Bakıda Kərkük tarixi və Türkmən eli mədəniyyətindən səhifələr

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentyabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tədqiqatçı- alim, professor, şair Faruk Faik Köprülünün “Kərkük tarixi və Türkmən eli mədəniyyətindən səhifələr” mövzusunda məruzəsi dinlənilib.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Faruk Faik Köprülünün həyat və fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, Türkmən eli mədəniyyətinin qurucularından, araşdırmaçılarından olan professor Faruk Faik Köprülü 1953-cü ildə Kərkük mahalının Altınkörpü qəsəbəsində anadan olub. 1974-cü ildə Bağdad Universitetinin təhsil fakültəsinin ərəb bölməsini bitirib. Ərəb və türk dillərində 50-dən çox kitabın müəllifidir. Bu kitablardan altısını Azərbaycana həsr edib. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. Mərkəzi Azərbaycanda olan Beynəlxalq Vektor Elm Mərkəzi tərəfindən fəxri doktor adına layiq görülüb. Professor Faruk Faik Köprülü “Qızıl ulduz” medalı ilə təltif edilib. “Kərkükdən Bakıya şahin uçurtdum” adlı son kitabı dörd ay bundan öncə çap olunub. Vurğulanıb ki, belə görüşlər xalqlarımız arasında əlaqələrin güclənməsinə səmərəli təsir göstərir.

Professor Faruk Faik Köprülü qeyd edib ki, Kərkük vilayəti İraqın ən önəmli bir hissəsidir. Bu vilayətin coğrafi mövqeyi, İraq türkmənlərinin tarixi, etimologiyası, ədəbiyyatı, mədəniyyəti haqqında məlumatlar məruzədə geniş əksini tapıb. İraqda Azərbaycanın böyük şair və mütəfəkkirləri İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin məzarları var. Vurğulanıb ki, İraq türkmənləri qarşılaşdıqları çətinliklərə, məhrumiyyətlərə, soyqırımlarına baxmayaraq, milli varlıqlarına, bayraqlarına, mənəvi-əxlaqi dəyərlərinə sadiq qalıblar. İraq türkmənləri mədəni, səbirli, müdrik, sülhsevər insanlardır. Xalq şeiri xalqın ruhunun, mənəviyyatının, düşüncələrinin, həyat tərzinin ifadəsidir. Görkəmli alim, professor Qəzənfər Paşayev İraq türkmənlərinin folklorunun Azərbaycanda, eləcə də Azərbaycan folklorunun İraq türkmənləri arasında yayılmasında əvəzsiz xidmətlər göstərib.

Görüşdə çıxış edən professorlar Buludxan Xəlilov, Elman Quliyev, Təyyar Cavadov, dosentlər Şahin Pənahov, Naibə Əhmədova, filologiya elmləri doktoru Kamil Bəşirov, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarov türk xalqları arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir və təkliflərini bildiriblər.

Professor Faruk Faik Köprülü şeirlərini oxuyub, iştirakçıların suallarını cavablandırıb.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın