmişdi.

Sultan Səlimin sayəsində Oğuz Xaqanın bu yeni əsmər üzlü fidanları olan Qazilər nəsli, Osmanlı Türklərinin Orta Doğu və İslam dünyasına hakim olmaları dünya siyasi və hərbi düzənini tamamilə İslam dininin lehinə dəyişmiş, İslam dini digər rəqib dinlər qarşısında heç bir dinin və millətin erişə bilməyəcəyi siyasi bir güc və üstünlük qazanmışdır. Həqiqətən də tarixə nəzər saldıqda görürük ki, İslam dininə ərəblər də daxil Türklər qədər xidmət edən ikinci bir xalq olmamış və bu gün də yoxdur. Bu ilahi missiya sanki Tanrı tərəfindən Türklərə həvalə edilmişdir. Allaha inam və imanın verdiyi ülviyyət, İslam dininin uca prinsiplərinə ürəkdən bağlılıq Türkləri o dövrdə qarşılarında heç bir gücün dayana bilməyəcəyi bir hala gətirmiş, onları ali bir mərtəbəyə yüksəltmişdi. Ona görə də İslamiyyətin siyasi və dini üstünlüyünü bütün dünyaya qəbul etdirən və bununla da həzrəti Peyğəmbərin (s) ilahi hədəfini gerçəkləşdirən Sultan Səlimin Osmanlı sultanları içərisində müstəsna yeri var. Belə ki, Osmanlı sultanları Osman Qazidən başlayaraq, Qərbdən – xristian dünyasından İslam dünyasına gələn təhlükələrə qarşı siyasət yürütmüşlərsə, Sultan Səlim dövrün tələblərini nəzərə alaraq, Osmanlı Türklərinin dövlət siyasətini dəyişmək məcburiyyətində qalmış, üzünü Şərqə – İslam dünyasına tərəf çevirmiş, İslam dünyasını bir bayraq altında birləşdirməyə müvəffəq olmuşdu. Bu baxımdan Sultan Səlim hz. Peyğəmbərin (c) “İslam birliyi” ilahi ideyasını gerçəkləşdirən ilk hökmdardır.

Sultan Səlim Yavuzun “İslam birliyi” siyasəti, qəhrəmanlığı, dindarlığı, böyük zəfərləri hələ həyatda ikən haqqında rəvayətlərin meydana gəlməsinə səbəb olmuş, onun adına həm sağlığında, həm də sonralar xeyli mənzum və mənsur “Səlimnamə”lər yazılmış, bu rəvayət və “Səlimnamə”lərdə sultanın övliyalığı və qəhrəmanlıqları ilə yanaşı, Türk ordusunun milli və dini qüruru və hərbi qabiliyyəti öz əksini tapmışdır (Bu rəvayət və “Səlimnamə”lər haqqında bax: Xoca Sadəddin, göstərilən əsəri, səh 609-613; Feridun bey, Münşəat üs-Səlatin, I cild, İstanbul, hicri 1265-1274, səh 432; Lütfi Paşa, Təvarixi Ali-Osman, İstanbul, hicri 1341, səh 254; Osman Turan, göstərilən əsəri, II cild, səh 80-81).

Sultan Səlim adına İslam dünyasının bütün şəhərlərində xütbələr oxunmuş, Türklərə dualar edilmişdir ki, bu, dünyada Türklərdən başqa heç bir millətə nəsib olmamışdır. Bu xütbə və dualarda göstərilmişdir ki:”Ey Allahım! İki qitə və iki dənizin hökmdarı, iki dünyanın sahibi, iki İraqın xaqanı, iki müqəddəs bəldənin (Məkkə və Mədinə nəzərdə tutulur – A.M) xadimi sultan oğlu müzəffər Sultan I Səlimi sən uca qıl. Ey Allahım! Sən onu (Sultan Səlim Yavuzu -A.M) qiymətli yardımlarınla dəstəklə, ona neçə-neçə şərəfli zəfərlər ehsan et. Amin!” (Bax: İbn İyad, Bədai-üz-Zühur fi Vakayi üd-Dühur, V cild, İstanbul 1932, səh 145).

Bu mövzudakı dualar yaxın keçmişə qədər bir çox müsəlman ölkələrinin came və məscidlərində davam etmişdir (Bax: Prof.Dr Zekeriya Kitapçı, Hz Peyqamberin hadislerinde Türk varlığı, İstanbul 1989, səh 230)

Sultan Səlim Yavuz dövrünün məşhur şairlərindən İsfahanlı Xacə İsfahani də özünün Farsca və Cığatayca yazdığı şerlərində Yavuzun zəfərlərini alqışlamış və göstərmişdi ki: “ Ey aləmin Padişahı! Sən Məhəmməd Mustafanın surətini diriltdin, dünya da sənin minnətin altında qaldı. Şəriət Sultan Səlimin dövləti sayəsində öz yoluna girdi. Bu gün Turanın və Məhəmmədin xəlifəsi kimi müqəddəs sifətlər ancaq sənə layiqdir. Ey dinin yardımçısı! Gəl bütləri qır, Rum taxtına Əcəm ölkəsini də qat. Peyğəmbərin xəbərlərinə görə, Şərqin və Qərbin padişahı ol! Sən, ey dindar və Cahana vəd olunan Zülqərneyn, İslam əhlini qəmdən qurtar!” (Seçmələr bizimdir – A. M. Bax: Ferudin Bəy, göstərilən əsəri, I cild, səh. 365-369)

Fərman və məktublarında “Xilafətin pənahı”, “Xaqani – əzəm Əbül Müzəffər Sultan Səlim Xan, İftixari – Ali – Osman” titulları onun Cahan hakimiyyəti məfkurəsinə inandığını göstərir (Bax: Ferudin Bey, göstərilən əsəri, I cild, səh.433)

Tarixi mənbələrdə “Əcəm və Ərəb fatehi” kimi təqdim edilən Sultan Səlim Yavuz dindarlığı və ədaləti ilə yanaşı, “Yavuz” – hiddətli kimi də tanıdılmışdı. Belə ki, o iki qardaşını qətlə yetirmiş, atasını taxt-tacdan məhrum etmiş, öz müftisi Şeyxülislam Zənbilli Əli Əfəndiyə: “Dünyada insanların üçdə birinin rahatlığı üçün, üçdə ikisinin edamının” caiz olub-olmadığını sormuş, Əli Əfəndi də: “Böyük ziyan baş vermişsə, caizdir” fitvasını vermişdir. Lakin müfti sultanın bu fitvanı 150 insana qəzəbləndiyi üçün aldığını öyrənincə onların edamının bu fitvaya uymadığını bildirmiş, Sultan müftinin siyasətə qarışma haqqının olmadığını söyləyincə Əli Əfəndi:”Axirətə dəxli olduğuna görə, müdaxilə vəzifəmdir” cavabını vermiş və bununla da sultan bu cəzanı tətbiq etməkdən vaz keçmişdir” (Bax: Xoca Sadəddin, göstərilən əsəri, II cild, səh 551-552).

Trabzondakı sancaqbəyliyi dövründən başlayaraq, sultan olduğu dövrdə də Səlim ətrafına alim, şair və şeyx toplamış, özü də geniş mütaliə ilə məşğul olmuş, farsca “Divan” yaratmışdır. Dövrün tarixçisi Kamal Paşazadənin məşhur “Osmanlı tarixi” əsəri Sultan Səlimin tapşırığı ilə yazılmışdır. Yavuzun “Divan”ı Əli Nihad Tarlan tərəfindən Türkcəyə tərcümə edilərək “Yavuz Səlim Divanı” adı ilə 1946-cı ildə İstanbulda nəşr edilmişdir (Bax: Türk Dünyası El kitabı, III cild, Ankara, 1992, səh 133). Hərbi səfərə çıxdığı dövrlərdə də alim, şair və şeyxləri özü ilə aparan Sultan Səlim öz səfər tarixlərini də yazdırmışdır. Hərbi səfərləri zamanı Sultan Səlim Peyğəmbərin (s) və məşhur övliyaların türbələri və məşhur Türk filosofu Fərabinin məzarını ziyarət etmiş, məşhur mütəsəvvif, “Vəhdəti-Vücud” fəlsəfəsinin yaradıcısı Mühiddin Ərəbinin qəbrini kəşf etmiş və ona türbə yapdırmış, ulu şeyxin ruhunu şad etmişdir.

Bütün bunlar göstərir ki, haqq din olan İslamı qəbul edən gündən bu dinə sədaqətlə xidmət edən Türkləri, Tanrı, Sultan Səlimin şəxsində “Müqəddəs əmanətlər” və “Xilafət məqamı” ilə mükafatlandırmış, Türk millətini bu müqəddəs dinin qoruyucusu etmişdir. Sultan Səlim Yavuz hər il dövlət büdcəsindən müqəddəs şəhərlər – Məkkə və Mədinənin yoxsul, xəstə və kimsəsiz əhalisinə yardım etmək üçün 200 000 qızıl pul göndərmiş və bu iş Səlimdən sonra da davam etdirilmişdir. Onun əmri ilə İstanbulun Topqapı sarayında “Müqəddəs əmanətlər”in qorunub-saxlanılması üçün xüsusi “Səadət dairəsi” də inşa edilmiş və 400 il burada arasıkəsilmədən “Quran” oxunmuşdur.

Sultan Səlim Yavuz 22 sentyabr 1520-ci ildə vəfat etmişdir. Ruhu şad olsun!

Beləliklə, Osman Qazi (1299-1326) tərəfindən əsası qoyulan, Orxan Qazi (1326-1359), I Murad (1359-1389), İldırım Bəyazid (1389-1402), I Mehmed (1403-1413), II Murad (1421-1451), Mehmed Fateh (1451-1481), II Bəyazid (1481-1512) və I Səlim (1512-1520) tərəfindən davam etdirilən Osmanlı Türklərinin Cahan hakimiyyəti məfkurəsi Sultan Səlim Yavuzun oğlu Sultan Süleyman Qanuni (1520-1566) sayəsində bu və ya digər dərəcədə reallaşmışdı.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın